Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-160/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu Hökməli qəsəbəsi, Babək küçəsi, ev 2-də qeydiyyatda olan və Binəqədi rayonu Xocasən qəsəbəsi Yeni Yol küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 avqust 2020-ci ildə saat 00:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən 4-cü kilometrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobillə 2 zolaqlı yolun sol zolağı ilə faraların yaxın işıqlarında Xocasən qəsəbəsi istiamətində 60 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda yolun Bakı şəhəri istiqamətinə olan hissəsini tam keçib yol ayrıcı beton piltələrin arasından keçərək yolu adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona həyat üçün təhlükəli olan politravma (bədən səthinin çoxsaylı) ilə müşayiət olunan sağ bazu sümüyünün yuxarı 1/3-nin və sağ bud sümüyünün yuxarı 1/3-nin burmalardan keçən, oynaqdaxili, qapalı və mürəkkəb yerdəyişən sınıqları, sağ diz oynağının travmatik çıxığı və bədənin çoxsaylı sıyrıqları xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına və RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs2 890 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüquq vardır və 21.02.2018ci ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 13 avqust 2020-ci ildə saat 00:30 radələrində Bakı-Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 4-cü kilometrində Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobillə iki zolaqlı yolun sol zolağı ilə faraların yaxın işıqlarında Xocasən qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olub piyada keçidini təxminən 40 metr keçmiş, bu zaman təxminən 20 metr irəlidə bir nəfər kişinin yolun əks istiqamətə olan hərəkət hissəsini adi yerişlə keçərək yol ayrıcı beton piltələrə yaxınlaşdığını görmüşdür. Həmin kişiyə yaxınlaşdıqda kişi yol ayrıcı beton piltələrin arasından adi yerişlə keçərək onun hərəkətdə olduğu zolağa daxil olmuş, kişini vurmamaq üçün tormoz etmiş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyada kişini vurmuş və zərbədən kişi avtomobilin qabaq alın şüşəsinə çırpılaraq yerə düşmüşdür. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 avqust 2020-ci ildə saat 00:30 radələrində Xocasən qəsəbəsində yolu keçərkən RENAULT MEGANE minik markalı avatomobil qabaq hissəsi ilə onun sağ tərəfindən vuraraq yerə yıxılmışdır. Bundan sonra həmin avtomobilin sürücüsü onu öz avtomobili ilə Sabunçu rayon xəstəxanasına aparmış, orada həkimlər tərəfindən tibbi müayinədən keçirilmiş, xəsarəti ağır olduğu üçün Lonset klinikasına aparılaraq orada əməliyyat olunmuşdur. Ona ona dəymiş ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 09 may 2020-ci ildə etibarnamə əsasında idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. Əlisurət hər ay ona 900 manat ödəməklə avtomobili Əlisurətə nisyə olaraq 15000 manata satmaq barədə şifahi olaraq razılaşmışdır. Əlisurət hazırkı vaxtadək 3200 manat pul avtomobilə görə ona ödəmişdir. 13 avqust 2020-ci ildə saat 10 radələrində Əlisurət ona zəng edib bildirmişdir ki, 13 avqust 2020-ci ildə saat 00:30 radələrində Bakı-Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 4-cü kilometrində idarə etdiyi RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobillə Xocasən qəsəbəsində 1 nəfər piyadanı vurub və piyada xəsarət alaraq xəstəxanaya aparılmışdır, avtomobil isə əzilmişdir. Özünə məxsus həmin avtomobilin BDYPİ-nin «Siqnal» İdarəsinin müvəqqəti duracağında olduğunu bilərək gedib görmüşdür ki, avtomobilin qabaq hissəsi əzilib. RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi zamanı əzilərər özünə maddi ziyan dəymişdir. Bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2020-ci il tarixli 24 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində politravma (bədən səthinin çoxsaylı) ilə müşayiət olunan sağ bazu sümüyünün yuxarı 1/3-nin və sağ bud sümüyünün yuxarı 1/3-nin burmalardan keçən, oynaqdaxili, qapalı və mürəkkəb yerdəyişən sınıqları, sağ diz oynağının travmatik çıxığı və bədənin çoxsaylı sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Xəsaətlər bərk küt əşya təsirindən törənmişdir, 13.08.2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 sentyabr 2020-ci il tarixli 8/1303 №-li rəyi ilə müəyyən edilmişdir ki, RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 13.08.2020-ci il tarixli, 2/12419 saylı X3 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Qüsur Aktından görünür ki, RENAULT MEGANE minik markalı 99TZ638 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 890 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 05.11.2020-ci il tarixli, 016-103893-1220 saylı arayışından görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs oğluna 21.02.2018-ci ildə AE 035985 nömrəli «BC » kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. 21.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona qarşı şikayətlərii və maddi tələbləri olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. AE 035985 nömrəli sürücülük vəsiqəsindən görünür ki Təqsirləndirilən şəxs 21.02.2018-ci il tarixdə «BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və 21.02.2028-ci ilədək etibarlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəlik bürosunun müdafiəçisi X2 20 saat göstərdiyi hüquqi yardıma görə 120 (altmış) manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəlik bürosunun müdafiəçisi X2 20 saat göstərdiyi hüquqi yardıma görə 120 (altmış) manat pulXırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-160/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-160/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver