Məhkəmə qərarları › İş №1(012)-172/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-172/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-172/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi3 iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Baksol yeni yaşayış massivində fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup halında 14 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Azərpoçt» binasının qarşısında birlikdə Zərərçəkmiş şəxs yaxınlaşmış, o, sonuncunun ona olan borcunu qaytarmadığını vasitə kimi istifadə edərək bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona qaşüstü nahiyəsinin və burunun qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirib həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, Zərərçəkmiş şəxs məxsus 9000 manat dəyərində 1994-cü il buraxılışlı, «Mercedes-Benz C220» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili və Təqsirləndirilən şəxs2 isə 120 manat dəyərində 1 ədəd «İpone A1688 (6S)» markalı mobil telefonu, yəni ümumilikdə 9120 manat dəyərində əmlakı açıq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Samirə adlı qadını və Təqsirləndirilən şəxs2 da qısa müddətdir tanımış və onların hər ikisi ilə dostluq edir. Əvvəllər tanıdığı Samirin ona pul borcu olmuşdur. Belə ki, Samir ondan qısa müddətə qaytarmaq şərti ilə borc pul alsa da qaytarmaqdan yayınmış və telefon zənglərinə də cavab verməmişdir. 13 sentyabr 2021-ci il tarixdə axşam saat radələrində Samirə ona başqa qadınla gəzdiyi barədə məlumatının olduğunu dedi və aralarında bu zəmində mübahisələri düşmüşdür. Samirə mübahisənin sonunda ondan qəti olaraq ayrıcacağını bildirmiş və bacısıgilə getmək istədiyini deyib taksi çağırmışdır. O, isə Samirəni gecə tək buraxmayacağını bildirib, onunla birlikdə taksiyə əyləşmiş, həmin vaxtı ümumi tanışı Turan da yanında olduğu üçün o da onlarla birlikdə taksiyə minmişdir. Samirə tək getmək istədiyini desə də, o, təkid edib sonuncunun tək getməsinə imkan verməmiş, taksi sürücüsünə Xırdalana sürməsini demiş və sürücü də maşını həmin istiqamətdə hərəkət etdirməyə başlamışdır. 14 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində o, Təqsirləndirilən şəxs2 və Şahid təsadüfən hərəkətdə olduqları taksi ilə Xırdalan ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, həmin yerdə o və Təqsirləndirilən şəxs2 birlikdə avtomaşından düşsələr də, Şahid taksidə gözləmiş, o Zərərçəkmiş şəxs yaxınlaşaraq pulunu ondan tələb etməyə başlamış, mübahisə zamanı sağ əlinin arxası ilə Samir Qasımovun sifət nahiyəsinə zərbə vuraraq yerə yıxmış, sonuncunun əlində olan avtomobilinin açarı və mobil telefonu yerə düşmüşdür. Bunu görən Samirə Qasimova şəxsləri aralaşdırmaq üçün guya polis gəldiyini qışqırmış, həmin zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus sarı rəngli “İphone 6S” markalı mobil telefonunu götürərək cibinə qoyub qaçaraq taksiyə əyləşmiş, özü isə Zərərçəkmiş şəxs avtomaşınına əyləşərək oradan uzaqlaşmış, sonuncu isə orada qalmışdır. Yolda olarkən Təqsirləndirilən şəxs2 ona zəng vuraraq avtomaşını nə üçün götürdüyünü soruşmuş, o isə Zərərçəkmiş şəxs ona borcunu qaytarmadığı üçün avtomaşını apardığını, pul borcunu qaytaracağı təqdirdə avtomaşınını qaytaracağını bildirmişdir. Əlavə olaraq o, narkotik aludəçisi olmadığını, tanışı Samir ilə onun arasında narkotik vasitələrinin alış-satışı ilə bağlı hər hansı bir söhbət olmadığnı bildirmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsi ilə ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və onun tanışı Samirəni qısa müddətdir ki, tanımış, hər ikisi ilə yaxın münasibəti vardır. Təqsirləndirilən şəxs1 əvvəllər tanıdıqları Zərərçəkmiş şəxs ona olan borcunu verməyib onu aldatdığını demiş və onu tapıb ondan pulunu geri tələb etmək qərarına gəlmişdir. 13 sentyabr 2021-ci il tarixdə axşam radələrində Samirə və Babaşla birlikdə olarkən onların arasında qısqanclıqdan mübahisə düşmüş və Samirə Babaşdan ayrılacağını deyib taksi çağırmış ki, bacısıgilə getsin. Lakin Babaş buna imkan verməyib artıq gec olduğundan onu tək buraxmaq istəməmiş və taksiyə minmiş, o da onlarla birlikdə olduğu üçün Babaşla birlikdə həmin taksiyə əyləşmişdir. 14 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1, o və Şahid təsadüfən hərəkətdə olduqları taksi ilə Xırdalan ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, həmin yerdə Təqsirləndirilən şəxs1 və o birlikdə avtomaşından düşsələr də, Şahid taksidə gözləmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq pulunu ondan tələb etməyə başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs1 gözlənilmədən sağ əlinin arxası ilə Samir Qasımovun sifət nahiyəsinə zərbə vuraraq yerə yıxmış, sonuncunun əlində olan avtomobilinin açarı və mobil telefonu yerə düşmüşdür. Bunu görən Samirə Qasimova şəxsləri aralaşdırmaq üçün guya polis gəldiyini qışqırmış, həmin zaman Zərərçəkmiş şəxs məxsus sarı rəngli “İphone 6S” markalı mobil telefonunu görüb yerdən götürərək cibinə qoyub qaçaraq taksiyə əyləşmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs avtomaşınına əyləşərək oradan uzaqlaşmış, sonuncu isə orada qalmışdır. Yolda olarkən Təqsirləndirilən şəxs1 zəng vuraraq avtomaşını nə üçün götürdüyünü soruşmuş, sonuncu isə Zərərçəkmiş şəxs ona borcunu qaytarmadığı üçün avtomaşını apardığını, pul borcunu qaytaracağı təqdirdə avtomaşınını qaytaracağını bildirmişdir. Əlavə olaraq o, narkotik aludəçisi olmadığını bildirmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atasına məxsus etibarnamə ilə idarə etdiyi, ağ rəngli “Mercedes-Benz 220” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərib pul qazanır. Təxminən 6 ay olar ki, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsindəki çoxmərtəbəli binada yaşayan Mehriban adlı qadınla qeyri-rəsmi nigah manasibətindədir və tez-tez sonuncunun yaşadığı mənzildə gecələyir. xx.xx.2021-ci il tarixə keçən gecə də saat 01 radələrində Xırdalan şəhərinə gedib maşınını onun yaşadığı çoxmərtəbəli binanın yaxınlığında yerləşən Azərpoçt binasının qarşısında saxlayıb yerə düşmüş və maşının qapılarını kilidləmişdir. Bundan sonra Mehribanın yaşadığı evə tərəf getmək istəyəndə əvvəldən tanıdığı Babaşla Turanın ona yaxınlaşdıqlarını görüb maşınının yanında dayanmış, sonuncular hər ikisi ona yaxınlaşıb görüşdükdən sonra Babaş onun maşınına söykənib, ona pul borcu olduğunu deyib, həmin borcu verməyini tələb etmişdir. O, da pulu olmadığını dedikdən sonra Babaş onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Babaş gözləmədiyi halda əli ilə qəfildən onun burun nahiyəsinə bir zərbə vurmuş, aldiği zərbə anidən olduğu üçün yerə yıxılıb bir əli ilə burnundan axan qanı saxlamağa çalışmışdır. Həmin vaxtı ona məxsus “İphone 6S” markalı mobil telefon və avtomaşının açarı üstündə olduğu üçün yerə düşmüşdür. Bunu görən əvəllər tanıdığı Samirə Qasimova polis gəldiyini qışqırmış, həmin zaman Turan ona məxsus sarı rəngli “İphone 6S” markalı mobil telefonunu görüb yerdən götürərək cibinə qoyub qaçaraq taksiyə əyləşmiş, Təqsirləndirilən şəxs1 isə ona məxsus avtomaşınına əyləşərək oradan uzaqlaşmışdır. Bu zaman cibində olan digər telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlib onu polis idarəsinə gətirmişlər. Hadisə vaxtı Babaşın onu qəflətən yumruqla burun nahiyəsindən bir dəfə vurmuş, zərbə anidən olduğu üçün o müvazinətini saxlaya bilməyib yerə yıxılmış, hadisə zamanı Turanın onu vurmamış və onlardan 1-2 metr aralıda dayanmış vəziyyətdə olmuş, həmçinin həmin vaxtı Babaşın əlində bıçaq və yaxud hər hansı alət görməmiş, maşınının hazırkı bazar dəyəri təxminən 9000 manat, mobil telefonunun isə dəyəri 200 manatdır. Əlavə olaraq o, narkotik aludəçisi olmadığını, Babaş ilə onun arasında narkotik vasitələrinin alış-satışı ilə bağlı hər hansı bir söhbət olmadığnı bildirmişdir. Hazırda isə o, əvvəllər tanıdığı Babaş və Turanla barışdığını, onlara qarşı hər hansı bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3 il olar ki, tanıyır, onunla eyni məhəllədə yaşayan xalasıgilə gedib-gəldiyi vaxtı tanış olmuşdur. Təqsirləndirilən şəxs2 isə Babaşın vasitəsi ilə onun dostu kimi təxminən 2 il olar ki, tanıyır və onlarin hər ikisi ilə dosluq edir. Son günlərə kimi tez-tez görüşüb birlikdə çay içib söhbət etmişlər. 14 sentyabr 2021-ci il tarixə keçən gecə Bakı şəhərində yaşadığı ünvana yaxın yerdə birlikdə olduğu vaxtı Babaşın başqa qadınla yaxın münasibət saxlaması səbəbindən onunla aralarında mübahisə yarandığına görə o bir daha onunla görüşməyəcəyini bildirib, Xırdalan şəhərində yaşayan bacısıgilə getmək üçün küçədən taksi saxlatdırıb həmin maşına minmiş, Babaş onu tək buraxmayacağını bildirib onun mindiyi taksiyə minmiş, həmin vaxtı Turan da onunla birlikdə olduğu üçün o da Babaşla birlikdə gəlmişdir. Buna baxmayraq Babaşdan incidiyinə görə ondan təkidlə taksidən düşməsini tələb etmiş, lakin onun sözlərinə əhəmiyyət verməyib gecə onu tək buraxmayacağını deyib taksi sürücüsünə Xırdalana sürməyi tapşırmış və həmin taksi sürücüsü də hərəkətə başlamışdır. Həmin günü hələ Babaşdan ayrılmağa qərar verməzdən əvvəl sonuncu ona hər üçünün tanıdığı Samirin onu aldadıb pulunu aldığını və qaytarmaq istəmədiyini demişdir. Həmin günü saat təxminən 01 radələrində taksi ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki işıqforun qırmızı işığında dayanıb yolumun açılmasını gözlədiyi vaxt təsadüfən Babaş Samirin idarə etdiyi, ağ rəngli “Mercedes benz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qarşıdan gəlib yol ayrıcında sağa tərəf döndüyünü görüb taksi sürücüsündən tez bir anda həmin maşının dalınca cəld sürməsini xahiş etmişdir. O, bacısıgilə gedəcəyini deyib, buna etiraz etsə də, Babaş Samiri tapdığına sevinmiş və aralarında olan borc məsələsinə aydınlıq gətirəcəyini demiş, sonra isə onu bacısıgilə düşürəcəklərini söyləmişdir. İçərisində olduğu taksi sürücüsü Samirin maşının getdiyi istiqamətdə sürsə də, taksi sürücüsü Samirin hərəkətini itirmiş və tapa bilməmiş, belə olduqda Babaş Samirin onun Xırdalan şəhərində yaşayan, xalasıqızı Mehribanla münasibətdə olduğunu demiş və teztez onun evində gecələşdiyini bildirib onun evinə getdiyini güman etmişdir. Buna görə də Samirin Mehribanın evinin yanına gələcəyini bildirib, içərisində olduğu taksini Mehribanın yaşadığı binanın yanına, yəni Xırdalan şəhərindəki Azərpoçt binasının qarşısına sürdürmüş, taksi həmin yerdə yolun kənarında dayandıqda sonra Babaşla Turan maşından düşmüş və binaya tərəf getdikdə orada Samirin maşınının yanında dayandığını görmüşdür. O, həmin vaxtı taksidə əyləşmiş və sonuncular söhbətlərini edib qurtardıqdan sonra onu aparıb düşürəcəklərini gözləmiş, Babaşla Turan Samirin maşınının saxladığı yerə yaxınlaşmış, onlar Samirə Azərpoçt binasının qarşısında saxladığı ağ rəngli maşınının yanında yaxınlaşıb nə barədəsə danışdıqlarını və sonra isə mübahisə etdiklərini görmüş, onlardan çox aralıda taksidə əyləşdiyi üçün yalnız hərəkətlərini görə bilmiş, lakin nə danışdıqlarını eşitməmiş, belə ki, sonuncular ondan təxminən 50-60 metr aralıda olmuşlar. Onlar 1-2 dəqiqə mübahisə etdikdən sonra Babaşın sağ əli ilə qəflətən Samirin sifətinə bir zərbə ilə vurduğunu və Samirin də yerə yıxıldığını görmüşdür. Belə olduqda taksinin pəncərəsindən onlara tərəf qışqırıb dava-dalaşı kəsib geri qayıtmalarını xahiş etmiş, lakin Babaş gil onun qışqırmasına məhəl qoymamış, belə olduqda Babaşı səsləyib güya polis gəldiyini yalandan demiş və təkidlə tez maşına qayıtmasını bildirmişdir. Turan onun səsini eşidən kimi qaçaraq gözlədiyi taksiyə əyləşmiş, Babaş da taksiyə qayıtmaq əvəzinə Samirin maşınında sükan arxasına minib maşını sürərək oradan Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, onlar Babaşın getdiyini gördükdən sonra içərisində olduqları taksinin sürücüsündən onları Bakı şəhərinə qaytarmasını xahiş etmiş, yolda olarkən Turan Babaşa zəng edib, ondan Samirin maşınını nə üçün götürdüyünü soruşmuş, Babaş isə Samirin onun borcunu verdikdən sonra onun maşınını qaytaracağını bildirmişdir. Babaş Samirə məxsus maşını sürüb Turanın yaşadığı yerə yaxınlıqda yerləşən Bakı şəhəri, 9-cu mikrorayon ərazisindəki “Tərlan” şadlıq sarayının yaxınlığındakı binaların arasında olan bir yerdə saxlayacağını Turana deyib, sonuncunu da taksi ilə həmin yerə gəlib oradan götürməsini Turana bildirmiş, Turan da taksini yaşadığı məhəlləyə sürdürüb, Babaşa zəng edib onu gözlədiyi bildirdikdən sonra sonuncu da onların yanına gəlmişdir. Artıq gecədən xeyli vaxt keçdiyi üçün həmin gecə bacısıgilə gedə bilməmiş və onlar birlikdə gecələmək üçün əvvəllər də bir neçə dəfə olduğu “Baku İn“ mehmanxanasına gedib gecəni hər üçü bir otaqda qalmış, səhər yuxudan ayılanda Turanın otaqda olmadığını görmüş, Babaş sonuncuya zəng etmiş və Turan evlərinə getdiyini söləmişdir. Bundan sonra Samir taksi ilə onun yaşadığı ünvana tərəf gəlmək istədiyini bildirmiş, lakin cəmi 2 manat pulu olduğunu deyib, Turandan pul istəmişdir. Turan da pulu olmadığını bildirdikdən sonra gecə aralarındakı mübahisə zamanı Samirin “İpone” markalı mobil telefonunu da götürdüyünü söyləmiş, Babaş isə Turandan onun telefonunu nə üçün götürdüyünü soruşmuş, Turan isə həmin telefonu kiməsə satmaq istədiyini bildirmişdir. Bundan 3-4 dəqiqə sonra mülki geyimdə olan bir neçə nəfərin binaların arası ilə Babaşın ardınca qaçdığını görüb, onu Samirin maşınını qaçırdığına görə polislərin axtardığını başa düşmüş, belə olduqda Babaşın mobil telefonuna zəng etmiş, lakin onunla əlaqə saxlaya bilməyib, taksi ilə Xırdalan şəhərinə bacısıgilə getmiş, taksi pulunu isə bacısından alıb sürücünü yola salmışdır. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Abşeron rayon şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli 2273 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin 5-ci barmağının daraq sümüyünün başının və əsas falanqa sümüyünün az yerdəyişən sınıqları, 5-ci barmağın qançırı, sağ əlin ovuc səthinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən tarixdə və şəraitdə xx.xx.2021-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Abşeron rayon şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli 2260 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Abşeron rayon şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli 2259 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qaşüstü nahiyəsinin və burunun qançırları küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə insanın bədən hissələrinin (əl, baş və sair) təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış xx.xx.2021-ci il tarixli, 9/8237 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd "İphone A1688 (6S)" markalı, 32 GB yaddaşlı mobil telefon satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 120 manat müəyyən olunur. "xxxx" ASC-nin X1 X7 alınmış xx.xx.2021-ci il tarixli, A/021 nömrəli arayışı ilə 1994cü il buraxılışlı, ağ rəngli "Mercedes Benz 220 " markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin "TURBO.AZ" saytına əsasən 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 9000 manat təşkil edir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd "İphone A1688 (6S)" markalı, 32 GB yaddaşlı mobil telefon və 1994-cü il buraxılışlı, ağ rəngli "Mercedes Benz 220 " markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinəəsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 bu əməlində CM-nin 322.2-ci maddəsinin, Təqsirləndirilən şəxs2 isə bu əməlində CM-nin 180.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CMnin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onların əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 180.1 və 322.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmək əməli kimi tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və X5 qarşı Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsi ilə ittiham verilməsi açıq-aşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərin təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsində onların təqsirliliyi sübut olunmur. Belə ki, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ona pul borcu olmuş, sonuncu ondan qısa müddətə qaytarmaq şərti ilə borc pul alsa da qaytarmaqdan yayınmış və telefon zənglərinə cavab verməmişdir. 14 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid təsadüfən hərəkətdə olduqları taksi ilə Xırdalan ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, həmin yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə avtomaşından düşsələr də, Şahid taksidə gözləmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq pulunu ondan tələb etməyə başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs1 gözlənilmədən sağ əlinin arxası ilə Samir Qasımovun sifət nahiyəsinə zərbə vuraraq yerə yıxmış, sonuncunun əlində olan avtomobilinin açarı və mobil telefonu yerə düşmüşdür. Bunu görən Samirə Qasimova şəxsləri aralaşdırmaq üçün guya polis gəldiyini qışqırmış, həmin zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus sarı rəngli “İphone 6S” markalı mobil telefonunu görüb həmin anda onda yaranmış soyğunculuq niyyəti ilə onu yerdən götürərək cibinə qoyub qaçaraq taksiyə əyləşmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs avtomaşınına əyləşərək oradan uzaqlaşmış, sonuncu isə orada qalmışdır. Yolda olarkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng vuraraq avtomaşını nə üçün götürdüyünü soruşmuş, sonuncu isə Zərərçəkmiş şəxs ona borcunu qaytarmadığı üçün avtomaşını apardığını, pul borcunu qaytaracağı təqdirdə avtomaşınını qaytaracağını bildirmişdir. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2015-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyəti ilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-nin 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 tamah məqsədi olmadan özgənin əmlakının zor tətbiq etməklə əldə edilməsinə yönəlmiş hüquqazidd hərəkətləri tamamilə sübuta yetsə də, Təqsirləndirilən şəxs1 cinayət niyyəti əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus 9000 manat dəyərində «Mercedes-Benz C220» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili borcunu qaytaracağı təqdirdə mülkiyyətçiyə qaytarmaq olmuş, yəni özbaşınalıq cinayəti törətdiyindən onun əməlində «özgənin əmlakını açıq talama» əlaməti yoxdur. Həmçinin, X3 tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 120 manat dəyərində 1 ədəd «İphone 6S» markalı mobil telefonunu açıq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla soyğunçuluq cinayətinin törətməsi tamamilə sübuta yetirilmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində həmin Məcəllənin 322.2ci maddəsinə, X3 əməli Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində həmin Məcəllənin 180.1-ci maddəsinə, tövsif olunmalı və onlara qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Əməlin etiraf edilməsi, peşmançılığın ifadə olunması, cinayətə görə təəssüflənmək şəxsi belə davranış nümayiş etdirməyərək əməllərini inkar edən, peşman olmadığını bildirən, yəni törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır və baxmayaraq ki, CM-nin 59.1.1-59.1.14-cü maddələrində bu hal birbaşa göstərlməmişdir, məhkəmələr tərəfindən həmin halın cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınması cinayət qanununun pozuntusu kimi şərh edilə bilməz, çünki CMnin 59.2-ci maddəsi CMnin 59.1-ci maddəsində göstərilməyən halların (yəni cinayətin törədilməsindən sonrakı davranışın səmimi peşmançılığa dəlalət edən, lakin CM-nin 72-ci maddəsində əks olunmayan təzahür formalarının) da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 322.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə X5 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərəçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, X3 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd "İphone A1688 (6S)" markalı, 32 GB yaddaşlı mobil telefon və 1994-cü il buraxılışlı, ağ rəngli "Mercedes Benz 220 " markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrindən CM-in 322.2-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrindən CM-in 180.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd "İphone A1688 (6S)" markalı, 32 GB yaddaşlı mobil telefon və 1994-cü il buraxılışlı, ağ rəngli "Mercedes Benz 220 " markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar