Məhkəmə qərarları › İş №1(012)-173/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-173/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-173/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş. Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat müqabilində 1 ədəd şəffaf sellofan bükülüdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxil edilmiş 1,471 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Novxanı kəndində daşımış və saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 15 fevral 2024-cü il tarixdə saat 12 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Novxanı kəndində, Ə.Abuzərov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib orada həmin gün saat 13:00-dən 13:15-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 1 ədəd şəffaf sellofan bükümdə 1,471 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi, narkotik vasitənin ona aid olmadığını bildirib ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 ilə yaxındır ki, narkotik vasitə heroindən çəkməklə istifadə edir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 9 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə bağlı S 567890-=umqayıt şəhəri, Corat qəsəbəsinə getmişdir. Saat təxminən 22 radələrində avtobus dayanacağında olan zaman təsadüfən orada söhbət etdiyi orta yaşlı şəxslə söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxs ona özünün də narkotikdən istifadə etdiyini və ona əgər lazım olsa narkotik vasitə təşkil edə bilməsini bildirmişdir. O, şəxsi istifadəsi üçün həmin şəxsdən bir büküm kakos yəni heroin gətirməsini demişdir. Həmin şəxs ona bir büküm heroini 20 manata gətirə biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşıb gözləmişdir. Təxminən 20-25 dəqiqə sonra həmin şəxs bir ədəd şəffaf sellofan bükümü ona vermişdir. Həmin bükümü açıb yoxlamış və kakos olduğunu görüb 20 manat verib həmin bükülünü alıb əynindəki idman şalvarımın sağ yan cibinə qoyub oradan Novxanı kəndinə yaşadığı evə getmişdir. Aldığı narkotik olan bükümü şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. Qeyd etmişdir ki, narkotik vasitəni aldığı şəxsi tanımır və həmin şəxs özü barədə ona heç bir məlumat vermədiyi üçün onun kim olması barədə bilmir. 15 fevral 2024-cü il tarixdə saat təxminən 12 radələrində evdən çıxıb yaşadığı küçə ilə piyada gedərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını bildirib ona narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişdirlər. Bu səbəbdən o, onların idarə etdiyi avtomaşına əyləşmişdir. Saray polis bölməsinə aparıldıqdan sonra o, polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Abşeron rayon vəkil bürosundan növbətçi vəkil Nizami Abasov dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə ona üzərində narkotik vasitə saxlamaqda daşımaqda şübhəli olduğu üçün tutulmağı və şübhəli şəxs qismində hüquq və vəzifələri təhqiqatçı tərəfindən elan olunmuşdur. Polis əməkdaşları xidməti otaqda vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış video çəkilişlə keçirilmişdir. Ona üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik maddə kakos yəni heroini olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin bükümü haradan və nə vaxt aldığı soruşulduqda o, həmin bükülünü xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanmadığı şəxsdən 20 manat pul verib öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd içərisində narkotik vasitə olan şəffaf sellofan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçinin və onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək protokol ucadan oxunmuşdur. Protokolun doğruluğunu imza edərək təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 15 fevral 2024-cü il tarixdə Abşeron rayon, Novxanı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixortop maddə əldə etməsi, saxlaması və gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin gün onun və Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfərləri, polis serjantı Şahid1 iştirakı əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə o, və əməliyyat qrupunun üzvü Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirmək məqsədi ilə saat 12 radələrində sonuncunun yaşadığı Abşeron rayonu, Novxanı kəndində Ə.Abuzərov küçəsində olarkən Təqsirləndirilən şəxs həmin küçədə görüb yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən Saray polis bölməsinə getmişdir. Abşeron RPİ-nin Saray PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur.Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd selofan büküm çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf selofan bükülüyə açılaraq baxış keçirilmiş və həmin vaxt bükümün içərisində qəhvəyi rəngli narkotik vastə heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Daha sonra həmin büküm müvafiq qaydada kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənib qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroini haradan əldə etməsi soruşulduqda sonuncu həmin natrkotik vasitəni bir gün əvvəl yəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman və Abşeron RPİ-nin Saray PB-nə aparılan zaman sonuncuya qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir.al: Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamış, yalnız narkotik vasitə istifadəçisi olması barədə məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə tərəfindən DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 1 ədəd şəffaf sellofan bükümdə narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə narkotik maddə olan heroini xx.xx.2024-cü il tarixdə Sumqyıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Məhkəmə kimyəvi ekspertizasının 15 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/918 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 246" dairəvi möhür əksləri, “xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə “imza” “Təqsirləndirilən şəxs” və digər ad, soyad, yazı imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,471 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 1,471 qram, sərf edildi – 0,050 qram, qalıq – 1,421 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1043 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə olan 1,471 qram narkotik vasitə heroin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,421 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.Onun məhkəmədə elan olunan ittiham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 09 ay azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunmuşdur və əməlində cinayətin residivi vardır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət üzrə ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmamasını və cinayətin residivinin cəzanı ağırlaşdıran hal olmasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,421 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,421 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar