Məhkəmə qərarları › İş №1(012)-185/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-185/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-185/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Goranboy rayonu, Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Veyisli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləməsinə inandırıb, oğlu X16 Respublikasında oxuduğu təhsil müəssisəsindən Bakı şəhərində yerləşən Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürüləcəyinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə Zərərçəkmiş şəxs1 2019-cu ilin mart ayının axırlarından xx.xx.2019-cu il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında hissə-hissə olmaqla ümumilikdə 8000 manat, 2019-cu ilin iyun ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi yaxınlığında 3000 manat, 2019-cu ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov adına parkda qardaşı X10 vasitəsi ilə 1100 manat, “Unibank” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 2000 manat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayon Poçt Filialı vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 500 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 1000 manat, xx.xx.2019cu il tarixdə göndərdiyi 300 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 100 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 1000 manat, “Amrahbank” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 2200 manat, “Unibank” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 500 manat, “Amrahbank” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 300 manat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayon Poçt Filialı vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 800 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 200 manat, “Ekspressbank” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 400 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 400 manat, “BTB” bank vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 200 manat, “Ekspressbank” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərdiyi 100 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 400 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 400 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 250 manat, 0xx.xx.2019-cu il tarixdə göndərdiyi 475 manat, xx.xx.2019-cu il tarixdə göndərdiyi 250 manat və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə göndərdiyi 150 manat pulu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən Masazır-1 Poçt şöbəsindən almaqla vahid niyyətlə ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 24025 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə X6 təhsil aldığı Bakı Dövlət Universitetində imtahanlarda almış olduğu qeyri-kafi qiymətlərinin düzəlməsində köməklik göstərəcəyinə vəd verərək aldadıb bu məqsədlə onunla xx.xx.2020-ci il tarixdə Bakı şəhərində görüşüb 300 manat pulunu, bundan sonra atası Zərərçəkmiş şəxs2 oğlu Nicat İsgəndərovun təhsil aldığı Bakı Dövlət Universitetində imtahanlarda almış olduğu qeyri-kafi qiymətlərinin düzəlməsində köməklik göstərəcəyinə vəd verərək aldadıb bu məqsədlə xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Rəhim” marketin qarşısında 1300 manat pulunu, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Atatürk prospektində yerləşən “Million” ödəniş terminalı vasitəsi ilə 4169 7413 0622 8501 saylı hesab kartına göndərdiyi 400 manat, cəmi 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Seyidbəyli küçəsində yerləşən müvəqqəti yaşadığı fərdi yaşayış evinin həyətində olan əşyaları saxlamaq üçün nəzərdə tutulan saxlanc yerinin qapısını açıb oradan 1 ədəd 4 metrlik 250 manat dəyərində olan stolu, hər biri 10 manat olan ümumi 170 manat dəyərində 17 ədəd stulu, 1 ədəd 700 manat dəyərində maşın yuma aparatını, 1 ədəd 250 manat dəyərində ot biçən maşını, 1 ədəd 150 manat dəyərində mişarı, 1 ədəd 350 manat dəyərində soyuducunu və 1 ədəd 150 manat dəyərində internet modemini, cəmi 2020 manat məbləğində Zərərçəkmiş şəxs3 Məmməd oğlunun əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Goranboy rayonu, Veyisli kəndi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Bakı Dövlət Universitetinin X3 fakultəsinin 4-cü kursunu bitirmədən universitetdən ayrılmışdır. Zərərçəkmiş şəxs1 o, tanışı Maşallahın vasitəsi ilə tanımış, Maşallah Türkiyə Respublikasında olan Universitetlərin birində Zərərçəkmiş şəxs1 oğlu Nurlanla birlikdə oxumuşdur. 2019-cu ilin mart ayının ortalarında Maşallah onun tələbə yoldaşı olan Nurlanın Bakı şəhərində yerləşən Universitetlərin birinə köçürmək lazım olduğunu və ona görə də adam axtardıqlarını ona dedikdə o da X12 Respublikasında Bakı şəhərində yerləşən Bədən Tərbiyyəsi və İdman Akademiyasına köçürə biləcəyini və Nurlanla danışıb ona xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra Nurlanın atası Nurlan Cəfərov ona zəng vurmuş və oğlunun işi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. O da Ramizlə Bakı şəhəri, Memar Əcəmi metro stansiyasının yaxınlığında olan “Sonti” marketin qarşında görüşmüş və oğlu Nurlanı Türkiyə Respublikasında oxuduğu universitetdən Bakı şəhərində yerləşən Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürə biləcəyini və həmin işə görə 4500 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs1la görüşdükdə Ramizə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. 2019cu ilin mart ayının axırlarında o, Ramizlə yenidən Bakı şəhəri, Memar Əcəmi metro stansiyasının yaxınlığında olan “Sonti” marketin qarşısında görüşmüş və həmin vaxtı onun qeyri-rəsmi münasibətdə olduğu X5 da onunla birlikdə olmuşdur. Ramiz ilkin olaraq 1000 manat ona pul vermiş və qalan pulu isə tez bir zamanda verəcəyini demişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə o, yenidən Gülnarla birlikdə Ramizlə yenə həmişəki yerdə, yəni Bakı şəhəri, Memar Əcəmi metro stansiyasının yaxınlığında olan “Sonti” marketin qarşısında görüşmüş və Ramiz yenə də ona 1500 manat pul vermişdir. Bir müddətdən sonra o, yenidən həmin yerdə görüşərək Ramizdən yenidən 2000 manat pul almış və Ramizə narahat olmamasını oğlu Nurlanın məsələsini tez bir zamanda həll edəcəyini demişdir. Bundan bir müddət sonra Ramiz ona zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda o da Ramizi aldadaraq universitetlər arasında köçürmə olacağı təqdirdə fərq imtahanları olacağını və ona görə də əlavə pul lazım olduğunu demişdir. Ramiz də onunla razılaşmış və nə qədər pul lazım olacağını ondan soruşduqda o da maraqlanıb deyəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin may və iyun ayında o, yenidən Ramizə zəng vurmuş və imtahanlara görə əlavə 3600 manat pul lazım olduğunu demişdir. Ramiz də onunla razılaşdıqda o da Ramizə qardaşı Sakifi göndərəcəyini və 3600 manat pulu ona verməsini demişdir. 2019-cu ilin may-iyun ayları ərzində Ramiz qardaşı Sakiflə Bakı şəhəri, Memar Əcəmi metro stansiyasının yaxınlığında olan “Sonti” marketin qarşısında görüşmüş və birinci dəfə 1000 manat pulu, ikinci dəfə isə yenə həmin yerdə 1500 manat pulu, 2019-cu iyun ayının ortalarında isə Ramiz qardaşı Sakitlə Bakı şəhəri, Nərimanov rayonu,yerləşən parkda görüşərək qardaşı Sakifə 1100 manat pul vermişdir. O, həmin pulları hər dəfə qardaşından götürərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Ramiz hər dəfə onunla əlaqə saxlayaraq işin nə yerdə olduğunu maraqlandıqda o da müəyyən problemlərin olduğunu, yəni Təhsil Nazirliyindən yenə də pul istədiklərini demişdir. Bundan sonra o, hər dəfə müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs1 poçt və bank vasitəsi ilə 15800 manat pul almışdır. O, axırıcı dəfə Zərərçəkmiş şəxs1 ona göndərdiyi 150 manat pulu xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən poçtdan götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 ona hər dəfə zəng vurub işin nə yerdə olduğunu soruşduqda o da müxtəlif bəhanələr gətirərək Ramizi aldatmışdır. Bundan sonra o, mobil nömrələrini dəyişmişdir. Bundan başqa bildirdi ki, Zərərçəkmiş şəxs2 X19ni 2014-2018-ci illərdə Bakı Dövlət Universitetində eyni fakultədə təhsil alması səbəbindən tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. 2020-ci ilin may ayının sonlarında Nicat ona zəng edərək imtahanları verə bilmədiyini, həmçinin 8 kəsri olduğunu söyləmişdir. Bu səbəbdən də ondan imtahanlarının verilməsinə köməklik edə bilib-bilməməsini soruşmuşdur. Həmçinin Nicat ona kəsr imtahanlarının düzəlməsinə görə 2000 manat verməyə gücü çatdığını bildirmiş, həmin vaxt o, Nicata tanışlarından maraqlanacağını və münasib adam tapa bilsə ona köməklik göstərəcəyini bildirmişdir. O, tanışı Asim adlı şəxslə bu barədə danışdıqdan sonra Asim ona bu işi 4000 manat müqabilində həll edə biləcəyini demiş, Lakin o, Asimin 4000 manat müqabilində həll edə biləcəyini Nicata deməmiş və Nicata işi 2000 manat müqabilində həll edəcəyinə söz vermişdir. Nicat atası ilə danışıb atasından pul aldıqdan sonra xx.xx.2020-ci il tarixdə ona kəsr imtahanlarının həlli üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Rəhim” marketin qarşısında ona 300 manat vermişdir. Qalan pulu da yaxın vaxtlarda atası Mahirlə gətirib verəcəklərini söyləmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə Nicat atası Mahirlə gəlib Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Rəhim” marketin yanında onunla görüşüb söhbət etmişlər. Həmin vaxt Mahir Ələsdanov ona 1300 manat da gətirə bildiyini, əvvəlki 300 manatla birlikdə ümumilikdə 1600 manat verə biləcəklərini demişdir. Bundan sonra o, Mahirə 1600 manat müqabilində Nicatın kəsr imtahanlarının düzəlməsini həll edəcəyinə söz vermişdir. Bundan sonra Mahir Ələsdanov ona 1300 manat da vermişdir. Lakin o, xx.xx.2020-ci il tarixdə yenidən Mahirə zəng edib Nicatın kəsr imtahanlarının düzəlməsi işinin 1600 manata həll oluna bilmədiyini, əlavə olaraq 400 manat da göndərməsini söyləmişdir. Bundan sonra Mahir Ələsdanov yaşadığı Gəncə şəhərindən “Milliön” ödəmə terminalı vasitəsilə ona verdiyi 4169 7413 0622 8501 nömrəli kart hesabına 400 manat da göndərmişdir. Lakin bundan sonrakı vaxtlarda ona verdiyi sözə əməl edə bilməmişdir. X9 aldığı ümumilikdə 2000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Mahir Ələsdanov və oğlu Nicat ona hər dəfə zəng etdiklərində Mahirgilə müxtəlif bəhanələr gətirərək Mahirdən aldığı 2000 manat pulu geri qaytarmamışdır. O, Zərərçəkmiş şəxs3 2019-cu ilin oktyabr ayının 18-dən etibarən tanıdığını, 2019-cu ilin oktyabr ayının 18-dən etibarən Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Zərifə və qardaşı Sakiflə birlikdə təxminən 3 ay yaşadığını bildirərək göstərdi ki, sonradan balaca qardaşı Sakif Goranboy rayonuna getmiş, o isə Bakı şəhərinə gedib orada tək yaşamağa başlamışdır. Bundan sonra 2019-cu ilin oktyabr ayının 18-dən 2020-ci ilin avqust ayının 6-dək orada anası Zərifə tək yaşamış, tez-tez gəlib anasına baş çəkmişdir. Həmin vaxt Novruzun evinin həyətini də suvarmışdır. Novruzun evinin açarının biri Novruzda digəri isə anasında olmuşdur. Novruzun evi dörd mərtəbəlidir. Onlar həmin evin 1-ci mərtəbəsində yəni qarajda yaşamışlar. Ancaq, 2,3,4-cü mərtəbdəki evlərin açarları isə Novruzun özündə olmuş, Novruzun evinin arxasında əl yerinin açarı və həyətin darvazasının açarı onlar da olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Novruzun evindən oğurladığı 1 ədəd taxta materialdan olan 4 lik qabaq stolunu 60 manata, 16 ədəd stulları isə 42 manata Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Simfoniya” adlı kafeni işlədən Qoşqar adlı şəxsə 2 ay müddətinə icarəyə vermiş, 1 ədəd soyuducunu isə ehtiyacı olduğu üçün Neftçilər metrosunun yaxınlığında yerləşən soyuducu və kondinsoner təmiri ilə məşğul olan tanımadığı şəxsə 150 manat satmış və həmin şəxs VAZ 21011 markalı qəhvəyi rəngli avtomaşınla gəlib Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Novruza məxsus fərdi evin həyətindən götürüb aparmışdır. Qalan əşyalardan məlumatı yoxdur. Sonda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu əsas gətirərək onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs oğlu Nurlan Cəfərov ilə birlikdə Türkiyə Respubklikasında təhsil alan Maşallah adlı şəxsin vasitəsilə tanımışdır. X7 Kastomano şəhərində təhsil almışdır. Oğlunun Azərbaycan Respublikasında X4 təhsilini davam etdirmək üçün köçürməsinə köməklik etmək üçün oğlu Nurlanın tələbə yoldaşı Maşallahın verdiyi nömrə əsasında Təqsirləndirilən şəxsla 2019-cu ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrosu yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edib, tələbələrin xaricdən Azərbaycan Respublikası ərazisində yerləşən universitetlərə köçürmə işləri ilə məşğul olduğunu və oğlu X2 oxuduğu universitetdən Bakı şəhəri Bədən Tərbiyəsi universitetinə köçürmə etməyə köməklik göstərəcəyini ona bildirmişdir. Sahib ilkin olaraq köçürmənin 4500 manat düzələcəyini desə də, sonradan 3 illik təhsil haqqı və imtahanlar da daxil olmaqla müxtəlif adlarla ümumilikdə 23900 manat pul almışdır. Həmin pulun 8000 manat hissəsini 2019-cu ilin mart ayından 2019-cu ilin iyun ayına qədər olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrosu yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra təxminən iyun ayının ortaları Sahib yenidən ona zəng vurmuş və 3000 manat pul istəmişdir. O, Sahiblə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi yaxınlığında görüşmüş və Sahibə 3000 manat pul vermişdir. Sahib ona narahat olmamağı və yaxın günlərdə oğlu Nurlan Cəfərovun köçürmə məsələsinin həll olunacağını bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin iyun ayının sonları Sahib ona zəng vurmuş və təcili olaraq 1100 manat pul lazım olduğunu bildirmişdir. O Sahiblə görüşüb pulu Sahibə verə biləcəyini bildirmişdir. Sahib ona işi olduğunu və pulu ondan qardaşı Sakifin götürəcəyini bildirmişdir. O, həmin günü Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkının yaxınlığında Sakiflə görüşmüş və həmin zaman Sakifə 1100 manat pul vermişdir. O, Sakiflə söhbət zamanı başa düşmüşdür ki, Sakif də Nurlanın köçürmə işi bağlı məlumatlıdır. Bundan sonra Sahib ondan yenidən Nurlanın köçürmə işi bağlı pul istəmiş və o da hissə-hissə Sahibə bank və poçt vasitəsi ilə 11800 manat pul göndərmişdir. Qeyd olunan 11800 manat pulun hər hansı bir hissəsini o, Sahiblə görüşüb verməmişdir. Sahib hər dəfə müxtəlif bəhanələr gətirib onunla görüşməmişdir. Sonuncu dəfə o, 150 manat pulu xx xxxxxxxx 2019-cu il tarixdə Sahibə Bakı şəhəri, Yasamal rayonundan poçt vasitəsi ilə göndərmiş və Sahib həmin pulu Masazır qəsəbəsində yerləşən poçtdan götürmüşdür. Bundan sonra o, Sahiblə əlaqə saxlaya bilməmişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini tələb etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Onun özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evi var. Ancaq o, həmin evdə yaşamır. Evində yaşamaq üçün hər şey var. O, təxminən 2019-cu ilin avqust ayında evində yaşayıb evinə nəzarət etmək üçün adam axtarmış, həmin vaxt o, Zərifə adlı bir qadını tapmış, həmin qadınla söhbət etmişdir. Söhbət zaman Zərifə Ağdərə rayonundan olduğunu, həmin evdə 2 oğlu ilə birlikdə yaşayıb evə nəzarət edəcəyini demişdir. O da Zərifəyə kirayə pulu istəmədiyini, ancaq, işıq, qaz və su pulunu ödəməsini, burada yaşamasını, evinə nəzarət etməsini demişdir. Bundan sonra Zərifə oğlanları ilə birlikdə onun evinə köçüb yaşamağa başlamışdır. Özü də ara-sıra nəzarət üçün gəlib-getmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə o, evinə gəlmiş və Zərifə ilə söhbət etmək istəmişdir. Həmin vaxtı Zərifə evdə olmamış qapını özündə olan açarla açıb həyətinə daxil omuş və bu zaman Zərifənin oğlu çölə çıxıb anasının işdə olduğunu demişdir. O, həmin vaxt həyətə baxıb həyətdə olan özünə məxsus taxta materialdan olan qabaq stolunu oturacaq stullarını görməmişdir. O, həmin vaxtı Zərifənin oğlundan onun stol və stullarının harada olduğunu soruşmuş, Zərifənin oğlu isə tanışlarının ad günü olduğu üçün ona verdiklərini, ad günlərini keçirdib sabah gətirəcəyini demiş, o, yenidən səhəri günü gəlmiş yenə stullarını soruşmuş, o, yenə axşam gətirəcəyini demiş ancaq gətirməmişdir.O, evinin arxasında əl evinin qapısının açarını Zərifəgilə verdiyini, həmin el evində evə lazım olan əşyaları saxladığını bildirmiş, həmin gün Zərifənin oğluna əl evinin açarlarını gətirib ona verməyi demiş, Zərifənin oğlu isə hər dəfə açarın anasında olduğunu demişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə saat təxminən 09 radələrində evinə gədən zaman Zərifənin ona heç nə demədən öz əşyalarını götürüb evdən çıxdığını görmüşdür. O, bu zaman əl evinin açarını Zərifəgildən alaraq əl evinə baxmış, orada saxladığı özünə məxsus avtomobil yuma aparatının, ot biçən mişarın, uqalarez adlı usta alətinin yerində olmadığını görmüşdür, Sonra isə Zərifəgilin yaşaması üçün Zərifəgilə icazə verdiyi evin 1-ci mərtəbəsində olan 2 qapılı açıq boz rəngində olan soyuducunun, eyni zamanda həmin 1-ci mərtəbədə internet üçün istifadə olunan madem aparatınında oğurlandığını görmüşdür. Bundan sonra həmin əşyaların Zərifə və oğlanları tərəfindən oğurlanaraq ələ keçirilməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmçinin həmin şəxslərin onun evində yaşayan zaman 300 manata yaxın qaza işığa və suya borcları olduğunu, borcuda da ödəmədiklərini bilmişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini tələb etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs oğlu Nicatın vasitəsilə tanımışdır. X19 2014-2017-ci illərdə Bakı Dövlət Universitetində təhsil almış, lakin Nicat 2017-ci ildə imtahanlarını verə bilmədiyi üçün 8 kəsri olmuşdur. Ona görə də Nicat həmin il hərbi xidmətə getmiş və 2019-cu ilin yanvar ayında hərbi xidmətini başa vuraraq evə qayıtdıqdan sonra kəsr imtahanlarını düzəlməsinə kömək edə bilən münasib adam axtarmağa başlamışdır. 2020-ci ilin may ayında oğlu Nicat Bakı şəhərində olarkən ona zəng edərək onunla eyni fakültədə oxuyan və tanışlıq münasibətləri olan Təqsirləndirilən şəxs onun kəsr imtahanlarını 2000 manat müqabilində düzəldəcəyinə söz verdiyini, buna görə də Sahibə ilkin olaraq 300 manat verdiyini bildirmişdir. Bundan sonra o, Sahiblə telefon əlaqəsi saxlayıb oğlu Nicatın kəsr imtahanlarını düzəltməyi üçün 2000 manata gücünün çatmadığını, hazırda 1300 manat düzəltdiyini, Nicatın ona verdiyi 300 manatla birlikdə ümumilikdə 1600 manata bu işi həll etməsini xahiş etmişdir. Sahib ona razılıq verdiyi üçün o, xx.xx.2020-ci il tarixdə yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə gəlib oğlu Nicatla görüşmüş və sonra onlar Abşeron rayonu, Masazır qəsəbəsinə gedib “Rəhim” marketin yaxınlığında Sahiblə görüşmüşlər. Söhbət əsnasında Sahib 1600 manat müqabilində Nicatın kəsr imtahanlarını düzəldəcəyinə bir daha söz vermişdir. Ona görə də o, həmin vaxt Sahibə oğlu Nicatın yanında 1300 manat vermişdir. Sahib ona Nicatın xx.xx.2020-ci il tarixə təyin olunmuş imtahandan keçəcəyinə əmin etmişdir. Həmin gün oğlu Nicatla yaşadığı Gəncə şəhərinə qayıtmışlar. xx.xx.2020-ci il tarixdə Sahib oğlu Nicata zəng edərək kəsr imtahanlarının 1600 manata həll oluna bilmədiyini, ona əlavə olaraq “Million” ödəniş terminalı vasitəsilıə 400 manat da göndərməsini bildirmişdir. O, məcbur olub Nicata 400 manat vermiş və Nicat da Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Million” ödəniş terminalı vasitəsillə Sahibin verdiyi kart hesabına 400 manat da göndərmişdir. Həmçinin Sahib təxminən yarım saatdan sonra Nicata 400 manatı da götürdüyünü bildirmişdir. Bundan 1-2 gün sonra Sahib yenidən oğlu Nicata zəng edərək bu iş üçün 500 manat da əlavə göndərməli olduğunu bildirəndə onlara məlum olmuşdur ki, Sahib onlara qarşı dələduzluq etmişdir. Ona görə də o, Sahibə zəng edərək pulunu geri qaytarmasını bildirəndə Sahib pulu geri qaytarmayacağını, onları aldatdığını söyləmişdir. Bir neçə dəfə Sahiblə əlaqə saxlayıb 2000 manat pulunu qaytarmağı bildirsələr də Sahib müxtəlif bəhanələr gətirərək pulunu qaytarmayacağını söyləmişdir. Ona görə də o, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edərək 2000 manat pulunu ələ keçirdiyinə görə X15 barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 rayonu, Veysli kəndində yaşadığını, Zərərçəkmiş şəxs3 2019-cu ilin oktyabr ayının 18-dən etibarən tanıdığını bildirərək göstərdi ki, o, 2019-cu ilin oktyabr ayının 18-dən etibarən Zərərçəkmiş şəxs3 məxus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində təxminən üç ay oğlanları Sakit və Təqsirləndirilən şəxslarla birlikdə yaşamışlar. Sonra isə balaca oğlu Sakit Goranboy rayonuna getmiş, Sahib isə Bakı şəhərinə gedib orada tək yaşamağa başlamışdır. O, 2019cu ilin oktyabr ayının 18-dən 2020-ci ilin avqust ayının 6-dək orada yaşamışdır. Novruz evin açarını birini ona vermişdir. Novruzun evi dörd mərtəbəlidir. O, həmin evin 1-ci mərtəbəsində, yəni qarajda yaşamışdır. Ancaq, 2,3,4-cü mərtəbdəki evlərin açarları Novruzun özündə olmuşdur. Novruzun evinin arxasaında olan əl yerinin açarıda onda olmamışdır. Onda ancaq evin 1-ci mərtəbəsinin və həyət darvazasının qıfılının açarı olmuşdur. Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Seyidbəyli küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan əşyaları saxlamaq üçün nəzərdə tutulan saxlanc yerindən 1 ədəd 4 metrlik 250 manat dəyərində olan stolu, hər biri 10 manat olan ümumi 170 manat dəyərində 17 ədəd stulu, 1 ədəd 700 manat dəyərində maşın yuma aparatını, 1 ədəd 250 manat dəyərində ot biçən maşını, 1 ədəd 150 manat dəyərində mişarı, 1 ədəd 350 manat dəyərində soyuducunu və 1 ədəd 150 manat dəyərində internet modemini, cəmi 2020 manat məbləğində əmlak oğurlanmışdır. Oğlu Təqsirləndirilən şəxs həmin əşyalardan yalnız 1 ədəd 4 metrlik 250 manat dəyərində olan stolu, hər biri 10 manat olan ümumi 170 manat dəyərində 17 ədəd stulu və 1 ədəd 350 manat dəyərində soyuducunu oğurlayıb satdığını etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 8 ünvanında yaşayır. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin fevral ayından etibarən tanımışdır. O, özü Abşeron rayonu Masazır qəsəbəsində “SİNFONİYA “ kafesini icarəyə götürüb işlədir. Həmin vaxtdan da Sahib onun kafesində qəlyançı kimi işləmişdir. Sahiblə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Sahib onun yanında fevral ayından mart ayına kimi işləmiş sonra karantin rejimi ilə əlaqədar online vasitəsi ilə işləmişdir. Təqsirləndirilən şəxs onun yanında işlədiyi vaxtı ona 1 ədəd taxta materialdan olan 3 metrlik qabaq stolunu və 9 ədəd oturacaq kalçuk materialdan olan stulları satmışdır. O, qabaq stola görə Sahibə 60 manat, 9 ədəd oturacaq stullarına isə 40 manat pul verib almışdır. Bundan başqa heç nə almamışdır. Sahib ona stol və stullardan başqa heç nə satmamış, ancaq ona demişdir ki, “soyuducum var satıram” o, isə ehtiyacı olmadığı üçün almamışdır. Sahib həmin stol və stulları özü taksi ilə kafeyə gətirib təxminən 2020-ci ilin may ayının ortalarında satmışdır. Həmin stol-stulların oğurluq olması barədə ona heç nə deməmişdir. Ona həmin stol və stulların onun özünə məxsus olduğunu bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli 9/3267 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 330 manat müəyyən olunur. O cümələdən:

1. 1 ədəd ayaq hissələri dəmir, üst hissəsi şam ağacı materialından olan uzunluğu 4 metr, eni 0.80 metr olan masa(stol)- 250.00 manat,

2. 8 ədəd ağ rəngli plastik materialdan olan oturacaq -80.00 manat. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə Şahid aşkar olunaraq götürülmüş bir ədəd stol və 8 ədəd stul ekspertizadan sonra maddi sübut qismində tanınaraq və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 Məmməd oğluna təhvil verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 178.2.2ci və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünümüdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2020-ci il tarixdə axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Daha sonra Abşeron RM-nin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Şahid aşkar olunaraq götürülmüş bir ədəd stol və 8 ədəd stul saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 Məmməd oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış Şahid aşkar olunaraq götürülmüş bir ədəd stol və 8 ədəd stul saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 Məmməd oğluna təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar