Məhkəmə qərarları › İş №1(012)-168/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-168/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-168/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs hər biri 500 manat dəyərində iki ədəd kombi aparatı satacağına dair yalan vəd verib aldadaraq sonuncunun 20 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən “Ekonom” marketin içərisindəki Milliön ödəmə terminalı vasitəsi bacısı X2 məxsus bank hesabına köçürdüyü 1000 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid2 və qardaşı Zərərçəkmiş şəxs barəsində etdiyi şikayətlə tanış olmuşdur. Kafel-metlax ustası işləyir. 2022-ci ilin dekabr ayında Həmidin yaşadığı evdə usta kimi işləmişdir. Həmin vaxtdan Həmid və qardaşı Talehlə şəxsi münasibətləri yaranmışdır. Həmin vaxtlar atası ağır diabet xəstəsi olduğundan və pula ehtiyacı olduğu üçün 20 dekabr 2022-ci il tarixdə əvvəlcə Həmidə yalandan əlində iki ədəd kombi olduğunu və hər birini 400 manat müqabilində ona satacağına söz vermişdir. Lakin ilkin olaraq 400 manat ödənməli olduğunu bildirmişdir. Həmid Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evin yaxınlığında ona 400 manat vermişdir. Bir neçə saat sonra isə Həmidin qardaşı Talehə zəng edərək ona da eyni yalanı deyərək iki ədəd kombini 1000 manat müqabilində satacağını demişdir. Daha sonra bacısı Günelə məxsus bank kartının şəklini Talehə göndərmişdir. Taleh həmin karta 1000 manat pul köçürdükdən sonra Taleh və Həmidin hər ikisinin mobil nömrəsini bloka atmışdır. Nə vaxtsa həmin pulu geri qaytarmağı fikirləşmişdir. Atası xəstə olduğu üçün həmin cinayət əməlini etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin dekabr ayında tanımışdır. Belə ki, həmin vaxtlar qardaşı Həmidin evində işləmək üçün ona kafel ustası lazım olmuş, Həmidlə qonşuluqda yaşayan Sənan adlı şəxs Elmini onlarla tanış etmişdir. Elmin yeznəsi Zakir adlı şəxslə birlikdə təxminən üç-dörd gün Həmidin evində işləmiş, daha sonra Həmid gördüyü işin müqabilində Elminə 270 manat pul vermişdir. Daha sonra Elmin qonşuluqda işləməyə başlamışdır. Təqsirləndirilən şəxs ona Bakı şəhərində gördüyü işin müqabilində özünə iki ədəd kombi verildiyini və ikisini birlikdə 1000 manata satdığını demişdir . O, Elminin münasib qiymət dediyini fikirləşərək həmin kombiləri alacağını demişdir. 20 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Elmin ona zəng edərək kombinin pulunu istəmiş, buna görə də o, Abşeron rayonu Məmmədli kəndində ərazisində yerləşən “Ekonom” marketin içərisindəki million ödəmə terminalı vasitəsi ilə Elmin Şıxalıyevin ona şəklini göndərdiyi kart hesabına 1000 manat göndərmişdir. Elmin yarım saat sonra kombiləri gətirib təhvil verəcəyini bildirmişdir. Lakin təxminən bir saatdan sonra Elminin telefonuna zəng çatmamışdır. Daha sonra o, qardaşı Həmidlə danışdıqda Elminin Həmidi də aldatdığını öyrənmişdir. Buna görə də baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin dekabr ayında tanımışdır. Belə ki, qonşuluqda yaşayan Sənan adlı şəxs vasitəsi ilə tanımış, həmin vaxtlar yaşadığı evdə usta lazım olduğu üçün Sənan Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini əlaqə saxlamaq üçün ona vermişdir. O, həmin nömrə vasitəsi ilə Elminlə əlaqə saxladıqdan sonra Elmin yeznəsi Zakir adlı şəxslə gəlib onun evində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs işini qurtardıqdan sonra o, Elminin haqqını ödəmişdir. Bir neçə gün sonra 20 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Elmin qonşuluqda işləyən zaman ona yaxınlaşaraq özündə iki ədəd kombi aparatı olduğunu və birini ona 400 manat müqabilində sata biləcəyini deyərək, Zakirin kombi aparatlarının yanında gözlədiyini və ilkin ödəniş olaraq 400 manat verməli olduğunu demişdir. O, Elminə 400 manat verdikdən sonra Elmin kombiləri həmin gün saat 18 radələrində gətirib təhvil verəcəyini və o da qalan 400 manatı Elminə həmin vaxt verəcəyini demişdir. Bundan sonra Elmin onunla razılaşıb çıxıb getmişdir. Daha sonra 16 radələrində o, məsləhətləşmək üçün qardaşı Zərərçəkmiş şəxs zəng etdikdə Taleh ona özünün də Elminin göndərdiyi kart hesabına 1000 manat göndərdiyini demişdir. Bu vaxt o, Elminin onları aldatdığını başa düşmüşdür. Elminin istifadə etdiyi mobil nömrəyə nə qədər zəng etsə də cavab verməmişdir. Buna görə də o, baş vermiş hadisə barədə polisə məlumat vermişdir. O, Zakirlə əlaqə saxladıqda Zakir heç nədən xəbərinin olmadığını və Elminin dələduzluq etdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin saxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbslə əvəz edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin saxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar