Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-185/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, İmişli rayonu İmişli şəhəri Heydər Əliyev prospekti ev 208 ünvanında qeydiyyatda olmaqla orada yaşayan barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə kirayədə yaşadığı X3 məxsus Xırdalan şəhəri 27-ci məhəllə ev 21 mənzil 60-dan 1 ədəd 400 manat dəyərində 80 diaqanal ölçüdə “LC” markalı televizoru, 1 ədəd 840 manat dəyərində “Sony” markalı televizoru, 1 ədəd 300 manat dəyərində “Monoluks” markalı çörək sobasını, 1 ədəd 600 manat dəyərində “BCE” markalı paltar yuyan maşını, ümumi dəyəri 250 manat olan təmir tikinti alətlərini(komplekt drel, çəkic və balta) gizli olaraq talayıb, zərərçəkmiş şəxs X3 2390 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Nuridə Binnəyətəliyevanı dörd ildir ki, tanıyır, onunla ədavəti və düşmənçiliyi olmayıb. İmişlı rayonunda qeydiyyatda olsa da, 7 ildən artıqdır ki, Abşeron rayonunda yaşayır. Evi olmadığı üçün ailə üzvləri ilə birlikdə kirayə mənzillərdə yaşayır, həm də fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. O cümlədən Nuridə Binnəyətəliyevaya məxsus Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evdə təxminən dörd il olar ki, kirayədə yaşamışdır. Həmin mənzili onun üçün əmlakçı Yusif kirayələmiş və onun iştirakı ilə mənzili kirayə müqaviləsi əsasında təhvil almışdır. Həmin mənzilin kirayəsi olaraq əvvəlcə ayda 200 manat, bir müddət sonra ayda 230 manat kirayə haqqı ödəmişdir. O, karantin rejimi vaxtı işləmədiyi üçün iki ay kirayə pulunu ödəyə bilməmişdir. Sonradan həmin iki ay kirayə pulunu tədricən ödəmişdir. Lakin ona mənzilin kommunal borclarından 230 manat borclu qalmışdır. X4 BMW markalı, ** NH *** qeydiyyat nişanlı avtomobil icarəyə vermişdir. Avtomobili şifahi razılaşma əsasında ayda 500 manat olmaqla icarəyə götürmüşdü. Avtomobilin icarə haqqını hər ay ödəmiş, avtomobilin icarəsi ilə əlaqədar Nuridəyə borcu olmamışdır. Nuridə Binnəyətəliyeva onun kirayə qaldığı mənzili yaşadığı müddətdə təmir elətdirmişdir. Ona görə də narahat olmuş, bundan başqa hamamı sökdürdüyü üçün hamamsız qalmış, bu səbədbən məcbur olub, xx.xx.2021-ci il tarixdə günorta saatlarında həmin evdən çıxıb başqa evə köçmüşdür. Nuridə Binnəyətəliyevaya məxsus evdən ona məxsus əşyaları oğurlamamışdır. Nuridə Binnəyətəliyevanın evində iki ədəd yox, bir ədəd qara rəngli, 1988-ci ilin istehsalı olan, yumru ekranlı “Sony” markalı köhnə televizoru olmuşdur. Həmin televizor hazırda çox az hallarda istifadə olunur. Belə bir televizorun kimsə tərəfindən oğurlanması inandırıcı deyildir. Nuridənin kirayədə qaldığı evində köhnə modelli paltaryuyan maşını olmuş, ondan istifadə etməmişlər. Onun digər əşyalarından da istifadə etməmiş və götürməmişdir. Nuridə ilə üzbəüz gəlməmək üçün evi onun özünə təhvil verməmiş bu barədə də arvadı Arzuya heç bir söz bildirməmişdir. İlkin verdiyi ifadə də Nuridəyə evi təhvil verməyi ilə bağlı telefonla deməyini yalandan demişdir. Hazırda dəymiş ziyandan qismən ödəniş etmişdir, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi baş vermiş, ünvan 1 ünvanı ona məxsusdur. Həmin mənzili 2020-ci ilin əvvələrində Şahid4 və onun əri Təqsirləndirilən şəxs kirayə vermişdir. Mənzili kirayə vermək barədə kirayə müqaviləsi bağlamış və evdə olan əşyaların siyahısını qeyd etmişdir. Mənzilin kirayə haqqı olaraq 200 manata razılaşsalarda, 2021-ci ilin iyul ayında başlayaraq kirayə haqqını 30 manat qaldırmış və 230 manat olmuşdur. 2021-ci ilin oktyabr ayının 25-də Arzuya zəng vurub, evdə olan onların istifadə etmədiyi taxtı və bəzi təmir alətlərini götürmək istədiyini bildirmişdir. Həmin vaxt Arzu evdən artıq 3 gündən çoxdur çıxdıqlarını demişdir. Həmin vaxt hansı səbəbə evi təhvil vermədiyini soruşub, həm kirayə haqqını vermək üçün həm də evi təhvil vermək üçün onunla görüşmək istədiyini bildirmişdir. Lakin Arzu özünə məlum olan səbəblərdən imtina eləmişdir. Ondan açarı istəmiş, lakin gəlməkdən imtina eləmişdir. Həmin mənzilə gedəndə evdən oğurluq olduğunu aşkar eləmişdir. Ona məxsus mənzildən 1 ədəd dəyəri 400 manat olan 80 dioganal ölçüdə “LC” markalı televizorun, 7 il bundan əvvəl aldığı 1 ədəd 700 dolar dəyərində həmin vaxt üçün 840 manat ekvivalentində 80 dioganala ölçüdə “Sony” markalı televizoru, 1 ədəd 300 manat dəyərində “monolüks” markalı ağ rəngli çörək sobası, 1 ədəd 600 manat dəyərində “BCE” markalı ağ rəngli paltaryuyan maşını, ümumi dəyəri 250 manat olan təmir tikinti alətlərinin(komplekt drel, çəkic, balta və s) oğurlandığını aşkar eləmişdir. Oğurluq nəticəsində ona 2390 manat ziyan dəymişdir. Arzunu və Elçini ev-alqı satqısı işləri ilə məşğul olan Şahid3 vasitəsilə tanımışdır. Ona məxsus kirayədə yaşayan Arzu və Elçinin kirayə haqqı olaraq 430 manat borcu qalmışdır. İlkin ifadəsində oğurluq nəticəsində 2150 manat ziyan dəydiyini bildirsə də, həmin vaxt “Sony” markalı televizorun dəyərini 700 dollar kimi göstərsə də, həmin vaxt üçün ekvivalenti hesablanmamışdır. Evin açarını işıq sayğacının içərisindən aşkar eləmişdir. 2021-ci ilin oktyabr ayının əvvələrində ona məxsus mənzilin kombi sistemini Murad və Samir adlı şəxslər düzəltmişdir. Bundan başqa hamam otağının kafelini də onlar vurmuşdur. Həmin vaxt Arzu və Elçin həmin mənzildə qalmışdır. Onlar işdə olan müddət ərzində ustalar evdə işləmişlər. Arzu açarı işıq sayğacının içərisinə qoyurdu. O, da ustalar gəlməzdən təxminən 15 dəqiqə qabaq gəlib, qapını açır, sonra ustalara evi təhvil verib gedir. Bundan sonra onlar işlərini qutarandan sonra gəlib evi təhvil alıb ustaları yola salandan sonra qapını bağlayıb, açarı yenidən işıq sayğacına qoyur. Bu barədə ustaların xəbəri olmur. Yəni açarın sayğacda olması barədə onlar bilmirlər. Arzu evi ona təhvil verməyəndə və açarın harada olmasını bildirməyəndə düşünür ki, evin açarı işıq sayğacının içərisindədir. O, da işıq sayğacının içərisində tapandan sonra qapını açmış və evdə əşyaların oğurlandığını və paltaryuyan maşının yerində çıxdığı üçün birləşdiyi şlanqdan su axdığını görmüşdür. Bu barədə zəng vurub Samirə bildirmiş, o da gəlib şlanqı təmir eləmişdir. Son 3 gün idi ki, Arzu onun zənglərinə cavab vermirdi. Həm kirayə pulunu almaq üçün, eyni zamanda evdə olan təmir tikinti əşyalarını və istifadə edilməyən taxtı götürmək üçün ona zəng vururmuş. O, xx.xx.2021-ci il tarixdə günorta vaxtı onun zənginə cavab vermişdir. Hansı səbəbə telefonu götürmədiyini soruşmuşdur. O, isə evdən 3 gündür ki, çıxdıqlarını ona deyib, lakin onunla görüşməkdən və açarı verməkdən imtina eləmişdir. O, gedib evdən oğurluq olduğunu aşkar etdikdən sonra ona zəng vurub, lakin o cavab verməmiş və ona Whatsapp sosial şəbəkəsi vasitəsilə “özünü yorma zənglərə cavab verməyəcəm” sözlərini işlətmişdir. Evdən oğurluq olduğunu bildirmişdir. Bu barədə onun məlumatının olmadığını demişdir. Onu dəfələrlə evə dəvət eləsədə, gəlməkdən imtina eləmişdir. Arzu və Elçin evdə xəbərsiz gedəndə 257 manat komunnal borcu və 430 manat kirayə borcu olmuşdur. Hazırda dəymiş ziyandan 500 manat ödənilmişdir, yüngül cəza təyin edilməsini xahiş edir, qalan ziyanı tələb edir və bununla bağlı da mülki iddia vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, əri ilə birlikdə Salyan rayonunda yaşayır, təsərrüfat işləri ilə məşğul olur. Həmin əkdiyi təsərüffat mallarını ilin müxtəlif vaxtlarında əri ilə birlikdə Xırdalan şəhər bazarında satmaq üçün ünvan 2 ünvanında kirayədə yaşayır. Nuridə Binnəyətəliyevaya məxsus mənzil binanın 3-cü mərtəbəsində, yaşadığı mənzil isə 4-cü mərtəbəsində yerləşir. Nuridə Binnəyətəliyevanı qonşu kimi tanıyır, aralarında heç bir ədavətləri yoxdur, lakin yaxın münasibətləri də yoxdur. Nuridəyə məxsus mənzildə kirayədə yaşayan Təqsirləndirilən şəxs da tanıyır, yaxınlıq münasibətləri yoxdur, bu günə kimi aralarında heç bir ədavətləri olmayıb. Elçin arvadı Arzu ilə birlikdə həmin mənzildə yaşayır. Onların arasında tez-tez münaqişələr olur. 2021-ci ilin oktyabr ayının sonunda Elçinin köçdüyünü görmüşdür. Həmin vaxt binanın dəhlizindəki pilləkan ilə yuxarı qalxırmış. Həmin vaxt Elçin ağ rəngli markasını görə bilmədiyi böyük həcmli paltaryuyan maşını dəhlizə qoyduğunu görmüşdür. O, əşyaları qutulara yığıb, binanın dəhlizinə yığırmış. Bu onun diqqətini cəlb eləmiş və eyvanda baş verənləri izləməyə başlamışdır. Elçinin iki ədəd televizoru və bozumtul rəngli peçi BMW markalı avtomobilin salonuna qoyduğunu görmüşdür. Digər əşyaları qutuda və bağlı şəkildə apardığını görsədə, içərisində dəqiq nə olduğunu görməmişdir. X2 bu barədə yəni evində oğurluq hadisəsi baş verməsi ilə bağlı nömrəsi onda olmadığı üçün məlumat verə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Nuridə Binnəyətəliyevanı dörd ildir ki, tanıyır, onunla ədavəti və düşmənçiliyi olmayıb. Nuridə Binnəyətəliyevaya məxsus Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evdə təxminən dörd il olar ki, kirayədə yaşamışdır. Həmin mənzili əmlakçı Yusif kirayələmiş və onun iştirakı ilə mənzili kirayə müqaviləsi əsasında təhvil almışdır. Həmin mənzilin kirayəsi olaraq əvvəlcə ayda 200 manat, bir müddət sonra ayda 230 manat kirayə haqqı ödəmişdir. Əri Elçin işləmədiyinə görə iki ay kirayə pulunu ödəyə bilməmişdilər. Sonradan həmin iki ay kirayə pulunu tədricən ödəmişdir. Lakin ona mənzilin kommunal borclarından 230 manat borclu qalmışdır. X8 ərinə BMW markalı ** NH *** qeydiyyat nişanlı avtomobil icarəyə vermişdir. Avtomobili şifahi razılaşma əsasında ayda 500 manat olmaqla icarəyə götürmüşdür. Avtomobilin icarə haqqını hər ay ödəmiş, avtomobilin icarəsi ilə əlaqədar Nuridəyə borcu olmamışdır. Nuridə Binnəyətəliyeva onun kirayə qaldığı mənzili yaşadığı müddətdə təmir elətdirmişdir. Ona görə də narahat olmuş, bundan başqa hamamı sökdürdüyü üçün hamamsız qalmışdır. Ona görə də məcbur olub, xx.xx.2021-ci il tarixdə günorta saatlarında həmin evdən çıxıb başqa evə köçmüşdür. Nuridə Binnəyətəliyevaya məxsus evdən ona məxsus əşyaları oğurlamamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. 2021-ci ilin oktyabr ayının əvvələrində Murad adlı usta ilə birlikdə Nuridə Binnəyətəliyevaya məxsus Xırdalan şəhəri 27-ci məhəllə ev 21 mənzil 60 ünvanında yerləşən bir otaqlı mənzilin kombi sistemini və hamam otağının kafel işlərini görmüşlər. Həmin mənzildə təxminən 7-8 gün işləmişdir. Nuridə Binnəyətəliyeva gündəlik saat 10 radələrində özünə məxsus mənzilin qapısını açır, Murad ilə birlikdə işlərini görür, sonra isə saat 17 radələrində evə gəlib mənzili təhvil alır və onlar çıxıb gedirdilər. Həmin mənzildə kirayədə Arzu və əri Elçinin yaşadığını bilirdi. Onları iki dəfə görmüşdür. Arzu və Elçin evdə olmadıqları vaxt onlar evdə işləyir, evdə kirayədə yaşayan şəxs olduğunu bildikləri üçün gündəlik təmizlik işləri görüb evdən çıxırlar. Muradı həmin vaxtdan sonra görməmişdir. O, işlədikləri dövrdə Azərbaycan Respublikasının hüdudlarından kənara işləmək üçün gedəcəyini demişdir. Muradın getdiyini düşünür. Evdə işi qutarandan sonra zəhmət haqqlarını alıb, evi təhvil verib getmişlər. Bundan sonra 2021ci ilin oktyabr ayının 25-də Nuridə Binnəyətəliyeva ona zəng vurub, evi su basdığını bildirmişdir. Onların ehtiyatsızlığından su axdığını düşünüb, həmin mənzilə gəlmişdir. Orada olanda Elçinin evdən bəzi əşyaları oğurladığı məlum olmuşdur. Mətbəxdə olan paltar yuyan maşını yerindən çıxartmış, həmin maşının qoşulduğu şlanq boşluqda qaldığı üçün su axmışdır. O da həmin şlanqı bərpa eləmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, evsatqısı işləri ilə məşğul olur. 2020-ci ilin əvvəlində Nuridə Binnəyətəliyevaya məxsus Xırdalan şəhəri 27-ci məhəllə ev 21 mənzil 60 ünvanında yerləşən bir mərtəbəli mənzili Təqsirləndirilən şəxs kirayə verilməsinə köməklik etmişdir. Həmin mənzili onlar 200 manata razılaşmışlar. Təxminən 5-6 ay bundan qabaq Elçinin onun evindən iki ədəd televizoru, paltar yuyan maşını, çörək sobasını, iki ədəd taxt üstlüyü, təmir tikinti alətlərini oğurlandığını Nuridə Binnəyətəliyeva ona bildirmiş və hansı səbəbə belə insanı onun evinə gətirdiyini soruşmuşdur. O, isə həmin şəxsi müştəri kimi tanıdığını heç bir əlaqəsi olmadığını demişdir. Təqsirləndirilən şəxs oğurluq edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Bu barədə bir neçə ay öncə Nuridədən eşitmişdir. Nuridə Binnəyətəliyeva mənzili Elçinə verəndə verəndə iki ədəd televizor, paltar yuyan maşın, soyuducu, çörək sobası olmuşdur. Qalan iki ədəd taxt üstlüyü, təmir tikinti alətlərini görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulduğu üçün cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham xx.xx.2022-ci il tarixdə elan edilmiş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, MSY-dən azad edilmişdir. Məhkəmə istintaqından yayındığından Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, istintaqda seçilmiş polisin nəzarəti altına qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmənin qərarı əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uygun olaraq təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsini özünümüdafiə kimi qiymətləndirir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü Mələk adlı 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir qismi təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıgın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək iltizam növündə qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındıgı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlıgının faktiki məhdudlaşdırıldıgı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıgı 02 gün, həmçinin məhkəmə istintaqında həbsdə saxlanıldığı 15 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıgın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi ziyanın əvəzinə mülki cavabdehdən 2390 manat və 44 manat dövlət rüsumunun pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, məhkəmədə dəymiş ziyandan 500 manat ödənildiyindən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı X1 iddiası qismən təmin edilməli, ona dəymiş maddi ziyan 1890 (bir min səkkiz yüz doxsan) manat pul və 44 (qırx dörd) manat dövlət rüsumu olmaqla cəmi 1934 (bir min doqquz yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutulub mülki iddiaçı Nuridə Binnəyətəliyeva verilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası İmişli rayonu Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin məhkəmə istintaqında həbsdə saxlanıldığı 15 gün müddət olmaqla cəmi 17 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X1 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 1890 (bir min səkkiz yüz doxsan) manat pul və 44 (qırx dörd) manat dövlət rüsumu olmaqla cəmi 1934 (bir min doqquz yüz otuz dörd) manat tutulub mülki iddiaçı Nuridə Binnəyətəliyeva verilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası İmişli rayonu Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-185/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-185/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver