Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-165/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1989-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Məzun” evi sosial müəssəsində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, massiv 2, ev 1-də qeydiyyatda olmaqla orada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Duz zavodu yolu, massiv 2-də yerləşən məzunlar yaşayış kompleksinin həyətində tanışı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində, yəni Təqsirləndirilən şəxs ona məxsus mopedi təmir edən zaman ehtiyyat hissəsini Zərərçəkmiş şəxs tələb etməsi, sonuncunun bu barədə bildirilənlərlə razılaşmaması səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpik və yumruqla, həmçinin əlində olan və təmir işləri görmək üçün istifadə etdiyi vintaçanla baş və ağız nahiyəsinə zərbələr vurmaqla оnа, başın təpə nahiyəsinin əzilmiş yarası, üst dodağın deşilmiş yarasından ibarət sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şahini uzun müddətdir ki, tanıyır. Onunla yaxın dostluq münasibətləri olmuşdur. Ona məxsus mopedin karbiator hissəsini təmir etmək üçün təxminən 15 gün əvvəl Şahinlə birlikdə Bakı şəhərinə Azadlıq prospektinə getmişdir. Həmin vaxt karbiatoru götürmüş və Şahinlə birlikdə Masazır qəsəbəsinə məzunlar yaşayış kompleksinə qayıtmışdır. Həmin gün karbiator Şahində qalmış, bir gün sonra karbiatoru Şahindən almış və özündə saxlamışdır. Sonra Mopedin başqa hissələrini də təmir etmək üçün Xırdalan şəhərinə gətirmiş, usta ilə danışaraq tam təmir etdikdən sonra xx.xx.2022-ci il tarixdə həmin karbiatoru mopedə quraşdıraraq işə salmaq istədikdə, moped işə düşməmişdir. Usta ona karbiatorda hansısa hissənin çıxarlmasını bildirmiş, o da bununla əlaqədar Şahinə zəng vurmuş, karbiatorun bir gün onda qalmasını, nəsə edibsə, işləmədiyini bildirmiş, Şahin ona mobil telefonda təhqiredici sözlər demişdir. O da üzbəüz görüşüb danışacağını demişdir. xx.xx.2022-ci il tarixdə isə saat 12 radələrində Masazır qəsəbəsinə məzunlar yaşayış kompleksində binanın həyətində mopedinin təmir işlərini görərkən Şahinin gəldiyini görmüş, Şahinə nə üçün onu telefonda zəng edərək təhqir etdiyini soruşmuş, bu zaman Şahin yaxınlaşaraq onun sifətindən şillə zərbəsi vurmuş və ona ağıllı ol ifadəsini işlətmişdir. O da qalxaraq onun belindən yumruqla vurmuş, daha sonra aralanaraq mopedin yanına getmiş, lakin, Şahin yenə üzərinə hücum çəkmiş, üzərinə gələrkən əlində təmir işləri gördüyü vintaçan var olmuşdur. Şahin yenə onun yaxasından tutmuş, bu zaman onu itələmək istəyərkən əlimdə olan vintaçanın uc hissəsi Şahinin başına dəymiş, həmçinin onun bədəninə bir neçə dəfə təpiklə və yumruqla vurmuş, daha sonra çıxaraq oradan uzaqlaşmış və binanın liftinə daxil olaraq yaşadığı evə qalxmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Masazır qəsəbəsinə məzunlar yaşayış kompleksinə binanın həyətində Şahinin bədəninə bir neçə dəfə yumruqla və təpiklə zərbə vurmasını, daha sonra onu itələmək istəyərkən əlində olan vintaçanın uc hissəsinin Şahinin başına dəyməsini, mübahisənin təxminən 5-10 dəqiqə davam etməsini, həmin zaman orada ikisindən başqa heç kim olmadığını qeyd etmişdir. Sonda o, məhkəmədən törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, onun iştirakı olmadan işə baxılmasını və Təqsirləndirilən şəxs ilə barışdığını ondan şikayətçi olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Denislə münasibətləri yaxşı olmuşdur. Denisin mopedi vardır. Həmin mopedin karbiatorunu təmir etdirmək üçün təxminən 15 gün əvvəl ustaya aparmışdırlar. xx.xx.2022-ci il tarixdə Denis onun mobil nömrəsinə zəng edərək karbiatorun yayının yerində olmadığını, onun götürüb-götürmədiyini soruşmuşdur. O da götürmədiyini, onda olmadığını demişdir. Bu zaman mobil telefonda danışarkən Denislə aralarında mübahisə yaranmış, Denis onu təhqir etmiş, buna görə cavabını vermiş və zəngi söndürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, duz zavodu yolu məzunlar kompleksinin həyətində özünə məxsus mopedi işə salaraq kuryer olaraq işlədiyi Masazır qəsəbəsində yerləşən Urfa Lahmacun kafesinə getmək istəmişdir. Həmin vaxt Denis ona yaxınlaşmış və ondan yenə karbiatorun yayını soruşmuş, ona bir daha yaydan xəbəri olmadığını demiş və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Denis onun bədəninə və başına yumruqla bir neçə dəfə zərbə vurmuş, sonra əlində olan vintaçanla ağız nahiyəsinə bir dəfə, baş nahiyəsinə isə iki dəfə zərbə vurmuşdur. Daha sonra Denis oradan uzaqlaşmış, o da yaşadığı evə getmişdir. Həyat yoldaşı Şahid ondan sifət nahiyəsində olan xəsarətləri görərək maraqlandıqda ona Denisin onu vintaçanla vurduğunu demişdir. Buna görə də həyat yoldaşı Firuzə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, duz zavodu yolu məzunlar kompleksinin həyətində Denisin əvvəlcə yumruq zərbəsi ilə onun sifət nahiyəsinə zərbə vurmasını, daha sonra əlində olan vintaçanla bir dəfə ağız nahiyəsinə, bir dəfə isə baş nahiyəsinə zərbə vurmasını, mübahisənin təxminən 5-10 dəqiqə davam etməsini, həmin zaman orada ikisindən başqa heç kim olmadığını qeyd etmişdir. Şahid ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir. xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində onların yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan zaman Şahin evə gəlmiş, həmin vaxt onun ağız nahiyəsinin qanamasını görmüş, ona ilkin tibbi yardım göstərmiş, Şahindən məsələnin nə olduğunu soruşmuş, məzunlar evində yaşayan Denislə aralarında mübahisə olduğu və Denisin vinaçanla onun ağız nahiyəsinə və başına zərbə vurduğu cavabını almışdır. Ona görə də bununla əlaqədar DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 2565 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı nəticəyə gəlinmişdir:- Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin əzilmiş yarası, üst dodağın deşilmiş yarası deşici əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən vintaçan ilə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələtdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Lənkəran ŞPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmaqla, xx.xx.2011-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrumtmə cəzası təyin edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 10 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunması üçün material aidiyyəti üzrə məhkəməyə göndərilmiş, xx.xx.2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən AR CM-in 73.2-ci maddəsinə əsasən cinayət işinin icaatına xitam verilmişdir. İş materiallarında olan “Məzun evi” Sosial Xidmət Müəssəsinin direktorunun verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, massiv 2, ev 1-də yaşamaqla müsbət xarakterizə edilir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 xx.xx.2017-ci il, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuşlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Tağıyev mahir Rafiq oğluna 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-165/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-165/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver