Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-168/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Müdafiəçi2, zərərçəkmiş şəxs həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 və onun həm nümayəndəsi, həmdə vəkili Müdafiəçi3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsi ev 5A-da qeydiyyatda olan və Xırdalan şəhəri Yoncalıq massivində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə birgə nikahda olduğu müddətdə 13 iyun 2010-cu il tarixdə "xxxx" MTK tərəfindən inşa edilmiş, Xırdalan şəhəri 26-cı məhəllə ev 12-də yerləşən 15 saylı 23000 manata aldığı və Abşeron rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən birgə mülkiyyətlərində olan mənzilin dəyəri Zərərçəkmiş şəxs1 ilə arasında iki yerə bölünməli olduğu halda, mənzili sonuncunun xəbəri olmadan Zərərçəkmiş şəxs2 göstərib 49000 manata satmaq barədə razılaşaraq, 06 iyul 2018-ci il tarixdə beh kimi 200 manat almış, bununla bağlı Zərərçəkmiş şəxs1 razı olmadığını bilərək, mənzilin satılmasına etiraz etməməsinə dair sonuncunun adından əl yazması və imzası ilə hüquq verən, istintaqa məlum olmayan şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorun blankı, çap mətni, həmin notariat kontorun xüsusi notariusu Şahid2 imzası və möhür əksi rəqəmsal texniki qurğulardan istifadə edilməklə axınlı çap üsulu ilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış 20 avqust 2018-ci il tarixli ərizəni istintaqa məlum olmayan “Rauf” adlı şəxsdən 500 manata alaraq həmin saxta sənəd olan ərizədən bilə-bilə istifadə edərək, "xxxx" MTK-ya təqdim edib, 29 avqust 2018ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ½ hissədə mənzil üzərində pay hüququnun Zərərçəkmiş şəxs2 adına keçirilməsinə nail olaraq həmin gün Xırdalan şəhəri 26-cı məhəllə ev 12, mənzil 15 ünvanında Zərərçəkmiş şəxs2 48800 manat alıb, Zərərçəkmiş şəxs1 ½ pay hissəsi olan 24500 manat məbləğində pulu ələ keçirib, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 49.000 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2008-ci ildə ailə qurmuş və iki uşaqları olımuşdur. Ailə qurandan sonra bir müddət Zərərçəkmiş şəxs1 anasının Bakı şəhərindəki evində, bir müddət də Xırdalan şəhərində anasının evində yaşamışlar. Valentina ilə yaşadığı müddətdə Bakı şəhəri Türkan qəsəbəsində 12 sot torpaq sahəsini Valentinanın anasının adına, "xxxx" MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri 26-cı məhəllə ev 12-də yerləşən 15 saylı mənzili isə öz adına 23000 manata almışdır.Valentina ilə ailə münasibətləri pisləşmiş və Valentina 2017-ci ildə boşanma üçün məhkəməyə müraciət etmiş, onlar boşanmışlar.Ondan sonra Valentina ondan əmlak tələblərinə başlamışdır. Abşeron Rayon Məhkəməsi "xxxx" MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri 26-cı məhəllə ev 12-də yerləşən 15 saylı mənzili Valentina ilə iki yerə bölünməsinə dair qətnamə qəbul etmişdir.O, da Valentinaya demişdir ki, mənzili sataq pulunu bölək. Lakin Valentina demişdir ki, mənzili tam olaraq ondan alacaq və ona görə mənzili satmağa razı olmamışdır. O, da mənzili satmaq istəyirmiş, ona görə bu barədə mənzil alqı-satqısı ilə məşğul olan şəxslərə demişdir. Mənzili İlham adlı şəxs almaq istəyirmiş. Həmin ərəfələrdə xatırlamır kimsə ona demişdir ki, Nərimanov rayonunda Şüşa restoranı yaxınlığında Rauf adlı şəxs var, Rauf ona mənzilin satılmasına sənədləşmə işində köməklik edə biləcək. O, da həmin əraziyə getmiş və orada soraqlaşıb Raufu tapıb ona mənzilinin sənədlərini göstərmiş, Rauf ona demişdir ki, Valentinanın adından notariusdan evin satılmasına dair razılıq ərizəsini alıb, 500 manata ona verəcək. Ondan 10-15 gün sonra Rauf onunla telefonla danışaraq Xırdalan şəhərinə gəlmiş və mənzilin satılmasına dair Valentinanın adından olan 22 saylı notariusda təsdiq edilmiş, 20 avqust 2018-ci il tarixli ərizəni ona vermişdir.O, da Raufa 500 manat pul vermiş, ondan sonra öz adına da notariusda təsdiq edilmiş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək Valentinanın adından olan ərizəni də ora təqdim edərək həmin mənzili 49000 manata satmışdır. Aldığı puldan da bir hissəsini öz borclarını vermiş, pulun qalan hissəsini də götürüb Türkiyəyə işləməyə getmişdir. 09 yanvar 2020-ci il tarixdə Türkiyədən gələndə Qazax sərhəd buraxılış məntəqəsində onu saxlamışlar. Qeyd etmişdir ki, Valentinanın adına həmin 20 avqust 2018-ci il tarixli ərizənin saxta olmasını bilməmiş, Rauf ona demişdir ki, ərizəni qanuni yolla notariusdan alacaq. Birgə aldıqları torpaq sahəsini Valentina özünə götürdüyü üçün o, da mənzilin pulundan Valentinaya verməmişdir. Rauf adlı şəxsin yaşadığı yeri və şəxsiyyətini bilmir, onun istifadə etdiyi telefon nömrəsini də xatırlamır. Həmin mənzil ona təmirli 32000 manata satılmış, lakin o, mənzili təmirsiz istədiyinə görə yenidən 23000 manata alması barədə müqavilə bağlanmışdır. Hazırda o, özünü CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilsə də, cinayət işinin dələduzluq hissəsi isə mülki qaydada həll edilməli olduğundan özünü CM-nin 178.2.4-cü maddəsilə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Müdafiəçi2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə qurmuş və rəsmi nikahdan iki uşağı olmuşdur. 23 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq boşanmış, boşanandan sonra o, valideyinlərinin yanında yaşamağa başlamış, Valeh isə Xırdalan şəhərində "xxxx" MTK-ya məxsus iki otaqlı mənzildə yaşayırmış. Həmin mənzili onlar birgə nikah dövründə almışlar və biz boşananadək həmin evdə yaşayırmışlar.2018-ci ilin mart ayında Xırdalan şəhərindəki həmin evini aralarında bölünməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə həmin evi onunla Valeh arasında iki yerə bölünməsi haqqında qətnamə qəbul etmişdir. Məhkəmədə hələ işin gedişində Valeh ona zəng edib demişdir ki, evi satmaq istəyir.O, da Valehə demişdir ki, öz vəkili ilə gəlib alqı-satqı sənədlərinə baxandan sonra evin satılmasına razılıq verəcək. Lakin Valehdən sonra heç bir xəbər çıxmamışdır. 2018-ci ilin avqust ayında o, Xırdalan şəhərindəki evinə getmiş və qapını döymüş, evin qapısını tanımadığı şəxs açmışdır.O, elə bilmişdir ki, həmin şəxs evində kirayədə qalıbqalmadığı barədə soruşanda, həmin şəxs demişdir ki, evi Valehdən 49000 manata almışdır.O, buna baxıb təccublənib, evə baxmış, evdə onun heç bir əşyaları da olmamışdır.Ondan sonra o, Valehi axtarmış, lakin onu tapa bilməmiş, məlum olmuşdur ki, Valeh Respublikadan qaçmışdır.O, Abşeron Rayon Məhkəməsinə müraciət edərək Valehin satdığı evin geri qaytarılmasını iddia etmiş və məhkəmə prosesində məlum olmuşdur ki, Valeh onun adından saxta ərizə hazırlayaraq mənzili saxta sənədlər əsasında satmışdır. Bundan başqa evin alqı-satqı müqaviləsində mənzilin qiymətini dəyişdirmişdir. Ona görə də məhkəmə Valehin barəsində cinayət işi başlanılması haqqında xüsusi qərar çıxarmışdır. Məlum olmuşdur ki, Valeh evi Zərərçəkmiş şəxs2 adlı şəxsə satmışdır.Qeyd etmişdir ki, o, heç bir ərizə vermədən Valeh onun adından saxta ərizə ilə evini satmışdır.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 mülki iddianı müdafiə edərək, ifadəsində göstərmişdir ki, 2018-ci ilin yayında özünə mənzil almaq istəyirmiş və ona görə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərdən mənzilləri maraqlanmışdır. Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən daşınmaz əmlakın alqı-satqısında işləyən Şahid1 bu barədə soruşanda Nazim ona Xırdalan şəhəri Olimp yaşayış kompleksi ev 12, 15 saylı mənzilin satışa qoyulduğunu demişdir. O, Nazim ilə həmin mənzilə baxmış və mənzilin sahibi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs bildirmişdir ki, mənzil ona məxsusdur və satır. O, Valeh ilə mənzili 49000 manata almağı razılaşmışdır. Valeh demişdir ki, onun həyat yoldaşı Rusiya vətəndaşıdır, evi satmaqla bağlı həyat yoldaşının razılıq ərizəsi üçün Rusiyaya sorğu verilməlidir və bu bir qədər vaxt tələb edəcək. 06 iyul 2018-ci il tarixdə o, Valehə Xırdalan şəhəri Olipm yaşayış kompleksi ev 12 unvanında yerləşən Nazim adlı şəxsin alqı-satqı ofisində 200 manat beh vermiş və həmin vaxt Valeh ilə arasında beh müqaviləsi də bağlamışlar. O, Valehə demişdir ki, evin pulunu tam verib, evə köçmək istəyir. Valeh də demişdir ki, o, evə köçüb yaşaya bilər, ancaq həyat yoldaşı Rusiya vətəndaşıdır, Rusiyadan cavab gələndən sonra evi onun adına sənədləşmə işləri qutaracaq. Həmin günlərdə o, Valehdən evin açarını alanda, həmin evdə Valehin əşyaları da olmuş, Valeh, adını bilmədiyi qadın və həmin qadının adını bilmədiyi qardaşı da orada olmuşlar, onlar da əşyaların daşınmasında köməklik etmişlər. Hətta həmin qadın demişdir ki, əri Valeh rəssamdır, onlar həyət evi almaq istəyirlər ki, orada emalatxanada əri Valeh işləyə bilsin. Onlar evdə olan əşyaları götürüb aparmışlar, evin açarlarını Valeh ona vermiş və o, öz əşyalarını həmin evə gətirib orada yaşamağa başlamışdır. 2018-ci ilin avqust ayının sonunda Valeh ona demişdir ki, evi onun adına sənədləşdirilməsi ilə bağlı sənədlər hazırdır və o, gedib evi öz adına sənədləşdirə biləcək. 29 avqust 2018-ci il tarixdə o, Valeh ilə AAAF park yaşayış kompleksində olan ofisə getmiş, orada Valeh evi MTK-ya qaytarmış, MTK-da isə həmin ev onun adına sənədləşdirilmişdir. O, anası ilə həmin evdə yaşayırmış, 2018-ci ilin sentyabr ayında Valentina adlı qadın evə gəlmiş və ondan həmin evdə kirayə qalıb-qalmadığını soruşmuş, Valehin arvadı olduğunu və Valeh evi kirayəyə verdiyini ona deməsini bildirmişdir. O, isə həmin qadına demişdir ki, evi Valehdən 49000 manata almışdır. Həmin qadın Valentina demişdir ki, Valeh onun xəbəri olmadan evi satmışdır, evdə onun əşyaları da olmuşdur.O, da Valentinaya demişdir ki, evi boş almışdır. Bundan sonra Valentina məhkəməyə müraciət etmiş və məlum olmuşdur ki, Valeh evi saxta sənəd əsasında ona satmış və Valentinaya verməli olduğu mənzilin pulunu verməmişdir. 17 dekabr 2018-ci il tarixdə Abşeron rayon məhkəməsi mənzilin əvvəlki vəziyyətə qaytarılması və Valehdən 23000 manat alınıb ona qaytarılması haqqında qətnamə qəbul etmişdir. O, Valehin saxta sənədlər əsasında evi ona satmasını bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 vəkili və nümayəndəsi Müdafiəçi3 sonuncunun izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşdur. Onun ofisi elə "xxxx" MTK-ya məxsus yaşayış binasında olmuşdur. Yaxınlıqdakı binada yaşayan Təqsirləndirilən şəxs tanıyırmış və Valeh öz evini satması ilə bağlı ona da müraciət edərək evini satmağa qoymuşdur. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs2 adlı şəxs də ev almaq istəməsi ilə bağlı ona müraciət etmişdir və Valehin iştirakı ilə onun evini Zərərçəkmiş şəxs2 göstərmişlər və İlham da həmin evi almağı razılaşmışdır. 06 iyul 2018-ci il tarixdə onun iştirakı ilə ofisində beh müqaviləsi Valeh ilə İlhamın arasında bağlanmış və İlham Valehə beh vermişdir. Ondan sonra onlar "xxxx" MTK-nın ofisinə getmişlər ki, evi sənədləşdirsinilər. Ofisdə də Valehdən həyat yoldaşının razılıq ərizəsini tələb etmişlər, Valeh də demişdir ki, ərizəni təqdim edəndən sonra sənədləşmə olacaq. Ondan sonra Təqsirləndirilən şəxs həmin sənədləri AAAF Park yaşayış kompleksinə təqdim etmişdir. Təqsirləndirilən şəxs evi İlhama təhvil vermişdir. Aradan bir müddət keçdikdən sonra İlhamla qarşılaşmış və İlhamda ona evdən çıxarıldığını və işinin məhkəmələrdə olduğunu bildirmişdir. Belə ki, məlum olmuşdur ki, Valeh arvadının razılıq ərizəsini saxtalaşdıraraq MTK-ya təqdim etmiş və arvadı Valentinanın evin satılmasından məlumatı olmamış, onlar məhkəməyə də müraciətlər etmişlər və işləri məhkəmələrdə davam edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayından, 21 dekabr 2017-ci il tarixədək "xxxx" MTK-nın sədri işləmişdir. MTK-nın sədri kimi işlədiyi müddətdə MTK ilə vətəndaşlar arasında bağlanmış müqavilələrə və digər sənədlərə özü imza etmişdir. "xxxx" MTK tərəfindən Xırdalan şəhərində yaşayış evləri inşa edilərək vətəndaşlara satılmışdır. Ondan əvvəl isə MTK-nın sədri Əli Cavadov olmuşdur. Qeyd etmişdir ki, MTK-da digər içşilər tərəfindən sənədlər nəzərdən keçirilib yazılaraq müqavilələr hazırlanıb və ona təqdim ediləndən sonra tərəfindən imza edilir. Zərərçəkmiş şəxs2 ilə MTK-nın sədri kimi onun arasında bağlanmış 29 avqust 2018-ci il tarixli müqaviləni imza edəndə Zərərçəkmiş şəxs1 adından olan həmin ərizənin saxta olduğunu bilməmiş və Zərərçəkmiş şəxs2 ilə həmin müqaviləni imza etmişdir. Təqsirləndirilən şəxs ilə "xxxx" MTK-nın sədri Ə.S.Cavadov arasında bağlanmış 13 iyun 2010-cu il tarixli, “098” nömrəli müqavilədə mənzilin dəyəri 32883 manat, Təqsirləndirilən şəxs ilə "xxxx" MTK-nın sədri kimi onun aranızda bağlanmış 13 iyun 2010-cu il tarixli, “098” nömrəli müqavilədə mənzilin dəyəri 23000 manat göstərilməsi, ola bilsin ki, mənzili alan şəxs hansısa şərtə razı olmamış və ona görə ikinci müqavilə tərtib edilmişdir. Bundan başqa müqavilənin tərtib edilmə tarixi 13 iyun 2010-cu il tarix göstərilsədə, ola bilsin ki, müqavilə gec tərtib edilmiş, sadəcə tarix köhnə tarix yazılmış və tərəfindən imza edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2006-cı ildən ünvan xüsusi notariusu işləyir. Zərərçəkmiş şəxs1ın adından tərtib edilmiş 22 avqust 2018-ci il tarixli ərizə 22 saylı notariusda qeydiyyata alınmamış və həmin ərizədə olan imza ona məxsus deyildir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 avqust 2018-ci il tarixli, Olimp-0014 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin dəyəri 23000 manat tam olaraq payçı Zərərçəkmiş şəxs2 tərəfindən ödənilmişdir. 02 oktyabr 2018-ci il tarixli, 228 saylı məktubun surətində göstərilmişdir ki, 22 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2018-ci il tarixdə , 7E-635 reyestr saylı "xxxx" MTK ilə bağlı mənzilin satılmasına, bağışlanmasına və ümumiyyətlə onun tərəfindən hər hansı bir notariat əməliyyatı aparılmamışdır. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK-ya məxsus Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin pay haqqının ödənilmiş hissəsindən 23000 manat pay hissəsi üzərində ½ paylar müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsində göstərilmişdir ki, "xxxx" MTK ilə cavabdeh Zərərçəkmiş şəxs2 arasında Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin alqı-satqısına dair bağlanmış 29 avqust 2018-ci il tarixli Olimp-0014 saylı müqavilə kooperativlə həmin mənzillə bağlı üzv qəbul olunmasına dair ümumi yığıncaq qərarları, protokolları və 22 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 20 avqust 2018ci il t7E 635 saylı iddiaçı Zərərçəkmiş şəxs1 razılıq ərizəsi etibarsız hesab olunmuş, cavabdeh Zərərçəkmiş şəxs2 "xxxx" MTK-ya məxsus Abşeron rayonu Xırdalan şəhəri 26cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzildən çıxarılsın və mənzil tam boşaldılmaqla iddiaçı Zərərçəkmiş şəxs1 ½ hissəsində paylı mülkiyyətinə (sahibliyinə və istifadəsinə) qaytarılması, İddiaçı Zərərçəkmiş şəxs1 mənzilə dair pozulmuş mülkiyyət (sahiblik və istifadə) hüquqları bərpa olunsun və o azyalı övladları ilə həmin mənzilə köçürülməsi, cavabdeh Təqsirləndirilən şəxs mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul tutularaq cavabdeh X2 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin mülki kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(105)-394/2020 saylı qətnaməsinin surətində göstərilmişdir ki, cavabdeh Zərərçəkmiş şəxs2 apellasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 17 dekabr 2018-ci il tarixli, 2(012)-5390/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Sumqayıt Apellyasiya məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(105)-394/2020 saylı məktubu ilə Zərərçəkmiş şəxs1 adına olan 20 avqust 2018-ci il tarixli ərizənin əsli götürülərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası ƏN-nin MEM-nin məhkəmə-texniki ekspertizasının 11 mart 2020-ci il tarixli, 3778 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 adından 20 avqust 2018-ci il tarixli ərizənin blankı, çap mətni, imzalar və əlyazma, möhür əksi rəqəmsal texniki qurğulardan (kompyuter, skaner, çox funksional çap qurğusu və s.) istifadə etməklə axınlı çap üsulu ilə hazırlanmışdır. Azərbaycan Respublikası ƏN-nin MEM-nin məhkəmə-xətşünaslıq ekspertizasının 12 mart 2020-ci il tarixli, 3853 saylı rəyində göstərilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 adından 20 avqust 2018-ci il tarixli rəqəmsal texniki qurğulardan (kompyuter, skaner, çox funksional çap qurğusu və s.) istifadə etməklə axınlı çap üsulu ilə hazırlanmış ərizədə ”imza” qrafasındakı imza və “Kərimova V” əlyazmaları – Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 adından 20 avqust 2018-ci il tarixli rəqəmsal texniki qurğulardan (kompyuter, skaner, çox funksional çap qurğusu və s.) istifadə etməklə axınlı çap üsulu ilə hazırlanmış ərizədə ”Xüsusi notarius” qrafasındakı imza – Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Abşeron RPİ-nin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin yaxalanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Şıxılı nəzarət məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nə təhvil verilmiş və həmin tarixdə iş üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə Abşeron RPİ-nin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron RPİ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat dayandırılmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və iş üzrə icraat təzələnmişdir. Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar iş üzrə icraat dayandırılmış və xx.xx.2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 adında olan 20 avqust 2018-ci il tarixli saxta sənəd hesab edilən ərizə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü madddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci madddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 178.2.4, 320.2-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 adında olan 20 avqust 2018ci il tarixli saxta sənəd hesab edilən ərizə cinayət işi materiallarında saxlanılmalıdır. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul tutularaq cavabdeh X2 qaytarılması qət edilmişdir. Dəymiş ziyan 49000 (qırx doqquz min) manat olduğundan tələb tutulmamış qalan hissə olan 26000 (iyirmi altı min) manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Cinayət işi üzrə maddi ziyan 49000 (qırx doqquz min) manat təşkil edir, maddi ziyanın 23000 (iyirmi üç min) manat hissəsinin Təqsirləndirilən şəxs tutulması barədə məhkəmə qətnaməsi vardır. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 49000 (qırx doqquz min) manat puldan 23000 (iyirmi üç min) manat hissəsi ödənildiyindən mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 26000 (iyirmi altı min) manat pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməli, mülki iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 03 il 07 ay 16 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 adında olan 20 avqust 2018ci il tarixli saxta sənəd hesab edilən ərizə cinayət işi materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 26000 (iyirmi altı min) pul alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-168/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-168/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver