Məhkəmə qərarları › İş №1(012)-181/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-181/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-181/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəx Zərərçəkmiş şəxs Afıs oğlunun, Təqsirləndirilən şəxs və onun müdəfiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi, Göy Məscidin yaxınlığında yerləşən avtobus dayanacağının arxasında Zərərçəkmiş şəxs Asif oğluna sonuncunun həmin qəsəbədə yaşayan X3 yaşadığı evə ötürməsinə və buna görə qəsəbəyə gəlməsinə irad tutmuş, bu zəmində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən yumuruq zərbəsi ilə sifət nahiyəsindən və özü ilə gəzdirdiyi kəsici alətlə sağ budundan bir dəfə vuraraq ona üst dodağın sol hissəsindən əzilmiş cırılmış yarası, sağ budun orta 1/3-nin ön səthinin geniş sahəli kəsilmiş- deşilmiş yarası, sağ aşağı ətrafda hərəkət məhdudluğu kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikasının müvafiq maddələri ilə məhkum olunmuşdur. 12 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırda fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs Asif oğlu ilə ədavəti və düşmənçiliyi olmamışdır. Sonuncu onu gördükdə bildirmişdir ki, 01 mart 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Höküməli qəsəbəsində onunla olan mübahisə zamanı kəsici- deşici alətlə qəsdən onun sağ budundan vurmuş və sağlamlığına az ağır zərər vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmamış və ona heç bir xəsarət yerirməmişdir. Zərərçəkmiş şəxs Asif oğlunun onun barəsində göstərdikləri barədə heç nə deyə bilmir, sonuncunu vurmamışdır. Ona qarşı elan edilmiş ittihamla razı deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Afıs oğlu ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Şorabaçı kəndində qeydiyyatındadır, lakin 2018-ci il tarixdə Sumqayıt Dövlət Unverstetinin İqtisadiyat və İdarəetmə fakültəsinə qəbul olduğu üçün dayısı Şamil Alızadəyə məxsus Abşeron rayonu Saray qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi fərdi tikili evdə yaşayan Sumqayıt şəhərinə həmin ünvandan dərsə gedib gəlir. O, X1 üçün ailə qurmuq fikiri olmuş, ona görə də hərdən sonuncunu yaşadığı Abşeron rayonu Höküməli qəsəbəsinə aparıb yola salır, belə ki, Minayə Rüstəmzadə də Bakı şəhərində yerləşən Azərbaycan Ünversitetinin tələbəsidir. 01 mart 2022-ci il tarixdə 19 radələrində X3 Bakı şəhəri, M.Əcəmi metrostansiyasının qarşısında görüşüb onu evlərinə aparmaq üçün 156 №-li sərnişin avtobusuna mirndirib yaşadığı Abşeron rayonu Höküməli qəsəbəsinə gətirmişdir. Oradan da sonuncunun yaşadığı ünvana yola salıb avtobus dayanacağına qayıtmış, saat təxminən 19:30 radələrində hava qaralmış olmuş, Hökməli qəsəbəsində Göy Məscidin yaxınlığından keçən vaxtı iki nəfər şəxslər ona yaxınlaşmış, onlardan biri adnı bilmədiyi birinci dəfə idi ki, gördüyü şəxs ona yaxınlaşıb kənara çəkmiş, ona bir sözü olduğunu demişdir. Onlar kənara çəkilmiş, həmin vaxtı onların üç nəfər olduğunu gördmüş, onların ikisi onun yanında olmuş, digəri isə kənarda gözləmişdir. Həmin şəxslər ondan nə üçün kəndə gəlməsini və qızı yola salmasını irad tutub ona kobud formada səhv edirsən deyərək əlində olan dəmir alətlə ağız nahiyəsindən və sol üst dodağından bir dəfə zərbə ilə vurmuş, elə həmin anda sağ bud nahiyəsindən bıçaqla vurmuşdur. Aralarında dartışma olmuş, əlbəyaxa olduqda həmin şəxs onu yenə bıçaqla vurmaq istədikdə o, buna imkan verməmişdir. Həmin şəxslər onun yaralandığımı görüb hadisə yerindən gedərək uzaqlaşmışlar. Göstərmişdir ki, həmin şəxslər üç nəfər olsalar da onlardan yalnız biri onu dəmir parçası ilə sifətinə və bıçaqla sağ ayağından vurmuş, həmin vaxtı o, həmin şəxslə göz-gözə gəldiyindən dəqiq kim olduğunu xatırlayır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub evlərdə təmir işləri aparır. 01 mart 2022-ci il tarixdə Hökməli qəsəbəsi ərazisində beton yolda yerləşən işlədiyi evdə təmir işləri apardıqdan sonra ev sahibi ilə hesablaşıb oradan çıxmış və idarə etdiyi Niva markalı, tranzit nömrə avtomobillə Hökməli qəsəbsinin içinə Qobu yoluna tərəf gəlmişdir ki, evinə getsin, təxminən saat 19 radələri olmuş, Hökməli qəsəbəsinin içərisində yerləşən dayanacağın qarşısında çoxlu sayda adamın toplaşdığını, təcili yardım gəldiyini və yerdə bir nəfər şəxsin uzandığını görmüşdür. Həmin ərazidə həmişə kənar adamlar toplaşır, buna görə də orada dayanmaq istəməyib, yoluna davam etmək istəmişdir. Onun avtomobillə dayandığı yerlə onların dayandıqları ərazi arasında təxmiənn 5-6 metr məsafə olmuş, maşını həmin ərazidə avtomobili saxlayıb orada toplaşan tanımadığı şəxslərdən orada nə baş verməsi barədə maraqlanmışdır. Ona bildirmişlər ki, Vidadinin oğlu İlham qız üstündə bir nəfər şəxsi bıçaqla vurmuşdur, belə ki, həmin bıçaqla vurduğu şəxs kənar şəxs olmuş və İlham da həmin şəxsin oraya qız arxasınca gəlməsinə görə onu bıçaqla vurmuşdur. Sonradan oraya kənar adamlar toplaşdığından onlara əhəmiyyət vermədən maşından düşməyib oradan uzaqlaşıb çıxıb getmişdir. Ertəsi günü polis bölməsinə gedib orda gördüklərini danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub Qobu qəsəbəsi ərazisində mikroavtobus sürür. 01 mart 2022-ci il tarixdə Hökməli qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda mərhum Vüqar Biləcərinin qəbrini ziyarət edib evinə qayıdarkən təxminən saat 19 radələri olmuş, Hökməli qəsəbəsinin içərisində yerləşən dayanacağın qarşısında çoxlu sayda adamın toplaşdığını görmüş, həmin ərazidə həmişə kənar adamlar toplaşmışdılar. O, həmin dayanacağa yaxınlaşdıqda orada toplaşan adamlardan İlham adlı şəxsə müraciət edərək «sən neylədin bıçaqla adam vurmusan?!» dediyini eşitmiş, həmin ərazidə çoxlu adam toplaşdığından onların arasına girməmiş və kənardan müşahidə etmişdir. Həmin İlham adlı şəxs alçaq boylu şəxs olmuş, həmin şəxs orada toplaşan adamların yanında dayanmışdır. Adamlar artıq oraya çoxlu sayda toplaşdığı anda həmin İlham adlı şəxs oradan çıxıb getmiş, adamlar çox olduğundan hadisəyə tam müşahidə edə bilməmiş, təxminən orada 10 dəqiqə dayandıqdan sonra çıxıb evinə getmişdir. Həmin İlham adlı şəxsin bıçaqla vurduğu şəxin üzünü tam görməsə də, həmin şəxsin orada toplaşan adamların arasında yerə uzanıqlı olduğunu görmüşdür. Lakin adam çox olduğundan onların arasına girə bilməmişdir. Göstərmişdir ki, İlhamı adlı şəxsi əvvələr tanımamış, həmçinin aralarında heç bir qərəzli münasibəti belə olmamışdır. Yalnız hadisə yerində orada toplaşan adamlar ona adı ilə müraciət etdikləri İlhamı orada görmüşdür. O, hadisə yerinə çatdıqda İlhamı orada görmüş, həmin şəxsdən orada toplaşan adamlar nə səbəbə bıçaqla vurduğunu soruşsalar da, oraya çatan anda sonuncunun əlində bıçaq olduğunu görməmiş, belə ki, bəlkə də həmin vaxtı əlində bıçaq olmuş, o, özünü itirdiyi üçün buna fikir verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Universitetinin Filologiya fakültəsinin 3-cü kurs tələbəsidir və Zərərçəkmiş şəxs tanıyır, sonuncu onun təhsil aldığı universitetdə kurs işləri yazır, onunla yaxın münasibəti olmamışdır. 01 mart 2022-ci il tarixdə saat 19 radələrində dərsdən çıxıb yaşadığı evə gəlmək üçün metronun Memar Əcəmi stansiyasının qarşısından 136 nömrəli marşrut avtobusuna minmiş, avtobusda Zərərçəkmiş şəxsla təsadüfən rastlaşmışdır. Təxminən saat 19:30 radələrində avtobusla yaşadığı ərazidə avtobusdan düşərkən hava qaranlıq olmuş. Ziya onu evinə yola salmaq istəmiş, bundan sonra Ziya onu bir qədər evinə tərəf yola salmış və sonra geri qayıtmışdır. Səhəri günü o, yenidən universitetə getmiş, orada ona məlum olmuşdur ki, Ziya onu ötürəndən sonra geri dayanacağa qayıdarkən bir nəfər şəxs qızı kəndə yola saldığına görə irad tutub bıçaqla xəsarət yetirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 487 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Asif oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - üst dodağın sol hissəsindən əzilmiş cırılmış yarası bərk küt əşyanın təsirindən, sağ budun orta 1/3-nin ön tiş səthinin geniş sahəli kəsilmişdeşilmiş yarası, sağ aşağı ətrafda hərəkət məhdudluğu iti deşici kəsici alətin təsirindən təsirindən törənmişdir, xəsarət xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 29,180.2.2, 29,180.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi təyin edilib, cəza 3000 manat cərimə ilə əvəz edilmiş və 04 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat cərimə cəzası 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə zalından həbs edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs vurmadığını və ona heç bir xəsarət yerirmədiyini, sonuncunu vurmadığını bildirsə də məhkəmə istintaqında zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, təqsirləndirilən şəxsin gözləmədiyi halda əlində olan dəmir alətlə ağız nahiyəsindən və sol üst dodağından bir dəfə vurduğunu, elə həmin anda sağ bud nahiyəsindən bıçaqla vurduğunu təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Qeyd olunan hallar iş üzrə şahidlər tərəfindən də təsdiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 487 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs Asif oğluna xx.xx.2022-ci il tarixdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsi, həmin xəsarətlərin iti deşici kəsici alətin təsirindən əmələ gələ bilməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı cinayətdən əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 29,180.2.2, 29,180.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi təyin edilib, cəza 3000 manat cərimə ilə əvəz edilmiş və 04 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən icra olunmayan 3000 manat cərimə cəzası 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 01 mart 2022-ci il tarixdə isə hazırkı cinayət əməlini törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da ona təyin edilmiş cərimə cəzası cinayətlərin məcmusu üzrə təyin edildiyindən məhkumluğun başlanğıcı cərimə cəzasının ödənildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını xx.xx.2021-ci il tarixində çəkib qurtarmış, məhkumluğu ödənilmədən, 8 ay sonra hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq üzərində 02 il 11 ay 29 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar