Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-186/2025 21.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 küçəsi, nömrəsiz fərdi ev ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə gedərək sonuncuya özünü seyid və nəzir paylayan kimi təqdim edib ev sahibinə 1 manat pul verib seyid pulu olmasını bildirmiş və sonra çay içmək adı ilə evə keçib sonuncuya evində pul olmasını və həmin pulun bərəkətli olması və dua oxuması üçün gətirməsini bildirmiş, Zərərçəkmiş şəxs1 yataq otağındakı paltar dolabında saxladığı 2000 manat puldan 200 manatını götürüb Şahid1 təqdim etdikdən sonra sonuncu Zərərçəkmiş şəxs1 inandırmaq üçün dua oxuyub həmin pulu nəzir olaraq ona verməsini xahiş etmiş, lakin Gülbuta Məmmədova həmin pulu əməliyyat üçün saxladığını bildirib ondan geri alıb aparıb yataq otağında olan dolabın üzərindəki kağız paketdəki pulun üzərinə qoymuş, Təqsirləndirilən şəxs isə ona çay içməsi üçün qənd gətirməsini bildirib Zərərçəkmiş şəxs1 mətbəxə getməsindən istifadə edib yataq otağına qanunsuz daxil olaraq güzgülü dolabın üzərində kağız konvertə olan 2000 manat pulu götürüb gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 fevral 2024-cü il tarixdə tarixdə saat təxminən 17 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 20, mənzil 31-in qapısını döyüb özünü seyid, nəzir paylayan və adını Əli kimi təqdim edərək Zərərçəkmiş şəxs2 aldadıb sonuncuya evində əmanət pul olmasını və həmin pulu bərəkət duası oxuması adı ilə gətirməsini bildirmiş, Zərərçəkmiş şəxs2 ona inanıb evində dəftərin arasında saxladığı 2100 ABŞ dolları və 340 manat pulu gətirib Təqsirləndirilən şəxs vermiş, sonuncu dua oxuduqdan sonra Zərərçəkmiş şəxs2 pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs həmin pulun 900 ABŞ dollarını qaytarsa da qalan həmin dövrün məzənnəsi ilə 2040 manat dəyərində 1200 ABŞ dolları və 340 manat pulu ümumilikdə 2380 manat məbləğində əmlakını açıq talamaqla soyğunçuluq edərək qaçıb uzaqlaşarkən həyətdə olan şəxslər tərəfindən saxlanılmışdır. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, bir ildir ki, Xırdalan şəhəri, 119 adlanan yerdə Z.Tağıyev küçəsində fərdi evdə atası ilə kirayə yaşayır. Rəsmi olaraq işləmir. Avaraçılıq və dilənçiliklə məşğul olur. Dilənməklə dolanır. 29 yanvar 2024-cü il tarixdə Xırdalan şəhəri Quşçuluq massivində dilənirmiş. Saat təxminən 13 radələrində Xırdalan şəhəri, T.İsmayılov küçəsi ilə piyada gəzərək evlərə yaxınlaşıb nəzir toplamışdır. Oradakı həyət evinin qapısını döyüb içəri keçib ev sahibini çağırmış, bir yaşlı qadın qapıya çıxmışdır. Ona seyid olduğunu və nəzir payladığını bildirib ona inanması üçün dua oxumuşdur. Məqsədi həmin qadını aldatmaq və pulunu ələ keçirmək olmuşdur. O, həmin qadına 1 manat verib “seyid puludu 3 gündən sonra xərcləyərsən” demişdir. O, bundan sonra həmin qadından ona bir stəkan çay verməsini xahiş etmişdir. Özü isə qonaq otağına keçib əyləşmişdir.Həmin qadın çay süzüb gətirəndən sonra söhbətə tutdmuşdur ki, evdə pulu varsa gətirsin dua oxusun bərəkətli olsun.Həmin qadın isə yataq otağına keçmişdir. Qadının arxasınca baxmışdır pulu haradan götürdüyünü görsün.Həmin qadın paltar şkafından pulu götürüb gəlmişdir. Ona 200 manat vermiş, həmin pulu alıb dua oxumuş, sonra pulu ona nəzir verməsini demişdir. Lakin həmin qadın razı olmayıb pulun lazım olduğunu demişdir. Pulu ondan alıb aparıb yataq otağında güzgülü dolabın üstünə qoyub onun yanına gəlmişdir. O, həmin qadından çay içmək üçün qənd istəmişdir. Həmin qadın ona qənd gətirməyə gedəndə yataq otağına keçib dolabdakı kağız paketdə olan pulu götürüb cibinə qoyub tez gəlib yerində əyləşmişdir. Həmin qadın qənd gətirəndən sonra o, çayı içib allah yolunda xırda pulu varsa ona yol pulu verməsini xahiş etmişdir. Həmin qadın pul kisəsindən 15 manat çıxarıb ona vermişdir. O, pulu alıb oradan çıxıb qaçaraq uzaqlaşmışdır. Həmin qadının evindən oğurladığı pulu saydıqda 2000 manat pul olduğu məlum olmuşdur. Həmin pulu şəxsi ehtiyaclarına xəprcləmişdir. O, pulunu oğurladığı qadını tanımamış, təsadüfən nəzir yığmaq üçün onun evinə getmişdir.Sonradan məlum olmuşdur ki, həmin qadın Zərərçəkmiş şəxs1dır. O, bundan başqa 27 fevral 2024-cü il tarixdə saat 15 radələrindən etibarən Xırdalan şəhəri 28-ci məhəllədə dilənirmiş.Saat təxminən 17 radələrində sonradan adının Təbərrik olduğunu bildiyi qadının yaşadığı mənzilin qapısını döymüşdür. Təbərrikə seyid olduğunu və allah yolunda nəzir verməsini demişdir. Təbərrikə qurban kəsməli olduğunu demiş, sonra evində əmanət pul olmasını və pulu gətirməsini həmin pula dua oxumasını demişdir. Təbərrik isə gedib dəftərin arasında olan pulları gətirib ona vermişdir. Həmin pulların çox hissəsi ABŞ dolları və 340 manat pul olmuşdur. O, həmin pula əl çəkib Təbərrikin başına fırlayıb dua oxumuşdur. Təbərrik pulu ondan geri istəmişdir. O, pulu verəcəyini demiş, Təbərrik pulları qaytarmayacağını fikirləşib qışqırmışdır. O, pulun bir hissəsini Təbərrikə qaytarmışdır. 1200 ABŞ dollar və 340 manat isə onda qalmışdır. Təbərrik qışqırdığı üçün o, evdən çıxıb pilləkənlə aşağı düşüb blokdan çıxmaq istəyəndə orada onu saxlamışlar. Təbərrik həmin şəxslərə onun evindən pulu oğurladığını bildirmişdir. O, pulu oğurlamadığını Təbərrikin özünün pulu ona verib dua oxumasını bildirdiyini demişdir. Onu saxlayan şəxs polisə məlumat vermişdir. Təbərrikin onda olan 1200 ABŞ dollar və 340 manat pulunu özünə qaytarmışdır.Bundan sonra polis əməkdaşları gəlib onu polis idarəsinə gətirmiş və izahatı alınmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu bir zərərçəkmiş şəxslə barışıq əldə etdiyini digər zərərçəkmiş şəxsin də pulunu qohumlarının ödəyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərdi ki, 27 fevral 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən mənzilin qapısı döyülmüşdür. O, evdə tək yaşadığı üçün demək olar ki, heç kəsə qapı açmadığı üçün qapını döyənin kim olduğunu soruşmuş və gözlükdən baxanda bir nəfər cavan oğlan olduğunu görmüşdür.Həmin şəxs seyid olduğunu, Mir Mövsüm ağanın ziyarətgahından gəldiyini və nəzir payladığını bildirmişdir. O, özüm də ibadət etdiyi üçün həmin şəxsə qapını açmışdır. Həmin şəxs əlində saxladığı 1 manatlıq və 10 manatlıq pulların içərisindən 3 manat və 10 manat pulu mənə uzadıb seyid pulu olduğunu deyib götürməsini xahiş etmişdir. O, həmin şəxsə pulu istəmədiyini, aparıb kasıblara verməsini demişdir. Sonra həmin şəxs mənzilə girib ondan su istəmişdir. O, mətbəxə keçəndə həmin şəxs arxasınca mətbəxə gəlmişdir. O, həmin şəxsə su vermiş, ancaq suyu içməyib ona evində əmanət olduğunu, seyid olduğunu bildirib əmanətə əl çəkməsini demişdir. O, həmin şəxsə inanıb yataq otağına keçib axirəti üçün yığıb saxladığı dəftərin arasınldakı 2100 ABŞ dollar və 340 manat pulu gətirib həmin şəxsin qarşısında masanın üzərinə qoymuşdur. Həmin oğlan pulları əlinə götürüb onun başının üzərində qaldırıb saymağa başlamışdır. O, isə həmin şəxsin düzgün adam olmadığını görüb şübhələnmiş və ona seyidə oxşamadığını, pullarını oğurlamaq istədiyini, pulunu qaytarmasını və ona 20 manat hörmət edəcəyini demişdir. Həmin oğlan bu sözündən sonra pullardan bir hissəsini masanın üzərinə atmışdır. Lakin pulun çox hissəsinin həmin şəxsdə qaldığını görüb qışqırıb pullarını qaytarmasını və yerə qoymasını demişdir. Həmin şəxs bir az da pullardan stolun üzərinə atmışdır. O, pulun qalanını da yerinə qoymasını tələb etmişdir. Həmin şəxsə pullarını oğurlaya bilməyəcəyini demişdir. Həmin oğlan mətbəxdən çıxıb qaçmaq istəyəndə onun arxasınca bloka çıxıb qışqırıb evinə oğru girdiyini deyərək qonşuları köməyə çağırmışdır. Onun səsinə qonşular həyətə çıxmış və həyətdə olan Nüsrət və tanımadığı cavan uşaqlar evindən pulu götürüb qaçan oğlanı həyətdə saxlamışlar və polisə məlumat vermişlər. Polis gələndən sonra həmin şəxs ona məxsus pulların hamısını qaytarmışdır. Polis əməkdaşları bu barədə ərizə və izahatını almış və evinə, həmçinin oğurlanan pullara baxış keçirib pulları saxlamaq üçün ona təqdim etmişlər. Evindən pulu aparmağa cəhd edən şəxsi tanımamışdır. Sonradan onun qaraçı olduğunu öyrənmişdir. Sonda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə tək olarkən həyətdə tanımadığı kişinin ev sahibini çağırmasını eşidib həyətə çıxanda orta yaşlı qarayanız oğlan olduğunu görmüşdür. Həmin şəxs ona özünü seyid kimi təqdim edərək nəzir payladığını bildirib dua oxumağa başlamışdır. Bundan sonra həmin şəxs əlində olan 1 manatı ona uzadıb seyid pulu olduğunu və 3 gündən sonra xərcləməsini demişdir. Bundan sonra həmin şəxs ondan içməyə çay istəmişdir. O, mətbəxə keçib həmin şəxsə çay süzməyə getmişdir. Bu zaman həmin oğlan evə keçib qonaq otağında əyləşmişdir. O, çayı gətirib həmin şəxsin qarşısına qoymuşdur. Həmin oğlan ona evində pulu olduğunu, həmin pulu gətirməsini, pula əl çəkib dua oxumasını demişdir. O, həmin oğlana evində pul olduğunu əməliyyat üçün saxladığını demişdir. Sonra yataq otağına keçib paltar şkafında kağız paketdə olan puldan 2 ədəd 100 manatlıq götürüb paketi isə güzgülü dolabın üstünə qoyub 200 manatı həmin şəxsə vermişdir. O, 200 manatı ondan alıb oxuyub sonra pulu ona nəzir kimi verməsini demişdir. O, həmin pulun əməliyyatı üçün saxladığını deyərək geri almış və aparıb yataq otağınakı dolabın üstünə qoyduğu paketin içərisinə qoyub həmin şəxsin yanına qayıtmışdır. Həmin şəxs ondan çayla içmək üçün qənd istəmişdir. O, mətbəxə gedib ona qənd gətirmişdir. Həmin şəxs tələsik durub qapıya tərəf getmiş, ondan Allah yolunda yol pulu verməsini xahiş etmişdir. O, isə pul kisəsindən 15 manat xırda pulu çıxarıb ona vermişdir. Həmin şəxs pulu alıb getdikdən sonra o, yataq otağına keçib dolabın qarşısında qoyduğu pulu yerinə qoymaq istəmişdir. Lakin paketin içərisində olan pulların yerində olmadığını və oğurlanmasını aşkar etmişdir. O, həmin şəxsin onun başını qatıb pulları oğurladığını başa düşüb küçəyə çıxıb həmin şəxsi axtarsa da tapa bilməmişdir. Oğlu evə gələndən sonra ona bu barədə bildirmiş və həmin gün axşam DİN-nin 102 xidmətinə zəng vuraraq 2000 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Pulunu oğurlayan şəxsin xarici görkəmindən qaraçıya oxşadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu bildirərək barəsində cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5 onun qonşusudur, sonuncu ilə eyni binada yaşayırlar. Təbərrik evində tək yaşayır. 27 fevral 2024-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı binanın qarşısına çatanda bir neçə cavan oğlanların blokun qarşısına yığıldığını və Təbərrikin qışqırmasını görüb yaxınlaşmışdır. Həmin vaxt bir nəfər orta yaşlı qarayanız oğlanın uşaqlar tərəfindən saxlanıldığını görmüşdür. Həmin şəxsin Təbərrikin evinə girib özünü seyid kimi qələmə verərək sonuncunun başını aldadıb pulunu götürüb qaçmaq istədiyi məlum olmuşdur. O, həmin şəxsi saxlayıb DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmin şəxsi polis gələnə qədər yanlarında saxlamışlar. Polis əməkdaşları gəldikdən sonra həmin şəxsdən Təbərrikin 1200 ABŞ dollar və 340 manat pulunu alıb özünə qaytarmışlar. Məlum olmuşdur ki, saxlanılan şəxs Yevlax rayon sakinidir, qaraçıdır. Təbərrikin evindən qaçmaq istəyən şəxsi məhəllədə saxlayan uşaqların kim olduqlarını bilmir, onlar təsadüfən binanın qarşısında olarkən Təbərrikin qışqırıb evinə oğru girdiyini və pulunu aparmasını dediyi üçün həmin şəxsi tutub saxlamışlar. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, o, 27 fevral 2024-cü il tiarixdə polis nəfəri X8 ilə Xırdalan şəhərində 57-18 çağırışlı avtopatrulla xidmətdə olarkən saat 17:35 radələrində Abşeron RPİ-nin növbətçi hissəsindən Xırdalan şəhəri 28ci məhəllədə 20 saylı binanın qarşısında oğurluq edən şəxsin sakinlər tərəfindən saxlanılması barədə verilmiş məlumat əsasında həmin ünvana getmişlər. Ora çatanda bina skini Şahid2 və yanında olan bir neçə şəxs bir nəfər orta yaşlı qaryanız şəxsi onlara göstərib qonşuluğunda yaşayan Təbərrik adlı qadının evindən pul oğurlayıb qaçarkən saxladıqlarını bildirmişlər. Həmin vaxt orada olan Təbərrik adlı yaşlı qadın həmin şəxsin evinə gəlib özünü seyid kimi qələmə verdiyini və Mirmövsüm ağanın ziyarətgahından nəzir gətirdiyini bildirib evinə keçəndən sonra evində olan pulu gətirməsini və həmin pulun bərəkətli olması üçün dua oxumasını dediyinə görə inanıb evindəki pulu həmin şəxsə verdiyini, həmin şəxsin isə pulu sayıb dua oxuduqdan sonra pulu qaytarmadığını görüb ondan pulu tələb etdiyini, həmin şəxsin pulun bir hissəsini qaytarsa da qalan hissəsini götürüb evindən qaçdığını görüb qonşuları köməyə çağırıb həmin şəxsin saxlanıldığını bildirmişdir. Onlar saxlanılan şəxsdən sorğu zamanı sonuncu Yevlax rayon sakini olduğunu adının isə Şahmar olduğunu, Xırdalan şəhərində kirayə yaşadığını, dilənçilik etdiyini bildirmiş və özündə olan 1200 ABŞ dollar və 340 manat pulu onların iştirakı ilə Təbərrik adlı yaşlı qadına qaytarmışdır. Həmin vaxt Abşeron RPİ-dən əməliyyat qrupu hadisə yerinə gəlmiş və onlar saxlanılan Şahmar adlı şəxsi Abşeron RPİ-nə gətirmiş və sonuncunun özü barədə verdiyi məlumat əsasında xx.xx.1992-ci il təvəllüdlü Şahid1 olduğu məlum olmuşdur. Onlar Şahmarı növbətçi hissəyə təhvil verib sonuncunun gətirilməsi barətə raport tərtib edərək xidmətə qayıtmışlar. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 eyni məzmunlu ifadə verərək iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq olunmuş iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Yevlax rayon polis şöbəsi tərəfindən 04 iyun 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi ona məxsusdur. Metal və plasmas yığıb satmaqla məşğul olur. X3 ilə rəsmi nigah bağlayaraq ailə qurmuş, həmin nigahdan 10 uşaqları vardır. Onlar ailədə 6 uşaq olmuşdur. Evin böyük uşağı odur, ondan başqa 2 qardışı və 3 bacısı vardır. Təqsirləndirilən şəxs ortancıl qardaşıdır. Şahmurad bacısı və atası ilə birlikdə Xırdalan şəhərində kirayə qalmışdır. Şahmurad avaraçılıq və dilənçilik etmişdir. Şahmuradın Xırdalan şəhərində bir qadının evindən oğurluq etdiyi üçün 29 fevral 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmasını atasından eşitmişdir. Həmin vaxt o, Yevlax şəhərində olmuşdur. Sonradan Yevlax rayon polis şöbəsinə çağırılaraq orada ondan Xırdalan şəhərində oğurluq edib-etməməsi soruşulmuşdur. O, polis əməkdaşlarına Xırdalanda oğurluq etmədiyini, qardaşı Şahmuradın orada oğurluq etdiyi üçün tutulduğunu bildirmişdir. Ona polisdə sistemdə adının cinayət törətmiş şəxs kimi qeyd olunduğu bildirilmişdir. Buna görə o, atası ilə danışmış, atası ona Şahmuradın polisdə adını Şahmar kimi göstərdiyi üçün cinayət işində təqsirləndirilən şəxs kimi onun adının qeyd olunduğunu demişdir. Buna görə o, Abşeron rayon polis idarəsinə gəlib bu barədə məlumat vermişdir. Qardaşı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ona məxsus anket məlumatları yazıldığını nəzərə alıb həmin məlumatların dəyişdirilməsini və onun cinayət törətmiş şəxs kimi sistemdən adının çıxarılmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” barədə 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır;Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 həmin tarixdə saat 19:35 radələrində şübhəli şəxs qismində tutulmuşdur; - “Cinayət əməlinin tövsif olunması haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrinə tövsif olunmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; • “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - Abşeron Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli, 4(012)-216/2024 saylı qərarından görünür ki, Şahid1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - İş materiallarına əlavə edilmiş fotoşəkilli arayışdan görünür ki, fotoşəkildəki şəxs həqiqətən xx.xx.1996-cı ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur.Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs valideynləri X6 və X7r. - “Təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bütün istintaq sənədlərində təqsirləndirilən şəxsin anket məlumatlarının “Təqsirləndirilən şəxs” və doğum tarixinin “xx.xx.1992-ci il” kimi qeyd olunan yerlərdə Təqsirləndirilən şəxs və doğum tarixi “28 noyabr 1996-cı il” kimi oxunması qərara alınmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 21 fevral 2025-ci il tarixli, 101/2 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 1(061)-31/2023 saylı, 17 may 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 05 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 13 gününü çəkmiş, 11 ay 25 günü isə çəkilməmiş olaraq qalmışdır. - İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ziyanın tam ödənildiyini və ondan şikayət və tələbinin olmadığını qeyd etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, onun X2 məxsus mənzilə daxil olmağa icazəsi olmamış, həmçinin qanunsuz daxil olaraq, həmin evdən zərərçəkmişə məxsus pulu talamaqla oğurluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2n əmlakını açıq şəkildə talamaqla soyğunçuluq cinayətini də törətmişdir. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal kimi soyğunçuluq cinayəti üzrə zərərçəkmişə dəymiş ziyanlığın ödənilməsi müəyyən edildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Tərtər Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(061)- 31/2023 saylı hökmü ilə «01» (bir) il, «05» (beş) ay, «08» (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən ona əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(061)- 31/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 25 gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 29 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 1200 ABŞ dolları və 340 manat pulun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmaldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 1(061)-31/2023 saylı, 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 25 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 29 fevral 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 1200 ABŞ dolları və 340 manat pulun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-186/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-186/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver