Məhkəmə qərarları › İş №1(012)-181/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-181/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-181/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi-mülki iddiaçı X4, onun vəkili-nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad şəhəri, S. Vurğun küçəsi, ev 5, mənzil 2-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7-ci məhəllə, ev 222-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 dekabr 2023-cü il tarixdə saat 16:50 radələrində etibarnamə ilə idarə etdiyi "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Kia Pride» markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində Cantəpə yaşayış massivindən Ə.Vahid küçəsi istiqamətində hərəkətdə olarkən həmin ərazidə yolun sağ kənarında yerləşən «019» adlı kafenin bərabərliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və əmlaka zərər vurmamalı, sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə vaxtında tormozlanma əməliyyatı aparmaqla avtomobili həmin piyadaya çatmadan dayandırmalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin ərazidə yolunun hərəkət hissəsində sağ kənarı ilə onunla eyni istiqamətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya baş beyinin ocaqlı travması, travmatik subaraxnoidal qansızma, sağda təpə və gicgah sümüklərinin sınığı, pnevmosefaliya kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətini yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda qismən təqsirli bilib, iddia tələbini qismən qəbul edərək ifadəsində göstərmişdir ki,"xxxx" MMC-yə məxsus Kia Pride markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin may ayından etibarən idarə edir. Avtomobili idarə etmək üçün «B» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Avtomobili lizinq kreditində olduğu üçün hər ay 650 manat kredit ödəməklə etibarnamə alır. Avtomobil 2011- ci il buraxılışlı olmaqla ikinci əl avtomobildir, lakin avtomobili texniki cəhətdən saz olmuşdur. 03 dekabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi Kia Pride markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evindən çıxıb Masazır qəsəbəsi ərazisinə getmək istəmişdir. Bacısı Şahid1 da avtomobilində olmuş və qabaq sağ oturacaqda əyləşmiş, avtomobilində başqa sərnişin və yaxud yük olmamışdır. Avtomobilini Mazazır qəsəbəsi, Cantəpə ərazisindən Ə.Vahid küçəsi istiqamətində hərəkət etdirmiş, oradan Qurtuluş 93 yaşayış massivi istiqamətinə getməli olmuşdur. Cantəpə yaşayış massivindən Ə.Vahid küçəsi istiqamətində yol enişli olmuş və o, avtomobili təxminən 40-50 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin ərazidə yolun kənarında yerləşən «Şirin» marketin bərabərliyinə çatdıqda qarşıda iki nəfər piyada qızın onun hərəkət istiqamətində enişə doğru getdiyini görmüşdür. Qarşıda yolun sağında Kamaz markalı avtomobilin dayandığını görmüş, piyada qızları gördüyü anda piyadalarla avtomobili arasında təxminən 3 metr məsafə olmuş, o, piyada qızlara yaxınlaşan anda həmin qızlardan biri adını sonradan bildiyi Zərərçəkmiş şəxs yanında olan qızdan aralanıb onun hərəkət yoluna daxil olduğunu görmüş, bu anda idarə etdiyi avtomobillə piyada qız arasında məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada qızı vurmuşdur. Zərbənin təsirindən piyada qız onun hərəkət istiqamətində Kamaz markalı avtomobilin arxa hissəsinə doğru yıxılmışdır. Piyadanı vurduqdan sonra dərhal avtomobili saxlamış və xəsarət almış piyadaya yaxınlaşaraq ona ayağa qalxması üçün yardım etmişdir. Xəsarət almış piyada qızda sudurğa xəstəliyi olduğu üçün ona yardım göstərməyə cəhd etmiş, sonra isə telefonla təcili tibbi yardıma zəng vurub hadisə yerinə çağırmışdır. Bir qədər sonra təcili tibbi yardım hadisə yerinə gəlmiş və xəsarət almış piyada qıza yardım edib xəstəxanaya aparmış, o, isə hadisə yerində qalıb polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmişdir. Göstərmişdir ki, piyada qızı gördüyü anda avtomobili ilə piyada arasında təxminən 3 metr məsafə olmuş və həmin anda da piyada qızlar onun hərəkət yolunun işlək hissəsi ilə enişə doğru hərəkət etmişlər. Piyada qız avtomobilin ona çatmasına təxminən bir metr məsafə qalmış onun hərəkət yoluna daxil olduğunu görmüşdür. Həmin anda idarə etdiyi avtomobilin sürəti təxminən 40-50 km/saat olmuşdur. Bu anda da hadisənin qarşısını ala bilməmiş və avtomobilə tormoz edə bilməmiş, hərəkətdə olduğu kimi də piyadanı vurmuşdur.Hadisədən sonra xəstəxanada 3000 manat müalicə xərcini qarşılamışdır.Hazırda mülki iddia sübut olunan həddə də ziyanı ödəməyə razıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi-mülkiiddiaçı qismində dindirilmiş X7 iddia tələbini müdafiə edib, ifadəsində göstərmişdir ki, Şahid2 qardaşı qızıdır. Həyat da həmin məktəb də oxuyub təhsil alır. Həyat onlarla eyni məhəllədə qonşu həyətdə yaşayır. 03 dekabr 2023-cü il tarixdə günortadan sonra qızı Zərərçəkmiş şəxs əmisi qızı Həyat ilə birlikdə olmuş, 08 dekabr 2023-cü il tarixində ad günü olacaqdı və buna görə də ad gününə lazım olan ərzaqları almalı olmuşlar. Təxminən saat 16:50 radələrində Həyat ilə birlikdə evdən çıxıb yaşadığı ərazidə yerləşən «AL market»ə getmişlər. Lakin orada onlara lazım olan şokoladı tapa bilmədikləri üçün digər marketə getməli olmuşlar. Onlar ikilikdə Masazır qəsəbəsində Cantəpə ərazisindən Ə.Vahid küçəsi istiqamətində avtomobil yolunun sağ kənarı ilə bərabər gedən anda Həyatın solunda piyada hərəkət etmişdir. Həmin vaxtı «019» adlı kafenin bərabərliyinə çatan anda qarşıda yolun sağ kənarında yük maşını dayandığını görmüşdür. Həmin maşına çatan anda, yəni bir neçə metr qalmış gözlənilmədən arxadan gələn avtomobil Leylanı zərbə ilə vurmuş və həmin anda zərbənin təsirindən Leyla huşunu itirmişdir. Uzun müddət müalicə olunduqdan sonra huşu özünə gəlmiş və həmin vaxtı da xəstəxanada olduğunu bilmişdir. Qızı Zərərçəkmiş şəxs müalicəsi hələ də davam edir.Təqsirləndirilən şəxs cəmisi bir dəfə 3000 manat müalicə xərci çəkib. İddia ərizəsinə əlavə elədikləri ödəniş qəbzləri müalicə xərcinin bir hissəsidir.Xahiş edir ki, iddia tələbi təmin edilsin təqsirləndirilən şəxs etdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Nicat “Kia Pride” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 03 dekabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində qardaşı Nicatın idarə etdiyi Kia Pride markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evlərindən çıxıb Masazır qəsəbəsi ərazisinə getmək istəmişlər. Həmin vaxtı o da avtomobildə olmuş və qabaq sağ oturacaqda əyləşmiş, avtomobildə başqa sərnişin olmamışdır. Avtomobili qardaşı Nicat Mazazır qəsəbəsi, Cantəpə ərazisindən Ə.Vahid küçəsi istiqamətində hərəkət etdirib oradan “Qurtuluş 93” yaşayış massivi istiqamətinə getmək istəmişlər. Cantəpə yaşayış massivindən Ə.Vahid küçəsi istiqamətində yol enişli olmuş, həmin ərazidə yolun kənarında yerləşən «Şirin» marketin bərabərliyinə çatdıqda qarşıda iki nəfər piyada qızın onların hərəkət istiqamətlərində enişə doğru getdiyini görmüşdür. Qarşıda yolun sağında Kamaz markalı avtomobil dayanmış, onlar maşınla piyada qızlara yaxınlaşan anda həmin qızlardan biri adını sonradan bildiyi Zərərçəkmiş şəxs yanında olan qızdan aralanıb onların hərəkət yoluna daxil olduğunu görmüş, bu anda qardaşı Nicatın idarə etdiyi avtomobillə piyada qız arasında məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və həmin anda avtomobilin qabaq sağ hissəsi ilə piyada qızı vurmuşdur. Zərbənin təsirindən piyada qız qarşıda saxlanılmış Kamaz markalı avtomobilin arxa hissəsinə doğru yıxılmış, həmin vaxtı qardaşı dərhal avtomobili saxlamış və onlar maşından düşüb xəsarət almış piyadaya yaxınlaşaraq ona ayağa qalxması üçün yardım etmişlər. Nicat telefonla təcili tibbi yardıma zəng vurub hadisə yerinə çağırmış, bir qədər sonra təcili tibbi yardım hadisə yerinə gəlmiş və xəsarət almış qıza yardım edib xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində atası X5 iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi qızıdır. Leyla ilə eyni məktəbdə oxuyub təhsil alır. Leyla onlarla eyni məhəllədə qonşu həyətdə yaşayır. 03 dekabr 2023-cü il tarixdə günortadan sonra əmisi qızı Leyla ilə birlikdə olmuşdur. Belə ki, Leylanın 08 dekabr tarixində ad günü olacaqdı və buna görə də ad gününə lazım olan ərzaqları almaqla məşğul olmuşlar. Təxminən saat 16:50 radələrində, Leyla ilə birlikdə evdən çıxıb yaşadığı ərazidə yerləşən «AL market»ə getmişlər. Lakin orada onlara lazım olan şokoladı tapa bilmədikləri üçün digər marketə getmək istəmişlər. Onlar ikilikdə avtomobil yolunun sağ kənarı ilə bərabər gedən anda Leyla onun solunda hərəkət etmiş, həmin vaxtı «019» adlı kafenin bərabərliyinə çatan anda qarşıda yolun sağ kənarında yük maşına dayanmış, həmin maşına çatan anda, yəni bir neçə metr qalmış gözlənilmədən arxadan gələn Kia markalı avtomobil Leylanı zərbə ilə vurmuş və Leyla zərbənin təsirindən qarşıda dayanmış yük maşının yanına düşmüşdür. O, cəld qaçıb Leylaya yaxınlaşmış və ona yardım etməyə çalışmış, Leyla zərbənin təsirindən huşunu itirmişdir. Həmin vaxtı kənarda olan adamlar cəld onlara yaxınlaşmışlar. Bu vaxtı Leylanı vuran sürücü də gəlib onlara yaxınlaşmış, o, cəld atasına zəng vurub bu barədə məlumat vermiş, atası da öz növbəsində əmisinə zəng etmişdir. Bir neçə dəqiqə keçmiş hadisə yerinə təcili yardım maşını gəlmiş və Leylaya yardım edib xəstəxanaya aparmışdır. Hadisə baş verdiyi tarixdən çox müddət keçməsinə baxmayaraq, hazırda uzun müalicələrdən sonra Leylanın müalicəsində bir qədər irəliləyiş olmuş, lakin buna baxmayaraq hazırda da müalicəsi davam etməkdədir. İş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi videogörüntünün köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, videogörüntü Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivindən Ə.Vahid küçəsi istiqamətində olan asfalt yolun sağ kənarında yerləşən obyektdə quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə qeydə alınmışdır.Müşahidə kamerası hadisə baş verdiyi ərazidən bir neçə metr kənarda quraşdırılmaqla, hadisə baş verdiyi yer kameranın əhatə dairəsinə düşmüşdür. Belə ki, kameranın fıksə etdiyi görüntüdə yolun sağ kənarında obyekt və onun qarşısında saxlanılmış iri ölçülü yük avtomobili görünür. Bu anda kameranın müşahidə sahəsində iki nəfər cavan qızın yolun sağ kənarı ilə piyada enişlə hərəkəti müşahidə edilir. Piyada qızlar yolun sağ kənarında saxlanılmış yük avtomobilinə çatmağa az məsafə qalmış arxadan gələn və piyadaların hərəkət istiqamətində hərəkətdə olan Kia markalı avtomobilin hərəkəti görünür. Həmin anda Kia markalı avtomobil yolun işlək hissəsində sağ səkinin yanı ilə piyada hərəkətdə olan iki qızdan sol tərəfdə hərəkətdə olan qızı sağ qabaq hissəsi ilə vurur, zərbənin təsirindən piyada qız bir neçə metr irəliyə, yəni yolun sağ kənarında saxlanılmış yük maşınının arxa təkərinin yanına düşür. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 599 saylı rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin ocaqlı travması, travmatik subaraxnoidal qansızma, sağda təpə və gicgah sümüklərinin sınığı, pnevmosefaliya (kəllə boşluğuna hava yığılması) bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində hərəkətdə olan zaman avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 13 mart 2024-cü il tarixli 8/238 saylı rəyindən görünür ki,1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Pride markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına «Bİ B» kateqoriyalı BA ******* nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2033-cü il tarixə kimi etibarlıdır. İş üzrə Kia Pride markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd hadisənin baş vermə anlarının köçürüldüyü DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, bir ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən qüvvədə saxlanmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş tərəfin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, ağırlaşdıran hallar müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkənə müalicəsi ilə bağlı qismən 3000 manat ödəniş etməsi onun cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Kia Pride” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bir ədəd hadisənin baş vermə anlarının köçürüldüyü DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarında saxlanmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat, bundan əvvəlki müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçilərin hər birinə 220 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına onların xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmədə zərərçəkmiş şəxs-iddiaçı X7 təqsirləndirilən şəxsə qarşı iddia qaldıraraq təqsirləndirilən şəxsdən vurulan maddi ziyana görə 17.459,02 manat, mənəvi zərərə görə 100 000 manat və vəkilin hüquqi yardımına görə 326 manat məbləğində pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddiasına görə xx.xx.2024-cü il tarixli ödəniş fakturasından görünür ki, 2005.49 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 2000 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş fakturasından görünür ki, 2000 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş fakturasından görünür ki, 150 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 3000 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 1000 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024cü il tarixli ödəniş fakturasından görünür ki, 321.40 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli ödəniş fakturasından görünür ki, 294.76 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş fakturasından görünür ki, 100.44 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, 240 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş fakturasından görünür ki, 80 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli digər ödəniş fakturasından görünür ki, 80 azn, Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli digər ödəniş fakturasından görünür ki, 80 azn ödəniş olunmuşdur. ödəniş olunmuşdur.- Bu qeyd edilən ödənişləri təsdiq edən ödəniş qəbzlərinin əsilləri iş materiallarında mövcuddur. Bu qeyd edilən “Məlhəm” hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş fakturasından görünür ki, 4847.25 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş fakturasından görünür ki, 240 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, 44 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli satış çekindən görünür ki, 44 azn ödəniş olunmuşdur. Məlhəm hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli satış çekindən görünür ki, 100 azn ödəniş olunmuşdur.-iddia tələblərinin əsaslılığı təsdiq edən ödəniş qəbzləri məhkəməyə təqdim olunmamışdır, işdə mövcud deyildir. Bundan başqa, iddia tələbinin xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 27.92 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 37.00 azn ödəniş olunub. xx.xx.2024-c ü il tarixli aptek satış çekindən görünür ki, 20.43 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 22.21 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 13.02 azn ödəniş olunub. xx.xx.2024- cü il tarixli aptek satış çekindən görünür ki, 6.66 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 72.13 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 77.90 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 89.19 azn ödəniş olunub.-qeyd edilən hissəsini təsdiq edən ödəniş qəbzlərinin əsilləri məhkəməyə təqdim edilmişdir və iş materiallarında mövcuddur. İddia tələbinin qeyd edilən-xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 12.81 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 25.62 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 52.86 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 25.62 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 50.00 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 27.90 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 68.25 azn ödəniş olunub. xx.xx.2024-cü il tarixli aptek satış çekindən görünür ki, 62.46 azn ödəniş olunub. xx.xx.2025- ci il tarixli aptek satış çekindən görünür ki, 65.32 azn ödəniş olunub. xx.xx.2025-ci il tarixli aptek satış çekindən görünür ki, 92.41 azn ödəniş olunub. xx.xx.2025-ci il tarixli aptek satış çekindən görünür ki, 38.97 azn ödəniş olunub. xx.xx.2025-ci il tarixli aptek satış çekindən görünür ki, 43.00 azn ödəniş olunub.hissəsində ödəniş qəbzləri kserosurət olub, mətnlərinin bəziləri oxunmur, aidiyyatı təsdiq olunmur. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsində qismən əsaslı hesab edərək iddia tələbinin ağlabatan məbləğdə 2200 manat məbləğində təmin etməyi lazım bilir. Həmçinin məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən zərərçəkənin vəkil xərci də müvafiq olaraq qismən təmin edilməli 300 manat da vəkil xərcinə görə təqsirləndirilən şəxsdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 11.718.55 (on bir min yeddi yüz on səkkiz manat əlli beş qəpik) manat, mənəvi zərərə görə 2200(iki mini iki yüz)manat, vəkil xərcinə görə 300 manat, cəmi 14.218.55 (on dörd min iki yüz on səkkiz manat əlli beş qəpik) məbləğdə pul tutulub Zərərçəkmiş şəxs qanuni nümayəndəsimülki iddiaçı X6 verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 220 manat, X2 isə 10 saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 11.718.55 (on bir min yeddi yüz on səkkiz manat əlli beş qəpik) manat, mənəvi zərərə görə 2200 (iki mini iki yüz) manat, vəkil xərcinə görə 300 manat, cəmi 14.218.55 (on dörd min iki yüz on səkkiz manat əlli beş qəpik) məbləğdə pul tutulub Zərərçəkmiş şəxs qanuni nümayəndəsi-mülki iddiaçı X6 verilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Kia Pride» markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. Bir ədəd DVD diski sübut qismində iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasıya şöbəsinə, Binəqədi rayon icra şöbəsinə və Azərbaycan Respublikası Baş X11 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 220 manat, X2 isə 10 saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar