Məhkəmə qərarları › İş №1(012)-174/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-174/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-174/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-cı ildə Bakı şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Laçın rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri,Sabunçu rayonu,Bakıxanov qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində ”At Heykəli”-nin yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yüz manat müqabilində bir ədəd qara rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış 9,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq oradan uzaqlaşarkən Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirildikdən sonra saat 09:30-dan 09:55-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən həmin bir ədəd qara rəngli sellofan bükümdə olan 9,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə marixuanadan istifadə edirdi. 03 aprel 2023-cü il tarixdə səhər saatlarında sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, lakin tanımadığı şəxsin dediyi bank hesabına 100 manat pul göndərdikdən sonra həmin şəxs ona narkotik vasitəni Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən götürə biləcəyini bildirmişdir. O, bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş və Xırdalan şəhəri ərazisində yerləşən At heykəlinin yaxınlığında bir bükümdə narkotik vasitə marixuananı götürüb əynində olan gödəkcənin iç cibinə qoymuşdur. Bir qədər piyada hərəkət etdikdən sonra Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal Abşeron 2 yaşayış kompleksinin qarşısında olarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini tələb etmişlər. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün ona şəxsiyyətinin müəyyən edilməsi üçün Abşeron RPİnə getməli olduğu bildirmişlər. O, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmiş və Abşeron RPİ-nə getmiş, orada ona üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra xidməti otaqların birində video çəkiliş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Ona dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd sellofana bükülmüş içərisində narkotik vasitə marixuana olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açılaraq içərisinə baxış keçirilmişdir. Aşkar edilmiş bir ədəd narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində imzalar edilmiş, bu barədə protokolun tərtib edilərək təsdiq edilmişdir. O, etdiyi əməldən peşman olmasını və ciddi müalicə alaraq zərərli vərdişlərdən uzaq olmaq istəməsini bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat təxminən 07:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron RPİ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1la birlikdə xidmət apararkən Kristal Abşeron 2 yaşayış kompleksinin qarşısında “At heykəli”nin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər və onun şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə şəxsiyyət vəsiqəsini tələb etmişlər. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirdikdə həmin şəxsi Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Eyni zamanda onlarda həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əsaslı şübhələr yaranmışdır. Daha sonra həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə Abşeron RPİ-nə getmişdir. Abşeron RPİ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs da könüllü olaraq qara rəngli sellofana bükülmüş qurudulmuş ot şəklində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bir bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, üzərində aşkar olunmuş bir bükümdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə, saat 09:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 7/473 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində ““-Vət. Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdəki 01(bir) ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 9,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 9,14 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 9,09 qramdır.Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir; - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş və onun barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməklə, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Qətimkan tədbirinin şərtlərini pozduğundan təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutlması üçün barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla iş üzrə icraat təzələnmişdir. - “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəlmiş və həmin tarixli qərarla iş üzrə icraat təzələnmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında 04 avqust 2023-cü il tarixli, 4970 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2022-ci il tarixdə cinayət işi Bakı şəhər Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. - Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-ü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdən, 09 fevral 2024-cü il tarixə kimi həbsdə olduğu «02» (iki) ay, «25» (iyirmi beş) gün müddət, «05» (beş) ay, «20» (iyirmi) gün, 17 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət «01» gün, «01» günə «02» gün hesablanaraq, cəmi «05» (beş) ay, «22» (iyirmi iki) gün, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il , «06» (altı) ay, «08» (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. - Bakı şəhər Probasiya İdarəsinin 05 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-ü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs bu günə kimi cəzanı çəkməmişdir. - Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1998ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Laçın rayonu, Unannovu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi, Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruna göndərilməsi, Təqsirləndirilən şəxs tutulduğu andan məhkəməyə məlumat verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılması qərara alınmışdır. - Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2024-cü il tarixdə tutulmuşdur. - Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə iş üzrə icraat təzələnmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 aprel 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, şəxsin yenidən cinayət əməlini törətməsini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)-2/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdən, 09 fevral 2024-cü il tarixə kimi həbsdə olduğu «02» (iki) ay, «25» (iyirmi beş) gün müddət, «05» (beş) ay, «20» (iyirmi) gün, 17 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət «01» gün, «01» günə «02» gün hesablanaraq, cəmi «05» (beş) ay, «22» (iyirmi iki) gün, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il , «06» (altı) ay, «08» (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)-2/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 6 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakışəhər Probasiya İdarəsinin 05 dekabr 2024-cü il tarixli, məktubuna əsasən cəzasını çəkmədiyi müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)-2/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 1 il müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Bundan başqa, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə barəsində həbsdə olduğu 2 ay 25 gün,şübhəli şəxs qismində tutulduğu 1 gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 1 gün, ümumilikdə 2 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 04 avqust 2023-cü il tarixli, 4970 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 9,09 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 60 saat üçün nəzərdə tutulan 360 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)-2/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəza 01 il həddində müəyyən edilsin və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə barəsində həbsdə olduğu 2 ay 25 gün,şübhəli şəxs qismində tutulduğu 1 gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 1 gün, ümumilikdə 2 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli həbs olunduğu vaxtdan 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,09 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 78 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saat üçün nəzərdə tutulan 360 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar