Məhkəmə qərarları › İş №1(012)-164/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-164/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-164/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Naxçıvan MR, Şərur rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Şərur rayonu, Aşağı Daşarx kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat pul müqabilində xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan bir bükümdə 0,624 qram çəkidə narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 18 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən “Təbriz” marketin qarşısında küçədə saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 20:45-dən 20:50-dək üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofan bükümdə 0,624 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının ortalarında istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli oldu silah olan, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatı, həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahın 07 ədəd ştat patronları ilə birlikdə qanunsuz olaraq əldə edib, çantada gəzdirərək saxlamış və Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 24 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Abşeron RPİ-nin cinayət-axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq, idarəyə gətirilib həmin gün saat 21:00-dan 21:10-dək üzərinə şəxsi axtarış keçirilən zamanı əlindəki qara rəngli çantada saxladığı həmin texniki cəhətdən saz və atəş üçün yaralı yivli odlu silah hesab edilən AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, komplekt hissəsi olan darağı və döyüş sursatı hesab edilən atəş üçün yararlı 07 ədəd patron aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, etirafedici ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur, 2023cü ilin mart ayında azadlığa çıxmışdır. Narkotik vasitə istifadəçisidir. 18 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən “Təbriz” marketin qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş əvvəlcə ona hüquq və vəzifələrim izah olunmuş, daha sonra video çəkilişlə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. O, həmin heroin narkotik vasitəsini yalnız öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Bundan başqa, təxminən 2024-cü ilin yanvar ayının ortalarında hava qaralan saatlarda Xırdalan şəhər qəbiristanlığının yaxınığından tək keçərkən zibil yeşiklərinin yanında qara rəngli çanta olduğunu görmüş və həmin çantanı açıb içərisinə baxdıqda içində Kalaşnikov avtomatı olduğunu aşkar etmişdir. Marağını cəlb etdiyi üçün həmin çantanı götürüb evə aparmış, evdə kimsə olmadığından avtomatı çıxarıb baxmış sandığında 7 ədəd gülləsi olduğunu görmüşdür. Avtomatı elə çantası ilə birlikdə evdə gizlətmişdir. 24 yanvar 2024-cü il tarixdə axşam vaxtı avtomatı götürüb tapdığı yerə aparıb atmaq istəmişdir. Çantanı götürüb evdən çıxmış, saat təxminən 20 radələrində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib, onun odlu silah saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinə gətirmişlər. İdarədə təhqiqatçısı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkilə dəvət olunub təqdim edilmiş, müdafiəçi Toğrul Vəliyevə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlanılarkən polis əməkdaşları ondan üzərində, ciblərində, çantasında qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmişlər, bu zaman o, əlindəki qara rəngli çantanın içərisindən darağı və güllələri ilə birlikdə Kalaşnikov avtomatını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi avtomat polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra protokol tərtib edilib oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. Silah, evdə saxladığını kimsə görməmiş bu barədə heç kimə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis sıravisi Şahid2 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və qrupun rəhbəri Şahid1 iştirakı ilə 18 noyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmiş, həmin gün əməliyyat qrupunun rəhbəri Şahid1 birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, “Təbriz” marketin yaxınlığında olan zaman orada, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə gəlmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf sellofana bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Şahid bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. O, həmin narkotik vasitə olan heroini 18 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 24 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin Cinayət Axtarışı şöbəsinə xx.xx.1993-cü il təvəllüdlü Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra şöbənin kiçik inspektoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Əbülfəzlə birlikdə Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində əməliyyat mövqeyi seçmişlər, saat 20:00 radələrində zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs əlində qara rəngli polietilen bağlama ilə gəldiyini görüb ona yaxınlaşıb, özlərin təqdim edib, xidməti vəsiqələri göstərib, ona qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməsində şübhəli olduğunu bildirib, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əlindəki politilen çantada saxladığı, “Kalaşnikov” markalı avtomat, sandıqçası və 7 ədəd patronu ilə birlikdə təqdim edərək, həmin avtomatı Xırdalan şəhər qəbirstanlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş“Kalaşnikov” markalı avtomat, sandıqçası və 7 ədəd patronu ilə birlikdə müvafiq qaydada qablaşdırılmış daha sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahın mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin kiçik inspekoru, polis serjantı Şahid3, həmkarı Şahid4lə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6072 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №56” möhür əksi, “... Təqsirləndirilən şəxs .....” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,624 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-ballistik ekspertizasının Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/182 məhkəmə-ballistik ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK-74M modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. -Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 236 №-li narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 27 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:55-də Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı Məcid Məcidli tərəfindən qəbul olunmuş 20 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Abşeron rayon polis idarəsinin Müvəqqəti Saxlama yerindən dərhal azad edilmişdir. Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Fərahim Əsədli tərəfindən qəbul olunmuş 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bit icraatda birləşdirilmiş və ********* nömrəli saxlanımaqla ibtidai istintaq davam etdirilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:50 dəqiqədə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 yanvar2024-cü il tarixdən hesablamaqla həbs qətimkan tədbiri seçilmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli oldu silah olan, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahın 07 ədəd ştat patronları maddi sübut hesab edilmiş və 01 ədəd AK-74M modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq və 07 ədəd patronun tədqiqatdan sonra qalan 04 ədədi saxlanılması üçün. Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi – 0,624 qram heroin maddi sübut hesab edilmiş və heroinin 0,574 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında təhvil verilmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında 30 mart 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Məmədov Şahid İsmayıl oğlunun üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, axtarışın keçirilməsinə 24 yanvar 2024-cü il tarixdə saat 21:00-da başlanılır. Şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Mahir Nurəliyevin, Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, CAŞ-ın kiçik inspektoru Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Toğrul Vəliyevin iştirakı ilə süni işıqlandırma şəraitində, Abşeron RPİ-də xidməti otaqda aparılır. Təhqiqatçı tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra şübhəli şəxsə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əlindəki polietilen çantanı təqdim edir, həmin çanta açılqıda içərisində “Kalaşnikov” markalı avtomata bənzəyən predmet və içərisində 7 ədəd patrona bənzəyən predmet olan daraq aşkar edilir. Təqsirləndirilən şəxs həmin avtomatı, daraq və partonları ilə birlikdə 1 həftə əvvəl Xırdalan şəhər qəbirstanlığından tapdığını bildirir. Aşkar olunmuş predmetlər qablaşdırılıb, iştirakçılar tərəfindən üzəri imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırılır Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 18 noyabr 2023-cü il tarixdə saat 20:45-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin təhqiqatçısı, polis polkovnik leytenantı Rasim Məmmədovun əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroini 18 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən İnşaatçılar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda antiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünü müdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqslirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,574 qram narkotik vasitə heroin məhv edilməlidir,1 ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı 1 ədəd darağı və döyüş sursatı olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahın 04 ədəd ştat patronları, həmin patronların 3 ədəd gilzi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 gün (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 110 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də maddi sübut kimi saxlanılan , ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,574 qram narkotik vasitə heroin məhv edilsin. Abşeron rayon Pİ-də maddi sübut kimi saxlanılan 01 ədəd AK-74M modelli,Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq və 07 ədəd patronun tədqiqatdan sonrakı 04 ədədi qalığı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar