Məhkəmə qərarları › İş №1(012)-179/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-179/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-179/2023 07.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən bir ədəd bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələlərin” siyahısına daxil edilmiş, çəkisi 0,714 qram olan narkotik maddə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış, qanunsuz olaraq narkotik maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, “Bazar Store” adlanan marketin qarşısında saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə, şəxsi istehlak miqdarılndan artıq miqdarda, çəkisi 0,714 qram olan narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan heroini iynə vasitəsilə qəbul edir. Həyat yoldaşından boşanmış, iki azyaşlı uşaqları anaları X7 himayəsinə verilmişdir. Məhkəmə tərəfində uşaqlarının saxlanması üçün 340 manat aliment müəyyən edilmiş, lakin heç bir yerdə işləmədiyi üçün bir neçə ay ərzində aliment ödəyə bilməmişdir. Ona görə də, hazırda barəsində mülki öhdəliklərin icrasından yayınmaqla bağlı axtarış işi var. Ailəsindən ayrıldıqdan sonra depresiyaya düşərək narkotik vasitə heroin qəbul etməyə başlamışdır. 11 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonunda, «Kaktus» restoranının yanında adını bilmədiyi şəxslə həmsöhbət olmuşdur. Belə ki, o, əvvəllər həmin ərazidə yaşamış, sonradan Xırdalan şəhərinə köçmüşdür. Söhbət zamanı bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir və ona bir büküm narkotik vasitə olan heroin tapmağı xahiş etmiş və həmin tanımadığı şəxs bir bükümü 20 manata tapa biləcəyini bildirmişdir. Onunla razılaşmış və 20 manat pul verib, restoranın yanında onu gözləmiş, həmin şəxs təxminən 20 dəqiqədən sonra bir bükümdə narkotik vasitə heroin gətirib ona vermişdir. O, gümüşü kağız bükümü açıb baxmış və içərisində «kakos», yəni narkotik vasitə heroin olduğunu görmüşdür. Əldə etdiyi bir ədəd içərisində narkotik vasitə heroin olan gümüşü kağız bükümü əynində olan cins şalvarının sağ yan cibinə qoyub Xırdalan şəhərinə gəlmişdir. Əldə etmiş olduğu narkotik maddəni bədənində ağrılar olduqda qəbul etmək üçün üstündə saxlamışdır. 12 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, «Bazar Store» marketin qarşısında mülki geyimdə olan iki nəfər polis əməkdaşı onu saxlamış və özlərini təqim edərək polis işçiləri olduğunu bildirmişlər və narkotik maddələrin saxlanılmasında, daşımasında və qəbul edilməsində şübhəli bilinərək onu Abşeron RPİ-nə getmək üçün dəvət etmişlər. O, polislə birlikdə Abşeron rayon Polis İdarəsinə gələrkən, yolda onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis İdarəsində xidməti otaqların birində onun üstünə videoçəkiliş aparılmaqla və hüquqlarını müdafiə edən vəkil dəvət etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, sonra üzərində saxlanılması və gəzdirməsi qadağan olunan cinayət xarakterli əşya varsa, təqdim etməyi təklif etmişlər. O, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü kağız bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə ilə bağlı şifahi sorğu edilərkən narkotik maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış həyata keçirilmiş, üstündə cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd gümüşü kağız bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Bu barədə polis əməkdaşları protokol tərtib etmişlər. Sonda, tutuduğu əməldən peşman olduğunu və himayəsində iki azyaşlı uşağı olduğunu əsas gərirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİnin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitə olan heroini üzərində qanunsuz gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən onun cinayətkar fəaliyyətinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik etmək X2 əməliyyat müvəkkili Şahid2 tapşırılmış və o, da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında, yəni Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində «Bazar Store» marketin qarşısında saxlayaraq, özlərini təqdim etməklə ona narkotik vasitələrin saxlanılmasında, daşınmasında və qəbul edilməsində şübhəli bilərək birlikdə Abşeron RPİ-nin inzibati binasına getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron RPİ-nə gəlmiş, polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl vəkillə təmin olunmuş, hüquq və vəzifələri izah edilmiş və texniki vasitə kimi «Canon» markalı aparatla videoçəkilişdən istifadə ediləcəyi bildirimişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuş, videoçəkiliş aparılmaqla hüquqlarını müdafiə edən vəkil X8 və Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz bir əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülünü təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı bir ədəd siqaret və bir ədəd alışqan aşkar edilmiş, başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik vasitə kakos (heroin) olduğunu, həmin heroini Bakı şəhəri, Yasamal rayonunda «Kaktus» restoranın yanında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını, şəxsi istfadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü açılıb içərisinə baxıldıqda tünd qəhvəyi rəngdə heroinə bənzər spesfık iyi olan kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə bükülərək kağız zərfdə qablaşdırılmışdır, Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənib üzərinə imza edilməklə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Abşeron RPİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD farmatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edildi ki, əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına olan bükülmüş çəkisi 0,714 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitəni 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda, «Kaktus» restoranının adlanan ərazisində tanımdığı şəxsdən öz istifadəsi üçün 20 manata almış və özü ilə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində «Bazar Store» marketin qarşısına kimi daşımışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5896 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş üzərində “ Azrbaycan Respublikası DİN-nin Zərflər üçün №-56 dairəvi möhür əksi və vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan» narkotik maddəyə bənzər kütlə .... dörd imza... Təhqiqatçı; Xəyyam Rüstəmov - imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,714 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi 0,714 qram, tədqiqata 0, 05 qram sərf edilmiş, 0,664 qram qalıq qalmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 0,664 qram qalmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında əlavə olunmuş AZEMİS sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Fidan Xalidova, xx.xx.2016-cı il təvəllüdlü Aylın Xalidova adlı azyaşlı uşaqları var. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin əməlini etiraf etməklə, əməlindən peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmışdır. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparılmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydalarına əməl olunmasının nəticəsidir. Təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması onun barəsində mənfi halların baş verməsi barədə yaşadığı ünvan üzrə inzibati ərazi vahidliyinə heç bir yazılı məlumatın olmaması və şikayət ərizəsinin daxil olmamasında ehtiva olunur. Bu xüsusat təqsirləndirilən şəxsin şəxsiyyətinin müsbət xarakterizə olunması qənaətini formalaşmasını qaçılmaz edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 6799 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Kannabinoidrin, Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyaya görə məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,664 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr siyahısına daxil olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyaya görə məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr siyahısına daxil olan 0, 664 qram narkotik vasitə olan heroin marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar