Məhkəmə qərarları › İş №1(012)-163/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-163/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-163/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Bərdə rayonu, Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Mehdili ərazi dairəsi, Mehdili kəndində qeydiyyatda olan və ünvan 2-də kirayədə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə kirayədə yaşadığı ünvan 1 ünvanın həyətində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə zərbə vuraraq yerə yıxmaqla ona sol gözün göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı nahiyənin qançır-şişkinlik fonunda əzilmiş-cırılmış yarası, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il müddətdir tanıyır. Belə ki, onlar ünvan 2 ünvanında bir həyətdə, lakin ayrı evlərdə kirayədə yaşayırlar. Həmzə ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində kirayədə yaşadıqları evin həyətində Həmzə, eləcə də qonşuluqda yaşayan digər şəxslər Xudakərim və Kənan adlı şəxslərlə birlikdə oturub yemək yeyib spirtli içki qəbul etmiş, o və Həmzə spirtli içki qəbul etsə də, Xudakərimlə Kənan spirtli içki qəbul etməmişdir. Söhbət əsnasında Həmzə aylıq qazancının 5000-6000 manat olduğunu, lakin qazancının çox hissəsini spirtli içkiyə xərclədiyini demiş, o, Xudakərimə çevrilərək zarafatla Həmzənin aylıq 2000-2500 manat pul qazandığını və qazancını spirtli içkiyə xərclədiyini bildirmiş, Həmzə isə zarafatı səhv başa düşərək onun arvadına sataşdığını hesab etmiş və onu evin həyətindən çöldə söhbət etməyə dəvət etmiş, bundan sonra onlar ikisi evin həyətindən çölə çıxmış, orada Həmzə bilmədiyi şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayaraq həmin şəxsi oraya dəvət etmiş, bir qədər sonra Həmzənin yoldaşı Arzu da onların yanına yaxınlaşmış və Həmzəni evin həyətinə daxil olmuş, o, özü də yaşadığı evə getmək üçün evin həyətinə qayıtmış, bu zaman Həmzə ona qarşı nalayiq ifadə işlətmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, o, mübahisə zamanı yumruqla bir dəfə Həmzənin sifət nahiyəsindən zərbə vurmuş və Həmzə yerə yıxılmış, Həmzə ayağa qalxdıqdan sonra onu yerə yıxmış və əlləri ilə onun sinə nahiyəsinə xəsarət yetirmiş, orada olan Xudakərim, Həmzənin yoldaşı Arzu və onun qeyri-rəsmi münasibətdə olduğu Pərvanə onları aralaşdırmış, o, bundan sonra öz yaşadığı evə daxil olmuş, sonradan barəsində şikayət edilməsindən məlumatı olmuş, həmçinin özü də Həmzə barəsində şikayət etmək qərarına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadıqları evin həyətində mübahisə zamanı yumruqla bir dəfə Həmzənin sifət nahiyəsindən zərbə vurduğunu, nəticədə Həmzənin yerə yıxıldığını, Həmzənin xx.xx.2023-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadıqları evin həyətində mübahisə zamanı onu yerə yıxdığını və əlləri ilə onun sinə nahiyəsinə xəsarət yetirdiyini, aralarındakı mübahisənin təxminən 20 dəqiqə davam etdiyini, həmin zaman orada qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslər, Həmzənin yoldaşı Arzu və onun qeyri-rəsmi münasibətdə olduğu Şahid4 olduğunu, mübahisənin yaranma səbəbinin Həmzənin onun etdiyi zarafatı səhv başa düşməsi, eləcə də ona qarşı nalayiq ifadə işlətməsinin olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan heç kəsin yaxınlaşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir tanıyır. Belə ki, onlar ünvan 2 ünvanında bir həyətdə, lakin ayrı evlərdə kirayədə yaşayırlar. Fərahimlə münasibətləri normal olmuşdur. O, Fərahimə spirtli içki almağa söz verdiyindən xx.xx.2023-cü il tarixdə Fərahim ona söz verdiyi spirtli içkini almasını demiş, o da razılaşaraq spirtli içki almışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində kirayədə yaşadıqları evin həyətində Fərahim, eləcə də qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslərlə birlikdə oturub yemək yeyib spirtli içki qəbul etmiş, söhbət zamanı Fərahim ona söz ataraq "mənim də arvadım hər ay 2000 manat qazanmır ki, özüm də 2000 manat qazanım və rahat həyat yaşayım" sözlərini demiş, o, Fərahimə bu sözlərinə görə irad bildirmiş, buna baxmayaraq bir qədər sonra Fərahim yenə də ona söz atmaqda davam etmiş, bu səbəbdən Fərahimlə aralarında mübahisə yaranmış və onlar söhbət etmək üçün evin həyətindən çölə çıxmış, orada Fərahimlə sözlə mübahisə edən zaman arvadı Arzu yaxınlaşmış və onu evin həyətinə geri qaytarmış, onun arxasınca Fərahim də evin həyətinə qayıtmış və mübahisəni davam etdirərək nalayiq ifadə işlətmiş, o, Fərahimə bir daha arvadı barəsində heç bir söz danışmamasını bildirmiş və nalayiq ifadə işlətmiş, bu zaman Fərahim yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə zərbə vurmuş və o, yerə yıxılmış, bundan sonra orada olan arvadı Arzu, Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə, eləcə də əvvəlcədən onlarla bərabər olan qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslər onları aralaşdırmış, daha sonra o və Fərahim öz yaşadıqları evə daxil olmuş, sonradan Fərahim barəsində şikayət etmək qərarına gəlmiş, həmçinin Fərahimin də onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq Fərahimin xx.xx.2023cü il tarixdə saat 21 radələrində kirayədə yaşadıqları evin həyətində mübahisə zamanı yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə zərbə vurduğunu, yumruq zərbəsi nəticəsində yerə yıxıldığını, mübahisə zamanı Fərahimi vurmadığını, sadəcə olaraq Fərahim onu vurduqdan sonra əli ilə Fərahimi itələdiyini, mübahisələrinin təxminən 15-20 dəqiqə davam etdiyini, həmin zaman orada qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslər, arvadı Şahid3 və Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə adlı şəxsin olduğunu, mübahisənin yaranma səbəbinin Fərahimin onun arvadı barəsində danışaraq ona söz atması, nalayiq ifadə işlətməsi, həmçinin onun da bunlardan sonra Fərahim barəsində nalayiq ifadə işlətməsinin olduğunu, Fərahimlə aralarında olan mübahisə zamanı səs-küy yaranmadığını, mübahisə zamanı orada olan adlarını qeyd etdiyi şəxslərdən başqa kənardan yaxınlaşan olmadığını və mübahisə zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən bir il müddətdir tanıyır. Belə ki, onlar ünvan 2 ünvanında bir həyətdə, lakin ayrı evlərdə kirayədə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, Həmzə, Fərahim və Xudakərim kirayədə yaşadıqları evin həyətində oturub yemək yemiş, Həmzə, Fərahim və Xudakərim spirtli içki qəbul etsələr də, o, spirtli içki qəbul etməmişdir. Söhbət zamanı Fərahim bir-bir hamının aylıq gəlirini deyərək zarafat etmiş, Həmzə Fərahimin bu zarafatını səhv başa düşmüş, onlar masa arxasında bir-biri ilə sözlə mübahisə etmiş, daha sonra isə evin həyətindən çölə çıxmış, o və Xudakərim oturduqları masadan qalxmamış, bir neçə dəqiqə sonra Fərahimlə Həmzə yenidən evin həyətinə geri qayıtmış, evin həyətində olan zaman Həmzə Fərahimə qarşı nalayiq ifadə işlətmiş, buna görə Fərahim yaxınlaşaraq yumruqla Həmzənin sifət nahiyəsindən zərbə vurmuş və Həmzə yerə yıxılmış, bundan sonra o, Xudakərim, Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə və Həmzənin arvadı Arzu onları aralaşdırmış, daha sonra mübahisə başa çatmış və hərə öz yaşadığı evə daxil olmuş, sonradan bu barədə şikayət edilməsindən məlumatı olmuşdur. O, əlavə olaraq Həmzə ilə Fərahim arasında olan mübahisənin şahidi olduğunu, belə ki, Fərahimin mübahisə zamanı yumruqla Həmzənin sifət nahiyəsindən zərbə vurduğunu, Həmzənin yerə yıxıldığını, Fərahimin Həmzəni vurmasını görmədiyini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, həmin zaman orada ondan başqa qonşuluqda yaşayan Xudakərim, Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə və Həmzənin arvadı Arzunun oduğunu, mübahisə zamanı oraya kənardan heç kəs yaxınlaşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı mütəxəssisin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən bir il müddətdir tanıyır. Belə ki, onlar ünvan 2 ünvanında bir həyətdə, lakin ayrı evlərdə kirayədə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, Həmzə, Fərahim və Kənan kirayədə yaşadıqları evin həyətində oturub yemək yeyib spirtli içki qəbul etmiş, söhbət zamanı Fərahim bir-bir hamının aylıq gəlirini deyərək zarafat etmiş, Həmzə Fərahimin bu zarafatını səhv başa düşmüş və arvadına söz atdığını demiş, Fərahimlə Həmzə masa arxasında bir-biri ilə sözlə mübahisə etmiş, daha sonra isə evin həyətindən çölə çıxmış, o və Kənan oturduqları masadan qalxmamış, bir neçə dəqiqə sonra Fərahimlə Həmzə yenidən evin həyətinə geri qayıtmış, evin həyətində olan zaman Həmzə Fərahimə qarşı nalayiq ifadə işlətmiş, bundan sonra Fərahim yaxınlaşaraq yumruqla Həmzənin sifət nahiyəsindən zərbə vurmuş və Həmzə yerə yıxılmış, Həmzə ayağa qalxaraq Fərahimin üstünə hücum çəkmiş və əlləri ilə Fərahimin boğazından tutub itələmiş, bundan sonra o, Kənan, Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə və Həmzənin arvadı Arzu onları aralaşdırmış, daha sonra mübahisə başa çatmış və hərə öz yaşadığı evə daxil olmuş, sonradan bu barədə şikayət edilməsindən məlumatı olmuşdur. O, Həmzə ilə Fərahim arasında olan mübahisəni gördüyünü, belə ki, Fərahimin mübahisə zamanı yumruqla Həmzənin sifət nahiyəsindən zərbə vurduğunu, Həmzənin yerə yıxıldığını, Fərahimin Həmzəni vurmasını görmədiyini, mübahisənin təxminən 8-10 dəqiqə davam etdiyini, həmin zaman orada qonşuluqda yaşayan Kənan, Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə və Həmzənin arvadı Arzunun olduğunu və mübahisə zamanı oraya kənardan heç kəs yaxınlaşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Həmçinin Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, onlar ünvan 2 ünvanında bir həyətdə, lakin ayrı evlərdə kirayədə yaşayırlar. xx.xx.2023-cü il tarixdə Fərahim onların yaşadığı evə gələrək Həmzəyə söz verdiyi spirtli içkini almasını demiş, Həmzə də etiraz etməyərək spirtli içki almışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Həmzə, Fərahim, eləcə də qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslər kirayədə yaşadıqları evin həyətində oturub yemək yeyib spirtli içki qəbul etmiş, bir qədər sonra Həmzə ilə Fərahimin mübahisə etdiklərini və evin həyətindən çölə çıxdıqlarını eşitmiş, buna görə o da evin həyətindən çölə çıxmış, bu zaman Həmzə ilə Fərahimin orada olmasını görmüş, mübahisə olmaması üçün Həmzəni yaşadıqları evin həyətinə aparmış, onların arxasınca Fərahim də evin həyətinə daxil olmuş, evin həyətində olan zaman Fərahim nalayiq ifadə işlətmiş, Həmzə də Fərahimə bir daha onun barəsində heç bir söz danışmamasını demiş və Fərahimə nalayiq ifadə ilə cavab qaytarmış, bu zaman Fərahim yaxınlaşaraq yumruqla bir neçə dəfə Həmzənin sifət nahiyəsindən zərbə vurmuş və Həmzə yerə yıxılmış, bundan sonra o, Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə, eləcə də qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslər yaxınlaşaraq onları aralaşdırmış, o, daha sonra Həmzəni yaşadıqları evə aparmış, həmçinin Fərahim də öz yaşadığı evə daxil olmuş, sonradan bu barədə şikayət edilməsindən məlumatı olmuşdur. Həmzə ilə Fərahim arasında olan mübahisənin şahidi olmuş, belə ki, Fərahimin mübahisə zamanı yumruqla bir neçə dəfə Həmzənin sifət nahiyəsindən zərbə vurduğunu, Həmzənin yerə yıxıldığını, Həmzənin mübahisə zamanı Fərahimi vurmadığını, sadəcə olaraq əli ilə Fərahimi itələdiyini, mübahisənin təxminən 15 dəqiqə davam etdiyini, həmin zaman orada özündən başqa qonşuluqda yaşayan Xudakərim, Kənan adlı şəxslər və Fərahimin qeyri-rəsmi münasibətdə olduğu Pərvanə adlı şəxsin olduğunu, mübahisə zamanı oraya kənardan heç kəs yaxınlaşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi, lakin ər-arvad münasibətində olduğu şəxsdir. Həmçinin Zərərçəkmiş şəxs da tanıyır. Belə ki, onlar ünvan 2 ünvanında bir həyətdə, lakin ayrı evlərdə kirayədə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Həmzə, Fərahim, eləcə də qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslər kirayədə yaşadıqları evin həyətində oturub yemək yeyib spirtli içki qəbul etmiş, bir qədər sonra Həmzə ilə Fərahimin mübahisə etdiklərini və evin həyətindən çölə çıxdıqlarını eşitmiş, buna görə o da evin həyətindən çölə çıxmış, bu zaman Həmzə ilə Fərahimin orada olmasını görmüş, həmçinin Həmzənin arvadı Arzu da oraya yaxınlaşmış və Həmzəni evin həyətinə aparmış, o, bundan sonra Fərahimlə birlikdə evin həyətinə daxil olmuş, evin həyətində olan zaman Həmzə nalayiq ifadə işlətmiş, bu səbəbdən Fərahim yaxınlaşaraq yumruqla Həmzənin sifət nahiyəsindən zərbə vurmuş və Həmzə yerə yıxılmış, Həmzə ayağa qalxdıqdan sonra isə əlləri ilə Fərahimin boğaz nahiyəsinə xəsarət yetirmiş, bundan sonra o, Həmzənin arvadı Arzu, eləcə də qonşuluqda yaşayan Xudakərim və Kənan adlı şəxslər yaxınlaşaraq onları aralaşdırmış, daha sonra Fərahimlə yaşadıqları evə daxil olmuş, sonradan bu barədə şikayət edilməsindən məlumatı olmuşdur. Həmzə ilə Fərahim arasında olan mübahisəni görmüşdür. Belə ki, Fərahimin mübahisə zamanı yumruqla bir dəfə Həmzənin sifət nahiyəsindən zərbə vurduğunu, zərbə nəticəsində Həmzənin yerə yıxıldığını, mübahisə zamanı Həmzənin əlləri ilə Fərahimin boğaz nahiyəsinə xəsarət yetirdiyini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, həmin zaman orada qonşuluqda yaşayan Xudakərim, Kənan adlı şəxslər və Həmzənin arvadı Arzunun olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını və mübahisə zamanı orada olan şəxslərdən başqa kənardan heç kəs yaxınlaşmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1387 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol gözün göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı nahiyənin qançır-şişkinlik fonunda əzilmiş-cırılmış yarası, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində cəza təyin edilməsini xahiş etmişdir. X3 və Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müayinə olunarkən onda «Yüngül sərxoşluq əlamətləri» müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qəsdən sağlamlığa zərərvurmayan xəsarət yetirmələri xüsusatı ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbirin görülməsi üçün həmin qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmamış və dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Hökmün icrasını təmin etmək məqsədilə hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasını təmin etmək məqsədilə hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar