Məhkəmə qərarları › İş №1(012)-184/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-184/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-184/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Səfəralı küçəsində yerləşən yarımtikili fərdi yaşayış evinin birinci mərtəbəsinin nəfəsliyinin plastik materialdan olan pəncərəsini əli ilə itələyib açaraq saxlanc yerinə qanunsuz daxil olub evin giriş qapısının yanında olan 1 ədəd 400 manat dəyərində 5 litr həcmli samovarı, digər otaqda olan 1 ədəd 70 manat dəyərində “CANDAN” markalı santexnik ütüsünü, 1 ədəd 80 manat dəyərində “MAKİTA” markalı laqondanı və 60 manat dəyərində üzərində “X7 Reel” markalanma yazısı olan 56 metr uzunluğunda barabanla birlikdə olan elektrik naqilini ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 610 manat məbləğində əmlakını oğurlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, arada tikinti işlərində fəhlə işləyir. Təxminən 2 ildir ki, ailə həyatı qurmuş. Bir azyaşlı oğlu var. Maddi cəhətdən sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmiş. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evindən çıxaraq piyada hərəkət etməyə başlamış. Novxanı kəndi, Səfəralı küçəsi ilə hərəkət edən zaman məscidin yanında yarımtikili ev görmüş. Ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra evin yan tərəfinə keçmiş. Orada o, evin birinci mərtəbəsinə daxil olmaq üçün plastik materialdan olan nəfəsliyi əli ilə itələyərək açmış. Daha sonra içəri daxil olmuş. O, içəridə olan zaman evin giriş qapısının yanında olan 1 ədəd gümüşü rəngli samovarı, daha sonra içəridə olan 1 ədəd “CANDAN” markalı santexnik ütüsünü, 1 ədəd “MAKİTA” markalı laqondanı və üzərində dolanmış vəziyyətdə olan elektrik kabelini götürüb evə daxil olduğu nəfəslikdən çölə çıxarmış. Bundan sonra o, həmin əşyaları götürüb Novxanı kəndində yaşayan həmkəndlisi Vüqarın evinin yanına getmiş. O, Vüqarın evinin qapısını döyərək onu çölə çağırmış. O, Vüqara ehtiyacı olduğu üçün həmin əşyaları satdığını demiş. Bundan sonra Vüqar həmin əşyaların oğurluq olubolmamasını soruşduqda, o, həmin əşyaların özünə məxsus olduğunu Vüqara demiş. O, həmin əşyaları Vüqara 60 manat müqabilində satmış. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmiş. Polis əməkdaşları bir iki dəfə gəlib yaşadığı evdən onu soruşmuşlar. O, da xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində Novxanı kəndində yerləşən polis sahə məntəqəsinə gəlmiş. Orada polis əməkdaşları ilə fərdi söhbət zamanı o, xx xxxxxxx 2020-ci il tarixdə Novxanı kəndi, Səfəralı küçəsində məscidin yaxınlığında yerləşən yarımtikili evdən oğurluq etdiyini və oğurladığı əşyaları həmkəndlisi Vüqara satdığını bildirmiş. Bundan sonra polis əməkdaşları ilə Abşeron rayon polis idarəsinə gəlmiş. Əlavə olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxs Abşeron rayonu, Novxanı kəndi, Səfəralı küçəsində yerləşən evinə girməkdə məqsədi oğurluq etmək olub və evin birinci mərtəbəsindən 1 ədəd gümüşü rəngli samovarı, daha sonra içəridə olan 1 ədəd “CANDAN” markalı santexnik ütüsünü, 1 ədəd “MAKİTA” markalı laqondanı və üzərində dolanmış vəziyyətdə olan elektrik kabelini oğurlamışdır. Onun oğurluq etməyindən bildiyinə görə heç kimin məlumatı olmamış, o, oğurluq cinayətini tək törətdiyini bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. İş üzrə Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada zərgərdir. Abşeron rayonu, Novxanı qəsəbəsi, Səfəralı küçəsində 6 sot torpaq sahəsi var. Həmin torpaq sahəsini dörd tərəfdən mişar daşı ilə hasarlamış. Həyətdə isə yarımtikili vəziyyətdə evi vardır. Hər gün səhər saat 09 radələrindən saat 20 radələrinədək həyətində olur. Bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 10-11 radələrində o, Novxanı qəsəbəsində yerləşən həyətyanı sahəsinə gəlmiş. O, içəri daxil olduqda yarımtikili evinin plastik materialdan olan nəfəslik pəncərəsinin açıq olduğunu görmüş. O, dərhal içəri daxil olmuş, evin giriş qapısının yanında olan 1 ədəd 400 manat dəyərində samovar, dəhlizdə olan 1 ədəd 70 manat dəyərində “Candan” markalı santexnik ütüsü, 1 ədəd 80 manat dəyərində “Makita” markalı orta ölçülü laqonda və təxminən 60 manat dəyərində 56 metr uzunluğunda barabanla birlikdə olan elektrik naqilinin oğurlandığını görmüş. Bundan sonra o, yarımtikili evindən oğurluq hadisəsinin baş verdiyini bilmişdir. O, bir qədər əşyalarını axtarsa da tapa bilməmiş. Aradan bir neçə saat keçdikdən sonra Abşeron rayon Polis İdarəsinə zəng edərək məlumat vermiş. Bundan başqa Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, baş vermiş oğurluq nəticəsində, yəni ona məxsus yarımtikili evindən 1 ədəd 400 manat dəyərində samovar, 1 ədəd 70 manat dəyərində “Candan” markalı santexnik ütüsü, 1 ədəd 80 manat dəyərində “Makita” markalı orta ölçülü laqonda və təxminən 60 manat dəyərində 56 metr uzunluğunda barabanla birlikdə olan elektrik naqilinin oğurlanması nəticəsində ona ümumilikdə 610 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2020-ci ilin iyul ayından Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Novxanı qəsəbəsidir. xx.xx.2020-ci il tarixdə vət. Qiyasov X3 rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Novxanı qəsəbəsi, Səfəralı küçəsində yerləşən yarımtikili evindən oğurluq olması barədə məlumat vermiş. Zərərçəkmiş şəxs yarımtikili evindən oğurluq edilməsi cinayətində Abşeron rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş. Təqsirləndirilən şəxs yaşadığı ünvana bir neçə dəfə gedib Abşeron rayon polis idarəsinə dəvət etmək istəsə də sonuncu evdə olmamış. xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində xidmət etdiyi ərazidə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən polis sahə məntəqəsinin qarşısında idarənin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə olan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşmış. Emin yaşadığı evə polis əməkdaşı gedib onu nəyə görə çağırmasını bildirmiş. Onlar da Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Səfəralı küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yarımtikili evdən oğurluq cinayətində onun şübhəli olması barədə məlumatları olduğunu demişlər. Təqsirləndirilən şəxs fərdi söhbət zamanı səmimi etiraf edərək xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Səfəralı küçəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs məxsus yarımtikili evdən oğurluq etdiyini və oğurladığı əşyaları Abşeron rayonu, Novxanı kəndində yaşayan həmkəndlisi Vüqara satdığını bildirmiş. Bundan sonra Şahid3 evinə getmişlər və onu da Abşeron rayon Polis idarəsinə dəvət etmişlər. Şahid3 Təqsirləndirilən şəxs aldığı əşyaları könüllü olaraq Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, arada tikinti işlərində fəhlə işləyir. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 22-23 radələrində yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evində oturmuş. Bu zaman evin qapısı döyülmüş. O, qapını açıb çölə çıxanda həmkəndlisi Eminin qapının ağzında dayandığını görmüş. O, çölə çıxmış. Emin ona uşağı xəstə olduğu üçün 60 manat pula ehtiyacı olduğunu demiş. Emin özünə məxsus özü ilə gətirdiyi 1 ədəd gümüşü rəngli samovar, 1 ədəd “Makita” markalı laqonda, 1 ədəd “Candan” markalı santexnik ütüsü və barabana dolanmış vəziyyətdə elektrik kabelini ümumilikdə 60 manat müqabilində satmaq istədiyini ona bildirmiş. O, da Eminin həqiqətən ehtiyacı olduğunu başa düşüb özündə olan 60 manat pulu Eminə vermiş və pulun müqabilində həmin əşyaları almışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı evin qapısı döyülmüş. O, qapını açıb çölə çıxdıqda iki nəfər mülki geyimdə şəxs görmüş. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bilmiş. Polis əməkdaşları ondan Emin adlı şəxsdən xx xxxxxxx 2020-ci il tarixdə əşya alıbalmamağını soruşduqda, o, həmkəndlisi Emindən həmin tarixdə, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 22-23 radələrində 1 ədəd gümüşü rəngli samovar, 1 ədəd “Makita” markalı laqonda, 1 ədəd “Candan” markalı santexnik ütüsü və barabana dolanmış vəziyyətdə elektrik kabelini 60 manata aldığını polis əməkdaşlarına demiş. O, könüllü olaraq Təqsirləndirilən şəxs aldığı sözügedən əşyaları polis idarəsində təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aldığı qeyd olunan əşyaların oğurluq olması barədə məlumatı olmamış, həmin vaxt Emin uşağı xəstə olduğu üçün ehtiyacı olduğunu ona dedikdə, o, Eminə inanıb həmin əşyaların ona məxsus olduğunu başa düşüb almışdır. İlk dəfədir ki, həmkəndlisi Təqsirləndirilən şəxs əşya almış, əvvəl heç vaxt Emindən heç bir əşya almamışdır. Təqsirləndirilən şəxs oğurluq cinayəti etməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 oğlunun ifadəsindən görünür ki, Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış xx xxxxxx 2020-ci il tarixli 565 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, qeyd olunan xüsusatlara müvafiq Respublika bazarlarında və ticarət məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş vətəndaş Zərərçəkmiş şəxs məxsus oğurlanmış əmlakın orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1.1 ədəd üzərində heç bir markalanma yazısı olmayan 5 litr tutumlu odun samovarı – 90 manat; 2.1 ədəd üzərində “Candan” markalanma yazısı olan boru yapışdırmaq üçün nəzərdə tutulmuş santexnik ütü – 50 manat; 3.1 ədəd üzərində “Makita” markalanma yazısı olan laqonda – 25 manat; 4.Üzərində “X7 Reel” markalanma yazısı olan, tərkibi mis əsaslı ərintidən hazırlanmış barabanla birlikdə 56 metr uzunluğunda kabel – 168 manat. Beləliklə, ekspertiza tədqiqatına təqdim olunan vət. Zərərçəkmiş şəxs məxsus əşyaların 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 333,00 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarından görünür ki, 1 ədəd 5 litr həcmli samovar, 1 ədəd “Candan” markalı santexnik ütüsü, 1 ədəd “Makita” markalı orta ölçülü laqonda və üzərində “X7 Reel” markalanma yazısı olan 56 metr uzunluğunda barabanla birlikdə olan elektrik naqili maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra saxlanması üçün xx.xx.2020-ci il tarixdə sahibi Zərərçəkmiş şəxs qaytarıması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2019-cu il təvəllüdlü İlqar adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 01 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 5 litr həcmli samovar, 1 ədəd “Candan” markalı santexnik ütüsü, 1 ədəd “Makita” markalı orta ölçülü laqonda və üzərində “X7 Reel” markalanma yazısı olan 56 metr uzunluğunda barabanla birlikdə olan elektrik naqilinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 5 litr həcmli samovar, 1 ədəd “Candan” markalı santexnik ütüsü, 1 ədəd “Makita” markalı orta ölçülü laqonda və üzərində “X7 Reel” markalanma yazısı olan 56 metr uzunluğunda barabanla birlikdə olan elektrik naqilinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 (iki yüz yetmiş manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar