Məhkəmə qərarları › İş №1(012)-188/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-188/2021

19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-188/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi3, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Nümayəndə1 iştirakı ilə 21 avqust 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatda olan, Abşeron rayonu Atyalı yaşayış massivində yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 01 avqust 2020-ci il tarixdə, saat 20:00 radələrində Abşeron rayonu Atyalı yaşayış massivində Zərərçəkmiş şəxs dayısı qızı haqqında “bomba şey” ifadəsini işlədərək, Zərərçəkmiş şəxs də onun dayısı qızı haqqında elə ifadə işlətdiyi halda xoşuna gələcəyəni bildirməsini cüzi bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, şəxsi eqoizmini nümayiş etdirib, əli ilə Zərərçəkmiş şəxs sifətin sol nahiyəsinə bir dəfə vuraraq ona alt çənənin sağ mental və sol cisim nahiyyələrinin yerini dəyişmiş sınıqları, sol yanaq və sol çənə bucağı nahiyələrini əhatə edən qançır və şişkinliyi xəsarətlərini yetirməklə, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Nümayəndə1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla bir sinifdə oxuyur və onunla bir qəsəbədə yaşayır, hətta qonşudurlar. Rasim ilə aralarında heç bir qərəzli münasibəti olmamış, mütəmadi qəsəbədə yaşayan dostları və Rasimlə bir yerdə görüşür. 01 avqust 2020-ci il tarixdə, saat təxminən 14 radələrində dayısı Hikmətin yanında qəsəbədə bir evin təmiri işini görürmüşlər. Həmin vaxt yaxınlıqda iki qadın, bir kişi və bir cavan qızın torpaq sahəsinə baxdıqlarını görmüşdür. Həmin şəxslərdən biri Rasimin dayısı, biri isə xalası olmuşdur. Həmin gün saat təxminən 20 radələrində qəsəbədə Rasim və sinif yoldaşı Miribrahimlə birlikdə olarkən, Rasimdən dayısını və xalasını torpaq sahəsinə baxarkən gördüyünü, lakin yanlarında olan qəşəng qızın kim olmasını bilmədiyini soruşmüşdür. Həmin vaxt Rasim demişdir ki, həmin qız dayısı qızıdır və bu zaman Rasim onun sifətimə bir yumruq atmış, lakin yumruq ona dəyməmiş, ona görə o, da Rasimin sifətinə bir yumruq vurmuşdur.Bu zaman Rasimin ağzından qan gəlməyə başlamış və Rasim ağzını tutmuşdur. Həmin vaxt yaxınlıqda olan Hüseyin adlı şəxs bunu görüb onlara yaxınlaşaraq Rasimin ağzından qan gəldiyini görüb, ona nəyə görə Rasimi belə vurmasını irad bildirərək, onun üzünə bir sillə vurmuşdur. O, da Rasimdən üzr istəməyə başlamışdır. Ondan sonra Miribrahim Rasimi evlərinə aparmış və özü də evinə getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla bir sinifdə oxuyur və bir qəsəbədə yaşayır. Orxanla aralarında heç bir qərəzli münasibətləri olmamış, mütəmadi qəsəbədə yaşayan dostları ilə və Orxanla bir yerdə görüşürlər. Qurban bayramı ilə əlaqədar dayısı Sərraf ailəsi ilə onların evinə gəlmişlər. 01 avqust 2020-ci il tarixdə dayısı Sərraf, arvadı, qızı, xalası Dürrə qəsəbədə bir torpaq sahəsinə baxırmışlar. Belə ki, dayısı özünə torpaq sahəsi almaq istəmiş, sinif yoldaşı Orxan da dayısı Hikmət ilə qəsəbədə bir evdə təmir işi görürmüşlər. Bunu ona həmin gün saat 20 radələrində Orxan və digər sinif yoldaşı Miribrahim ilə qəsəbədə məhəllədə olarkən Orxan demişdir. Orxan ona demişdir ki, həmin vaxt onların yanında bir “bobma şey” olmuşdur. Orxana demişdir ki, həmin şəxs dayımdır və yanında da qızı olub, sənin dayın qızı barəsində elə ifadə desəm xoşuna gələcək? Bu zaman Orxan qəfildən yumruqla onun sifətinin sol tərəfindən çənə nahiyyəsindən bir dəfə vurmuş, nəticədə ağzından qan gəlməyə başlamışdır. Bu zaman yaxınlıqda olan Hüseyin adlı şəxs bunu görüb onlara yaxınlaşaraq onun ağzından qan gəldiyini görüb Orxana demişdir ki, nəyə görə Rasimi belə vurmusan. Orxan da ondan üzr istəməyə başlamış, həmin vaxt Hüseyin də hirslənib Orxana bir sillə vurmuşdur ki, nəyə görə onu vurub. Daha sonra isə Miribrahim ona kömək edərək onu evlərinə aparmışdır. Orxan onu vuranda bunu orada yaşayan Hüseyin görmüş, ətrafda başqa heç kim olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır, məhəllədə yaşayan Rasim, Orxan və Miribrahim adlı şəxsləri tanıyır və onlarla aralarında heç bir qərəzli münasibətləri yoxdur. 01 avqust 2020-ci il tarixdə, saat təxminən 20 radələrində yaşadığı evdə olarkən pəncərə açıq olduğundan küçədə mübahisə səslərini eşidib evdən çölə çıxıb küçədə Rasim ilə Orxanın bir-biri ilə mübahisə etdiklərini, digər azyaşlı İbrahimin də orada olduğunu görüb küçəyə çıxaraq onlara yaxınlaşmış və görmüşdür ki, Rasimin ağzı qanlıdır, Rasim demişdir ki, Orxan onu vurmuşdur. O, da Orxanın boynundan tutub demişdir ki, evinə getsin, Orxan da evlərinə tərəf getmişdir. Rasim də Miribrahim ilə öz evlərinə getmişlər.Həmin vaxt ətrafda başqa heç kim olmamışdır. Qeyd etmişdir ki, o, Orxanı vurmamışdır, boynundan tutub ona irad bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 21.08.2020-ci il tarixli, 1477 saylı ekspert rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə - tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt çənənin sağ mental və sol cisim nahiyyələrinin yerini dəyişmiş sınıqları, sol yanaq və sol çənə bucağı nahiyələrini əhatə edən qançır və şişkinliyi bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 01.08.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. 08 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. AA №-li ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2005-ci il tarixdə doğulmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 19.04.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ilə barışdığına görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq zamanı Azərbaycan respublikası CM-nin 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayət əməlinə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar