Məhkəmə qərarları › İş №1(012)-175/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-175/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-175/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 17 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən internet klubda Zərərçəkmiş şəxs5 üzərində nağd pulu olmadığını bildirib öz bank kartından Zərərçəkmiş şəxs5 bank kartına 1 manat köçürüb əvəzində həmin məbləqdə pulu ona nağd şəkildə verməsini təklif edib, Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC-yə aid kartın üzərində olan 5103-0714-4402-2244 hesab nömrəsini öyrəndikdən sonra həmin bank kartına internet üzərindən «Mpay online» ödəniş portalında istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi özünə məxsus hesabdan 1 manat göndərib Zərərçəkmiş şəxs5 1 manatı nağd aldıqdan sonra «Mpay online» ödəniş portalında özünə məxsus hesabda balansın artırılması bölməsində Zərərçəkmiş şəxs5 kart məlumatlarını daxil edib «3D» təhlükəsizlik kodunu öyrənmək üçün Zərərçəkmiş şəxs5 təkrar yaxınlaşıb onun kart hesabına səhvən 10 manat göndərdiyini bildirib əmin olması adı sonuncunun mobil telefonunu götürərək mobil telefonuna göndərilmiş kodu öyrənib «Mpay online» ödəniş portalındakı hesabda həmin kodu daxil etməklə sonuncuya məxsus bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən 17 oktyabr 2023-cü il tarixdə saat 23:00-da 350 manat pul vəsaitini Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC-yə aid kartdan gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib telefonla danışıb qaytaracağı barədə yalan vəd verib aldadıb, 22 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A/4 ünvanında «28 Mall» ticarət mərkəzinin 2ci mərtəbəsində 800 manat dəyərində olan «İphone 11» markalı mobil telefonu ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2023-cü il tarixdə saat 17:50 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən «Şərab evi» mağazasına müştəri qismində daxil olub satıcı Zərərçəkmiş şəxs1 yuxlamasından istifadə edib masanın üzərindən 1000(min) manat dəyərində olan Samsung A34 markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 14 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən telefonların alqı-satqısı mağazasına daxil olub mağazanı işlədən Zərərçəkmiş şəxs2 üzərində nağd pulu olmadığını bildirib anasının Zərərçəkmiş şəxs2 bank kartına pul köçürüb əvəzində həmin məbləqdə pulu ona nağd şəkildə verməsini təklif edib anası ilə danışmaq adı ilə mobil telefonunu götürüb, sonuncunun müştəri ilə söhbət etməsindən istifadə edərək telefonda quraşdırılmış «BirBank» mobil tədbiqindən istifadə edib Zərərçəkmiş şəxs2 adına olan "xxxx" ASC-yə aid 5239-1517-0850-1278 №-li bank kartından 950(doqquz yüz əlli) manatı istifadəsində olan "xxxx" Kommersiya Bankı ASCyə aid 5243-7544-4241-3306 №-li bank kartına köçürüb Zərərçəkmiş şəxs2 məxsus 950(doqquz yüz əlli) manat pulu ələ keçirməklə elektron məlumat daşıyıcılarından istifadə edərək özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 17 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən «Luckyoil» yanacaq doldurma məntəqəsinin ərazisində olan supermarketdə işləyən Şahid2 danışmaq adı ilə mobil telefonunu götürüb, sonuncunun məşqul olmasından istifadə edərək telefonun üzərində olan ***-***-**-** nömrəsini gizli talayıb telefonu qaytarıb oradan uzaqlaşdıqdan sonra, həmin nömrədən istifadə edib Şahid2 adından «Whatsapp» mobil tədbiqi vasitəsi ilə həmin tarixdə saat 16:20 radələrində Zərərçəkmiş şəxs3 ilə əlaqə saxlayıb etibarından sui-istifadə edib atasına təcili pul lazım olması və pulu faizilə qaytaracağı barədə mesaj göndərməklə yalan vəd verib aldadıb, həmin tarixdə saat 16:30-da 350 manat və saat 16:34-də 200 manat pulun istifadəsində olan "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243-7544-4241-3306 №-li bank kartına köçürülməsinə nail olub ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 17 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən «Luckyoil» yanacaq doldurma məntəqəsinin ərazisində olan supermarketdə işləyən Şahid2 danışmaq adı ilə mobil telefonunu götürüb, sonuncunun məşqul olmasından istifadə edərək telefonun üzərində olan ***-***-**-** nömrəsini gizli talayıb telefonu qaytarıb oradan uzaqlaşdıqdan sonra, həmin nömrədən istifadə edib Şahid2 adından «Whatsapp» mobil tədbiqi vasitəsi ilə həmin tarixdə saat 16:20 radələrində Zərərçəkmiş şəxs3 ilə əlaqə saxladıqdan sonra Zərərçəkmiş şəxs3 məxsus "xxxx" Kommersiya Bankı ASC-yə aid «Leobank» kartın üzərində olan 4098********7626 hesab nömrəsini öyrəndikdən sonra, mobil telefonunda «Leobank» tədbiqini quraşdırıb sonuncunun bank kartının məlumatlarını daxil edib göndərilən 4 rəqəmli şifrəni ona göndərməsi barədə mesaj göndərib, kodu öyrənib «Leobank» tədbiqində kodu daxil etməklə sonuncuya məxsus bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən 17 noyabr 2023-cü il tarixdə saat 17:01-də 612 manat pul vəsaitini Zərərçəkmiş şəxs3 məxsus "xxxx" Kommersiya Bankı ASC-yə aid «Leobank» kartdan istifadəsində olan «M10» tədbiqinə göçürməklə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, cinayət hadisələri maddi ehtiyacına görə törətdiyini, ziyanı ödəmək imkanı olmadığını bildirdi və cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Möcüzə” marketin yaxınlığında yerləşən internet kluba saat təxminən axşam 22:00 radələrində kompüter oynamaq üçün getmişdir. Orada kompüter oynamaq üçün kompüter üçün vaxt açaraq əyləşmişdir. Kompüterdə vaxtın bitməsinə az qalmış ödəniş kimi orada işləyən şəxsə yaxınlaşmışdır. Üzərimdə nəğd pul olmadığından ödənişi karta göndərə biləcəyini internet klubu işlədən şəxsə demişdir. Lakin şəxs ona ödənişin ancaq nəğd şəkildə qəbul edəcəyini bildirmişdir. Həmin vaxt orada playsteşn oynayan tanımadığı şəxsə yaxınlaşaraq nəğd 1 manat pul istəmişdir. Həmin pulu ona məxsus plastik karta göndərəcəyini bildirmişdir. Şəxs onun dediyilə razılaşmış və ona1 manat pul nəğd şəkildə vermişdir. O onun verdiyi 5103 0714 4402 2244 nömrəli kapital bank kartına 1 manat pulu öz istifadəsində olan ********** nömrəli "xxxx" hesabı vasitəsilə göndərmişdir. Şəxsə yaxınlaşaraq pulun karta köçürülməsi barədə demişdir. O isə kartına 1 manat pulun gəldiyini bildirmişdir.Təxminən 5 dəqiqə sonra o şəxsə yaxınlaşaraq yalandan "xxxx" hesabından 10 manat pulun 5103 0714 4402 2244 nömrəli plastik karta köçməsi barədə bildirmişdir. Şəxs öz telefonunda birbank tətbiqinə daxil olmuş və tətbiqin köçürülmə tarixçəsinə baxarkən o onun kart məlumatlarını əzbərləmişdir. Şəxs 10 manat pulun köçməməsi barədə bildirmişdir. O təzədən öz oturduğu kompüter masasına qayıtmışdır. Özünə məxsus ********** nömrəli "xxxx" hesabını kompüterdə açmış və oradan balansın artırılması bölməsinə daxil olmuşdur. Onun kart məlumatlarını oraya daxil etmişdir. Plastik kartdan 350 manat pul çıxarmağı fikirləşirmiş. Sonda kartdan pulu çıxarmağı təsdiqləmək üçün “3D” təhlükəsizlik kodu ona lazım idi. Həmin kodu öz mpay hesabında yazandan sonra 350 manat pulu öz mpay hesabına köçürəcəkdir. Yenidən “3D” təhlükəsizlik kodunu bilmək üçün şəxsə yaxınlaşaraq 10 manat pulun onun kartına köçməsini və telefona bir daha baxmasını xahiş etmişdir. Şəxs yenə karta pulun gəlmədiyini bildirmişdir. Şəxs telefonu ona verərək birbanka baxmağı bildirmiş və o tez ekrana gələn 4 rəqəmli “3D” təhlükəsizlik kodunu görmüşdür. Kodu gördükdən sonra həmin mesajı silmişdir. O şəxsi inandırmaq üçün 10 manat pul əgər kartına köçsə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamağı bildirmişdir. O, əyləşdiyi kompüter masasına geri qayıdaraq “3D” təhlükəsizlik kodunu "xxxx" hesabında yazandan sonra 350 manat pul 5103 0714 4402 2244 nömrəli kapital bank kartından çıxarılaraq onun öz istifadəsində olan ********** nömrəli ”mpay” hesabına köçmüşdür. Pul köçəndən sonra o həmin internet klubdan tez bir zamanda uzaqlaşmış. Tələsik olduğundan özünə məxsus ********** nömrəli ”mpay” hesabı əyləşdiyi kompüter masasında açıq qalmışdır. Həmin 350 manat pul məbləği öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 22 oktyabr 2023-cü il tarixdə cibində pulu olmadığına görə borca pul götürmək üçün məhlə uşağı Şahid1 işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «28 Mall» Ticarət Mərkəzinə getmişdir. Ticarət mərkəzinin ikinci mərtəbəsinə qalxmış və Nihadın işlədiyi «Beynəlxalq» banka məxsus stentə yaxınlaşmışdır. Nihadın orada olmadığını aşkar etmişdir. Həmin vaxtı Nihadı əvəz edən əvvələr tanımadığı araşdırma zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs4 Nihadın harada olduğunu soruşmuşdur. Rüfət ona Nihadın icazə aldığı bildirmişdir. Həmin vaxtı pula ehtiyacı olduğuna görə Rüfətin telefonunu götürüb satmaq qərarına gəlmişdir. Bu səbəbdən yalandan ona vacib ailə üzüvləri ilə telefonla danışmalı olduğunu deyərək, ondan telefonunu istəmişdir. Rüfət onun səmimiyyətinə inanaraq özünə məxsus «İphone 11» markalı mobil telefonunu ona vermişdir. Bir neçə saniyə telefonla danışmış, həmin vaxtı oradan uzaqlaşmaq istəmiş, lakin Rüfətin diqqətinin üzərində olduğunu görüb fikrini dəyişmişdir. Telefonu Rüfətə geri qaytarmışdır. Zərərçəkmiş şəxs4 inamını tam qazanmaq üçün ona məxsus telefon vasitəsi ilə bir neçə dəqiqə danışdığını və hesabına 1 manat pul vəsaiti göndərmişdir. Bir neçə dəqiqə gözləmiş, Rüfətin başının qarışdığını görüb ona yenidən yaxınlaşaraq telefonunu danışmaq üçün istəmişdir. Rüfət etiraz etməyərək telefonunu ona vermişdir, telefonu götürmüş guya kiminləsə danışdığımağa başlamışdır. Rüfətdən aralaşmış və onun başının müştərilərə qarışıq olduğundan əmin olduqdan sonra iti adımlarla oradan uzaqlaşmışdır. Həmin günü Rüfətə məxsus telefonu metronun Həzi Aslanov stasiyasının yaxınlığında həmin telefonu 540 manat qarşılığında satmışdır. Telefonun satışından əldə olunan pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 06 noyabr 2023-cü il tarixdə saat 17:50 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən «Olimpik» otelin yaxınlığında fəaliyyət göstərən Şərab evinə daxil olmuş, bir qədər ətrafa baxış keçirmiş, mağazada satıcı işləyən Ənvər adlı şəxsin yatdığını görmüşdür. Həmin vaxtı üszərində pulu az olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı masanın üzərində «Samsung A 34» markalı mobil telefon olduğunu görmüş və oğurlamaq qərarına gəlmişdir. Bir qədər ətrafa baxmış, mağazada heçkimin olmadığına və satıcının yatdığına əmin olduqdan sonra masanın üzərində olan «Samsung A 34» markalı mobil telefon gizli olaraq götürüb cibinə qoymuşdur. Bundan sonra mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı mobil telefonu satmaq məqsədi ilə Sumqayıt şəhərinə getmiş, orada dəqiq ünvanını xatırlamadığı telefon mağazasına daxil olmuş və mobil telefonun özünə məxsus olduğunu idda edərək satmaq istədiyini bildirmişdir. Əlavə olaraq bildirmək istəyir ki, mobil telefonun üst şüşəsinin nasaz vəziyyətdə olduğuna görə təmirə ehtiyac olduğunu demişlər. Bir qədər satıcı ilə danışdıqdan sonra mobil telefonu 80 manat qarşılığında satmışdır. Əldə olunmuş pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 14 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Mehdiabad qəsəbəsində yerləşən telefon alqı satqı mağazasına daxil olmuşdur. Mağazanın işçisi olan adını sonradan bildiyi Füzuli adlı şəxsə yaxınlaşmışdır. Füzuliyə demiş ki, «pulum qurtarıb, kartın varsa nömrəsini de kartıva pul atsınlar». Füzuli onunla razılaşmış və Kapital Banka aid kartı ona uzatmışdır. O isə ona «telefonum yoxdur, telefonu ver anama zəng edib deyim pulu atsın» demişdir. Füzulidə telefonunu ona vermişdir. Füzuli şübhələnməsin deyə telefonda öz işləmədiyi nömrəsini yığıb telefonu qulağına tutmuşdur. Güya anası ilə danışdığını göstərərək telefonda kartın nömrəsini demiş və təcili pul göndərməsini bildirmişdir. Sonra telefonu Füzuliyə qaytarmışdır. Bir dəqqiqə gözləyib Fizulidən pulun gəlib gəlmədiyini soruşmuşdur. Füzuli karta pul köçürüləndə telefona bildiriş gələcəyini bildirmişdir. O, bir neçə dəfə Füzulidən pulun gəlib gəlmədiyini soruşmuşdur. Məqsədi isə Füzulinin telefonunda «BirBank» mobil tədbiqi açıb baxması olmuşdur. Nəticədə Füzuli telefonunda «BirBank» mobil tədbiqini açıb baxmış və pulun gəlmədiyini ona bildirmişdir. O bunu görüb Füzulidən zəng etmək üçün telefonu yenidən istəmişdir. Füzuli ona telefonu verəndən sonra o kənara çəkilmişdir. Həmin zaman o, mağazada müştərinin olmasından və Füzuli ilə söhbət etməsindən istifadə edərək telefonda «BirBank» mobil tədbiqinə daxil olmuşdur. Mobil təbiqdə Füzulinin kartından 950 manat pulu istifadəsində olan "xxxx"a aid **********413306 №-li bank kartına yükləmişdir. Sonra telefonu Füzuliyə qaytarmışdır. Füzulinin müştəri ilə söhbət etdiyindən istifadə edib mağazadan çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı 950 manat pulu şəxsi ehtiyacına və onlayn mərc oyunlarına xərcləmişdir. Bundan başqa, 17 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən «Luckyoil» yanacaq doldurma məntəqəsinin ərazisində yerləşən supermarketə getmişdir. Orada əvvəllər tanımadığı adını sonradan Elnar olduğunu bildiyi satıcıya yaxınlaşmış və ondan danışmaq üçün telefonunu istəmişdir. Elnar ona telefonu vermişdir. O, kənara çəkilmiş və telefonu qulağına tutmuş ki, güya telefonla danışır. Elnarın başının qatışdığını görüb telefonundan sim kartını çıxarıb cibinə qoymuşdur. Sonra telefonu Elnara qaytarıb mağazanı tərk etmişdir. Nömrəni götürməkdə məqsədi nömrədən istifadə edib Elnarın adından «Whatsapp» mobil tədbiqini açmaq olmuşdur. Bu məqsədlə nömrəni telefonuna yerləşdirmiş və Elnarın nömrəsindən istifadə edərək «Whatsapp» mobil tədbiqini açmışdır. Tədbiqdə Elnarın adından «Ülvi» adlı şəxslə əlaqə saxlamış və ona təcili olaraq 350 manat göndərməsini xahiş etmişdir. Ülvi razı olduqdan sonra ona istifadəsində olan "xxxx"a aid **********413306 №-li bank kartının məlumatlarını göndərmiş və Ülvidə kartına 350 manat göndərmişdir. Ülvi ilə danışıq zamanı onun bank sistemindən başının çıxmadığını başa düşmüş və yalandan göndərdiyi pulun gəlmədiyini gəlib çatmadığını əlavə 200 manat pul vəsaitini göndərməsini xahiş etmişdir. Ülvi təklifilə razılaşmış və hesabına təkrarən 200 manatda göndərmişdir. Bununla kifayətlənməyərək Ülvinin kartında qalan pulları da oğurlamaq qərarına gəlmişdir. Ülvinin adına leo bankda tətbiqi telefonuna yükləmiş və Ülviyə özünə məxsus Leo bank plastik kartının üzərində olan kodları ona deməsini xahiş etmişdir. Ülvü həmin kodları ona göndərmişdir. Daha sonra Ülviyə mesaj yazıb bildirmiş ki, sənə 4 rəqəmli şifrə gələcək onu mənə de. Tədbiqdən istifadə edərək Ülviyə şifrə göndərmiş və Ülvi şifrəni ona gönərdikdən sonra kartından 612 manat pulu oğurlamışdır. Oğurladığım pulları şəxsi ehtiyacına və onlayn mərc oyunlarına xərcləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Abşeron rayon Digah qəsəbəsində yerləşən ərzaq mağazasında kassir işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:20 radələrində yaşadığı evdə olarkən iş yoldaşı Elnarın ***-***-**-** nömrəli mobil telefondan vatsap vasitəsi ilə ona mesaj gəlmişdir. Həmin mesajda iş yoldaşı Elnar ona mesaj göndərmişdir. Həmin mesajda Elnar atasına pul lazım olduğunu, 350 manat göndərməyini, axşam faizlə 400 manat qaytaracağını, pulu 5243-7544-4241-3306 №-li karta göndərməyini qeyd etmişdir. O da həmin şəxsin Elnar olduğunu düşünüb həmin tarixdə saat 16:30-da yaşadığı evdə Leobank tədbiqindən istifadə edərək öz kart hesabından həmin şəxsin ona göndərdiyi 5243-7544-4241-3306 nömrəli "xxxx" kartına 350 manat göndərmişdir. Həmin əməliyyata görə ondan 7 manat komissiya haqqı tutulmuşdur. Bundan sonra həmin şəxs ondan əlavə olaraq 200 manat istəmişdir. O yenədə həmin şəxsin Elnar olduğunu düşünüb həmin tarixdə saat 16:34-də yaşadığı evdə Leobank tədbiqindən istifadə edərək öz kart hesabından həmin şəxsin ona göndərdiyi 5243-7544-4241-3306 nömrəli "xxxx" kartına 200 manat göndərmişdir. Həmin əməliyyata görə ondan 4 manat komissiya haqqı tutulmuşdur. Beləliklə, o ümumilikdə həmin şəxsə 550 manat göndərmiş və həmin əməliyyatlardan ondan 11 manat komisiyya haqqı tutulmuşdur. O pulu göndərdikdən sonra həmin şəxs ona mesaj yazıb bildirmiş ki, sənə 4 rəqəmli şirfə gələcək sən həmin şifrəni mənə göndər, 600 manatı sənə atım. Elə həmin vaxtı o da ona inanıb telefonuna mesajla daxil olan 4 rəqəmli şifrəni həmin şəxsə göndərdikdən sonra xəbəri olmadan həmin tarixdə saat 17:01-də onun kartında olan 612 manat pulu M10 tədbiqinə köçürülmüşdür. Lakin o həmin şəxsə pulu göndərdikdən sonra həmin şəxsin Elnar olmadığını öyrənmişdir. Çünki o digər başqa bir iş yoldaşı ilə əlaqə saxlayanda o, ona Elnarın mobil telefonun iş yerində olarkən naməlum şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Bundan sonra o pulunun naməlum şəxs tərəfindən oğurlandığını bilib 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Beynalxalq Bankda stend üzrə kiçik mütəxəssis işləyir. Onun iş yeri Bakı şəhəri, Səbaıl rayonu ərazisində yerləşir. xx.xx.2023-cü il tarixdə onu işdən müvəqqəti olaraq bir günlük Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 Mall» Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən X2 göndərmişlər. Həmin gün saat 19-20 radələrində orada olarkən əvvəllər tanımadığı sonradan adının Vilad olduğunu bildiyi şəxs ona yaxınlaşaraq X1 işləyən Nahidi soruşmuşdur. O, ona demiş ki, Nahid yoxdur. Ondan sonra Vilad ondan danışmaq üçün telefon istəmişdir. O,tərəddüd etdikdə Vilad ona vəsiqəsini göstərmişdir. O, vəsiqəyə baxmış və Vilada etibarı yaranmışdır. Sonra o, özünə məxsus «İphone 11» markalı telefonu ona vermişdir. O demiş ki, anası ilə danışacaq. Kiminləsə danışmış sonra telefonu ona vermiş və bildirmiş ki, kontur işlənib ona görə gedib aşağıdan onun ***-***-**- ** mobil nömrəsinə 1 manat pul yükləmiş və təkrar geri onun yanına gəlmişdir. İkinci dəfə yenə telefonu istəmişdir. O, yenə telefonu ona vermişdir. Həmin vaxt onun yanına müştəri gəlmiş,onda Vilad ona demiş ki, «Bravo» marketə düşüb qayıdır. O onun telefonu əlində aşağı birinci mərtəbəyə doğru getmişdir. Onun da həmin vaxt başı müştəriyə qarışmışdır. Təxminən 5 dəqiqə keçmişdir ki, Vilad qayıtmamış və onun onu altadğını fikirləşib o gedən istiqamətə getmiş, lakin tapa bilməmişdir. O da DİN 102 xitdmət mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra 22-ci PB-dən iş yerinə gəlmişlər və PŞ-nə gedib ərizə və izahat vermişdir. Polis əməkdaşları ticarət mərkəzinin birinci mərtəbəsində təhlükəsiz kamerasına baxmışlar və orada telefonu aparan şəxs görünürmüş. Səhəri gün Nahid işə gəlmiş və kameraya baxaraq həmin şəxsi tanımış və demiş ki, adı Viladdır. Nahid demiş ki, Vilad uşaq vaxtları onunla bir məhlədə yaşamışdır. Hazırda orada yaşamır. xx.xx.2023-cü il tarixdə saat 17-20 radələri olardı o, Sahil metrosuna gedərkən metronun çıxışında qəlyan mağazasının qarşısında Viladı görmüş və ona yaxınlaşmışdır. O onu tanımamazdığa vurmuş və o, demiş polisə zəng edəcəm, onda o qaçmış və gözdən itmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən «Şərab evi»ndə satıcı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bir müştəri kimi tanıyır. Vilad mağazanın yaxınlığında yerləşən «Olimpik» oteldə müştəri kimi qalırmış və o mağazaya müştəri kimi gəlib alış- veriş edib gedirmiş. 06 noyabr 2023-cü il tarixdə saat 17:50 radələrində mağazada olduğu zaman Vilad gəlmişdir. Vilad onunla görüşüb rəflərdə mal seçməyə getmişdir. O, isə kassa arxasında oturmuşdur. Həmin gün yorğun olduğundan ani olaraq yuxlamışdır. Bir neçə dəqqiqədən sonra oyandıqda Viladın mağazada olmadığını görmüşdür. Heç bir şeydən şübhələnməyərək işilə məşqul olmuşdur. Həmin zaman ona telefon lazım olmuşdur. Telefonunu qoyduğu masanın üzərinə baxdıqda ona məxsus 1000 manat dəyərində olan «Samsung A34» markalı mobil telefonun yerində olmadığını görmüşdür. Başa düşmüş ki, Vilad onun yuxlamadığından istifadə edərək masanın üzərindən telefonunu oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2011-ci il tarixdən etibarən Abşeron rayonu, Mehdiabad qəsəbəsində, 28 may küçəsində yerləş “Nar Telecom” telefon mağazasında satıcı vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə saat 21 radələrin işlədiyi mağazaya müştəri qismində əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Təqsirləndirilən şəxs daxil olmuşdur. Vilad ona yaxınlaşmış və üzərində pul vəsaiti olmadığını, buna görədə yolda qaldığını bildirmişdir. Bu səbəbdən ona məxsus plastik kartın rekvizitlərini istəmiş ki, özünə məxsus “Kapital” banka olan 52391***- *******8 nömrəli kartın rekvizitlərini Vilada vermişdir. Təqsirləndirilən şəxs mobil telefonunda danışıq üçün pul olmadığını, buna görədə telefonu danışmaq üçün istəmişdir. Telefonunu Vilad adlı şəxsə vermiş və o, guya kiməsə zəng eləsin. Daha sonra ona telefonunu qaytarmış tanışının onun hesabına 5 manat pul vəsaiti göndərəcəyini bildirmişdir. Bir neçə dəqiqə keçmiş və lakin pul vəsaiti onun hesabına gəlməmişdir. Vilad ona yenidən telefonunda olan bank proqramına baxmağını xahiş etmiş, onun xahişi ilə telefonunda olan “Birkart” proqramına daxil olmuş, lakin hər hansı bir pul vəsaiti gəlmədiyini aşkar etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı ilə danışmaq üçün yenidən ona məxsus mobil telefonu istəmişdir. O, onun təklifi ilə razılaşmış, lakin telefonu Vilada verən zaman bank proqramından çıxmamış, açıq vəziyyətdə saxlamışdır. Vilad telefonu götürmüş, kiməsə zəng eləmiş, həmin vaxtı mağazaya müştəri daxil olmuş, bi neçə dəqiqə sonra Vilad telefonunu masanın üzərinə qoymuşdur. Bir neçə dəqiqə ərzində pul vəsaitinin göndəriləcəyini bildirmişdir. Vilad həmin vaxtı mağazadan bayıra çıxmışdır. Telefonu masadan götürmüş və səssiz rejimdə olduğunu aşkar etmişdir. Bu hal ona şübhəli gəlmiş və dərhal telefonunun içərisində olan proqramlara diqqət yetirmiş və hesabından 950 manat pul vəsaitinin başqa hesaba köcürüldüyünü aşkar etmişdir. Bundan sonra başa düşmüş ki, Vilad onun hesabından gizli olaraq öz hesabına pul vəsaiti göndərib. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Möcüzə” marketin yaxınlığında yerləşən internet kluba saat təxminən 20:00 radələrində kompüter oynamaq üçün getmişdir. İnternet klubda kompüter oynayan zaman adını bilmədiyi şəxs ona yaxınlaşaraq üzərində nəğd pulun olmadığını ona 1 (bir) manat pul verməyini və o da 1 (bir) manat pulu plastik kart olacaqsa karta pulu göndərəcəyini bildirmişdir. O, bununla razılaşmışdır. O, ona 1( bir) manatı verəndən sonra həmin şəxs pulu göndərmək üçün ona məxsus plastik kartın 16 ( on altı) rəqəmini istəmişdir. O, özünə məxsus "xxxx" tərəfindən verilmiş 5103 0714 4402 2244 №li plastik kartını şəxsə şifahi olaraq demişdir. Təxminən 1 dəqiqədən sonra telefonuna kart hesabına 1(bir) manat pulun gəlməsi ilə bağlı mesaj gəlmişdir. Təxminən 5 dəqiqədən sonra yenidən həmin şəxs ona yaxınlaşaraq onun 5103 0714 4402 2244 №-li plastik kartına 1 manat yerinə səhvən 10 (on) manat pul atmasını bildirmişdir. O, isə ona cavab olaraq 10 manat pul deyil, 1 manat pul gəlməsini bildirmişdir. O isə onun dediyilə razılaşmış və getmişdir. Yenidən 3-cü dəfə yanına gələrək israrlı şəkildə kartına 10 (on) manat pulun gəldiyini bildirmişdir. O, isə ona 1 (bir) manat pul gəldiyini bildirmiş və qarşı tərəfə göstərmək üçün birbank tətbiqini ona göstərmişdir. O isə telefonunu əlindən alaraq özü baxmış və ona geri qaytarmışdır. O, həmin şəxsdən əlaqə nömrəsi istəmiş ki, əgər 10 (on) manat artıq atmışdırsa, əlaqə saxlayıb pulu geri qaytarar. Bu zaman şəxs ona ***-***-**-** mobil nömrəsini vermişdir. 20 dəqiqədən sonra o, internet klubdan çıxmışdır. Sərham marketin qarşısında olarkən ona kartına aid ’’birbank” tətbiqindən bildiriş gələrək ona məxsus 5103 0714 4402 2244 №li plastik kart hesabından 350 (üç yüz əlli) manat pul çıxarılmışdır. O, dərhal internet kluba geri qayıtmışdır. Onunla söhbət edən şəxsi tamsın. Çünki həmin şəxsdən şübhələnmiş ki, kartına həmin şəxs müdaxilə edib və pulu çıxarıb. Lakin internet klubda həmin şəxsi tapa bilməmişdir. Onun əyləşdiyi kompüter masasına yaxınlaşmışdır. Kompüterdə onun instaqram profili açıq qalmışdır. Onun adının Vilad olduğunu instaqram profildən görmüşdür. Kompüterdə həm də "xxxx" hesabı açıq qalmış və 350 (üç yüz əlli) manat pulun ora köçməsini görmüşdür. Oradan çıxaraq 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir və onu 13cü polis şöbəsinə çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o Abşeron rayonu, Digah qəsəbəsində yerləşən marketdə kassir işləyir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işlədiyi marketdə olduğu zaman əvvəllər tanımadığı və əvvəllər görmədiyi, adını sonradan bildiyi Vilad adlı şəxs marketə daxil olmuşdur. Vilad ona yaxınlaşaraq danışmaq üçün telefonunu istəmişdir. O da telefonunu danışması üçün ona vermişdir. Vilad telefonu götürərək marketin içərisində kənara çəkilərək kiminləsə danışmağa başlamışdır. Həmin zaman marketdə müştəri olduğundan başı həmin müştəriyə qatışmışdır. Bir neçə dəqqiqədən sonra Vilad ona yaxınlaşıb telefonu ona qaytarmışdır. Müştəri ilə söhbət etdiyi üçün telefonu yanına qoymuşdur. Vilad isə sağollaşıb mağazadan çıxıb getmişdir. Bir müddətdən sonra telefonu götürdükdə aşkar etmiş ki, telefonun üzərində olan ***-***-**-** nömrəsi yerində yoxdur. Başa düşmüş ki, nömrəsini Vilad oğurlayıbdır. Sonradan ona məlum olmuş ki, Vilad onun nömrəsindən istifadə edərək tanışlarına yazaraq onun adından borca pul istəmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Beynalxalq Bankda stend üzrə kiçik mütəxəssis işləyir. Onun iş yeri Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 Mall» Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşir. xx.xx.2023-cü il tarixdə o, işdən növbədən sonra olmuşdur. Həmin gün mən işdə olmayan vaxt onların bankın Səbayıl rayonu ərazisində yerlşən bankdan bir günlük iş yerinə ezam olunmuş Zərərçəkmiş şəxs4 işləmişdir. Həmin gün işdən telefonla zəng edib demişlər ki, onun tanışı Rüfət onların iş yerində olarkən ona yaxınlaşaraq onu soruşmuş, sonra onun telefonunu alıb danışmış və telefonu götürüb getmişdir. Ona həmin oğlanın fotoşəkilini Rüfət göstərmiş və o, demiş həmin oğlan Viladdır. Vilad əvvəl yaşadıqları binada yaşayırmış. Oradan o, Viladı məhlə uşağı kimi tanımışdır. Ancaq o, Viladı çoxdandır görmürmüş. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli götürmə aparılması və məlumatlara baxış keçirilməsi haqqında protokolundan görünür ki, ********* saylı cinayət işi ilə əlaqadar olaraq Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş bank çıxarışı cinayət işinin materiallarına əlavə edilməsi üçün götürülmüş və protokola əlavə olunmuşdur. Bank çıxarışına baxış keçirilmiş və çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da 524375****3306 bank kartına 357 manat, xx.xx.2023-cü il tarixdə saat 16:34-də 524375****3306 bank kartına 204 manat və xx.xx.2023-cü il tarixdə saat 17:01-də «M10» tədbiqinə 612 manat köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məlumatlara baxış keçirilməsi haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 Miyayıl oğluna məxsus 510307******2244 №-li kartdan pulların oğurlanması faktı üzrə Sabunçu RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı Taleh Əbilzadə tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş çıxarışlara baxış keçirilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 510307******2244 №-li kartdan "xxxx" tədbiqinə 350 manat köçürülmüşdür. "xxxx" QSC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:00-da 510307******2244 №-li kartdan "xxxx" tədbiqinə 350 manat köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məlumatlara baxış keçirilməsi haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus kartdan pulların oğurlanması faktı üzrə Abşeron RPİ TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Bəhruz Hüseynov tərəfindən cinayət işinin materiallarına əlavə 01 ədəd diskdə olan məlumatlara baxış keçirilmişdirdi. Diskdə 34 ədəd foto və 02 ədəd video fayl aşkar edilmişdir. Foto fayllarda Təqsirləndirilən şəxs mağazda görüntüləri, pulların köçürülməsinə dair çıxarışlar, Təqsirləndirilən şəxs «Şahid2» adından Ülvü Gülüşovla yazışmaları öz əksini tapmışdır. Video faylda Təqsirləndirilən şəxs mağazada əlində telefonla durduğu və telefonda nə isə etdiyi öz əksini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli götürmə aparılması və məlumatlara baxış keçirilməsi haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 523915******1278 №-li kartdan pulların oğurlanması faktı üzrə Abşeron RPİ TŞnin təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş çıxarışa baxış keçirilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 523915******1278 №-li kartdan 950 manat köçürülmüşdür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs mağazda görüntüləri, pulların köçürülməsinə dair çıxarışlar, Təqsirləndirilən şəxs «Şahid2» adından Ülvü Gülüşovla yazışmaların yazılmış 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-61/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü macdəsınə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinmiş, «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)494/2022 saylı, 27 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən «01» (bir) il. «06» (altı) ay müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulsun, hazırkı hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02»(iki) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)494/2022 saylı, 27 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş «08» (səkkiz) ay, «26» (iyirmi altı) gün hissəsi, «04» (dörd) ay, «13» (on üç) gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulsun, həmin cəza qəti cəza müddətinə hesablanmaqla, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «10» (on) ay, «17» (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)494/2022 saylı, 27 dekabr 2022-ci il tarixli hökmü ilə nəzərə alınmış Təqsirləndirilən şəxs «04» (dörd) ay «16» (on altı) gün hazır ki, iş üzrə 22 may 2023-cü il tarixdən, «24» may 2023-ci il tarixə kimi «02» (iki) gün həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «05» (beş) ay, «29» (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Əl oğlunun cəza çəkmə müddətinin başlanğıcı «25» aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri ilə kifayət qədər işdə olan istintaq materialları ilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3- 1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Onun cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, o həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddələr üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri və Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilən azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-61/2024 saylı hökmünə əsasən qəti olaraq təyin edilmiş «01»(bir) il, «10» (on) ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-61/2024 saylı hökmünə əsasən nəzərə aldığı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)494/2022 saylı, 27 dekabr 2022-ci il tarixli hökmü ilə nəzərə alınmış Təqsirləndirilən şəxs «04» (dörd) ay «16» (on altı) gün, həmçinin Sabunçu rayon Məhkəməsinin həmin hökmü ilə 22 may 2023-cü il tarixdən, «24» may 2023-ci il tarixə kimi «02» (iki) gün həbsdə saxlandığı müddət cəmi 04 ay 18 gün müddət təyin olunmuş azadlıqdan məhrum edilmiş cəzasından çıxılmalıvə təqsirləndirilən şəxsin üzərində qəti cəza saxlanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-936/2023 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-171/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır.CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkənlərə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları elan edilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)- 61/2024 saylı hökmünə əsasən qəti təyin edilmiş 1 il 10 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)- 61/2024 saylı hökmünə əsasən nəzərə alınan 04 ay 18 gün “həbs” qətimkan tədbiri ilə bağlı həbsdə olduğu və 02 gün tutulduğu cəmi, 04 ay 18 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkənlərə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları elan edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar