Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-178/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1983-cü ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Beyləqan rayonu Əmirzeydili ərazi dairəsi Əmirzeydili kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altın vermək qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, sonuncunun 2021-ci ilin mart ayında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Türk Med” klinikasının arxasında 7000 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Vəliyəddin Nəsirova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyətilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq, sonuncunun 2021-ci ilin iyul ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Türk Med” klinikasının arxasında 4200 manat, həmin ilin iyun ayının sonunda Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri Xırdalan dairəsində yerləşən “Araz” market mağazasında quraşdırılmış ödəmə terminalından onun kart hesabına göndərdiyi 300 manat pulu, ümumilikdə isə 4500 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 və Vəliyətdin Nəsibov ilə 44 günlük Vətən müharibəsində Cəbrayıl rayonunda hərbi xidmətdə olan zaman tanış olmuş və müharibədən sonra da onlarla münasibət saxlamışdır.O, müharibədə tibb xidmətində xidmət etmişdir. 2021-ci ilin mart ayında Vəliyəddin Nəsirov ona işsiz olduğunu və münasib bir yerə işə düzəlmək istədiyini bildirmişdir. O da Vəliyəddinə onu 7000 manat pul müqabilində Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini demişdir. Vəliyəddin də bununla razılaşmışdır. Həmin günlərdə Abşeron rayonu Masazır qəsəbəsində “Türk Med” Klinikasının arxasında Vəliyəddin ona 7000 manat pul vermişdir. Bu ərəfədə onun problemləri olduğu üçün Vəliyəddinin işi ilə bağlı heç maraqlanmamış və həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 da ona xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq istədiyini bildirmiş, buna görə də ondan kömək istəmişdir. O da Eminə ona əlillik dərəcəsi almaq üçün təxminən 10000 manat xərci çıxacağını demişdir. Emin də ona həmin məbləğı verməyə imkanı olmadığını, cəmi 4500 manat pulu olduğunu söyləmişdir. O da Eminə yalandan dayısı oğlundan da 5500 manat pul götürəcəyini, işi həll olunandan sonra 5500 manat pulu da verəcəyini demişdir. Emin də bununla razılaşmış və 2021-ci ilin iyul ayında Abşeron rayonu Masazır qəsəbəsində “Türk Med” Klinikasının arxasında 4200 manat pulu ona vermişdir. Ondan sonra da Emin onun göndərdiyi kart hesabına 300 manat pul köçürmüşdür. Həmin ərəfələrdə də maddi çətinlikləri olduğu üçün Eminin pulunu da xərcləmiş və onun işi ilə də maraqlanmamışdır. Ondan sonra Vəliyəddin və Emin ondan pullarını istəmişlər, o, da Eminə 2500 manat, Vəliyəddinə də 2500 manat qaytarmış, onlara qalan pullarını da yaxın günlərdə qaytaracağını demişdir. O, Vəliyəddinin işə düzəlməsi və Eminin isə əllillik dərəcəsi ilə bağlı heç kimlə danışmamış, Vəliyəddinə də yalandan Gömrük Komitəsində tanış adamının olduğunu demişdir. O, Emin və Vəliyəddinə onların verdikləri pulları dövlət rüsümü kimi ödəyəcəyini bildirmişdir. Sonda o, himayəsində iki azyaşlı uşağının olmasını və “Vətən müharibəsi” iştirakçısı olduğunu əsas gətirərək ona yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında 2-ci Qarabağ müharibəsində iştirak edən zaman tanımışdır. Həmin vaxtdan Rahib ilə münasibəti yaranmış, müharibədən sonra da əlaqələri olmuşdur. Rahib ilə söhbət zamanı işləmədiyini demiş və Rahib də ona Dövlət Gömrük Komitəsində tanışı olduğunu və onu 7000 manat verəcəyi təqdirdə işə düzəldə biləcəyini söyləmişdir. O da Rahibə 7000 manat pulunun olduğunu demişdir. 2021-ci ilin mart ayında Abşeron rayonu Masazır qəsəbəsində “Türk Med” Klinikasının arxasında Rahib ilə onun idarə etdiyi nömrəsini bilmədiyi “Niva” markalı avtomobilində 7000 manat pulu sonuncuya vermişdir. Rahib 20 gün müddətində onun işini düzəldəcəyini bildirmiş, lakin, Rahibin dediyi vaxt keçsə də, o, heç bir iş düzəldə bilməmiş və ona görə ondan pulunu geri istəməyə başlamışdır. Ondan sonra Rahib ona hissə-hissə olmaqla 2500 manat pul qaytarmış, 4500 manat pulunu isə qaytarmadığı üçün Rahibdən şikayət etmək qərarına gəlmişdir. O, şikayət edəndən sonra ondan başqa Zərərçəkmiş şəxs1 da əlillik dərəcəsi almaq üçün Rahibə 4500 manat pul verdiyi məlum olmuşdur. Rahib ona yalandan Gömrük Komitəsində qohumu işlədiyini və onun vasitəsi ilə işə qəbul etdirəcəyini demişdir. O, həmin pulu Rahibə rüşvət kimi verməmiş, Rahib ona həmin pulu dövlət rüsümü kimi ödəyəcəyini söyləmişdir. Sonda o, təqsirləndirilən şəxsdən qalan 3400 manat pulunu qaytarmadığından şikayətçi olduğunu və məhkəmədən ona qanunla müəyyən olunmuş cəzanın verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin oktyabr ayından, yəni 2-ci Qarabağ müharibəsində iştirak edən zaman tanış olmuşdur. Həmin vaxt Rahib ona xəstəliyi ilə əlaqədar 10000 manat verdiyi təqdirdə ona əlillik dərəcəsi almaqda köməklik edə biləcəyini demişdir. Həmin vaxtdan Rahib ilə münasibəti yaranmış, müharibədən sonra da əlaqələri davam etmişdir. Rahib ilə danışmış və ona 4500 manat pul verə biləcəyini bildirmişdir. Sonra Rahib ona əlillik dərəcəsini düzəltmək üçün 5500 manat da dayısı oğlundan götürəcəyini, əlillik dərəcəsini düzəltdikdən sonra onun pulunu tam verəcəyini demişdir. O da bununla razılaşmiş və 2021-ci ilin iyul ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Türk Med” klinikasının arxasında Rahibin idarə etdiyi qeydiyyat nömrəsini bilmədiyi “Niva” markalı avtomobildə ona 4200 manat pul vermiş, ondan sonra elə həmin ayın sonunda Xırdalan dairəsində “Araz” marketdə yerləşən ödəniş terminalından Rahibin ona dediyi və hazırda xatırlamadığı karta 300 manat pul göndərmişdir. Ondan sonra bu məsələ ilə özü də maraqlanmış və ona əlillik dərəcəsinin düşmədiyi məlum olmuşdur. O, bu barədə Rahibə də demiş, lakin Rahib ona müxtəlif bəhanələr gətirərək və yalan vədlər verdiyini görüb ondan pulunu geri istəmişdir. Rahib də ona hissə-hissə 2500 manat qaytarmiş, 2000 manat pulunu isə hələ də qaytarmamışdır. Rahib ona yalandan əlillik dərəcəsi düzəltdirəcəyini demiş, o, həmin pulu Rahibə rüşvət kimi verməmiş, Rahib ona verdiyi puu dövlət rüsumu kimi ödəyəcəyini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2022-ci il tarixli, 1/5471 saylı məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən gizir Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2016-cı il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq Sərəncamına əsasən ehtiyyatda olan gizir Təqsirləndirilən şəxs hərbi xidmətə çağırılaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrinə əsasən səfərbərlikdən tərxis edilmiş və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.3, 335.1, 32.4, 335.1, 341.1-ci maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 01 (bir) il müddətində azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmişdir. O, cərimə cəzasını tam ödəmiş və xx.xx.2017-ci il tarixdə onun sınaq müddəti başa çatmışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Dəniz və xx.xx.2014-cü il təvəllüdlü xx.xx.2014-cü il təvəllüdlü Yusif adlı iki azyaşlı uşaqları var. 1-85339 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etməsini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) ay 09 (doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) ay 18 (on səkkiz) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Beyləqan rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 60 (altmış) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 360 (üç yüz altmış) manat və məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 03 (üç) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Beyləqan rayonu hüdudlarını ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Beyləqan rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi izah edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 60 (altmış) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 360 (üç yüz altmış) manat və məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-178/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-178/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver