Məhkəmə qərarları › İş №1(012)-168/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-168/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-168/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdə Xaçmaz şəhərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 0,144 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini və 1 bükümdə 0,73 qram narkotik vasitə həşiş qətranını əldə edib üstündə saxlayaraq Abşeron rayonu Masazır qəsəbəsinə daşımış,. həmin günü saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Duz Gölünün” kənarında Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların siyahısına daxil olan bir bükümdə ağ rəngli, kristallik formada kustar üsulla hazırlanmış təmiz çəkisi 0, 144 qram psixotrop maddə olan metamfetamin və 1 bükümdə 0,73 qram bitki mənşəli maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 il olar ki, narkotik vasitə hesab olunan metamfetamindən və həşiş qətrranından istifadə etmişdir. 09.09.2020-ci il tarixdə o, yaşadığı Xaçmaz şəhərində olarkən təxminən saat 10 radələrində Xaçmaz bazarının yaxınlığında tanımadığı şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan həşiş qətranı və psisotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. Həmin şəxsdə 20 manatlıq bazarlıq etdikdə ona metamfetmin və həşiş qətranı verəcəyini demişdir. Bundan sonra bazarda həmin şəxsə 20 manatlıq bazarlıq etmiş, həmin şəxsdə ona 2 büküm narkotik vasitə hesabn olunan həşiş qətranı və pxisotrop maddə metamfetamin vermişdir. O, aldığı həmin metamfetamini və həşiş qətarını əynində olan tünd göy rəngli cins şalvarımın sol cibinə qoyaraq Abşeron rayonuna gəlmişdir. Həmin vaxtı axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsində tanışı X7 ilə görüşmüş və Elxana məxsus “LADA- 112” markalı 0652HM05 rus dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Abşeron rayonu, Masazır qəsəbəsi, Duz Gölünün yaxınlığına getmişlər. Orada saat təxminən 23 radələrində avtomobildə əyləşib söhbət edən zaman Abşeron rayon polis idarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları onlara yaxınlaşmışlar və ona özlərini Abşeron rayon polis idarəsinin əməkdaşları kimi təqdim edərək onları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İşin nə yerdə olduğunu bildiyi üçün cibində olan 2 büküm narkotik vasitə və psixotrop maddəsini kənara ata bilməmişdir. O da bundan imtina etmədən könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-nə gələrək orada polis işçilərinin iştirakı ilə təhqiqatçı Məmməd Cəfərov tərəfindən üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı əynində olan göy rənli cins şalvarının sol cibindən siqaretin qızılı kağızllarına 2 bükülü aşkar edilmişdir. Bükümlərə baxıldıqdan sonra isə öz bükmünə bükülərək zərfin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənmişdir. Daha sonra bu bardə təhqiqatçı tərəfindən protokol yazılmış o da protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis kiçik serjantıdır. Bildirmişdir ki, 09 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində iş yoldaşı Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid2 İltizar oğlu ilə 5710 saylı avtopatrul maşını ilə Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmət aparan zaman yolun kənarında “Duz” gölünün yanında yolun qaranlıq hissəsində içərisində iki nəfər şəxs oturmuş “Lada-112” markalı 0652 HM 05 rus dövlət qeydiyyatlı avtomobil diqqətini cəlb etmiş və onlarda şübhə yarandığı üçün həmin avtomobilə yaxınlaşmışlar. Avtomobildə olan şəxslərə vəsiqələrini göstərək özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirdikdən sonra həmin şəxslərdən qaranlıqda durmalarının səbəbini soruşduqda həmin şəxslər özlərini narkotik vasitələrin təsiri altında olan şəxs kimi şübhəli apardıqları üçün onlar həmin şəxsləri Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs və X4r. Onlar bununla bağlı idarə rəisinə raportla müraciət etmişlər. İdarə rəisinin göstərişinə əsasən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Abşeron rayon Vəkil Bürosundan vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmetin olubolmaması soruşulmuş və bildirilmişdi ki, əgər vardırsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm çıxararaq təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxdıqda bükümlərdən birinin içərisində qəhvəyi rəngli yapışqana bənzər maddə, digər büküm içərisinə baxdıqda isə ağ rəngli kristal formada maddə olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan göy rəngli cins şalavarının sol yan cibindən çıxararaq təqdim etdiyi üzərində iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdən birində həşiş qətranı, digər bükümdə isə psixotrop maddə metanfetamindir. Bildirmişdir ki, 09 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində 09.09.2020-ci il tarixdə Xaçmaz şəhərində bazarın yaxınlığında olarkən tanımadığı şəxsə 20 manatlıq bazarlıq etmiş, həmin şəxsdə pulun əvəzində ona həşiş qətranı və metamfetamin vermiş, o da həmin narkotik vasitələri özü ilə Abşeron rayonu, Masazır qəsəbəsinə daşımışdır”. Həmin narkotik vasitə olan kütlə və psixotrop maddə olan metafetamin təhqiqatçı tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış aparılması başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. O da həmin zərfə və protokola imza atmışdır. Bundan sonra həmin otaqda tərəfilərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş dəgər şəxs X3 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın predmetin olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. Sonra vəkilinin iştitarıkı ilə X3 üzərində şəxsi axtarış aparılan zaman X3 üzərindən narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sonra bununla bağlı təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və protokolu imzalarla təsdiq etmişlər. Bundan sonra X5 məxsus “Lada-112” markalı 0652 HM 05 rus dövlət qeydiyyatlı avtomobilə baxış keçirlmişdir. Baxış zamanı X5 məxsus “Lada-112” markalı 0652 HM 05 rus dövlət qeydiyyatlı avtomobilindən narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bununla bağlı təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və protokolu imzalarla təsdiq etmişlər. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və X3 izahatları alınmışdır. Məhkəmə istintaqında Şahid2 İltizar oğlunun elan edilmiş ifadəsindən görünür ki, Abşeron RPİ-nin əməkdaşı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində ifadəsi elan edilmiş X3 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X8 onun həmkəndlisidir həmçinin uşaqlıqdan tanıyır. Aralarında heç bir vaxt düşmənçilik və ədavəti olmamışdır. 08 sentyabr 2020-ci il tarixdə o, günorta saatlarında Xaçmaz rayonundan arvadı Aynurə ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Aynurəni Bakı şəhərində həkimə gətirmişdir. 09.09.2020-ci il tarixdə saat təxminən 21 radələrində o, Anara zəng vurmuşdur ki, hal əhval tutsun. Bu zaman Anarla danışında Anar demişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən postun yanındadı” və ondan xahiş etmişdir ki, özünə məxsus olan “Lada 112” markalı 0652HM05 dövlət qeydiyyat nişanlı avtomobillə Anarı götürsün. O da boş olduğu üçün Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. Həmin vaxtı Anarı Saray DYPŞ-in postunun yaxınlığından götürmüşdür. Təxminən saat 23 radələrində Anara o, demişdir ki, “qalmağa yerim yoxdur”. Bundan sonra Anar təklif etmişdir ki, “onların Bakı şəhəri Nəsimi rayonu Şamaxinka deyilən yerdə evləri var və ev boşdu”. Anar ona təklif etmişdir ki, “gedim onlarda qalım”. O da Anarla razılaşmışdır. Bundan sonra Anarla Abşeron rayonu Masazır qəsəbəsi Duz Gölünün yaxınlığına gəldikə onlar avtomobildə əyləşib hava alarkən bu zaman polis nəfərləri onlar yaxınlaşıb özlərini təqdim etmişlər. Sonradan onlar özlərini şübhəli apardıqları üçün polis əməkdaşları tərəfindən Abşeron rayon polis idarəsinə dəvət olunmuşlar. Orada polis əməkdaşları ona məxsus avtomobilə və üzərinə şəxsi axtarış keçirmişlər və qanunla qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Lakin Anarın üzərinə şəxsi axtarış keçirilən zaman Anarın üzərindən həşiş qətranı və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sonra isə polis əməkdaşları bununla əlaqədar protokol tərtib etmişlər protokol ucadan oxunmuş heç bir etiraz şikayət daxil olmadığı üçün imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 09 sentyabr 2021-ci il tarixli protokoldan və videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, əynində göy rəngli qolu qısa köynək, boz rəngli cins şalvar olan üzü sarışın olan şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm çıxararaq təqdim etdi. Həmin bükümlərin içərisinə baxdıqda bükümlərdən birinin içərisində qəhvəyi rəngli yapışqana bənzər maddə, digər büküm içərisinə baxdıqda isə ağ rəngli kristal formada maddə olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində göy rəngli qolu qısa köynək, boz rəngli cins şalvar olan üzü sarışın olan şəxs onun özüdür, əynində olan göy rəngli cins şalavarının sol yan cibindən çıxararaq təqdim etdiyi üzərində iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdən birində həşiş qətranı, digər bükümdə isə psixotrop maddə metanfetamindir. Bildirmişdir ki, 09 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində 09.09.2020-ci il tarixdə Xaçmaz şəhərində bazarın yaxınlığında olarkən tanımadığı şəxsə 20 manatlıq bazarlıq etmiş, həmin şəxsdə pulun əvəzində ona həşiş qətranı və metamfetamin vermiş, o da həmin narkotik vasitələri özü ilə Abşeron rayonu, Masazır qəsəbəsinə daşımışdır. . Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 09 sentyabr 2021-ci il tarixli videogörüntüyə baxış keçirilmiş və məhkəmə prosesində tədqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının 10 sentyabr 2020-ci il tarixli 6/1836 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs...”yazısı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.144 (qalıq 0,094) qram ağ rəngli kristallardan ibarər maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli 7/604 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.73 (0,71) qram olan bitki mənşəli maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23 sentyabr 2020-ci il tarixli 2627 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLLİQ SİNDİROMU aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 0.71 qram qalmış narkotik vasitə həşiş qətranı və 0.094 qram qalmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.09.2008-ci il təvəllüdlü Qumru Rəhmanlı və 12.11.2006-cı il təvəllüdlü Bahadır Rəhmanlı adlı bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili 17.12.2020-ci il arixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 11.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1572/2020 saylı, 09.09.2020-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X1 şəxsin narkoloji tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair mülki iş üzrə ərizəsi təmin edilmiş, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji tibb müəssisəsinə məcburi yerləşdirilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 8(008)-402/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1572/2020 saylı, 09.09.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1983-cü il təvəllüdlü ünvan 2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs təyin edilmiş məcburi müüalicənin ləğv edilməsi və onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzindən azad edilməsi qərara alınmışdır. Qərardan görünür ki, Respublika Narkoloji Mərkəzi həkim məsləhət komissiyasının 10.04.2021-ci il tarixli 39 №-li rəyi əsasında xəstə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məcburi müalicənin ləğv edilməsi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicənin ləğv edilməsinə dair qərar olduğundan nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi qalıq çəkisi çəkisi 0,71 qram həşiş qətranı və 0,094 qram metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 186 (bir yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 09 sentyabr 2020-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 gün müddət hazırki hökmdə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz şəhəri hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 186 ( bir yüz səksən altı) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi qalıq çəkisi 0,71 qram həşiş qətranı və 0,094 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 09 sentyabr 2020-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar