Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-177/2023 03.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Astara rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Digah qəsəbəsi, X5 küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində xx.xx.2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi X3 məxsus tünd göy rəngli “Mercedes Benz C 230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Məmmədli kəndi ərazisində Bakı şəhəri Kürdəxanı qəsəbəsi istiqamətində 60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, onunla eyni istiqamətdə qarşısında olan velosipedlə yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə hərəkət edən Zərərçəkmiş şəxs vuraraq, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sağ bazunun, saidin, əlin sol dirsək oynağı, sol qulaq seyvanın əzilmiş-kəsilmiş yaraları, sol aşıq baldır oynağının bayır topuğunun, sol ayağın İİ-İİİ daraq sümüklərinin qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər alıb sağlamlığına az ağır zərər vurmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Subaydır, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Rahat” marketdə baş nəzarətçi işləyir. xx.xx.2022-ci il tarixdə X2 tünd göy rəngli “Mersedes-Benz C230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili adına sənədləşdirməsə də, etibarnamə əsasında idarə edir. Hər gün adətən saat 08 radələrində işə gedir, saat 18 radələrində işdən evə qayıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində idarə etdiyi tünd göy rəngli “Mersedes-Benz C230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işə gedirmiş. Abşeron rayonu, Məmmədli kəndi ərazisində Bakı şəhəri Kürdəxanı qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin sağ zolağı ilə 60 km sürətlə hərəkət edirmiş. Həmin vaxt təxminən 100-150 metr məsafə qarşıda velosipedlə bir nəfər şəxsin yolun sağ kənarında olan köşkün qarşısında dayandığını görmüşdür. O, öz yolu ilə hərəkətini davam etdirirmiş. Təxminən 20-30 metr məsafə qarşıda həmin velosipedçinin hərəkətə başladığını görmüşdür. O, sürətini bir qədər, yəni 50-55 km/saata endirmişdir. Velosipedçiyə çatmağına təxminən 2-3 metr məsafə qalmış velospedçi yolun sağ hərəkət hissəsindən sola doğru hərəkət etməyə başlamışdır. O, həmin vaxt siqnal verərək əyləci sıxsa da, həmin velosipedçi onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş və aldığı zərbədən velosipedçi sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön alın şüşəsinə (parpres) dəyərək yerə düşmüşdür. O, dərhal avtomobili saxlayıb yerə düşmüşdür. Həmin vaxt yanında qabaq yan oturacaqda sərnişin qismində əyləşmiş tanışı Rüfət də yerə düşmüşdür. O, Vahidə yaxınlaşmışdır. Vahid yaralı vəziyyətdə olduğu üçün o, dərhal Rüfətə təcili tibbi yardım xidmətinə və DİN-in 102 xidmətinə zəng edib məlumat verməsini bildirmişdir. Rüfət də zəng edərək məlumat vermişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları gəlmişlər. Vahidi təcili tibbi yardım maşınına mindirib xəstəxanaya aparmışlar. Atası Şahid2 da Vahidin arxası ilə xəstəxanaya getmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə saat 08 radələrində tünd göy rəngli “Mersedes-Benz C230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. O, avtomobili idarə edən zaman avtomobildə heç bir nasazlıq olmamış, texniki vəziyyəti saz olmuş, avtomobildə heç bir yük olmamışdır. Hadisə baş verən zaman avtomobildə ondan başqa qabaq yan oturacaqda tanışı Rüfət olmuşdur. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Təxminən 2 il müddətdir ki, Abşeron rayonu, Məmmədli kəndi, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. Adətən 08 radələrində işə gedir, saat 18 radələrində isə işdən çıxır. Hər gün işə özünə məxsus velosipedlə gedib-gəlir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində evdən çıxıb velosipedi ilə işə gedirmiş. Ara küçədən əsas yola çıxdıqdan sonra Abşeron rayonu, Məmmədli kəndi ərazisində Bakı şəhəri Kürdəxanı qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkət edirmiş. İş yerinə çatana yaxın yolun kənarında yerləşən köşkün yanında yolun hərəkət hissəsində idarə etdiyi velosipedlə sağ zolaqdan sol zolağa keçən zaman tünd göy rəngli “Mersedes-Benz C230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi velosiped toqquşmuşdur. Həmin zərbədən o, avtomobilin ön alın şüşəsinə dəyərək yerə yıxılmışdır. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobili saxlayaraq yerə düşmüşdür. O, aldığı zərbədən sol ayağından, sağ qolundan xəsarət almışdır. Həmin vaxt hadisə yerinə ətrafda olan kənd sakinləri toplaşmışlar. Bir qədər keçdikdən sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını onu Bakı şəhəri 3 saylı Kliniki Xəstəxanaya aparmışdır. Xəstəxanada 26 gün müalicə almışdır. O, xəstəxanada müalicə aldığı müddət ərzində İsmayıl və atası Seymur bir neçə dəfə onun yanına gələrək baş çəkmişlər. Xəstəxanada qaldığı müddət ərzində sağ qolundan cərrahi əməliyyat olunmuşdur. Dəymiş ziyan kimi təqsrləndirilən şəxs tərəfindən təklif olunan 2.000 manatı qəbul etməkdən imtina edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "xxxx" MMC-də anbardar işləyir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Eyni məhəllədə böyümüşlər. Münasibətləri həmişə dost kimi yaxşı olmuşdur. Arada imkan olanda İsmayılın avtomobili ilə birlikdə səhərlər işə gedir. Hər gün adətən saat 08 radələrində işə gedir, saat 18 radələrində işdən evə qayıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində yolun kənarında İsmayılın idarə etdiyi tünd göy rəngli “Mersedes- Benz C230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşmişdir. İsmayıl avtomobili Abşeron rayonu, Məmmədli kəndi ərazisində Bakı şəhəri Kürdəxanı qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin sağ zolağı ilə 60 km sürətlə hərəkət etdirirmiş. Həmin vaxt təxminən 100-150 metr məsafə qarşıda velosipedlə bir nəfər şəxsin yolun sağ kənarında olan köşkün qarşısında dayandığını görmüşlər. İsmayıl isə öz yolu ilə hərəkətini davam etdirirmiş. Təxminən 20-30 metr məsafə qarşıda həmin velosipedçinin hərəkətə başladığını görmüşlər. İsmayıl sürətini bir qədər, yəni 50-55 km/saata endirmişdir. Velosipedçiyə çatmağına təxminən 2-3 metr məsafə qalmış velosipedçi yolun sağ hərəkət hissəsindən sola doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt İsmayıl siqnal verərək əyləci sıxsa da həmin velosipedçi onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş və aldığı zərbədən velosipedçi sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilin ön alın şüşəsinə (parpres) dəyərək yerə düşmüşdür. Onlar dərhal avtomobildən yerə düşmüşlər. Vahidə yaxınlaşmışlar. Vahid yaralı vəziyyətdə olduğu üçün o, dərhal təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları gəlmişlər. Vahidi təcili tibbi yardım maşınına mindirib xəstəxanaya aparmışlar. Sonradan hadisə yerinə gələn İsmayılın atası Şahid2 da Vahidin arxası ilə xəstəxanaya getmişdir. Əlavə olaraq bildirmişdir ki, İsmayıl hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə saat 08 radələrində tünd göy rəngli “Mersedes-Benz C230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Hadisə baş verən zaman avtomobildə sükan arxasında İsmayıl və qabaq yan oturacaqda o, əyləşmişdir, onlardan başqa avtomobildə heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Arada iş olanda fərdi qaydada tikintidə usta işləyir. Təqsirləndirilən şəxs onun doğma oğludur. İsmayıl Bakı şəhərində “Rahat” marketdə baş nəzarətçi işləyir. İsmayıl xx.xx.2022-ci il tarixdən tünd göy rəngli “Mersedes-Benz C230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 07 radələrində evdən çıxaraq Bakı şəhərinə işə getmişdir. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra o, Bakı şəhəri Həzi Aslanov metro stansiyasına çatan zaman oğlu İsmayıl ona zəng edərək ağlaya-ağlaya yol-nəqliyyat hadisəsi törətdiyini və bir nəfəri avtomobili ilə vurduğunu bildirmişdir. O, da dərhal İsmayıla xəsarət alan şəxslə məşğul olmasını, tez bir vaxtda onun da yanına gələcəyini bildirmişdir. Bundan sonra o, taksi sifariş edərək hadisənin baş verdiyi Abşeron rayonu, Məmmədli kəndi ərazisinə gəlmişdir. O, hadisə yerinə gələn zaman çoxlu adamlar yığışdığını görmüşdür. Həmin vaxt o, xəsarət alan sonradan adını bildiyi Zərərçəkmiş şəxs ətrafda olan şəxslərin köməyi ilə təcili tibbi yardım maşınına mindirmişdir. Bundan sonra o, Vahidin arxası ilə Bakı şəhəri 3 saylı xəstəxanaya getmişdir. Oğlu İsmayıla isə həmin yerdə dayanmasını bildirmişdir. Xəstəxanaya daxil olan kimi Vahidin müayinəsi üçün bütün xərcləri özü çəkmişdir. Vahid müayinə olunduqdan sonra xəstəxanada təxminən bir neçə gün qalmışdır. Vahid xəstəxanada olduğu müddət ərzində o və oğlu İsmayıl mütəmadi olaraq onun yanına gedib bazarlıq aparırmışlar. Əlavə olaraq bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsini görmədiyi üçün necə baş verdiyini və hansı şəraitdə baş verməsini bilmədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini haqqında xx.xx.2022-ci il tarixli 2/19356 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2043 nömrəli rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı, sol aşıq-baldır oynağının bayır topuğunun qapalı sınığı, sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurma dərəcəsinin təyini zərərçəkənin müalicəsi başa çatdıqdan sonra təkrar müayinəsi aparılaraq aydınlaşacaqdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 50-Ə nömrəli rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sağ bazunun, saidin, əlin, sol dirsək oynağı, sol qulaq seyvanının əzilmiş-kəsilmiş yaraları, sol aşıq baldır oynağının bayır topuğunun, sol ayağın İİ-İİİ daraq sümüklərinin qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2638 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə Mercedes Benz C 230 markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə velosiped yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından, velosipedçinin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “BC” kateqoriyalı BD 004870 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, “Mercedes Benz C 230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, Abşeron rayonu, Məmmədli kəndi, H.Əliyev küçəsində “Mercedes Benz” markalı avtomobilin yolda olan velosipedçini vuraraq xəsarət yetirməsi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, həmçinin maddi zərər də dəymişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 230” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-177/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-177/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver