Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-175/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Yardımlı rayonu, Şıxlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, C.ünvan 1 ünvanında yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları satacağına dair yalan vəd verib inandırmış, bu məqsədlə 04 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “Bayraqtar kids” adlanan uşaq dükanının qarşısında sonuncunun 4000 (dörd min) manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə dələduzluq cinayət əməli törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Yardımlı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azadlığa buraxılmışdır. Zərərçəkmiş şəxs təxminən 2 il bundan əvvəl tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs Abşeron rayonu, Mehidabad qəsəbəsində qeyri yaşayış sahəsinin tikintisində usta işləyən vaxt o da sonuncunun yanında fəhlə işləmişdir. Maddi vəziyyəti yaxşı olmadığından və hər hansı bir yerdə işləmədiyindən pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Belə ki, 03 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək bir nəfər tanışının cərrahi əməliyyata getdiyi üçün pula ehtiyacı olduğunu və bu səbəbdən özünə məxsus qızıl-zinət əşyalarını ucuz qiymətə satdığını bildirmişdir. O müxtəlif vaxtlarda univermaqlardan çəkdiyi müxtəlif qızıl-zinət əşyalarının şəkillərini Zərərçəkmiş şəxs mobil telefonuna göndərmişdir. Digər telefonu ilə özünə yazdığı mesajları isə Qənbərə göndərməklə qızıl satan şəxslə aralarında olan yazışmalar kimi təqdim etmişdir. Qənbər ondan 3 ədəd qızıl boyunbağı istəmiş və həmin boyunbağının qiymətini maraqlanmışdır. O isə Qənbərə 3 ədəd boyunbağının qiymətinin 4000 manat olduğunu demişdir. Qənbər ondan 4000 manatlıq qızıl istəsə də, həmin miqdarda pulunun olmadığını və kimdənsə borc alacağını bildirmişdir. Bundan sonra onlar aralarında razılaşmışlar ki, 04 dekabr 2022-ci il tarixdə Qənbərlə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bayraqtar” uşaq geyim dükanın qarşısında görüşsünlər və həmin tarixdə saat 18 radələrində Qənbərlə həmin ünvanda görüşmüşlər. O Qənbərin “Passat” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilində əyləşmiş, Qənbər ona qızıl almaq üçün 1500 manat pul vermiş və qalan pulu 10-15 gün ərzində verəcəyini bildirmişdir. O Qənbərə yalandan qızılı götürməyə getdiyini demiş və sonuncudan pulu alıb oradan uzaqlaşmışdır. Qənbər bir neçə dəfə onunla əlaqə saxlasa da, o müxtəlif bəhanələr gətirib sonuncu ilə görüşməkdən imtina etmişdir. Həmin 1500 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. O Qənbərin avtomobilində olan zaman kiminləsə mobil telefonla danışmamış, sonuncunun mobil telefonunun “whatsapp” proqramına göndərdiyi yazışmaları isə özünün bir telefonundan digər telefonuna yazdığı mesajlar olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri olan arvadı X2, 2002-ci il təvəllüdlü oğlu Taleh Süleymanov və 2004-cü il təvəllüdlü qızı Ofelya Süleymanova ilə birlikdə yaşayır. Təxminən 5 ildir ki, ev təmir ustası işləyir.Təxminən 2 il bundan əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeyri yaşayış sahəsində usta işləyən zaman Təqsirləndirilən şəxs da onun yanında fəhlə işləmişdir. Həmin vaxtdan etibarən sonuncu ilə münasibətləri yaranmış, iş olduğu halda Elnuru da fəhlə kimi işləməyə çağırmışdır. Elnurla münasibətləri yaxşı olmuş ədavət və düşmənçilikləri olmamışdır. 03 dekabr 2022ci il tarixdə evdə olan zaman mobil telefonuna adını “Elnur hakim oglu” kimi yazdığı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək “adam var əməliyyata gedəcəyi üçün əlimyandıda qızılları ucuz qiymətə satır əgər istəyirsənsə sənə də düz qoş edim” sözlərini demişdir. O da Elnura demişdir ki, “həmin qızılların şəkillərin at baxım əgər bəyənsəm alaram.” Elnur da onun həmin nömrəsində olan mobil telefonun whatsapp proqramına qızıl saatlar, boyunbağı və qolbaq şəkilləri göndərmişdir. O da həmin şəkilləri evdə arvadı Cəvahir Süleymanovaya göstərmişdir. Cəvahir də həmin şəkillərə baxdıqdan sonra boyunbağıları almaq istədiyini demişdir. Oda Elnurla telefonda danışıb 3 ədəd qızıl boyunbağını almaq istədiklərini və həmin qızılların pulunun nə qədər olacağını soruşmuşdur. Elnurda ona kiminləsə qızılın qiyməti barədə olan yazışmaları göndərmişdir. O Elnura inandıqdan sonra sonuncu ilə aralarında razılaşmışlar ki, 3 ədəd qızıl boyunbağı üçün ona 4000 manat pul verəcək. O həmçinin Elnura əlində o qədər nəğd pul olmadığını ancaq sabaha kimi borc tapa biləcəyini demişdir. Elnur da onunla razılaşıb 04 dekabr 2022-ci il tarixdə Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “Bayraqtar kids” adlı uşaq geyim mağazasının qarşısında görüşərik deyib sağollaşmışdır. Özündə 2000 manat olduğundan 04 dekabr 2022-ci il tarixdə tanışlarından da 2000 manat pul borc alıb 4000 manatı qızıla verəcəyi pulu düzəltmişdir. Həmin tarixdə saat 18 radələrində Elnur ilə Mehdiabad qəsəbəsi ərazisində “Bayraqtar” adlı uşaq geyim mağazasının qarşısında görüşmüşlər. Elnur onun istifadəsində olan “Passat” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və qızıl satan adama zəng etmişdir. Elnur qızıl satan şəxslə danışan zaman Mehdiabad qəsəbəsində olduğunu bildirmişdir. Həmin şəxs isə evdə olduğunu, paltarını dəyişdiyini və Masazıra toya gedəcəyini bildirib onu da Masazır qəsəbəsində düşürmələrini xahiş etmişdir. Bundan sonra Elnur ondan 4000 manat qızılın pulunu istəmiş, o da 31 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 500 ABŞ dollarından ibarət 4000 manat pulu sayıb Elnura vermişdir. Elnur pulu ondan götürüb qızılı almağa getdiyini bildirmişdir. O isə avtomobildə onu gözləməyə başlamışdır.Təxminən 15-20 dəqiqə sonra o Elnura zəng etmiş və sonuncu ona qayıdacağını bildirmişdir. O təxminən 10 dəqiqə sonra yenidən zəng etmiş və Elnur onun zənginə cavab verməmişdir. Təxminən 40 dəqiqə sonra o, Elnura zəng etmiş Elnur ona artıq Masazırda olduğunu və onunda ora gəlməyini tapşırmışdır. O da Masazır qəsəbəsinə getmiş və Elnura zəng edib Masazırda olduğunu bildirmişdir. Elnur onunla görüşməmək üçün müxtəlif bəhanələr gətirmiş və sonra mobil telefonu söndürmüşdür. O da dərhal Fatmayi bağlarına yaşadığı evə getmişdir. Lakin, evdə heç kim olmadığı üçün geri qayıtmışdır. Həmin vaxt gec olduğu üçün gözləyib növbəti gün yəni 05 dekabr 2022-ci il tarixdə Mehdiabad polis bölməsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs əri Qənbərin yanında fəhlə işləyən şəxs kimi qiyabi olaraq tanımışdır. 03 dekabr 2022-ci il tarixdə əri Qənbər evdə olarkən Təqsirləndirilən şəxs onun telefon nömrəsinə qızıl saatlar, boyunbağı və qolbaq şəkilləri göndərdiyini və həmin qızılları pula ehtiyacı olan adamın dəyərindən ucuz qiymətə satdığını demişdir. O da həmin şəkillərə baxmış və Qənbərə həmin şəkillərə baxdıqdan sonra boyunbağıları almaq istədiyini demişdir. Qənbər də Elnurla telefonda danışıb 3 ədəd qızıl boyunbağını almaq istədiklərini və həmin qızılların pulunu nə qədər olacağını soruşmuşdur. Elnur da ona 3 ədəd qızıl boyunbağı üçün 4000 manat pul verməli olduqlarını demişdir. Qənbər də Elnura əlində həmin məbləğdə nəğd pul olmadığını, ancaq sabaha kimi borc tapa biləcəyini demişdir. Elnur da sabah yəni 04 dekabr 2022-ci il tarixdə Mehdiabad qəsəbəsində yerləşən “Bayraqtar” adlı obyektin qarşısında görüşərik deyib sağollaşmışdır. Qənbər 04 dekabr 2022-ci il tarixdə tanışlarından borc alıb 4000 manatı düzəltmiş və həmin tarixdə saat 18 radələrində Elnur ilə Mehdiabad qəsəbəsi ərazisində görüşməyə getmişdir. Həmin gün təxminən 3-4 saat sonra Qənbər evə gəlib ona Elnura “Bayraqtar” adlı obyektin qarşısında 4000 manatı verdiyini lakin, Elnurun ona “burada gözlə qızılları götürüb gəlirəm” deyib getdiyini və sonuncunu aldadaraq qayıtmadığını bildirmişdir. Həmin gün Qənbər dəfələrlə Elnura zəng etsə də, Elnur onun zənglərinə cavab vermədiyi üçün Mehdiabad polis bölməsinə bu barədə şikayət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Talıblı X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əks olunduğu A4 formatında olan dörd vərəq cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə tutularaq, Abşeron RPİ-in MSY-yə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı himayəsində (2010-cu il təv. X6) bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, analoji cinayət törətməsi onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut kimi tanınmış “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əks olunduğu A4 formatında olan dörd vərəq cinayət işində saxlanılmalıdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əks olunduğu A4 formatında olan dörd vərəq cinayət işində saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-175/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-175/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver