Məhkəmə qərarları › İş №1(012)-183/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-183/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-183/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli təmiz çəkisi 0,609 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,014 qram kristal şəkilli psixotrop maddə olan metamfetamini 20 manat müqabilində əldə edib üzərində saxlayaraq Abşeron rayonu Saray qəsəbəsinə daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 00:45 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi İmran Qasımov küçəsində saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarınlın sağ cibindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,609 qram şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,014 qram kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir il olar narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin qəbul edir. xx.xx.2020-ci il tarixdə saat 00 : 45 radələrində yaşadığı Saray qəsəbəsi, İmran Qasımov küçəsində olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, onun narkotik maddələrin üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək, onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətini qəbul edərək birlikdə polis idarəsinə getmiş, Polis idarəsində olan zaman xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, daha sonra onun etirazı və vəsatəti olmadığı üçün üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl o könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş kütləni təqdim etmiş, həmin bükümün içərisində narkotik maddə olan heroin və metamfetamin olmuşdur. Həmin narkotik maddələri xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 20 manata almış, üzərində olan bükümlər qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, digər proses iştirakçıları kimi o da zərfə və protokola imza etmişdir. Əlavə olaraq o, narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə cibinə qoyduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən aldığını bildirdi. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini və ilk dəfə cinayət törətdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayon Pİ-nə xx.xx.1994-cü il təvəllüdlü, Naxçıvan MR-sı Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsində və üzərində gəzdirməsi barədə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq gəzdirilməsində və qəbulunda şübhəli olduğu üçün xx.xx.2020-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılılmış və Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxxx 2020-ci il tarixə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 00:45-də yaşadığı Saray qəsəbəsi, İmran Qasımov küçəsində müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmiş, Polis İdarəsində rəhbərliyə raportla məruzə edildikdən sonra xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan tünd göy rəngli cins şalvarının sağ cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş kütləni çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində narkotik maddə olan heroin və metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmuşdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və özünün şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata əldə etdiyini və üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsnün üzərindən aşkar edilmiş kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir.. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin texniki vasitələrdən istifadə etməklə köçürüldüyü maddi sübut - 1 ədəd “CD” formatlı diskə yazılmış videogörüntülər də hadisəsinin necə baş verməsi əyani şəkildə müşahidə olundu. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/2185 saylı tədqiqat rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs...» və s. yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,609 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,014 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına, Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqiqata təqdim edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,609 qramdır, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,559 qram qalıq və metafetaminin təmiz çəkisi 0,014 qramdır, tədqiqata 0,01 qram sərf edildikdən sonra 0,004 qram qalıq qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,559 qram narkotik vasitə olan heroin və 0,004 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və İİ hissəsinin 27-ci bəndində metafetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin, İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Ona görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci il tarixdə barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmişpolisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbsə alınmalı və cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3007 saylı, xx.xx.2020-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Habelə həmin Məcəllənin 95.0.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalmış 0,559 qram narkotik vasitə olan heroin və 0,004 qram psixotrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir günün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsə alınsın və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdə hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0,559 qram narkotik vasitə olan heroin və 0,004 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar