Məhkəmə qərarları › İş №1(012)-163/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-163/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-163/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Xırdalan şəhər Vəkil bürosunun vəkili Şahid2 Akif oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayon DYMH-də yanğınsöndürən vəzifəsində, daxili xidmət sıravisi rütbəsində xidmət edən, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdardan artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələr siyahısına daxil edilən təmiz çəkisi 0,378 qram psixotrop maddə olan metamfetamini, 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,073 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib, tanışı Şahid1 məxsus qara rəngli “Volksvagen Passat” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının cibində göy rəngli «Rotmans» markalı siqaret qutusunun içərisində saxlayaraq daşımış, həmin gün saat 01:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində «Gənclər şəhərciyi»nin yaxınlığında xidmətdə olan DİN-nin ƏÇPA-nın əməkdaşları tərəfindən Şahid1 ilə birlikdə saxlanılmış və sonuncunun idarə etdiyi həmin avtomobilə rayon polis idarəsinin həyətində baxış keçirilən zaman, qabaq sağ qapısının cibindən ona məxsus 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,378 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,073 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Abşeron rayon DYMH-də yanğın söndürən kimi işləməyə başlamış, xx xxxx 2020-ci il tarixdə işdən sonra saat 20 radələrində tanışı Şahid1 xahişi ilə onun evinə gedib kompüterini təmir etmək istəsə də, təmir edə bilməmişdir. Həmin vaxtlarda ölkədə “Covid-19” pandemiyası ilə bağlı karantin olduğuna və hərəkət etmək üçün portaldan icazə almaq lazım olduğuna görə saat 24 radələrinədək işini qurtarıb evə gedə biləcəyini düşünsə də, başı təmirə qarışdığından saat 23 radələrində Sarvandan evə tez çatması üçün onu Xırdalan şəhəri “Gənclər” şəhərciyinin yanındakı piyada keçidinin yanında düşürməsini xahiş etmişdir. Sarvanın idarə etdiyi “Volksvagen Passat“ markalı **-DP-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağında oturmuş, Bakı- Sumqayıt magistral yolu istiqamətində hərəkət edib ”Abşeron Gənclər” şəhərciyinin yaxınlığında piyada keçidinə çatarkən Sarvan avtomobili saxlamış, avtomobildə oturub söhbət edərkən «Fiat-Doblo» markalı, 99-AP 941 dövlət nömrə nişanlı 9681 çağırışlı avtopatrul onların avtomobilinin yanında dayanmışdır. Polis əməkdaşları onlardan şəxsiyyət vəsiqələrini tələb edib nə üçün yol kənarında dayandıqlarını soruşmuş, üzərində xidməti vəsiqəsi olsa da, onu təqdim etməyib dövlət qurumunda işləyib vəzifəli şəxs olaraq karantin rejimini pozduğu üçün işdən azad ediləcəyindən və vəzifəli şəxs kimi daha çox məbləğdə cərimə olunacağından qorxub özünü fiziki şəxs kimi təqdim etmək qərarına gəlib üzərində sənəd olmadığını bildirmişdir. Sarvan da üzərində sənəd olmadığını demiş, polis əməkdaşı onların şübhəli olduqlarını desə də, hansı əməli törətməkdə şübhəli olduqlarını izah etmədən onların hər ikisini Abşeron rayon polis idarəsinə gətirmiş, avtomobili də idarənin həyətində saxlanılmışdır. Təxminən saat 06 radələrinə kimi onlar polis idarəsində saxlanılmış, əvvəllər polis bölməsinə gətirilmədiyi və barəsində hər hansı inzibati tənbehə və ya cinayət məsuliyyətinə cəlb edilmədiyi üçün polis idarəsində saxlanmağı onu vahiməyə saldığı üçün narazılıq edərək FHN-nin işçisi olduğunu, onu heç bir əsas olmadan polis idarəsində saxlandığını deyib buraxılmağını tələb etmişdir. Səhər vaxtı Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Məmməd Cəfərov ona Xırdalan şəhər vəkil bürosunun vəkili Ramil Yusifovun, sonradan adını bildiyi və onu idarəyə gətirən DİN-nin əlahiddə çevik polis alayının bölüyündə polis nəfəri işləyən polis serjantı Şahid3 oğlu və Şahid2 təqdim edib videoçəkilişlə üzərində şəxsi axtarış aparsa da, üzərində heç nə aşkar edilməmişdir. Bundan sonra onlar avtomobilin saxlandığı yerə gətirilmiş, Sarvanın avtomobilində qapılarını və baqaj yerini açmaq tələb edilmiş, avtomobilin qapısı açılmış, qabaq sağ qapısının cibindən, siqaret qutusunun içərisindən qırmızı rəngli siqaret kağızının arasında bükülmüş 01 ədəd maddə və siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd maddə aşkar edilmiş, həmin maddələr onun, prosesin iştirakçıları və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulub möhürlənmişdir. Həmin vaxt təhqiqatçı aşkar edilmiş maddənin kimə məxsus olduğunu soruşanda həmin maddələrin ona məxsus olduğunu, polisləri görüb onları cibindən çıxarıb avtomobilin qabaq sağ qapısının cibinə qoyduğunu, narkotik vasitə və psixotrop maddənin Sarvana heç bir aidiyyatı olmadığını etiraf etmiş, əslində isə Sarvanın avtomobilində aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olmamış və kimə məxsus olmasını da bilməmişdir. İstər əvvəllər, istər hadisə günü narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, həmin gün də qəbul etmək üçün hər hansı narkotik vasitə və psixotrop maddə əldə etməmişdir. Heç bir əsas olmadan şübhəli şəxs qismində polis idarəsinə gətirilib səhərə kimi saxlandıqdan sonra oturduğu nəqliyyat vasitəsində narkotik vasitə və psixotrop maddə aşkar edilməsindən qəflətən psixoloji sarsıntı keçirdiyi üçün polisdə verdiyi ifadələrin mahiyyətini dərk etmədiyini, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini bildirərək onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki o, taksi sürücüsü kimi fəaliyyət göstərir, tanışı Təqsirləndirilən şəxs ona elektrik avadanlıqlarından anlayışı və onları təmir etmə qabiliyyəti olduğunu demiş, o, da öz kompüterində nasazlıq olduğuna görə Toğruldan onu saz vəziyyətə gətirməsini xahiş etmiş, Toğrul da kompüterini format etmək istəsə də alınmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində Toğrul onun evinə gəlib orada kompüteri yenidən format etməyə cəhd etsə də, bu dəfə də alınmamış və sabah gəlib düzəldəcəyini demişdir. xx xxxx 2020-ci il tarixdə axşam Toğrul onun evinə gəlib orada kompüteri yenidən format etməyə cəhd etsə də bu dəfə də alınmamış, həmin vaxtlarda ölkədə “Covid-19” pandemiyası ilə bağlı karantin olduğuna və hərəkət etmək üçün portaldan icazə almaq lazım olduğuna görə saat 23 radələrində Toğrul ondan evə tez çatması üçün onu Xırdalan şəhəri “Gənclər” şəhərciyinin yanındakı piyada keçidinin yanında düşürməsini xahiş etmiş, o razılaşdıqda Toğrul onun idarə etdiyi “Volksvagen Passat“ markalı **-DP-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağında oturmuş, Bakı-Sumqayıt magistral yolu istiqamətində hərəkət edib ”Abşeron Gənclər” şəhərciyinin yaxınlığında piyada keçidinə çatarkən avtomobili saxlamış, avtomobildə oturub söhbət edərkən «Fiat-Doblo» markalı, 99-AP 941 dövlət nömrə nişanlı 9681 çağırışlı avtopatrul onların avtomobilinin yanında dayanmış, polis nəfərləri onlara yaxınlaşmış və üzərlərində sənəd olmadığı üçün onları polis idarəsinə gətirilmişlər. xx xxxx 2020-ci il tarixdə üstlərinə baxış keçirildikdən sonra ona məxsus «Volksvagen Passat» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Toğrulun oturduğu qabaq sağ qapının saxlanc yerindən adını xatırlamadığı siqaret qutusunun içərisindən narkotik vasitə tapılmış, bu zaman Təqsirləndirilən şəxs polislər tərəfindən aşkar edilən həmin içərisində narkotik vasitə olan siqaret qutusunun ona məxsus olduğunu, polislər avtomobilə yaxınlaşarkən cibindən çıxarıb oturduğu qabaq sağ qapının saxlanc yerin qoyduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2014-cü ildən Abşeron RPİ-nə ezam edilməklə ona həvalə edilmiş dislokasiya üzrə əlahiddə çevik polis alayının patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə onlara təhkim edilmiş «Fiat-Doblo» markalı, **-AP-*** dövlət nömrə nişanlı 9681 çağırışlı avtopatrulda xidmət aparmış, vəzifəsinə xidmət etdiyi ərazidə ictimai asayişi qorumaq aid olmuş, işi hər gün saat 20:00-da başlayıb səhər saat 08:00-da bitmiş və xidmət etdiyi dislokasiyaya Abşeron rayonunun Xırdalan şəhəri ərazisi daxil olmuşdur. xx xxxx 2020-ci il tarixədək Təqsirləndirilən şəxs və Şahid1 tanımamış, onlarla ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20:00-da polis serjantı Şahid3 ilə birlikdə avtopatrulda xidmətə başlayıb saat 24 radələrində xidməti ərazi olan Bakı-Sumqayıt magistral yolunun Abşeron rayon ərazisində yerləşən “Gənclər” şəhərciyinin yaxınlığından keçərkən qaranlıq yerdə «Volksvagen-Passat» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfərin oturduqlarını görmüş, bu şübhə doğurduğundan onlara yaxınlaşıb avtomobili saxlamışlar. Avtopatrulu saxlayan kimi sonradan adını bildiyi sürücü Sarvan, avtomobildə sərnişin olan Toğrul olduqları avtomaşından düşüb onlara yaxınlaşmış, o, da avtopatruldan düşüb onlara özünü təqdim etməklə karantin dövründə nə üçün küçədə olduqlarını və «icazə e-qov» portalından icazə alıb-almadıqlarını soruşmuşdur. Toğrul kimi tanıdığı şəxs özünü itirib icazə almadığını demiş, getdikcə onu tər basmağa, verilən suallara qırıq-qırıq, həvəssiz cavab verməyə başlamış, onlardan şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməyi təklif etdikdə Toğrul FHN-nin işçisi olduğunu desə də, sonradan hər ikisi üzərlərində sənəd olmadığını demişlər. Onların narkotik və ya bihuşedici maddə qəbul etməsində onlarda şübhələr yarandığından onlara Abşeron rayon polis idarəsinə getmək təklif edilmiş, Toğrul avtopatrulda Asəfin yanında, o, isə Sarvanın idarə etdiyi avtomobilə oturub Abşeron RPİ-nin növbətçi hissəsinə gəlmiş və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01:50 dəqiqədə raport yazıb Toğrul və Sarvanı, o cümlədən «Volksvagen-Passat» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili növbətçi hissəyə təhvil verib xidmətə qayıtmışlar. Polis idarəsində ona həmin şəxslərin Abşeron rayon sakinləri Şahid1 və Təqsirləndirilən şəxs olduğu məlum olmuş, bir müddət sonra Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Məmməd Cəfərov onu və Asəfi idarəyə dəvət edib vəkillərin iştirakı ilə «Volksvagen-Passat» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirəcəyini bildirmişdir. Yaxın ərazidə olduqlarından tez idarəyə gələndən sonra təhqiqatçı Məmməd Cəfərov RPİ-də Xırdalan şəhər Vəkil Bürosunun vəkili Ramil Yusifovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış həyata keçirmiş, axtarış zamanı onun üzərində heç nə aşkar edilməmiş, bundan sonra «Volksvagen-Passat» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sağ qapısının cibində iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotikə oxşar maddə aşkar edilmiş, Toğrul həmin maddənin özünə məxsus olduğunu bildirmiş və təhqiqatçı avtomobilə baxış keçirərkən videoçəkilişdən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Məmməd Cəfərov onu və Asəfi idarəyə dəvət edib vəkillərin iştirakı ilə «Volksvagen-Passat» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirəcəyini bildirmiş, yaxın ərazidə olduqlarından idarəyə gələndən sonra təhqiqatçı Məmməd Cəfərov RPİ-də Xırdalan şəhər Vəkil Bürosunun vəkili Ramil Yusifovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış həyata keçirmiş, axtarış zamanı onun üzərində heç nə aşkar edilməmiş, bundan sonra «Volksvagen-Passat» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sağ qapısının cibində iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotikə oxşar maddə aşkar edilmiş, Toğrul həmin maddənin özünə məxsus olduğunu bildirmiş və təhqiqatçı avtomobilə baxış keçirərkən videoçəkilişdən istifadə etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin texniki vasitələrdən istifadə etməklə köçürüldüyü maddi sübut - 1 ədəd “CD” formatlı diskə yazılmış videogörüntülər də hadisəsinin necə baş verməsi əyani şəkildə müşahidə olundu. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/6-1340 saylı tədqiqat rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki təmiz çəkisi 0,379 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və təmiz çəkisi 0,073 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildirlər. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqiqata təqdim edilmiş metafetaminin təmiz çəkisi 0,378 qramdır, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,328 qram qalıq qalmış metafetamin və heroininn təmiz çəkisi 0,073 qram, tədqiqata 0,05 qram tədqiqata sərf edildi, 0, 328 qram qalıq qalmışdır. İş materiallarından görünür ki, avtomobildən iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,023 qram narkotik vasitə olan heroin və 0,328 qram psxotrop maddə olan metafetamin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2020-ci il tarixli 2092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur və ərazi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 27-ci bəndində metafetamin və İİ hissəsinin 6-ci bəndində yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,02 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar və İİ nömrəli siyahısına əsasən metafetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü təqsirli bilməməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar «X2rşı» işi ilə bağlı xx.xx.1996-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın 3 saylı MTİİSTS-nin xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndiirlən şəxs Babayev X7 rayonu, Xırdalan şəhəri, H.B,Zərdabi küçəsi, ev 45 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Abşeron rayon Dövlət YMH-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Abşeron rayon Dövlət YMH-nin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Abşeron rayon Dövlət YMH-i tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,023 qram narkotik vasitə olan heroin və 0,328 qram psxotrop maddə olan metafetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclası zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Şahid2 Akif oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə xərci 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi olan, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,023 qram narkotik vasitə olan heroin və 0,328 qram psxotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclası zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Şahid2 Akif oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar