Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-160/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 110 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 4,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib Xırdalan şəhərinə daşıyaraq hissələrə bölüb üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 23:50-də Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, N.Gəncəvi küçəsində yerləşən «Aytac» şadlıq sarayının yaxınlığında saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və burada həmin tarixdə saat 00:50-dən 01:05-dək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutularında, hər qutuda 10 ədəd olmaqla, ümumilikdə 20 ədəd bükümlərdə, onlardan 16 ədədi zavod istehsallı çörəyin qəhvəyi-göy rəngli kağızına, 02 ədədi məişət təyinatlı salfetin sarı rəngli kağızına və 02 ədədi siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülərdə ayrı-ayrılıqda çəkiləri 0,23 qram, 0,30 qram, 0,19 qram, 0,23 qram, 0,22 qram, 0,20 qram, 0,29 qram, 0,30 qram, 0,25 qram, 0,27 qram, 0,19 qram, 0,27 qram, 0,32 qram, 0,17 qram, 0,27 qram, 0,26 qram, 0,29 qram, 0,21 qram, 0,25 qram, 0,24 qram, ümumi çəkisi 4,95 qram olan bitki kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində cuzi miqdarda marixuananın hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:50-də Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə Nizami Gəncəvi küçəsində yerləşən “Aytac” restoranının yaxınlığında olarkən, iki nəfər polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək, ondan şəxsiyyətini təsdiq edən vəsiqəsinin üzərində olub-olmadığını soruşmuşlar. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığını bildirmışdıir. Bundan sonra polis əməkdaşları ondan harada yaşadığını və haradan gəlib hara getməyini soruşduqda o, həmin küçə ilə heç bir məqsədi olmadan hərəkət etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəmişdir. İdarədə o, könüllü olaraq, polis əməkdaşlarına üzərində narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Bundan sonra ona xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra video görüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə soruşulmuşdur. O da, əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindəki 02 ədəd kibrit qutularını çıxarıb masanın üzərinə qoyaraq, həmin qutuların içərisində kağıza bükülmüş ümumilikdə 20 büküm narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni o, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “İnşaatçılar” stansiyasının yaxınlığında üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsdən ümumilikdə 110 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, ona görə özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə ərazidə xidmət apararkən, təxminən saat 23:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, N.Gəncəvi küçəsində yerləşən «Aytac» adlanan şadlıq sarayının yaxınlığında bir nəfər əvvəllər tanımadıqları şəxsin tez-tez boylanıb ətrafa baxaraq, həmin küçə ilə qabağa-dala hərəkət etməsini görmüş, həmin şəxsin onları görüb istiqamətini dəyişərək uzaqlşamaq istəməsi onlarda şübhə doğurmuş və onlar həmin vətəndaşı səsləyərək, ondan dayanmasını tələb etmişlər. Həmin şəxs dayandıqdan sonra ona yaxınlaşıb özlərini təqdim edərək, sonuncudan şəxsiyyətini təsdiq edən vəsiqəsinin üzərində olub-olmadığını soruşmuşlar. Qeyd olunan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsdən harada yaşadığını və haradan gəlib hara getməsini soruşduqda, sonuncu bu barədə onlara ətraflı məlumat verə bilmədikdə, sonuncuya birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onalara birlikdə Abşeron RPİ-nə getmişdir. İdarədə həmin şəxsin xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Eyni zamanda idarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuananın olmasını onlara bildirmiş, bundan sonra bu barədə raportla rəhbərliyə məlumat verilmiş və faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Tural Ağalarzadəyə həvalə olunmuşdur. Daha sonra idarədə otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları, vəzifələri izah olunaraq, sonuncunun üzərinə müdafiəçinin iştirakı ilə, video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutularında hər kibirit qutusunda 10 ədəd olmaqla, ümumilikdə 20 ədəd qəhvəyi-göy, gümüşü və sarı rəngli kağız bükümləri və 01 ədəd elektron tərəzini təqdim edərək, bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 110 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonuncudan elektron tərəzini hansı məqsədlə üzərində gəzdirdiyi barədə soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitəni alarkən, aldadılmasın dəyə həmin maddəni tərəzidə çəkmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəyə baxış keçirildikdən sonra, həmin bükümlər və elektron tərəzi təhqiqatçı tərəfindən götürülüb qablaşdırılmışdır. Həmçinin qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəifndən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol bütün imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXBN-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1in ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1605 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 20 (iyirmi) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,30 qram, 0,19 qram, 0,23 qram, 0,22 qram, 0,20 qram, 0,29 qram, 0,30 qram, 0,25 qram, 0,27 qram, 0,19 qram, 0,27 qram, 0,32 qram, 0,17 qram, 0,27 qram, 0,26 qram, 0,29 qram, 0,21 qram, 0,25 qram, 0,24 qram, ümumi çəkisi 4,95 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (qalıq çəkisi 4,55 qram – hər obyektdən 0,02 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik bitkilər”in siyahısına (Siyahı 1) daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1627 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin, kanabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 4,55 qram narkotik vasitə qurudulmuş marixuana Abşeron RPİnin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutularında hər kibirit qutusunda 10 ədəd olmaqla, ümumilikdə 20 ədəd qəhvəyi-göy, gümüşü və sarı rəngli kağız bükümləri və 01 ədəd elektron tərəzini təqdim edərək, bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 110 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini deməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bildirsə də, təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutularında hər kibirit qutusunda 10 ədəd olmaqla, ümumilikdə 20 ədəd qəhvəyi-göy, gümüşü və sarı rəngli kağız bükümləri və 01 ədəd elektron tərəzini təqdim edən zaman tərtib olunmuş (xx.xx.2023-cü il tarixli) protokolda və həmin maddənin qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 110 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsə ümumilikdə ittiham üzrə bəraət verilməsi barədə məhkəmə çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,55 qram narkotik vasitə qurudulmuş marixuana məhv olunmalı; maddi sübut olan bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 72 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 4,55 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-160/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-160/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver