Məhkəmə qərarları › İş №1(012)-188/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-188/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-188/2024 14.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X4 iştirakı ilə, xx.xx.2002-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2023-cü il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Qobu qəsəbəsi yeni yaşayış massivindəki fərdi yaşayış evinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 238 manat dəyərində 1 ədəd perforatoru, 214 manat dəyərində 1 ədəd laqondanı, 78 manat dəyərində 1 ədəd direli və 770 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1300 manat məbləğində ziyan vurmqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin qarşı tərəf pəncərəsini əli ilə sıxıb açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq və yataq otaqlarından ümumilikdə 420 manat dəyərində olan 6 bağlama elektrik naqillərini, su motorunu və həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 70 manat dəyərində “Bosch” markalı perforatoru, 1 ədəd 40 manat dəyərində dreli, 1 ədəd 100 manat dəyərində laqondanı, 1 ədəd 50 manat dəyərində taxtakəsən lobziki və 25 manat dəyərində elektirik uzadıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 420 manat və Zərərçəkmiş şəxs5 ümumilikdə 275 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 fevral 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Yuxarı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin evin həyətindən 1500 manat dəyərində daşkəsən mişarın mühərrikini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 mart 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evin həyətindən 01 ədəd 150 manat dəyərində dəmir jalüzü evin birinci mərtəbəsinin döşəməsini sökərək evin zirzəmisinə qanunsuz daxil olduqdan sonra isə oradan 450 manat dəyərində 02 top elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 mart 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi evə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq mənzildən 01 ədəd 120 manat dəyərində su qızdırıcısını,01 ədəd 30 manat dəyərində elektrik qutusunu və 150 manat dəyərində elektrik naqillərini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə anası yuxuya getdikdən sonra saat təxminən 06 radələrində evdən çıxıb, yaşadığı qəsəbədə yeni inşa edilən evlərin olduğu məhəlləyə gedib, oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, həmin vaxt hasarı olmayan bir həyətdə tikintisi başa çatmamış 2 mərtəbəli fərdi yaşayış evinin olduğunu görüb həmin evə yaxınlaşmış və giriş qapısını əli ilə yoxlamış, qapının bağlı olduğunu hiss edib içəriyə girmək üçün münasib yer axtarmağa başlamış, həmin vaxt giriş qapısından sağ tərəfdə dəmir barmaqlığı olmayan plastik pəncərə olduğunu görüb həmin pəncərəni əli ilə itələyib açmış və oradan içəriyə daxil olub əlindəki alışqanın işığı ilə evin 1-ci mərtəbəsini axtarmağa başlamış, bu zaman evin dəhlizində 1 ədəd perefarator, 1 ədəd laqonda, 1 ədəd direl olduğunu görüb həmin alətləri evin içərisindən tapdığı boş kisəyə qoymuş, sonra yenə evdə oğurlamaq üçün hər hansı əşya olmasını axtarmağa başlamış, həmin vaxt evin otaqlarına çəkilmiş elektrik naqillərini oğurlayıb, üz qabığını soyduqdan sonra içərisindəki mis metalını satmaq mümkün olduğunu hiss edib oradakı təxminən 200 metrə yaxın elektrik naqillərini də özü ilə götürdüyü kəlbətinlə kəsib bir topa halına salıb oğurladığı təmir alətlərini yığdığı kisəyə qoymuş, sonra həmin kisəni özü ilə götürüb evə daxil olduğu pəncərədən küçəyə çıxıb oradan uzaqlaşıb bir qədər aralıda olan zibilliyə getmiş və oğurladığı təmir alətlərini sındırıb içərisindəki mis metallarını ayırmış, sonra oğurladığı elektrik naqillərinin də üz qabığını söyub mis metalını da həmin metalların üstünə qoyub yenidən kisəyə qoyub yaşadığı qəsəbədəki metal qəbulu məntəqəsinə aparıb mis metalı 43 manata, dəmir metalını isə 33 manat 50 qəpiyə satmış, əldə etdiyi 76 manat 50 qəpik pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa da Abşeron rayonu ərazisində bir neçə oğurluq etmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə oğurluq etməyi üçün münasib ev axtaran zaman həmin ərazidə yerləşən bir evdə təmir işlərinin aparıldığını görmüş, ona görə də həmin gün saat 23 radələrində yenidən həmin evin yanına qayıdan zaman evin işıqlarının yanmadığını, həyətin darvazasının olmadığını və oğurluq etməyi üçün münasib şəraitin olduğunu görmüş, həmin evdə və yaxın ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra həyətə daxil olmuş, bundan sonra da evin qarşı tərəfində, pilləkənin yanında olan pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuş, evin bütün otaqlarına nəzər yetirdikdən sonra yataq otağından təmir zamanı istifadə olunan 6 bağlama elektrik naqilini, qonaq otağından bir ədəd su matorunu, 1 ədəd projektoru, 1 ədəd laqondanı, 1 ədəd Bosch markalı perefaratoru, 1 ədəd dreli, 1 ədəd taxtakəsən lobziki və 1 ədəd elektrik uzadıcısını oğurlayaraq özü ilə gətirdiyi kisəyə yığıb evdən çıxmış, bundan sonra hadisə yerindən bir qədər aralaşıb “dərə” deyilən yerdə oğurladığı həmin əşyaları gizlədərək yaşadığı evə getmiş, ertəsi gün, yəni xx.xx.2023-cü ildə saat 10 radələrində oğurladığı həmin əşyaları gizlətdiyi yerə gedib elektrik naqillərinin üz qabığını soyub misini çıxarmış, həmçinin usta alətlərini də sındırıb içərisindəki misi çıxarmış, bundan sonra Qobu qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə gedərək həmin misi və alətləri də dəmir metal kimi həmin məntəqədə işləyən şəxsə ümumilikdə 198 manata satmış, oğurluq yolla əldə etdiyi tikinti materiallarını satmaqla əldə etdiyi həmin 198 manat pulu da öz ehtiyaclarına xərcləmiş, oğurluq etdiyi evin sahibi, hazırda adı ona məlum olan Zərərçəkmiş şəxs4 əvvəllər sadəcə üzdən tanımış və aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin cinayət hadisəsini tək törətmiş və bu barədə heç kimə bir söz deməmişdir. Bundan başqa, 28 fevral 2023-cü il tarixdə saat 18-19 radələrində hal-hazırda satmı olduğu atına minərək Abşeron rayonu, Masazır qəsəbəsində gəzirmiş, həmin vaxt pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, hardansa metal oğurlayıb sataraq pul əldə etsin. Bu məqsədlə ətrafı gəzərkən ətrafı tam hasarlanmamış, içəri daxil olmaq üçün açıq yeri olan hasarlı sahə görmüş, ətrafa baxaraq hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra həmin kiçik yerdən hasarı keçib içəri daxil olmuş və torpaq sahəsinə ətraflı baxmış, həmin vaxt içəridə bir ədəd mühərrikin olduğunu görmüş, mühərrikin yanına yaxınlaşıb onu yoxladıqda ağır olduğunu və bütöv götürüb apara bilməyəcəyini başa düşdüyündən həmin mühərrikin içində olan misi sökmək qərarına gəlmiş, bu məqsədlə həmin mühərriki sürüyərək hasardan çölə çıxarmış və yerdən tapdığı dəmir parçası ilə həmin misi sökməyə başlamış, misi sökdükdən sonra kiçik olduğu üçün əlinə götürmüş və ata minərək oradan uzaqlaşmışdır. Elə həmin gün axşam radələrində misi avtomobilinin markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə 30 manat müqabilində satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, etdiyim əməldən peşmandır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu Qobu qəsəbəsində gəzib oğurluq etmək üçün münasib ev axtarmış, bu zaman Qobu qəsəbəsində yaşayan X1 yaşadığı evin yanından keçirmiş, həmin yerdən keçərkən evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, evin qapısını döymüş, qapını heç kimin açmadığını görüb evdə heç kimin olmadığından tam əmin olmuş, bu zaman evin birinci mərtəbəsində giriş qapısının ağzında yerə döşənmiş taxtaların mismarlanmadığını görüb həmin taxtaları qaldırmış və həmin yerdən mənzilin zirzəmisinə daxil olmuş, mənzilin zirzəmisindən 2 top elektrik naqillərini götürmüş və taxtaları çıxardığı yerdən zirzəmidən çıxmışdır. Bundan sonra elektrik naqillərini evin çöl hissəsində pilləkənlərin yanına yığmış, çünki həmin elektrik naqillərini tək aparmağı mümkün deyildi. Bundan sonra Qobu yoluna çıxıb oradan markasını xatırlamadığı ağ rəngli “Qaz 24” markalı taksiyə yaxınlaşıb evində dəmirlər olduğunu və həmin dəmirləri satdığını, bunun üçün dəmirləri metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişdir. Taksiyə əyləşib oğurluq etdiyi evin qarşısına gəlmiş və evdən götürdüyü elektrik naqillərini həmin avtomobilin yük yerinə yığmışdır. Bundan sonra getmək istəyən zaman evin həyətində dəmir jalüzün də olduğunu görüb onu oğurlamaq qərarına gəlmiş və həmin dəmir jalüzü də götürüb avtomobilin üstünə qoymuş, taksiyə əyləşib Qobu-Hökməli yolunda yerləşən metal qəbulu məntəqəsinə gəlmiş, oğurladığı elektrik naqillərini və dəmir jalüzü 100 manat pul müqabilində satmış, əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi vəziyyəti yaxşı olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmiş, bunun üçün xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yenidən oğurluq etmək üçün Qobu qəsəbəsində gəzib münasib ev axtarırmış, bu zaman həmin evlərdən birində heç kimin olmadığını, evin boş olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmişəki kimi evdə kiminsə olub-olmadığını yoxlamaq üçün qapını döymüş, qapını heç kim açmadıqda evdə heç kimin olmadığını yəqin edib evin kənarında yerləşən plastik pəncərəni sıxıb evə daxil olmuş, evə daxil olduqdan sonra evin hamam otağına keçmiş və oradan 1 ədəd su qızıdırcısını sökmüş, bundan başqa evdə olan elektrik naqillərini də dartıb yerindən qoparmış, əlavə olaraq evdən elektrik qutusunu da götürmüş, gəldiyi yolla evdən çıxmış və gec olmadan əldə etdiyi əşyaları satmaq üçün Qobu-Hökməli yolunda yerləşən metal qəbulu məntəqəsinə getmiş, həmin əşyaları orada ümumi 90 manat pul müqabilində satmış, əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkimiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədəki evində tək yaşamış, təxminən 2 ay olar ki, həmin evində təmir işləri aparmış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində evdən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə işə getmiş, həmçinin evdə təmir işlərini həyata keçirən usta Zərərçəkmiş şəxs5 da həmin gün evdə təmir işləri apardıqdan sonra saat 18 radələrində evdən çıxıb onun yanına iş yerinə gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Aqşinlə birlikdə yaşadığı evə qayıtmış, bu zaman evin qabaq hissəsində pilləkənlərin yanındakı pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra evə daxil olub otaqlara nəzər yetirdikdən sonra naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdən oğurluq olduğu məlum olmuş, ona görə də bundan bir qədər sonra DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, həmçinin bundan bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində evin yataq otağına yığdığı hər biri 65 manat dəyərində olan 4 bağlama 4-lük elektrik naqili, hər biri 35 manat dəyərində olan 2 bağlama 1,5-lik elektrik naqili, qonaq otağından bir ədəd 60 manat dəyərində olan su matoru, 1 ədəd 30 manat dəyərində olan projektor naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanaraq ona ümumilikdə 420 manat məbləğində ziyan vurulmuşdur. Həmçinin qeyd etmişdir ki, evində usta işləyən Zərərçəkmiş şəxs5 da ümumilikdə 275 manat dəyərində olan tikinti materialları oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı konkret olaraq şübhələndiyi hər hansı bir şəxs və ya şəxslər yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkimiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində S.S.Axundov küçəsindən yerləşən ona məxsus fərdi evin tikintisi tam yekunlaşmamışdır. Həmin evin bir otağını yaşaması və evinə nəzarət etməsi üçün X5 həvalə etmişdir. Xəyalə həmin evdə təmənnasız qalmış və evinə nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Xəyalə evdə olmamışdır. Həmin vaxt o da evə baş çəkmək üçün evə getməmişdir. xx.xx.2023-cü il tarixdə evə baş çəkmək üçün evə gələn zaman evin həyətində olan 1 ədəd 150 manat dəyərində dəmir jalüzün yerində olmadığını aşkar etmiş, bundan sonra evin zirzəmisinə baxan zaman evin zirzəmisindən 1 top 150 metr uzunluğunda 250 manat dəyərində və 1 top 100 metr uzunluğundan 200 manat dəyərində elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkimiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədəki fərdi yaşayış evimdən çıxmış və həmin gün saat 19 radələrində qayıtdıqda evindən oğurluq olmasını aşkar etmişdir. Belə ki, naməlum şəxs 14 mart 2023-cü il tarixdə saat 09 radələrindən saat 19 radələrinədək olan müddətdə mənim yaşadığı evə pəncərədən qanunsuz daxil olaraq 150 manat dəyərində elektrik naqillərini, 30 manat dəyərində olan 6 ədəd elektrik avtomatlarını elektrik qutusu ilə birlikdə və hamam otağından 120 manat dəyərində su qızdırıcısını oğurlamışdır. Evindən oğurluq olmasını aşkar etdikdən sonra 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 300 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2015-ci ildən ailəsi ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsində kirayədə yaşamış, tikintidə usta işləmiş, 2018-ci ildə yaşadığı məhəllədən 4 sot torpaq sahəsi alıb özünə 2 mərtəbəli ev tikməyə başlamış, evin tikintisi başa çatsa da təmir və rəngsaz işləri başa çatmadığından həmin evdə yaşamamış, 23 fevral 2023-cü il tarixdə evində təmir işləri edib saat 17 radələrində qapı və pəncərələri bağlamış, yaxınlıqdakı kirayə yaşadığı evə getmiş, ertəsi gün səhər saat 11 radələrində evində təmir işlərini davam etdirməyə gəldiyi vaxt giriş qapısından sağ tərəfdəki plastik pəncərənin açıq olduğunu görüb tez qapını açıb içəriyə daxil olmuş, həmin vaxt evin birinci mərtəbəsindəki dəhlizdə qoyduğu 238 manat dəyərində olan 1 ədəd perefaratorun, 214 manat dəyərində olan 1 ədəd laqondanın, 78 manat dəyərində olan 1 ədəd direlin və evin otaqlarında divarlara çəkilmiş 770 manat dəyərində olan 200 metr uzunluğunda elektrik naqillərinin yerində olmadığını görüb oğurlandığını yəqin edib bu barədə polisə məlumat vermək istəmiş, lakin mobil telefonu yanında olmadığına görə bunu edə bilməmiş, həmin vaxt yanında olan qardaşı Tural Abbasovdan bu barədə polisə məlumat verməsini xahiş etmiş, Tural da DİN-in 102 xidmətinə zəng edib oğurluq olması barədə məlumat vermiş, az sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 1300 manat məbləğində ziyan dəymişdir. Baş vermiş oğurluqda şübhələndiyi şəxslər yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Güzdək qəsəbəsində fərdi yaşayış evi vardır. Özü daş karxanasında işlədiyi üçün yaşadığı evin həyətində mişar daşı kəsən aparatın ehtiyat üçün mühərrikini hasarın yanında saxlayırmış, sonuncu dəfə 28 fevral 2023-cü il tarixdə həyətdə olan zaman həmin mühərrikin yerində olduğunu görmüş, lakin 01 mart 2023-cü il tarixdə saat 08 radələrində həyətə baxdıqda mühərrikin yerində olmadığını müəyyən etmiş, həyətdən küçəyə çıxıb ətrafa nəzər yetirdikdə mühərrikin həyətdən bir qədər aralıda açıq sahədə olduğunu görmüş, mühərrikə baxdıqda içərisindəki 1500 manat dəyərində ehtiyat hissəsinin yerində olmadığını aşkar etmiş, bundan sonra məlum olmuşdur ki, ona məxsus mişar daşı kəsən aparatın mühərrikinin 1500 manat dəyərində ehtiyat hissəsi oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6-7 ay olar ki tanıyır. Belə ki, Həsən onun işlədiyi metal qəbulu məntəqəsinə bir neçə dəfə müxtəlif əşyalar gətirib satmışdır. Təxminən 2023-cü ilin fevral ayından mart ayına qədər olan müddətdə Həsən məntəqəyə bir neçə dəfə mis kabellər və dəmir əşyalar gətirib satmışdır. Həsən həmin əşyaları zibillikdən yığıb gətirdiyini demiş, kabelləri yanıdrıb misini satmışdır. Həsən satdığı əşyaları alarkən şəxsiyyət vəsiqəsini təqdim etmişdir, Həsən həmişə əşyaları tək gətirmiş, yanında başqa şəxs olmamış və piyada gətirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron RPİ MSY-ə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cinayət işi Abşeron RPİ tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın 09 ay 14 günü hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 08 ay 12 gün təşkil edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 09 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 04 ay 22 gün və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət olmaqla cəmi 04 ay 26 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutub qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 09 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 04 ay 22 gün və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət olmaqla cəmi 04 ay 26 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxslərə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar