Məhkəmə qərarları › İş №1(012)-176/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-176/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-176/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi F.Bayramov küçəsi, ev3, m.24də qeydiyyatda olmaqla və Abşeron rayonu Məmmədli kəndi yeni məhəllədə fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında Abşeron rayonu, Məmmədli kəndində yerləşən fermadan istintaqa məlum olmayan mənbədən TQ-2365 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci il tarixdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 01 ədəd “Makarov” konstruksiyalı PM modeli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş saz və təyinatı üzrə yararlı daraq və 05 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla təyinatı və istifadəsi üçün yararlı patronları, qanunsuz olaraq əldə edib Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşadığı evə daşımış, saxlamış və gəzdirmiş, 15 fevral 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, orada həmin gün saat 14:50-dən saat 15:05-dək üzərinə şəxsi axtarış aparılan zaman həmin “Makarov” konstruksiyalı PM modeli tapança, 01 ədəd daraq və 05 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi F.Bayramov küçəsi, ev3, m.24-də qeydiyyatda olmaqla Abşeron rayonu Məmmədli kəndi yeni məhəllədə fərdi yaşayış evində yaşayır. Latın qrafikalı əlifba ilə oxumağı da, yazmağı da bacarır. İfadəsinin latın qrafikalı əlifba ilə kompüterdə yazılmasına etiraz etməmişdir. Keçirilmiş tədbirlə əlaqədar 2024-cü ilin yanvar ayının sonlarında yaşadığı Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən fermadan 1 ədəd “Makarov” markalı tapançanı, darağı üzərində 05 ədəd gülləsi ilə birgə tapdığını qeyd etmişdir. Həmin silahı yaşadığı evində gizlətmişdir. Sözügedən tapançanı bir neçə dəfə götürüb üstündə gəzdirmişdir. 15 fevral 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu Məmmədli kəndində, yaşadığı evin yaxınlığında, tapança, darağı və güllələri ilə birlikdə üzərində olduğu zaman polis əməkdaşları onu saxlamışlar və polis əməkdaşları ilə birgə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gəlmişlər.Orada vəkili dəvət olunmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Bu barədə ona bildiriş təqdim olunmuşdur. Mehdiabad polis bölməsində xidməti otaqlardan birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Şəxsi axtarış keçirilən zaman könüllü olaraq sözügedən “Makarov” markalı tapançanı təqdim etmişdir. Həmin 01 ədəd tapança, 01 ədəd daraq və 05 ədəd güllə şəxsi axtarış zamanı qablaşdırıldıqdan sonra həmin zərfin üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin silahı 2024-cü ilin yanvar ayının sonlarında Abşeron rayonu Məmmədli kəndində yerləşən ferma adlanan yerdən tapmışdır. Sözügedən silahı hərbçi olduğundan, silahlara marağı olduğu üçün götürmüşdür. Həmin silahdan istifadə etməmişdir. Sadəcə olaraq bir neçə dəfə həmin silahı üzərimdə gəzdirmişdir. 15 fevral 2024-cü il tarixdə ondan aşkar edilmiş tapançanı və 05 ədəd gülləni 2024-cü ilin yanvar ayının sonlarında Abşeron rayonu Məmmədli kəndində yerləşən ferma adlanan yerdən tapmışdır. Silahlara marağı olduğu üçün özündə saxlamışdır. Başqa heç bir niyyəti olmamışdır. Həmin silahdan istifadə etməmişdir. Onda başqa bir silah olmamışdır. 15 fevral 2024-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən və bundan sonra da ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və sözsöhbəti olmamışdır. 15 fevral 2024-cü il tarixdə məxfi mənbədən Abşeron rayonu Məmmədli kəndi ərazisində “Həbib” adlı şəxsin qanunsuz olaraq odlu silahı saxlaması, daşıması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bu barədə raportla Şöbə rəhbərliyinə müraciət edərək və daha sonra əldə etdiyi əməliyyat məlumatlarına əsasən tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Qərar əsasında ondan, Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik onun tərəfindən həyata keçirilmişdir. Qrup üzvləri əməliyyat tədbiri keçirilməmişdən tərəfindən təlimatlandırılmışdır. Daha sonra məlumatı yoxlamaq və “Həbib” adlı şəxsin qanunazidd əməllərinin ifşa edilməsi məqsədi ilə “Həbib” adlı şəxsin zahiri görünüşünü və Məmmədli kəndində olmasını dəqiqləşdirib 15 fevral 2024-cü il tarixdə həmin ünvana Şahid2 ilə birlikdə getmişlər. Orada, yəni Abşeron rayonu Məmmədli kəndində yeni məhəllədə zahiri görünüşündən “Həbib” adlı şəxsə oxşar bir nəfər şəxsin orada olduğunu görüb saat təxminən 12 radələrində ona yaxınlaşmışlar. Onlar özlərini ona təqdim edib odlu silah saxlamasında, daşımasında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər və onu Mehdiabad PB-nə dəvət etmişlər. Həmin şəxs özünü onlara xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etsə də, üzərində “makarov” markalı tapança olduğunu bildirmişdir. Lakin onu Mehdiabad PB-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs odlu silah əldə edib daşımasında şübhəli olduğu üçün təhqiqatçı dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah olunmaqla təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkilişlə keçirilmişdir və axtarış zamanı Təqsirləndirilən şəxsin üzərində olmuş qanunsuz əşyaları və sənədləri təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərindən 23-65 nömrəli “makarov” markalı tapançanı, bir ədəd sandığı və 5 ədəd patronu çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin tapançanı, bir ədəd sandığı və 05 ədəd patronu Abşeron rayonu Məmmədli kəndində ferma adlanan yerdən tapmış və maraq kəsb etdiyi üçün yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən evinə aparmış və evində gizlədib saxlamışdır. Həmin silahı maraq üçün bir neçə dəfə üzərində gəzdirdiyini demişdir. 15 fevral 2024-cü il tarixdə də həmin məqsədlə gizlətdiyi yerdən götürüb üzərində saxlamış və həmin tarixdə də saxlanılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş tapança təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Şöbənin “Zərflər” üçün möhürü vurulmuşdur. Həmin zərf iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmə və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən saxil olmuş 15 fevral 2024-cü il tarixli, 24/353 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir – 1. Tədqiqata təqdim edilmiş 01 ədəd TQ-2365 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci il tarixdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 01 ədəd Makarov konstruksiyalı PM modeli tapança, 01 ədəd saz və təyinatı üzrə yararlı daraq və 05 ədəd təyinatı və istifadəsi üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. 3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 15 fevral 2024-cü il tarixdə saat 14:50-dən saat 15:05-dək olan müddət ərzində video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs üzərindəki tapançanı təqdim edir, həmin odlu silah 23-65 nömrəli “Makarov” markalı tapançaya bənzəyən predmet, sandıq və 05 ədəd patrona bənzəyən predmetlər aşkar edilir. Təqsirləndirilən şəxs həmin tapançanı, sandığı və partonları ilə birlikdə Məmmədli kəndində Ferma deyilən ərazidən tapdığını bildirmişdir. 25 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd TQ-2365 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci il tarixdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 01 ədəd Makarov konstruksiyalı PM modeli tapança, 01 ədəd saz və təyinatı üzrə yararlı daraq və 05 ədəd patronun tədqiqatdan sonrakı 02 ədədi saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman odlu silah 23-65 nömrəli “Makarov” markalı tapançaya bənzəyən predmet, sandıq və 05 ədəd patron aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.Abşeron rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 7(012)-247/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ 08 noyabr -Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş və məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan 037420 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabag müharibəsi veteranıdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20 aprel 1994cü il tarixdə Füzuli şəhərinin müdafiəsi uğrunda döyüşlərdə həlak olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hal olaraq müəyyən edildi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini,ntəqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, cəzasını yüngülləşdirən halıı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə 14:40 radələrində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-155/2024 saylı qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdən saat 14:40-dan hesablanmaqla 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilənşəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd TQ-2365 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci il tarixdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 01 ədəd Makarov konstruksiyalı PM modeli tapança, 01 ədəd saz və təyinatı üzrə yararlı daraq və 05 ədəd patronun tədqiqatdan sonrakı 02 ədədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd TQ-2365 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci il tarixdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan “Makarov” konstruksiyalı PM modeli tapança, 01 ədəd saz və təyinatı üzrə yararlı daraq və ekspertiza tədiqatından sonra qalıq qalmış 02 ədəd patron xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar