Məhkəmə qərarları › İş №1(012)-161/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-161/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-161/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi– Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1978-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15.11.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində yerləşən yaşayış evində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranmış və həmin mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət, baş və bədən nahiyələrindən bir neçə dəfə yumruq, təpiklə qəsdən vurmaqla sonuncuya başın sol alın-təpə nahiyəsinin geniş ölçülü dərialtı hematoması, başın təpə nahiyəsinin sağ yarısının geniş ölçülü dərialtı hematoma fonunda əzilmiş-cırılmış yarası, sağ çiyin qurşağının ön səthinin, sağ kürək nahiyəsinin, sağ bazu nahiyəsinin orta 1/3-nin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ bud nahiyəsinin orta 1/3nin, sol bud nahiyəsinin orta 1/3-nin qançırları, bel nahiyəsinin sağ yarısının sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15.11.2020-ci il tarixdə saat 20 radələrində dostu Şahid ilə birlikdə tanışı Zərərçəkmiş şəxs Xırdalan şəhərində yerləşən yaşadığı evə spirtli içki (araq) alıb qonaq getmiş və bundan sonra Zərərçəkmiş şəxs yemək hazılayıb süfrə açaraq birlikdə oturub yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt söhbət əsnasında Zərərçəkmiş şəxs müharibə vaxtı şəhid olmuş əsgər və zabitləri, o cümlədən ölkə rəhbərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış və bu səbəbdən də Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı o, əsəbləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə əlinin arxa hissəsi ilə bir dəfə, baş nahiyəsinə isə sillə ilə bir neçə dəfə vurmuşdur. Həmin vaxt yanlarında olan dostu Şahid onları dava-dalaş etməyə qoymamışdır. O, sakitləşdikdən bir müddət sonra Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq DİN-nin 102 Xidməti-Zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs şəhidləri təhqir etdiyi üçün 102 xidmətinə zəng edib erməni tutduğunu dediyini, əslində Zərərçəkmiş şəxs Azərbaycan Respublikası vətəndaşı olduğunu, aralarında olan dava-dalaşın qısamüddətli olduğunu, səsə heç bir qonşunun gəlmədiyini və yanlarında tək dostu Şahid olduğunu qeyd etdi. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Təhqiqat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 15.11.2020-ci il tarixdə saat 20 radələrində tanışı Şahid dostu Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evə gəlmiş və həmin vaxt özləri ilə spirtli içki (araq) gətirdikləri üçün onlara yemək hazılayıb süfrə açmışdır. Bundan sonra Şahid və Təqsirləndirilən şəxs ilə birlikdə oturub yeyib spirtli içki qəbul etmiş və həmin vaxt o, söhbət əsnasında anadan olduğu Ağdam rayonunda Ermənistan vətəndaşları ilə birgə yaşaya bilməyəcəyini, ermənilər ilə birlikdə yaşamağı üçün öz iradını bildirdikdə isə Təqsirləndirilən şəxs ölkə başçısına təhqiramiz ifadələr işlətməməyini demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs ölkə başçısının ünvanına təhqiramiz ifadələr işlətməmiş və Təqsirləndirilən şəxs isə ona təhqirli danışmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə onun arasında sözlə mübahisə baş vermiş və mübahisə vaxtı Təqsirləndirilən şəxs sillə, habelə yumruqla bir neçə dəfə onun sifət və baş nahiyəsinə zərbələr endirmişdir. Zərbələrin təsirindən o, yerə yıxılmış, yerdə olan zaman Təqsirləndirilən şəxs ona yenidən yumruq təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Bu zaman onların yanında olan tanışları Şahid araya girmiş və onları dava-dalaş etməyə qoymamışdır. O, həmin vaxt evdə tək Şahid olduğunu, səsə heç kimin gəlmədiyini və aralarında olan dava-dalaşın qısamüddətli olduğunu qeyd etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 15.11.2020-ci il tarixdə saat 20 radələrində dostu Təqsirləndirilən şəxs ilə birlikdə onun tanışı Zərərçəkmiş şəxs Xırdalan şəhərində yerləşən yaşadığı evə spirtli içki (araq) alıb qonaq getmişlər. Bundan sonra Zərərçəkmiş şəxs yemək hazılayıb süfrə açdıqdan sonra birlikdə oturub yeyib spirtli içki qəbul edən zaman Zərərçəkmiş şəxs müharibə vaxtı şəhid olmuş əsgər və zabitləri, o cümlədən ölkə başçısının ünvanına nalayiq ifadələr işlətməyə başladıqda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə baş vermiş və mübahisə vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə, baş nahiyəsinə isə sillə ilə bir neçə dəfə vurmuşdur. Həmin vaxt o, araya girmiş və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs dava-dalaş etməyə qoymamışdır. Ara sakitləşdikdən sonra Zərərçəkmiş şəxs yaşadığı evdən çıxıb getmişlər. Bundan başqa o, həmin vaxt evdə kənar şəxsin olmadığını, səsə heç bir qonşunun gəlmədiyini və Gülbəniz ilə Raufun arasında olan dava-dalaşın qısa müddətli olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X1 rayon şöbəsinin 16.11.2020-ci il tarixli, 2420 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın sol alın-təpə nahiyəsinin geniş ölçülü dərialtı hematoması, başın təpə nahiyəsinin sağ yarısının geniş ölçülü dərialtı hematoma fonunda əzilmiş-cırılmış yarası, sağ çiyin qurşağının ön səthinin, sağ kürək nahiyəsinin, sağ bazu nahiyəsinin orta 1/3-nin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ bud nahiyəsinin orta 1/3-nin, sol bud nahiyəsinin orta 1/3-nin qançırları, bel nahiyəsinin sağ yarısının sıyrığı bərk - küt əşya (əşyalar) təsirindən törənmişdir; sağ əlin 2-ci və 3-cü barmaqlarının yanıq yaraları-yüksək hərarətin yerli təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 15.11.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxs və şahid ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş məhkumluq barədə 02.12.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar