Məhkəmə qərarları › İş №1(012)-172/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-172/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-172/2025 11.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1989-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum olunmuş, Bərdə şəhəri, Heydər Əliyev pr. 25-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni yaşayış massivində yerləşən yeni tikilidə yaşayan, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi 17 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü qeyri yaşayış obyektinə pəncərəsini sındırma yolu ilə qanunsuz daxil olaraq, həmin obyektdən 01 ədəd 150 manat dəyərində bosch markalı dreli, hər birinin dəyəri 635 manat olmaqla 02 ədəd 1270 manat dəyərində divar deşən aparatı, hər birinin dəyəri 100 manat olmaqla 02 ədəd 200 manat dəyərində 02 top mis materialdan olan elektrik naqilini, 100 manat dəyərində soyuducunun mis materialdan olan boruları və içərisində 1000 ədəd paket olan 200 manat dəyərində 01 qutu “Pan Coffee” markalı kofeni gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1920 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Məmməd Araz küçəsində yerləşən Şahid3 məxsus yarımtikili evə, pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 200 manat dəyərində 01 ədəd “Bosch” markalı perforator aparatını, 01 ədəd laqonda aparatını və müxtəlif ölçülü açar dəstini gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazisində yerləşən Şahid1 məxsus 3 mərtəbəli yarımtikili evə, pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evdə usta işləyən X5 məxsus ümumilikdə 1000 manat dəyərində 02 ədəd perforator, 01 ədəd laqonda, 01 ədəd tikinti ütüsü, 01 ədəd drel 02 ədəd 18 çıxışlı kollektor və 06 ədəd krantı gizli olaraq talayıb zərər çəkmiş X5 ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Şahid2 Abşeron rayonu, Masazır qəsəbəsi, 2-ci Araz marketin yaxınlığında yerləşən, təmir-tikinti işləri apardığı evinin plastik pəncərəsini gərib açma yolu ilə açmaqla yarımtikiliyə qanunsuz daxil olaraq həmin evdə usta işləyən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 80 manat dəyərində laqonda və 01 ədəd 70 manat dəyərində dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 150 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, Masazır qəsəbəsi, 2-ci Araz marketin yaxınlığında olan epizod üzrə barəsində inzibati qaydada işə baxıldığını, digər epizodlarla bağlı polis tərəfindən ona təzyiqlər olunduğunu bildirib, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ara-sıra pul qazanmaq üçün avtoyuma məntəqəsində yuyucu və fəhlə kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində gəzən zaman orada olan yarım tikililərdən birinə girib sata biləcəyi əşya tapıb oğurlamağa qərar vermişdir. Bu məqsədlə orada gəzən zaman çoxlu sayda şüşələri olan bir obyekt diqqətini çəkmişdir. Həmin obyektin içərisinə baxdıqda içəridə təmir tikinti işlərinin aparıldığını görmüşdür. Həmin vaxt içəridə dəyərli əşya olacağını düşünərək yerdən tapdığı daşla obyektin şüşəsini sındırmış və içəriyə daxil olmuşdur. O, içəridə bir qədər gəzdikdən sonra oradan 01 ədəd drel, 02 ədəd perforator, 01 qutu kofe, 02 ədəd top elektrik naqili və mis boruları götürüb oradan uzaqlaşmışdır. Belə ki, həmin alətləri ilk öncə çölə tullayaraq obyektdən çıxartmış və daha sonra onu hər hansı bir şəxsin görmədiyindən əmin olub özü də çıxmışdır. Həmin tikinti alətlərini elə gecə ikən yoldan keçən tanımadığı şəxsə 100 manata satmışdır. Digər 01 qutu kofeni isə özü istifadə etmişdir. Təmir tikinti alətlərini satan zaman həmin şəxsə alətlərin özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə gecə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Məmməd Araz küçəsində gəzişən zaman orada olan fərdi yaşayış evlərindən biri diqqətini çəkmişdir. Həmin evin ətrafında bir qədər dayandıqdan sonra evin işığının yanmadığını görüb içəridə hər hansı bir şəxsin olmadığını yəqin etmişdir. Elə bu məqsədlə o, hasara doğru yaxınlaşaraq ətrafda hər hansı bir şəxsin onu görmədiyindən əmin olub hasarı aşaraq keçmişdir. Daha sonra həyətdə bir qədər dayanıb evi dinləməyə başlamış və səs eşitmədiyindən evdə hər hansı bir şəxsin olmadığına əmin olmuşdur. Daha sonra pəncərəyə yaxınlaşaraq əlində olan vintaçanla plastik pəncərəni gərib açmış və içəriyə daxil olmuşdur. İçəridə bir qədər gəzdikdən sonra evin giriş hissəsində olan təmir alətləri diqqətini çəkmiş və alətləri götürərək daxil olduğu kimi də çölə çıxmışdır. Həmin alətləri də gecə ikən yolda qarşısına çıxan tanımadığı şəxsə satmağı təklif etmişdir. Belə ki, həmin şəxsin üst başı tozlu olduğundan usta olduğunu düşünüb bu təklifi həmin şəxsə etmiş və ümumilikdə hamısını 50 manata satmışdır. Həmin şəxsə də alətlərin özünə məxsus olduğunu bildirmişdir. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə gəzən zaman divarları mavi rəngli olan yarımtikili diqqətini çəkmişdir. Həmin yarım tikilidə tikinti işləri tamamlanmadığı və davam etdiyi üçün düşünmüşdür ki, içəridə sataraq pul əldə edə biləcəyi tikinti alətləri olar. Bu zaman o, birinci mərtəbənin pəncərəsinə yaxınlaşaraq üzərində olan vintaçanla plastik pəncərəni açıb içəri daxil olmuşdur. O, içəridə bir qədər gəzdikdən sonra 3-cü mərtəbəyə qalxmışdır. 3-cü mərtəbəyə qalxdıqda oradan 02 ədəd perforator, 01 ədəd laqonda, 01 ədəd qaynaq ütüsü, 01 ədəd drel, çoxlu sayda kollektor və 06 ədəd krant tapmışdır. Həmin alətləri götürərək üzərində olan torbaya qoyub daxil olduğu pəncərədən də çıxıb getmişdir. Həmin gün səhər saat 09 radələrində o, oğurladığı alətləri səyyar metal alveri ilə məşğul olan tanımadığı şəxsə ümumilikdə 150 manata satmışdır.Alətləri satarkən həmin şəxsə alətlərin özünə məxsus olduğunu, sadəcə evində apardığı təmir işlərini qutardığından ehtiyacı olmadığını və satdığını demişdir. Həmin şəxsdə inanaraq alətləri ondan almışdır. Əldə etdiyi 150 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, 2-ci Araz marketin yaxınlığında gəzən zaman orada olan yarımtikili diqqətini çəkmişdir. Həmin yarımtikilidə tikinti işləri tamamlanmadığı və davam etdiyi üçün düşünmüşdür ki, içəridə sataraq pul əldə edə biləcəyi tikinti alətləri olar. Bu zaman evə yaxınlaşaraq ətrafa diqqətlə baxıb onu görən hər hansı bir şəxsin olub-olmadığını dəqiqləşdirmişdir. O, bir qədər ətrafa baxıb hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra evin həyətinə daxil olmuş və pəncərəyə yaxınlaşmışdır. Həmin vaxt üzərində olan vintaçanla plastik pəncərəni gərib açmış və sürətli bir şəkildə evin içərisinə daxil olmuşdur. Evin içərisinə daxil olduqdan sonra evin içərisini bir qədər gəzmiş və oradan 01 ədəd laqonda aparatı və 01 ədəd drel aparatı aşkar edərək götürmüşdür. Daha sonra həmin aparatlarla birlikdə gərib açdığı pəncərədən evdən çölə doğru çıxıb fərdi yaşayış sahəsini tərk etmişdir. O, evdən çıxan zaman da ətrafa diqqətlə baxıb onu görən hər hansı bir şəxsin olmadığına bir daha əmin olmuşdur. Daha sonra həmin 01 ədəd laqonda və 01 ədəd drel aparatını elə gecə ikən Masazır qəsəbəsində ərazisində tanımadığı bir nəfər şəxsə ümumilidə 60 manata satmışdır. Həmin şəxs ondan alətləri nəyə görə satdığını soruşduqda o, həmin şəxsə alətlərin özünə məxsus olduğunu, sadəcə evində apardığı təmir işlərini qutardığından ehtiyacı olmadığını və satdığını demişdir. Həmin şəxsdə inanaraq alətləri ondan almışdır. Əldə etdiyi 60 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa onun X6 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə yerləşən evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. O, ifadəsini verən zaman qorxduğundan həmin hadisəni törətdiyini bildirmişdir. Lakin həmin cinayət hadisəsini o törətməmiş və həmin hadisənin kim tərəfindən hansı şəraitdə törədilməsindən məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, 2-ci Araz marketin yaxınlığında yerləşən evdən oğurluq hadisəsini tək eləmişdir. Ona heç kömək etməmişdir. Həmin şəxsləri tanımamış, həmçinin həmin vaxt qaranlıq olduğu üçün üzləri yadında qalmamışdır. Məhkəmə iclasında zərərçəkən qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 yuxarıda göstərilən ünvanda yaşayır. Təxminən 5 ilə yaxındır ki, fərdi olaraq santexnik işi ilə məşğuldur. O, sifariş götürdüyü evlərə öz alətləri ilə gedib işlərini görürmüş. Təxminən 2023-cü ilin sentyabr ayının ortalarında o, Şahid1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə yerləşən fərdi yaşayış sahəsinin santexnik işini öz üzərinə götürmüşdür. O, hər gün saat 09 radələrində işə gəlmiş, axşam saat 17 radələrində isə çıxıb getmişdir. Təxminən bir həftə imiş ki, o, həmin evdə santexnik işləri görürmüş. xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində o, işdən çıxıb qapını bağlayaraq evə getmişdir. Həmin günün sabahı, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində işə gəlib 3-cü mərtəbəyə qalxan zaman ona məxsus bir neçə alətin yerində olmadığını görmüşdür. Bundan sonra o, həmin alətlərin oğurlandığını düşünüb birinci mərtəbəyə düşmüş və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, alətlərinin oğurlandığını başa düşmüşdür. Daha sonra 3-cü mərtəbəyə qalxıb ətrafa baxdıqda məlum olmuşdur ki, naməlum şəxslər həmin evin 3-cü mərtəbəsindən ona məxsus 01 ədəd 300 manat dəyərində “Bosch” markalı perforator, 01 ədəd 150 manat dəyərində “Thl” markalı perforator, 01 ədəd 65 manat dəyərində laqonda, 01 ədəd 121 manat dəyərində “Candan” markalı qaynaq ütüsü, 01 ədəd 70 manat dəyərində drel, 02 ədəd hər biri çıxışı 7 manat olmaqla ümumilikdə 252 manat dəyərində 18 çıxışlı kollektor və 06 ədəd hər biri 7 manat olmaqla ümumilikdə 42 manat dəyərində krant oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı ev sahibi Şahid1 də məlumat vermiş və sonuncu DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək məlumat vermişdir. Həmin hadisə ilə bağlı şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Dəyən ziyan ödənilməmişdir, ödənilməsini tələb edir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, Şahid2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 2-ci Araz marketin yaxınlığındakı fərdi yaşayış sahəsində usta olaraq işləyir. O, hər gün təxminən saat 10 radələrində işə başlayır və axşam saat 18 radələrində işini bitirib gedirmiş. 31 oktyabr 2023-cü il tarixdə, axşam saat 18 radələrində o, işini bitirib evdən çıxmışdır. O, evdən çıxandan sonra alətləri həmin evdə saxlayırmış. xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində işə gəldikdə ona məxsus olan 01 ədəd 80 manat dəyərində laqonda aparatının və 01 ədəd 70 manat dəyərində drelin evdə olmadığını aşkar etmişdir. Həmin vaxt o, ilk öncə evə ətraflı baxış keçirib alətlərini qoyduğu yeri unutduğunu və tapa biləcəyini düşünmüşdür. Lakin o, evə ətraflı baxış keçirsə də, alətləri tapa bilməmiş və evin plastik pəncərəsinin açıq olduğunu müəyyən etmişlər. Həmin vaxt o, artıq alətlərinin oğurlandığını başa düşmüş və Abşeron RPİ-nə gələrək ərizə ilə yazılı müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində 01 ədəd 80 manat dəyərində laqonda aparatı və 01 ədəd 70 manat dəyərində dreli oğurlanmaqla ona 150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 teleqramma ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Məmməd Araz küçəsində yerləşən Şahid3 məxsus evdə usta işləmişdir.11 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində işini yekunlaşdırmış və özünə məxsus təmir alətləri olan 01 ədəd Bosch markalı perforator aparatı və 01 ədəd laqonda aparatını və müxtəlif ölçülü açar dəstini orada qoyub yaşadığı evə çıxıb getmişdir. 12 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində işləmək üçün həmin evə gəlmişdir. Evə daxil olduqda giriş hissədə olan plastik pəncərənin açıq vəziyyətdə olmasını görmüşdür. Həmçinin evin giriş hissəsinə qoyduğu təmir alətlərini yəni ki, 01 ədəd Bosch markalı perforator aparatı və 01 ədəd laqonda aparatını və müxtəlif ölçülü açar dəstinin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra oğurluq hadisəsi olması ona məlum olmuşdur. Bu səbəbdən də polisə şikayət etmək qərarına gəlmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 200 manat ziyan dəymişdir. Belə ki, 01 ədəd Bosch markalı perforator aparatının oğurlanması nəticəsində ona 120 manat, 01 ədəd laqonda aparatının oğurlanması nəticəsində 40 manat və müxtəlif ölçülü açar dəstinin oğurlanması nəticəsində isə ona 40 manat ziyan dəymişdir. Hadisə ilə bağlı şübhələndiyi hər hansı bir şəxs olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə şikayəti, tələbi olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi 17-ci binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış obyektini işlətmək üçün icarəyə götürmüşdür. Həmin obyekti də təmir edirmiş. 02 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində o, obyektin qapısını bağlayıb evə getmişdir. Səhəri gün də, yəni ki, 03 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində obyektə gəldikdə görmüşdür ki, obyektin yola tərəf olan pəncərəsinin şüşəsi sınmışdır. Obyektə daxil olduqda görmüşdür ki, obyektin içərisində olan 01 ədəd 150 manat dəyərində "Bosch” markalı drel aparatı, hər birinin dəyəri 635 manat olmaqla 02 ədəd 1270 manat dəyərində divar deşən aparat, hər birinin dəyəri 100 manat olmaqla 02 ədəd 200 manat dəyərində 02 top mis materialdan olan elektrik naqili, 100 manat dəyərində soyuducunun mis materialdan olan boruları və içərisində 1000 ədəd paket olan 200 manat dəyərində 01 qutu “Pan Coffee” markalı kofe oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1920 manat maddi ziyan dəymişdir. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək məlumat vermişdir. Həmin hadisə ilə bağlı şübhələndiyi hər hansı bir şəxs olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs3 Məhəmməd oğlu ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəyən ziyanın ödənilməsini tələb etdiyini, məhkəmədə iştirak etmək imkanı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə fərdi yaşayış evi vardır. Həmin evdə aparılan təmir tikinti işlərində müxətlif ustalar iştirak etmişdir. Həmçinin də evin tikinti işlərində Zərərçəkmiş şəxs2 işləmişdir. Taryel onun evində usta işləyən zaman xx.xx.2023-cü il tarixdə Taryelə məxsus usta alətlərinin evin içərisindən naməlum şəxs tərəfindən oğurlandığını eşitmişdir. Həmin ərəfələr evdə təmir işləri qurtarmadığı üçün evdə yaşayış olmamışdır. O da ayrı yerdə yaşamışdır. Ona görə də hadisənin necə və kim tərəfindən törədildiyindən xəbəri olmamışdır. Həmin ev ona məxsus olmuş və onun mülkiyyətindədir. Baş vermiş hadisə nəticəsində ona hər hansı ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs2 həmin əşyaları evin təmiri zamanı istifadə etmək üçün almışdır. Belə ki, o, daima tikinti işləri aparılan evdə olmadığı üçün təmir üçün bəzən əşyalar lazım olduqda həmin əşyaları ustalar özləri almışdır. O isə bir müddət sonra ustalara ödəniş etdikdə həmin aldıqları əşyaların da pulunu ödəmişdir. Sözügedən kollektor və krant onun evinin tikintisi üçün alınsa da, onların ödənişi Zərərçəkmiş şəxs2 tərəfindən edilmiş və o hələ onların pulunu Taryelə verməmişdir. Ona görə də həmin əşyaların da oğurlanması nəticəsində ona yox Taryelə ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 2-ci Araz marketin yaxınlığında fərdi yaşayış evi vardır. Həmin evdə aparılan təmir tikinti işlərində müxtəlif ustalar iştirak etmişdir. Həmçinin də evin tikinti işlərində Zərərçəkmiş şəxs1 işləmişdir. Zərərçəkmiş şəxs1 onun evində usta işləyən zaman xx.xx.2023-cü il tarixdə Mübarizə məxsus usta alətlərinin evin içərisindən naməlum şəxs tərəfindən oğurlandığını eşitmişdir. Həmin ərəfələr evdə təmir işləri qurtarmadığı üçün evdə yaşayış olmamışdır. O ayrı yerdə yaşadığından hadisənin necə və kim tərəfindən törədildiyindən xəbəri olmamışdır. Həmin ev ona məxsus olsa da, baş vermiş hadisə nəticəsində ona maddi ziyan dəyməmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Məmməd Araz küçəsində fərdi yaşayış evi vardır. Həmin evdə aparılan təmir tikinti işlərində müxətlif ustalar iştirak etmişdir. Həmçinin də evin tikinti işlərində Zərərçəkmiş şəxs4 işləmişdir. Zərərçəkmiş şəxs4 onun evində usta işləyən zaman xx.xx.2023-cü il tarixdə özünə məxsus usta alətlərinin evin içərisindən naməlum şəxs tərəfindən oğurlandığını eşitmişdir. Həmin ərəfələr evdə təmir işləri qurtarmadığı üçün evdə yaşayış olmamışdır. O da ayrı yerdə yaşayırmış. Ona görə də hadisənin necə və kim tərəfindən törədildiyindən xəbəri olmamışdır. Həmin ev ona məxsusdur və onun mülkiyyətindədir. Baş vermiş hadisə nəticəsində ona hər hansı ziyan dəyməmişdir. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni yaşayış massivi, 2-ci Araz marketin yaxınlığında yerləşən Şahid2 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdən həmin evdə usta işləyən Zərərçəkmiş şəxs1 məxsus laqonda və drel aparatının yerində olmaması müəyyən olunmuşdur. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdən orada usta işləyən Zərərçəkmiş şəxs2 məxsus təmir 1000 manat dəyərində əmlakın yerində olmaması müəyyən olunmuşdur. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93də yerləşən hündür mərtəbəli binanın 1-ci mərtəbəsində Zərərçəkmiş şəxs3 Məhəmməd oğluna qeyri yaşayış sahəsidir. Baxış zamanı qeyd olunan obyektdən Zərərçəkmiş şəxs3 Məhəmməd oğluna məxsus usta alətlərinin və digər əşyaların yerində olmaması müəyyən olunmuşdur. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Araz küçəsində yerləşən fərdi yaşayış sahəsidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış sahəsində usta işləyən Zərərçəkmiş şəxs4 məxsus təmir alətlərinin yerində olmaması müəyyən olunmuşdur. Cinayət işi üzrə ifadənin yerində yoxlanılması haqqında 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində gəzən zaman orada olan yarım tikililərdən birinə girib sata biləcəyi əşya tapıb oğurlamağa qərar vermişdir. Bu məqsədlə orada gəzən zaman çoxlu sayda şüşələri olan bir obyekt diqqətini çəkmişdir. Həmin obyektin içərisinə baxdıqda içəridə təmir tikinti işlərinin aparıldığını görmüşdür. Həmin vaxt içəridə dəyərli əşya olacağını düşünərək yerdən tapdığı daşla obyektin şüşəsini sındırmış və içəriyə daxil olmuşdur. O, içəridə bir qədər gəzdikdən sonra oradan 01 ədəd drel, 02 ədəd perforator, 01 qutu kofe, 02 ədəd top elektrik naqili və mis boruları götürüb oradan uzaqlaşmışdır. Belə ki, həmin alətləri ilk öncə çölə tullayaraq obyektdən çıxartmış və daha sonra onu hər hansı bir şəxsin görmədiyindən əmin olub özü də çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Məmməd Araz küçəsi istiqamətində hərəkət edərək getdik. Abşeron rayonu, Masazır qəsəbəsi, Məmməd Araz küçəsinə çatanda həmin küçədə olan Şahid3 məxsus fərdi yaşayış sahəsi istiqamətinə getdik. Sözügedən hadisə yerinə çatanda Təqsirləndirilən şəxs avtomobili əyləməyi təklif etdi. Həmin yerdə Təqsirləndirilən şəxs avtomobildən enərək həmin evi göstərib bildirdi ki, 12 sentyabr 2023-cü il tarixdə gecə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Məmməd Araz küçəsində gəzişən zaman orada olan fərdi yaşayış evlərindən biri diqqətini çəkmişdir. Həmin evin ətrafında bir qədər dayandıqdan sonra evin işığının yanmadığın görüb içəridə hər hansı bir şəxsin olmadığını yəqin etmişdir. Elə bu məqsədlə o, hasara doğru yaxınlaşaraq ətrafda hər hansı bir şəxsin onu görmədiyindən əmin olub hasarı aşaraq keçmişdir. Daha sonra həyətdə bir qədər dayanıb evi dinləməyə başlamış və səs eşitmədiyindən evdə hər hansı bir şəxsin olmadığına əmin olmuşdur. Daha sonra pəncərəyə yaxınlaşaraq əlində olan vintaçanla plastik pəncərəni gərib açmış və içəriyə daxil olmuşdur. İçəridə bir qədər gəzdikdən sonra evin giriş hissəsində olan təmir alətləri diqqətini çəkmiş və onları götürərək daxil olduğu kimi də çölə çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazi istiqamətində hərəkət edərək getdik. Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan əraziyə çatanda həmin küçədə olan Şahid1 məxsus fərdi yaşayış sahəsi istiqamətinə getdik. Sözügedən hadisə yerinə çatanda Təqsirləndirilən şəxs avtomobili əyləməyi təklif etdi. Fləmin yerdə Təqsirləndirilən şəxs avtomobildən enərək həmin evi göstərib bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə adlanan ərazidə gəzən zaman divarları mavi rəngli olan yarımtikili diqqətimi çəkmişdir. Həmin yarım tikilidə tikinti işləri tamamlanmadığı və davam etdiyi üçün düşünmüşdür ki, içəridə sataraq pul əldə edə biləcəyi tikinti alətləri olar. Bu zaman o, birinci mərtəbənin pəncərəsinə yaxınlaşaraq üzərində olan vintaçanla plastik pəncərəni açıb içəri daxil olmuşdur. O, içəridə bir qədər gəzdikdən sonra 3-cü mərtəbəyə qalxmışdır. 3-cü mərtəbəyə qalxdıqda oradan 02 ədəd perforator, 01 ədəd laqonda, 01 ədəd qaynaq ütüsü, 01 ədəd drel, çoxlu sayda kollektor və 06 ədəd krant tapmışdır. Həmin alətləri götürərək üzərində olan torbaya qoyub daxil olduğu pəncərədən də çıxıb getmişdir. Cinayət işi üzrə ifadənin yerində yoxlanılması haqqında 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, 2-ci Araz marketin yaxınlığında gəzən zaman orada olan yarımtikili diqqətini çəkmişdir. Həmin yarımtikilidə tikinti işləri tamamlanmadığı və davam etdiyi üçün düşünmüşdür ki, içəridə sataraq pul əldə edə biləcəyi tikinti alətləri var. Bu zaman evə yaxınlaşaraq ətrafa diqqətlə baxıb onu görən hər hansı bir şəxsin olub-olmadığını dəqiqləşdirmişdir. O, bir qədər ətrafa baxıb hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra evin həyətinə daxil oldum və pəncərəyə yaxınlaşmışdır. Həmin vaxt üzərində olan vintaçanla plastik pəncərəni gərib açmış və sürətli bir şəkildə evin içərisinə daxil olmuşdur. Evin içərisinə daxil olduqdan sonra evin içərisini bir qədər gəzmiş və oradan 01 ədəd laqonda aparatı və 01 ədəd drel aparatı aşkar edərək götürmüşdür. Daha sonra həmin aparatlarla birlikdə gərib açdığı pəncərədən evdən çölə doğru çıxıb fərdi yaşayış sahəsini tərk etmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərşəkənlərin və şahidlərin ifadəsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı məhkəmənin sorgusu əsasında Abşeron rayon Prokurorluğunun 1048-xid-25 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs işgəncələrə məruz qalması ilə bağlı Abşeron rayon Prokurorluğuna məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs izahatında Masazırdakı oğurluqla bağlı inzibati qaydada onun əməlinə artıq hüquqi qiymət verilməsi barədə ittihama etirazı araşdırılarkən müəyyən edildi ki, onun barəsində Abşeron rayon Məhkəməsinin 3(012)-2019/2023 saylı inzibatı qərarı İXM-nin 227-ci maddəsi üzrə 13 oktyabr 2023-cü il tarixli, zərərçəkən Kamil Yusifova münasibətdə olmuşdur, yəni bunun hazırkı cinayət işinə aidiyyatı yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, habelə CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkənlərdən Cavid Tagıyevin şikayətçi olmamasıdır. Azərbaycan Respublikası CM-in 61.1.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residivinin olmasıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM- nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuş və Abşeron rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri qüvvədə saxlanmışdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzasından çıxılmalı və cəzaçəkməsinin əvvəli barəsində Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli Qərarı ilə “həbs” qətimkan tədbirinin əvvəli hesab olunan 07 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Zərərçəkənlərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti cəza 02 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 07 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkənlərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar