Məhkəmə qərarları › İş №1(012)-186/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-186/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-186/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu il tarixdə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Abşeron MQKS-da operator vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs qızı Aynurə Mustafayevanı “Socar” neft şirkətində 4000 manat müqabilində işə düzəldəcəyinə inandırıb, bununla bağlı yalandan vəd verməklə, 16.06.2021-ci il tarixdə saat 16 radələrində Xırdalan şəhəri, “Grand mart” marketinin yanında Zərərçəkmiş şəxs 4000 manat pul alaraq, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nəzdində X5 Kəmərləri sahəsində operator vəzifəsində işləyir. Onun heç kimlə ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun dostu Əliağa Qurbanovun arvadıdır. Onun Sevda və sonuncunun əri Əliağa ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2021-ci ilin iyun ayının əvvəlləri tək Sevdagilin Xırdalan şəhərində yerləşən evlərinə qonaq getmişdir. Onlarda olan zaman “ordan-burdan” söhbət etmişlər. Söhbət zamanı Sevda gileylənmişdir ki, qızına iş tapsaydı qızı da işləyərdi. Həmin vaxt o, düşünmüşdür ki, Sevdadan qızı X2-da işə düzəltmə adı ilə pul alsın. O, Sevdaya təklif etmişdir ki, 4000 manat pula qızını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nəzdində X5 Kəmərləri sahəsində laborant kimi işə düzəltmək olar. Sevda da ona demişdir ki, pul tapsın, ona xəbər edəcək. Həmin gündən bir neçə gün keçmişdir ki, 16 iyun 2021-ci il tarixdə səhər saatları olardı, Sevda onun mobil telefonuna zəng edib 4000 manat pulu tapdığını və həmin pulu onunla görüşüb ona vermək istədiyini bildirmişdir. Sevda onu yaşadığı Xırdalan şəhərində yerləşən evinin qarşısına çağırmışdır. Həmin günü yəni ki, 16 iyun 2021 -ci il tarixdə saat 16 radələrində Sevda ilə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Grand Mart”-ın qarşısında görüşmüşdür. Həmin vaxt Sevdanın yanında qızı Aynurə vardır, o da görüşə tək getmişdir. Həmin görüşdə Sevda ona 4000 manat pulu vermişdir. O da Sevdanı aldadaraq yalandan demişdir ki, təxminən 1 ay müddətinə qızını işə düzəldəcək. Sevda da ona inanıb ona arxayın olmuşdur. Pulu aldıqdan sonra Sevda ilə xudahafizləşib ayrılmışlar. O, Sevdadan aldığı 4000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Sevdadan pulu alandan sonra 1 ay keçməsinə baxmayaraq Sevdanın qızı Aynurə Mustafayevanı işə düzəldə bilməmişdir. Ona görə də Sevda ondan pulunu geri istəmişdir. O da həmin pulu xərclədiyi üçün Sevdanın pulunu geri qaytara bilməmişdir. Sevda hər dəfə ondan pulunu geri istəyəndə pulu olmadığı üçün sonuncunun pulunu geri qaytara bilməmişdir. Ona görə də Sevda ondan polisə şikayət etmişdir. Həmin ərəfələr də onun səhhətində ciddi problemlər vardır. X4 müalicə almışdır. Müalicəsinin xeyri olmadığı üçün müalicəsini davam etdirmək üçün Rusiya Federasiyasına gedəsi olmuşdur. 07 noyabr 2021- ci il tarixdə Heydər Əliyev adına hava limanından təyyarə ilə Rusiya Federasiyasına getmişdir. 20 yanvar 2022-ci il müalicəsi tam bitdiyi üçün Azərbaycan Respublikasına geri dönmüşdür. Hava limanına çatanda isə onun axtarışda olduğunu ona bildirmişlər və onu Abşeron RPİ-nə gətirmişər. Rusiya Federasiyasında olanda da axtarışda olduğundan xəbəri olmamışdır. O, Rusiya Federasiyasında olan zaman oğlu Fuad Sevdaya vurmuş olduğu 4000 manat maddi ziyandan 3000 manatını qaytarmışdır. O, tutduğu əməldən peşman olduğunu, bir də belə əməl törətməyəcəyini bildirmişdir. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, İlyas onun keçmiş əri Əliağanın dostudur. İlyas Əliağaya görə evlərinə tez tez qonaq gəlib gedən olmuşdur. Onunla normal münasibəti vardır. Aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. X1 isə onun qızıdır. 2021-ci ilin iyun ayının əvvəlləri olardı, İlyas evlərində qonaq olarkən söhbət işsizlikdən düşmüşdür. Qızı Aynurə də işsiz olduğu üçün İlyasdan qızını sonuncunun işlədiyi Socara işə düzlətməyini xahiş etmişdir. İlyas isə bildirmişdir ki, 4000 manat pul müqabilində qızı Aynurəni işlədiyi Socarın idarəsinə laborant vəzifəsinə işə düzəldə bilər. Həmin vaxt onun pulu olmadığı üçün İlyasa demişdir ki, pul tapan kimi xəbər edəcək. Ondan sonra təxminən 1 həftə ərzində lotoreya oynadığından yığdığı pulu, qızıllarını lombarda qoyub götürdüyü pul və bir qismini də borca aldığı pulları toplayıb 4000 manat pul yığmışdır. 4000 manat pul toplayandan sonra 16 iyun 2021-ci il tarixdə səhər saatlarında İlyasa zəng edib pulu topladığını demişdir. Həmin günü, yəni ki, 16 iyun 2021-ci il tarixdə saat 16 radələri olardı İlyasla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Grand Mart”-ın qarşısında görüşmüşdür. Həmin vaxt onun yanında qızı Aynurə də olmuşdur. O, Aynurənin yanında İlyasa 4000 manat pulu sayıb vermişdir. İlyas 4000 manat pulu sayıb ondan alıb qızı Aynurəni təxminən 1 ay ərzində Socarda laborant kimi işə düzəldəcəyini söz vermişdir. O da İlyasa inanıb sonuncu ilə razılaşmışdır. Həmin gündən sonra 1 ay keçməsinə baxmayaraq İlyas qızı Aynurəni işə düzəltməmişdir O, İlyasla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda İlyas onu aldadıb arxayın etmişdir ki, narahat olmasın, qızını işə düzəldəcək. Bir müddət keçməsinə baxmayaraq İlyas qızını işə düzəltməmişdir. O, artıq başa düşmüşdür ki, İlyas onu aldadıb pulunu ələ keçirmişdir. Ona görə də İlyasdan pulunu geri istəmişdir. Lakin İlyas onu hər dəfə aldadıb müxtəlif vədlər verərək vaxt uzatmışdır. O da İlyasdan pulunu ala bilməyəcəyini başa düşüb sonuncudan polisə şikayət etmişdir. Polisə şikayət edəndən sonra həmin 4000 manat puldan 3000 manatını İlyas ona qaytarmış, 1000 manat pulunu verməmişdir. O, notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini və ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Onun Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs tanıyır. Belə ki, İlyas onun atasının yaxın dostudur. İlyas onlara tez tez qonaq gəlib getmişdir. 2021-ci ilin iyun ayı olardı, anası Sevda ona demişdir ki, İlyas onu 4000 manat pul müqabilində Socara laborant kimi işə düzəldəcək. O, bu xəbərə çox sevinmişdir. Bir neçə gün ərzində anası borc xərc edib 4000 manat pulu düzəltmişdir. 16 iyun 2021-ci il tarixdə isə anası ilə o, İlyasla yaşadıqları evə yaxın yerdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Grand Martın yaxınlığında görüşmüşlər. Həmin görüşdə anası İlyasa 4000 manat pul vermişdir. İlyas pulu anasından alıb sonuncuya söz vermişdir ki, təxminən 1 ay ərzində onu Socarda laborant kimi işə düzəldəcək. Anası da İlyasa inanıb onunla razılaşmışdır. Həmin gündən sonra 1 ay keçməsinə baxmayaraq İlyas onu işə düzəltməmişdir. X6 əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuşdur. İlyas isə anasını aldadıb arxayın etmişdir ki, narahat olmasın, onu işə düzəldəcək. Bir müddət də keçməsinə baxmayaraq İlyas onu işə düzəltməmişdir. Onlar artıq başa düşmüşlər ki, İlyas anasını aldadıb pulunu ələ keçirmişdir. Ona görə də İlyasdan pulunu geri istəmişdir. Lakin İlyas anasını hər dəfə aldadıb müxtəlif vədlər verərək vaxt uzadtmişdir. Anası da bu səbəbdən İlyasdan polisə şikayət etmişdir. Polisə şikayət edəndən sonra həmin 4000 manat puldan 3000 manatını İlyas anasına qaytarmışdır. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə barəsində 01 yanvar 2022-ci il tarixdə axtarış elan edilmiş, 20 yanvar 2022-ci il tarixdə tutulmuş, həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmış, lakin məhkəmə istintaqından gizləndiyi üçün 15.04.2022-ci il tarixli həbs qətiimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 06.05.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs ” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar