Məhkəmə qərarları › İş №1(012)-170/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-170/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-170/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ ` Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2005-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-sı, Şərur rayonu, Tumaslı kəndində qeydiyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q.Xalıqov küçəsində yerləşən «Zəka» marketin qarşısında 119 saylı şəhərdaxili marşrut avtobusunda dayanıqlı vəziyyətdə olarkən, avtobusa minmiş Zərərçəkmiş şəxs arvadı Şahid2 ilə Şahid1 arasında yaranmış mübahisəyə müdaxilə etdiyini və sonuncunun qolundan tutub kənara çəkdiyini görüb, mübahisəyə müdaxilə edərək, istənilən narazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq, ona burunun küt travması burunüstü nahiyənin qançırı, burun sümüyünün qapalı yerdəyişən sınığı, burun qanaxması və burunla tənəffüsün pozulması ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında 119 saylı avtobusa minib oturacaqda əyləşmiş, həmin vaxt avtobus dayanıqlı vəziyyətdə olmuş və sərnişinlər avtobusa minmişlər. O, avtobusa minəndən sonra qonşuluqda yaşayan Gülnaz, ondan sonra isə Aynurə avtobusa minmiş və ayaq ustə dayanmışdır. O, avtobusa minəndən sonra Aynurə ilə Gülnaz arasında münaqişə başlamış, sonuncular bir-birilərinin saçını dartaraq bir-birilərinə ünvanlarına nalayiq ifadələr işlətmişlər. Onların arasında olan dava-dalaş hadisəsinə Həsənağa müdaxilə etmiş və Aynurənin qol nahiyyəsindən zərbələr endirməyə başlamış, həmin vaxt o, oturacaqdan durub Həsənağanın arxa tərəfdən qolundan tutub onu aralamış və Həsənağaya sakit olmağı, söyüş söyməməyi bildirmişdir. Həsənağa ona tərəf dönüb üz hissəsinə şillə və yumruq vurmuş, tanımadığı digər şəxslər Həsənağanın hərəkətlərinə müdaxilə etmiş və ona zərbələr endirərək avtobusdan düşürtmüşlər. O, Həsənağanı vurmamışdır. Sonda o, yetkinlik yaşına çatmayan şəxs olduğunu əsas gətirərək ona yüngül cəza verilməsini xahiş etdi. O, ibtidai istintaq zamanı müdafiə hüququ təmin olunmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşu kimi üzdən tanıyır, onunla heç bir münasibəti və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında 119 saylı avtobusa minib oturacaqda əyləşmiş, həmin vaxt avtobus dayanıqlı vəziyyətdə olmuş və sərnişinlər avtobusa minmişlər. O, avtobusa minəndən sonra qonşuluqda yaşayan Gülnaz ondan sonra isə Aynurə avtobusa minmiş və ayaq ustə dayanmışdır. O, avtobusa minəndən sonra Aynurə ilə Gülnaz arasında münaqişə başlamış, sonuncular bir-birilərinin saçını dartaraq, bir-birilərinə ünvanlarına nalayiq ifadələr işlətmişlər. Onların arasında olan dava-dalaş hadisəsinə Həsənağa müdaxilə etmiş və Aynurənin qol nahiyyəsindən zərbələr endirməyə başlamış, həmin vaxt o, oturacaqdan durub, Həsənağanın arxa tərəfdən qolundan tutub onu aralamış və “qonşu sakit ol, söyüş söymə avtobusda kənar şəxslər var” sözlərini işlətmişdir. Həsənağa onun olduğu tərəfə dönüb, sillə ilə və yumruqla üzünün sağ nahiyyəsinə zərbə endirmişdir. O, bir dəfə sillə və bir dəfə də yumruq zərbəsi endirmiş, onun vurduğu sillənin və yumruğun təsirindən əsəbləşib o da yumruqla sonuncunun üz nahiyyəsindən zərbə endirmişdir. Həmin ərəfədə iki nəfər tanımadığı şəxs(oğlan) müdaxilə etmiş, belə ki, həmin şəxslərdən biri Həsənağanın baş nahiyyəsindən onu vura-vura avtobusun qabaq qapısı istiqamətinə aparmış, sonra ikinci şəxs də onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, onlar birlikdə avtobusdan düşəndən sonra üçüncü şəxs də onların dava-dalaşına müdaxilə edərək, Həsənağanı vurmuş, onun dəqiq olaraq Həsənağanın bədəninin hansı nahiyyəsinə vurduğunu görməmiş, bu zaman qonşusu Azər onu həmin yerdən uzaqlaşdırmış, çünki sonuncu yenidən onun üzərinə hücum etmək istəmişdir. Onların münaqişəsi xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində, Xırdalan şəhərində, Quşçuluq yaşayış massivində 119 saylı avtobusun içərisində baş verib, sonradan avtobusun çöl hissəsində davam etmişdir. O, xəsarəti olmadığı üçün könüllü olaraq heç bir xəstəxanaya müraciət etməmiş, Zərərçəkmiş şəxs döyən digər 3 nəfər şəxsi tanımır. Zərərçəkmiş şəxs üz nahiyyəsindən bir dəfə yumruqla zərbə endirmiş, dəqiq olaraq zərbənin sonuncunun üzünün hansı hissəsinə dəyməsini görməmişdir. Zərərçəkmiş şəxs vuran şəxslər onun baş bədən və üz nahiyyələrinə yumruq zərbələri endirmişlər. Münaqişə ümumilikdə 15-20 dəqiqə davam etmiş və oraya kənar şəxslər toplaşmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində arvadı Şahid2 ilə birlikdə özünə məxsus yaşadığı fərdi yaşayış evinin qarşısında azyaşlı övladları ilə birlikdə 119 saylı avtobusu gözləmişdir. Təxminən 5 dəqiqə sonra avtobus gəlmiş və avtobusa minmək üçün yaxınlaşmışlar. Arvadı Şahid2 azyaşlı övladları ilə birlikdə avtobusa minmiş, o da sonuncuların arxası ilə avtobusa minmişdir. Şahid2 azyaşlı övladları ilə birlikdə avtobusda oturmuş, o, isə qapıdan girişə gediş haqqını kartla ödəmək üçün yaxınlaşmış, həmin vaxt səs-küy gəlmiş, başını çevirib avtobusun arxa hissəsinə baxdıqda qonşusu Şahid1 arvadı Gülnazın saçından tutub yerə yıxdığının şahidi olmuşdur. Şahid1 ilə 2022-ci ilin aprel ayından uşaq üstündə ədavəti yaranmış, sonuncu müətəmadi olaraq həmin vaxtdan etirabən onun ailəsini narahat edir. O, sonunculara yaxınlaşıb aralamağa çalışsada, Aynurənin arvadı Gülnazın saçından tutub buraxmadığını görüb arvadının saçını buraxması üçün əlindən bir neçə dəfə vurmuşdur. Tanımadığı bir nəfər şəxs onun belindən tutub qucaqlayaraq aralamağa başlamış, həmin vaxt qonşusu Turqay üz nahiyyəsindən təxminən 7-8 dəfə zərbələr endirmişdir. Zərbələrin təsirindən burun və alın nahiyyələrindən xəsarət almış, hadisə 119 saylı avtobusun içərisində baş vermiş, sonra 3 nəfər şəxs onun baş, boyun və bədən nahiyyələrinə zərbələr endirmişlər. Onlardan hansının konkret olaraq bədəninin hansı nahiyələrinə vurduqlarını bilmir, belə ki, hər üç şəxs davamlı olaraq baş və bədən nahiyələrinə zərbələr endirmişlər. Çətinliklə də olsa avtobusdan düşmüş, sonra mağazanın qarşısında olan zaman yenidən cavan oğlan ona yaxınlaşmış, baş nahiyyəsindən bir neçə dəfə zərbələr endirmişdir. O, DİN-nin 102 xidmətinə məlumat verəndən sonra Turqay yaşadığı evə getmiş, digər onu döyən şəxslər isə avtobusa minib həmin yerdən uzaqlaşmışlar. Münaqişə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində “Zəka” adlı marketin qarşısında 119 saylı avtobusun içərisində baş vermiş, sonra avtobusun çölündə davam etmiş, təxminən 15-20 dəqiqə davam etmişdir. Münaqişə zamanı o, arvadı Gülnaz, qonşusu Aynurə, qonşusu Turqay və digər tanımadığı şəxslər olmuşdur. Hadisə yerinə həmin vaxt kənardan tanımadığı şəxslər toplaşsa da, heç kəs onları aralamağa cəhd etməmişdir. Əlavə olaraq o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə sifət nahiyyəmdən vuraraq ona burunun küt travması burunüstü nahiyənin qançırı, burun sümüyünün qapalı yerdəyişən sınığı, burun qanaxması və burunla tənəfüsün pozulması xəsarətləri yetirmişdir. Digər şəxslər isə qapalı kəllə-beyin travması halında baş beyin silkələnməsi, alın nahiyəsinin hematoması ilə nəticələnən xəsarətlər yetirmişdir. Sonda o, təqsirləndiirlən şəxslə barışması, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əridir. Onunla 2002-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan iki övladı vardır. Şahid1 qonşusudur, onunla arasında azyaşlı uşaqlarına görə ədavəti olmuşdur. Belə ki, 2022-ci ilin iyun ayının əvvələrində azyaşlı övladlarına görə aralarında sözlə mübahisə olmuş, Şahid1 iddia etmişdir ki, guya azyaşlı övladı əli ilə nəlayiq hərəkətlər etmişdir. Həmin vaxtdan etibarən Şahid1 mütəmadi olaraq onu və ailəsini narahat edir, onları gördükdə münaqişə yaratmağa cəhd göstərmişdir. Lakin onunla aralarında söz-söhbət yaranmaması üçün münaqişədən qaçmışlar. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində əri Zərərçəkmiş şəxs və azyaşlı övladları ilə birlikdə 119 saylı avtobusa minmiş, Həsənağa onlardan geridə qalıb avtobusun ödənişi etmişdir. Həmin vaxt gözləmədiyi anda Aynurə arxa tərəfdən saçından tutub dartmağa başlamış, sonuncu saçını yolub ona fiziki ağrı yetirən zaman dizi üstə yerə oturmuş, bu zaman əri Həsənağa onları aralamaq məqsədi ilə Aynurənin qollarından vurmağa başlamışdır. Münaqişə zamanı Turqay əri Həsənağanın üz nahiyyəsindən davamlı olaraq yumruq zərbələri endirmişdir. Bundan başqa 3 nəfər şəxs Həsənağanın boyun və baş nahiyyələrindən həm avtobusun içərisində, həm də kənarında yumruq zərbələri endirmişlər. Onlar avtobusdan düşdükdən sonra da Turqay əri Həsənağanın üzərinə hücum etmək istəmiş, həmin vaxt mane olmaq istəmiş, lakin o məhəl qoymaraq, əri Həsənağanı hədələmişdir. Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra həmin şəxslər hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur, onu qonşu kimi tanıyır, aralarında heç bir ədavəti olmamışdır. X1 arvadı Şahid2 ilə aralarında 2022-ci ilin iyun ayının əvvəllərində azyaşlı övladlarına görə mübahisə olmuş, Şahid2 azyaşlı övladı onun azyaşlı övladına əxlaqsız əl hərəkətləri etməsi barədə ona bildirəndə, münaqişə yaradıb kobudluq etmişdir. Bu səbəbdən aralarında narazılıq olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Xırdalan bazarına getmək üçün yaşadığı evin yaxınlığında 119 saylı avtobusa minmiş, avtobusa minən zaman Gülnaz Hüseynov avtobusda ayaq üstə dayanmışdır. Sonuncu onu görən kimi heç bir söz demədən qolundan itələmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şahid2 saçından tutub dartmış, arvadı Gülnazın saçlarını dartıb buraxmadığına görə Həsənağa arxa tərəfdən onlara yaxınlaşmış, onun başının arxa hissəsindən bir neçə dəfə yumruqla vuraraq, ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman avtobusda olan tanımadığı adını istintaq zamanı bildiyi Turqay adlı şəxs Həsənağanı arxadan tutub aralamış və ona avtobusda etdiklərinin düzgün olmadığını demişdir. Həsənağa bundan sonra daha da aqresivləşərək, onun işlərinə qarışmağına kobud şəkildə irad bildirmiş, Turqay, Həsənağanın üz nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Sonradan digər 2-3 nəfər şəxs onu həm avbosun içərisində, həm də avtobusdan kənarda döymüşlər. O da dava-dalaş hadisəsinin baş verdiyini görüb evə getmiş, bundan sonra Həsənağanın arvadı Gülnaz və Həsənağa qapısına daş atmışlar. O da həm qapısına daş atılması barədə həm də Həsənağa tərəfindən döyülməsi ilə bağlı 102 xidmətinə məlumat vermişdir. Göstərmişdir ki, avtobusda tanımadığı şəxslər Həsənağanı döydükləri üçün şikayət etmək istəməmiş, həm də onun bədəninin üzərində heç bir xasərət olmamışdır. Mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt həm avtobusda həm də kənarda xeyli sayda insanlar dava-dalaşı izləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, onlarla arasında heç bir ədavəti yoxdur. Dava-dalaş hadisəsi baş verən ərazinin yaxınlığında “Zəka” adlı mağaza işlədir. xx.xx.2022-ci il tarixdə özünə məxsus mağazaya gəldikdə Zərərçəkmiş şəxs üzünün qan olduğunu görüb nə baş verdiyini soruşmuş, o, isə qonşusu Turqay və bir qrup şəxs tərəfindən döyüldüyünü bildirmiş, o Turqaydan hansı səbəbə Həsənəağanı vurduğunu soruşmuş, sonuncu isə heç bir söz deməmiş, Turqaydan həmin yerdən getməsini istəmiş, sonuncu da çıxıb getmişdir. O, hadisə yerinə gəldikdə Həsənağa artıq döyülmüş vəziyyətdə olmuş, həmin yerdə bir neçə şəxs olmuş, lakin həmin şəxsləri tanımır. İş materiallarında olan məhkəmə-tibb ekspertizası ekspertinin xx.xx.2022-ci il tarixli, 1506 nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması halında baş beyin silkələnməsi, alın nahiyəsinin hematoması, burunun küt travması, burun üstünün qançırı, burun sümüyünün qapalı yerdəyişən sınığı, burun tənəffüsünün pozulması, burun qanaxması bərk küt əşyanın təsirindən törənmişdir, xəsarət xx.xx.2022-ci il tarixdə dava dalaş zamanı yumruq zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə - tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 49Ə nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması halında baş beyin silkələnməsi, alın nahiyəsinin hematoması, burunun küt travması, burun üstünün qançırı, burun sümüyünün qapalı yerdəyişən sınığı, burun tənəffüsünün pozulması, burun qanaxması bərk küt əşyanın təsirindən törənmişdir, xəsarət xx.xx.2022-ci il tarixdə dava dalaş zamanı yumruq zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Dərəcəsinə görə qapalı kəllə-beyin travması halında baş-beyin silkələnməsi, alın nahiyəsinin hematoması – sağlamlığın qısa muddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Dərəcəsinə görə burunun küt travması burunüstü nahiyənin qançırı, burun sümüyünün qapalı yerdəyişən sınığı, burun qanaxması və burunla tənəffüsün pozulması – sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs təvəllüdü xx.xx.2005-ci ildir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar