Məhkəmə qərarları › İş №1(012)-180/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-180/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-180/2021 19.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosnun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,426 qram, 0,650 qram ümumi təmiz çəkisi 1,406 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhəri Ə.Vəliyev küçəsinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli pencəyin sol iç cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd, yaşadığı evə baxış keçirilən zaman yataq otağında olan yataq dəstindəki döşəyin alt hissəsindən şəffaf sellofan kəsiyinə bükülmüş iki ədəd bükümdə, ümumi təmiz çəkisi 1,406 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Faktiki olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə xx xxxx 2011ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum edilmiş. xx xxxx 2017-ci il tarixdə azadlığa çıxmış. Azadlığa çıxdıqdan sonra arada narkotik vasitə olan heroin qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində o, Bakı şəhərində “Papanin” deyilən yerdə tanımadığı şəxsdən özü istifadə etmək üçün üç ədəd büküm heroini 15 manata almış. Həmin narkotik vasitə olan bükümlərdən ikisini istifadə etmək üçün yaşadığı evdə yataq otağında olan yataq dəstindəki döşəyin alt hissəsinə qoymuş, digər bir bükümü isə əynində olan qara rəngli pencəyin sol iç cibinə qoymuş. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində olan zaman iki nəfər mülki geyimdə olan özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Polislər ona narkotik vasitə istifadə etməyi və üzərində daşımağı barədə əməliyyat məlumatları olduğunu və üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. Şifahi olaraq həmin vaxt üzərində istifadə etmək üçün saxladığı bir büküm narkotik vasitə olan heroin olduğunu bildirmiş. Bundan sonra polis əməkdaşları onun icazəsi ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən evinin həyətinə daxil olmuşlar və video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuş. Bundan sonra yaşadığı evin həyətində üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, əynində olan qara rəngli pencəyin sol iç cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş. Bundan sonra onun iştirakı və razılığı ilə evinə baxış keçirilmiş. Evə baxış keçirilən zaman yataq otağında yataq dəstində olan döşəyin alt hissəsində iki ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş. Sorğu zamanı aşkar olunmuş 3 ədəd bükümdə olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində “Papanin” deyilən yerdə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Axtarış zamanı evdə qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü, yaşadığı evdə aşkar olunmuş şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan iki ədəd bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2013-cü ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində 2018-ci ildən polis baş leytenantı rütbəsi ilə xidmət edir. xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş. xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsinə getmişlər. Qeyd olunan küçədə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncuya üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu demişlər. Bundan sonra idarənin baş təhqiqatçısı Mirdamət Qədirli və Müdafiəçi1 iştirakı ilə yaşadığı evin həyətində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsini bildirmişlər. Elçin üzərinə şəxsi axtarış və yaşadığı evə axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Elçindən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyinin sol iç cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamış. Bundan sonra Elçinin iştirakı və razılığı ilə evinə də videoçəkiliş ilə axtarış keçirmişlər. Evdə axtarış keçirilən zaman yataq otağında olan yataq dəstindəki döşəyin alt hissəsindən şəffaf sellofan kəsiyinə bükülmüş iki ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunmuş və qeyd edilən əşyalar zərfə qoyularaq götürülmüşdür. Bundan başqa evdə axtarış zamanı qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamış. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar olunmuş 3 ədəd büküm narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində “Papanin” deyilən yerdə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2233 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs evindən və üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,426 qram, 0,650 qram ümumi təmiz çəkisi 1,406 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 1.316 qram - 0,9 qram heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3201 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək aslkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələn narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yaşadığı evin həyətində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli pencəyin sol iç cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd, yaşadığı evə baxış keçirilən zaman yataq otağında olan yataq dəstindəki döşəyin alt hissəsindən şəffaf sellofan kəsiyinə bükülmüş iki büküm aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üç ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1.316 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1.316 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar