Məhkəmə qərarları › İş №1(012)-160/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-160/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-160/2023 31.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əlihan oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.2005-ci ildə Goranboy rayonu, Dəliməmmədli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıyev küçəsi, 4cü döngə, yataqxana 5, otaq 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanının gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsilə təqsirli bilinib 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 saylı yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs Əlihan oğluna məxsus «Limon» ərzaq mağazasının giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla sındırıb mağazaya qanunsuz daxil olaraq, mağazadakı kassa aparatından 2400 manat nağd pulu və kassa aparatının altında qoyulmuş 160 manat nağd pulu gizli olaraq talayıb zərəçəkmiş şəxsə ümumilikdə 2560 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə gecə saat 01 radələrində yaxınlıqda olan mağazaların birindən aldığı vintaçanla ünvan 1 ünvanında yerləşən ərzaq maqazası olan «LİMON» marketinə yaxınlaşmış, mağazanın giriş qapsı almunim şüşəli olmuş və qapının açarını vintaçanla açıb mağazaya daxil olmuşdur. Marketdə kassa aparatının yanına yaxınlaşmış, kassa aparatının altında 160 manatdan artıq pul olmuş, o həmin pulu götürüb cibinə qoymuş, sonra da kassa aparatını açıb içərisində olan plastmas pul qabını içərisində olan pullarla birlikdə götürmüşdür. Mağazadan çıxıb oradan uzaqlaşmış və yolun kənarında xatırlamadığı yerdə özü ilə götürdüyü plastmas qutunun içərsində olan pulu götürmüş və plastmas qutu lazımsız olduğundan xatırlamadığı istiqamətdə atmışdır. Oradan uzaqlaşanda yolda pulu saymış və pulun məbləğinin 2400 (iki min dörd yüz) manat olduğunu bilmişdir. Beləliklə Limon marketdən ümumilikdə 2560 (iki min beş yüz altmış ) manat pul götürmüş və oğurladığı həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən «LİMON» marketdən oğurluğu tək etmiş və oğurluq hadisəsində kənar heç kəsin iştirakı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlihan oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri M.Rəsulzadə küçəsi 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən «LİMON» ərzaq marketini işlədir. Marketdə xeyli miqdarda ərzaq əşyaları vardır. O, malların satışını etmək üçün kassa aparatından istifadə edir. 31 dekabr 2021-ci il tarixdə marketdə satışı yekunlaşdırıb bayram günü olduğu üçün saat 22:30 mağazanı bağlayıb evinə getmiş, mağazanın kassasında 2400 (iki min dörd yüz) nağd pul olmuş, eyni zamanda kassa aparatının altında 160 manat da pul saxlamışdır. O, mağazanı bağlayıb yaşadığı evinə getdikdə pullar mağazada qalmışdır. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evindən çıxıb mağazaya yaxınlaşaraq mağazanın qapsını açmaq istədikdə görmüşdür ki, qapı açıqdır, mağazaya daxil olduqda görmüşdür ki, kassa aparatının içərisindəki plastmass pul qabı yerində yoxdur. Həmçinin kasanın altına baxdıqda görmüşdür ki, orada saxladığı 160 manat pul da yerində yoxdur. Həmin vaxtı marketə baxdıqda satışa qoyulmuş əşyaların yerində olduğunu görmüşdür Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 2560 (iki min beş yüz altmış) manat maddi ziyan vurulmuşdur. Bununla bağlı hadisə barədə polisin 102 məlumat mərkəzinə istifadəsində olan mobil telefonu ilə məlumat vermiş, sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Göstərmişdir ki, ona məxsus «LİMON» mağazasında olan kassa aparatının içərisindən 2400 manat nağd pul və kassa aparatının altından 160 manat nağd pulu oğurlanmış, mağazadan başqa hər hansı dəyərdə əmlakı oğurlanmamışdır. Kassa aparatının içərisində pulların saxlandığı plastmas pul qabının maddi dəyəri olmadığından həmin plastmass qabla bağlı ona maddi ziyan dəyməmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2560 manat dəyərində maddi ziyan dəymişdir.Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış 01 mart 2022-ci il tarixli, 3/224 nömrəli rəylə müəyyən edilmişdir ki, cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktolentin səthindəki «a» əl-barmaq izi, 2 saylı daktolentin səthindəki «a» əlbarmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. -220270077 nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1,2 saylı daktolentlərin səthlərindəki «a» əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ və sol əlinin böyük barmaqlarından qalmışdır. -Tədqiqata təqdim edilmiş 1,2 saylı daktolentlərin səthlərindəki papilyar naxış izləri, 3,4,5,6 saylı daktolentlərin səthlərindəki əl-barmaq, ovuc və papilyar naxış izləri yayıldığına tam və ayüdın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhər Xətai rayon Məhkəmənin xx.xx.2021 -ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa sonuncu dəfə Təqsirləndirilən şəxs oğlu Bakı şəhər Nərimanov rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il müddətinə, Azəbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci madələrilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilmiş, Azəbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-512/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən həmin tarixdə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin CAŞ-dən daxil olmuş 128-18082 saylı məktubdan görünür ki,. Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarına əsasən həbs olunmuş və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 25 iyul 2022-ci il tarixli qərarı ilə cinayət işinin istintaq müddəti 30 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 22 sentyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin istintaq müddəti 30 noyabr 2022-ci il tarixədək uzadılmışdır. İş üzrə Abşeron rayon İcra Hakimiyyəti yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçi X2 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində cinayət prosesində iştirakı təmin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin X3 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X3 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, barəsində Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təkrarən oğurluq cinayət əməlini törətməsi faktı olmuşdur. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilməsinə əsas olmuş cinayət işi üzrə Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü vardır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsinin xaric edilməsi və dövlət ittihamının müdafiəsinin CM-in 177.2.3-cü maddəsi ilə təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayət əməlinə görə Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tаriхdə sааt 01 rаdələrində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətməsinə görə CM-in 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 saylı yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs Əlihan oğluna məxsus «Limon» ərzaq mağazasının giriş qapısının qıfılını özü ilə gətirdiyi vintaçanla sındırıb mağazaya qanunsuz daxil olaraq, mağazadakı kassa aparatından 2400 manat nağd pulu və kassa aparatının altında qoyulmuş 160 manat nağd pulu gizli olaraq talayıb zərəçəkmiş şəxsə ümumilikdə 2560 manat ziyan vuraraq oğurluq etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs şikayətçidir, təqsirləndirilən şəxs tərəfindən ziyan ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs оğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olması müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə müəyyən edilmiş 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə 61.29 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi nəzərə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə 61,29 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar