Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-173/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobil idarə etmək hüququna malik olan BD 035959 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi ilə 10 mart 2023-cü il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində mərkəzi yol ilə hərəkətdə olarkən yolun “Bravo” adlı mağazanın yaxılğından keçən hissəsində olan yol ayrıcında “X13” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməli, həmçinin nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə “təcili tibbi yardm” maşını çağırmalı, zərərçəkmiş şəxsi tibbi müəssisəyə göndərməli, Bu mümkün olmadıqdaisə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada özünün şəxsiyyətini təsdiq edən və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməli və sonra hadisə yerinə qayıtmalı olması tələblərinə sürücü əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub yolu sola dönərkən hərəkət istiqamətində yolun kənarında dayanmış piyada X7 avtomobilin qarşı hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış, onun bu ehtiyyatsızlığı nəticədə Müşfiq Vəliyevin sol kürək sümüyünün sınığından ibarət sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.1 və 264cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, Baxçalı evlər, bina 15 B, mənzil 14 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. “Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı Zakirin adına olsada lakin avtomobili o, idarə etmişdir. 10 mart 2023-cü il tarixdə saat təxminən 13 radələrində o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 3 saylı orta məktəbdən 5 yaşlı uşağı Nihanı məktəbdən götürüb şirniyyat yerinə getmək istəmişdir. Bu zaman parkın yanında işıqfordan dönüb ara küçəyə getmək istəyərkən qarşıda azyaşlı uşağın yolu sağdan sola keçməsini görmüşdür. Bu anda o, sağa avtomobili vermişdir ki, uşağını vurmasın və avtomobil sağ ehtiyyat hissəyə çıxmışdır. Bu zaman onun atası sonradan adının Müşfiq kimi bildiyi şəxsə etiraz etmişdir ki, nəyə görə uşağa nəzarət etmirsən uşaq yola qaçmışdır. Bundan sonra avtomobil sağ ehtiyyat hissədə qaldığından o, onu çıxara bilməmiş orada olan şəxslərin köməkliyi ilə avtomobili oradan çıxarıb evinə getmişdir. Hazırda zərərçəkmiş şəxs X3 müalicə xərclərini, həmçinin dəymiş zərəri tam ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Ona görədə xahiş edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 264-cü maddəsi ilə ona yüngül cəza təyin edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə oğlu X8 Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivində yerləşən məktəbəqədər kursdan götürmüşdür. Ordan isə oğlu Raul ilə birlikdə “Qurtuluş 93” yaşayış kompleksində yerləşən parka gəlmişlər. Həmin vaxtı oğlu Raul parkda oynayarkən bu zaman onun yanına çatdıqdan sonra yola tərəf qaçmışdır ki, parkın o biri hissəsinə keçsin. Bu anda o, oğlu Raulun yolu keçməsini görüb sol tərəfdəndə “Hyundai” markalı avtomobilin gəldiyini görüb oğlu Raulun arxasınca getmişdir. Bu anda həmin avtomobil onun sol hissəsindən vuraraq onu yerə yıxmışdır. O da görmüşdür ki, avtomobil “Bravo” marketin qarşısında olan səkiyə çıxmışdır. Bu anda orada olan şəxlər ona köməklik göstərmişlər. Sürücü qadında avtomobildən düşərək ona irad bildirmişdir ki, “yoluna niyə baxmırsan”. O cümlədən irad bildirmişdir ki, “uşağı yanında saxla”. Bundan sonra orada olan tanımadığı şəxslər ona köməkil göstərmişlər, o da oradan Abşeron rayon, Mərkəzi xəstəxanasına getmişdir. Həmin vaxtı ona həkimlər ilk tibbi yardım göstərmişlər. Hadisədən sonra sürücü Təqsirləndirilən şəxs onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, Baxçalı evlər, bina 15 B mənzil 14 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun arvadıdır. X9 onun oğludur. Oğlu Nihan 5 yaşı var, Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş 93 yaşayış kompleksində yerləşən 3 saylı orta məktəbə hazırlığa gedir. “Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. Arada uşağı məktəbdən götürmək üçün aravadı Gülsümə avtomobili sürməyə verirmişdir. Bildirmişdir ki, arvadı Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 3 saylı orta məktəbdən götürmək üçün onu razılığı ilə “Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Gülsüm həmin gün uşağı məktəbdən gətirən zaman yolda tanımadığı piyada ilə yolu keçməməsinə görə qəza vəziyyəti yaratması, avtomobili yolun sağında olan səkiyə çıxarması ilə bağlı mübahisə etdyini desə də yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı heç bir söz deməmişdir. Sonradan arvadı X5 rayon polis idarəsinə dəvət etdikdə bilmişdir ki, arvadı Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində piyadanın vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən yayınmışdır. Bildirmişdir ki, 10 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ziyan dəyməmiş bununla bağlı arvadı Təqsirləndirilən şəxs barəsində də heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 582 nömrəli rəyindən görünür ki, 1987-cı il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol kürək sümüyünün sınığı bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Yol nəqliyyat hadisələri ekspertizasının 27 iyul 2023-ci il tarixli 3-16-16/2-8/1885 saylı rəyindən görünür ki, 1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücsü Təqsirləndirilən şəxs hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində X13” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli 59/1-363564 saylı məktubundan görünür ki, xx xxxx 1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BD 035959 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, “Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi X2 qaytarılmışdır. Zərərçəkmiş şəxs X10 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza, cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətmişdir. Onun əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə ona qarşı irəli sürülmüş ittihamdan CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə elan olunmuş ittihamdan zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməli, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “X13” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpənməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “X13” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “X13” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmişi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmış, özü barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12-ci maddəsinə əsasən himayəsində xx.xx.2010-cu il təv. Nazlı Adığözəlova, xx.xx.2013-cü il təv. Əli Adığözəlli və xx.xx.2017-ci il təv. Nihan Adığözəlli) üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət və böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi böyük ictimai təhlükə törətməyən cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi X2 qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi X2 qaytarılması nəzərə alınsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-173/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-173/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver