Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-189/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1984-cü ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yaşayan, 13.11.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.08.2020-ci ildə tarixdə saat 15 radələrində AB N 644464 nömrəli «xxxx» dərəcəli sürücülük vəsiqəsi və ayıq vəziyyətdə Abşeron – Şərab ASC məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit yük Vaqon” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi Ş.Aşıq küçəsində 20 km/saat sürətlə hərəkətdə olarkən idarə etməni itirərək qarşı tərəfdən velosipedlə hərəkətdə olan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyyatsızlıqdan sağ əlin 1-4-cü daraq sümüklərinin sınığı ilə və açıcı vətərlərin zədələnməsi ilə müşayiət olunan sağ əlin arxa səthinin toxuma deffektli əzilmişcırılmış yaraları sağ gicgah nahiyəsinin əzilmiş yaraları sağ bazunun aşağı 1/3-nin ön səthinin sıyrığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron şərab şirkətində sürücü işləyir. Şərab şirkətinin şərablarını şirkətin avtomaşını ilə Sumqayıt və Bakı şəhəri ərazisində yerləşən mağazalara paylayır. 01.08.2020-ci il tarixdə saat 15:00 radələrində işi ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Bizim market”ə şərab verməyə gedirmiş. Həmin vaxtı S.Aşıq küçəsi ilə şirkətin Ford markalı ağ rəngli **-AD-*** DNN-lı avtomaşınını sürmüşdür. O, həmin vaxtı qarşıdan bir nəfər uşağın velosipet sürüb avtomobilə tərəf gəldiyini görmüşdür. Həmin uşağın velosipeti normal sürə bilmədiyini görüb avtomobili yolun sol tərəfinə çəkib saxlamışdır. Lakin, uşaq idarə etməni itirdiyi üçün yerə yıxılmışdır. O, avtomobildən düşüb uşağa yaxınlaşıb və uşağın valideyinlərini axtarmağa başlamışdır. Az sonra oraya uşağın atası gəlib ondan oğlu Yusifi xəstəxanaya aparmağını xahiş etmişdir. O, isə köməklik məqsədi ilə Yusifi idarə etdiyi avtomobilə mindirib müayinə olunması üçün xəstəxanaya aparmışdır.Eyni zamanda o, Yusifi öz avtomobili ilə vurmadığını, ona hər hansı bir xəsarət yetirmədiyini Yusif öz ehtiyyatsızlığı nəticəsində velosipeti aşaraq yıxılıb xəsarət aldığını qeyd etmişdir. Həmin hadisədə isə onun heç bir günahım olmadığını bildirmişdir. O, Yusifi təxminən ona çatmağa 10-12 metr qalmış görmüş, həmin vaxtı isə o, təxminən saatda 20 km sürətlə hərəkət etdiyini göstərmişdir. O, öz idarə etdiyi avtomobil ilə Yusifi vurmasa belə insanlıq borcunu yerinə yetirib onun yıxılaraq xəsarət aldığını görüb maşından düşüb onu valdeyinləri ilə birlikdə valideyininin xahişini nəzərə alıb Yusifi müayinə üçün Travmatologiya inistutuna aparmışdır. Xəstəxanada isə Yusifin atası ona demişdirki, telefonuda puluda evdə qalıb sən hara lazımdırsa xərclə pul mən evə gedəndə sənə həmin xərclədiyin pulları verəcəm. Həmin vaxtı onu RENTGEN müayinəsindən keçirib əlini tikdirib evinə gətirib qoymuşdur. O, sonradan onun həkimin yazdığı dərman reseptinidə alıb ona vermişdir. Təxminən Yusifə görə 385 manat pul xərclədiyinidə bildirmişdir. Lakin, Yusifin atası həmin 385 manat pulu ona bu günə kimi qaytarıb verməmişdir. Hadisədən qabaq spirtli içki qəbul etmədiyinidə göstərmişdir. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, az yaşlı olduğu üçün onun anası Qanuni nümayəndə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınmışdır. Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, valdeyinləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində S.Aşıq küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evində yaşayır. Özünə məxsus velosipeti var. Həmin velosipeti o, öz məhlələrində mütəmadi olaraq sürür. Onların evinin qarşısından yol keçir. 01.08.2020-ci il tarixdə o, həmişə olduğu kimi saat təxminən 15:00 radələrində özünə məxsus velosipeti məhlələrində sürən zaman qəflətən kənardan yol ilə gələn FORD markalı ağ rəngli avtomobil onun velosipetini qabaq hissədən vurmuş və o, nəticədə yerə yıxılmış sonra isə onun başı avtomobilin qabaq sağ tərəfindəki faraya dəymiş, yerə yıxıldıqdan sonra isə həmin fordun təkəri onun sağ əlinin barmaqlarının üstündən keçdiyini bildirmişdir. Həmin vaxtı məhlədə heç kəs olmasada onun səsinə atası İsgəndər evlərinin həyətindən çölə çıxıb baş verənləri özü görmüşdür. Sonra isə həmin avtomobilin sürücüsü onu atası Nemətlə birlikdə əlindən qan axa-axa həmin avtomobilə mindirib müayinə üçün həkimə apardıqlarını qeyd etmişdir. Bundan sonra baş verənləri dəqiq xatırlamadığını və özünə gəldikdən sonra görmüşdür ki, sağ əlinin barmaqlarının əməliyyat olunduğunu bildirmişdir. Onu vurmuş avtomobilin sürücüsünü tanımır və onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Hadisə baş verən zaman yanında heç kim olmasada kənardan tanımadığı şəxslər keçib gedirdi ancaq, onlar ona yaxınlaşmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun oğludur. O, orta məktəbin 1-ci sinif şagirdidir. Yusifin özünə məxsus velosipedi vardır. Həmin velosipedi Yusif öz məhlələrində mütəmadi olaraq sürür. Evinin qarşısından yol keçir. 01.08.2020-ci il tarixdə saat təxminən 15:00 radələrində Yusif özünə məxsus velosipedi məhlələrində sürmüşdür. O, isə həmin vaxtı öz evlərinin həyətində təmizlik işləri aparmışdır. Həmin vaxtı çöldən səs eşidib çölə çıxıb görmüşdür ki, oğlu Yusif ayaq üstə sol əli ilə sağ əlini tutub qışqıra-qışqıra üstünə gəlir. Həmin vaxtı isə FORD markalı avtomobil yolda dayanmışdır. O, nə baş verdiyini soruşduqda ona oğlu Yusif demişdir ki, onu velosipet sürən zaman həmin bu dayanmış maşın vurmuşdur. Həmin vaxtı isə dayanmış FORD markalı avtomobilin sürücüsü ona demişdirki, narahat olmayın heç nə yoxdur, həkimə gedək. O, uşağı vurmadığını uşağın özü velosipeddən yıxıldığını da demişdir. Həmin “ FORD ” markalı avtomaşının sürücüsü ilə birlikdə oğlu Yusifi xəstəxanaya aparmışdırlar. Bundan bir neçə dəqiqə sonra qonşusu Azər adlı şəxsin Mersedes markalı avtomobili ilə Bakı şəhəri Travmatalogiya İnistituna həyat yoldaşı Nərmin gəlmişdir. O, xəstəxanaya daxil olanda görmüşdür ki, həkimlər oğluna ilkin tibbi yardım göstərirlər. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra demişdirlər ki, bu gün 6cı gün olduğu üçün cərrah yoxdur 1-ci gün gətirərsiniz həkim özü baxar. Həmin vaxtı avtomobilin sürücüsü də orda olmuş o, da xəstəxanaya ilkin olaraq 50 manat pul ödəniş etmişdir. Sonra isə onlar evlərinə gəlib yenidən 1-ci gün uşağını vurmuş avtomobilin sürücüsü ilə birlikdə həmin xəstəxanaya gedib orada cərrahın yanında olub həkim baxan kimi demişdir ki, uşaq ən azı 3 dəfə əməliyyat olunmalıdır. Həkim onlara demişdir ki, uşağı palataya yerləşdirin ki, gəlib əməliyyat etsin. Həmin vaxtı sürücü Nemət adlı şəxs isə bildirmişdirki, 3 dəfə əməliyyat olmaz bu uşaqdır narahat olmayın onun “AVRASİYA “ klinikasında anasının qohumu var onun yanına aparıb o özü 1 dəfəyə həll edəcək. Onlarda onunla razılaşıb həkimə heç nə demədən xəstəxanadan çıxıb evə gəlmişdirlər. Nemət isə onlara demişdirki, gözləyin anası gələcək anasıda gəlib baxıb demişdirki, siz narahat olmayın mən uşağın sarğısnı açıb baxım sonra deyəcəm ki hara aparaq. Onlar isə sarğını açmağa qoymamışdırlar. Bundan sonra onlar gəlib həkimə aparacaqlarını desələrdə bu günə kimi gəlməmişdirlər. Bundan sonra onlar məcbur qalıb Yusifi Travmatologiya xəstəxanasına aparıb orada 2 dəfə əməliyyat etdirmişdirlər. 1-ci dəfə əməliyyata 1000 manat pullları çıxmış, 2-ci əməliyyata isə 1200 manat pullarının çıxdığını bildirmişdir. Əməliyyatdan əlavə olaraq uşağın sağlamlığı üçün təxminən 1000 manatda pul xərcləmişdirlər. Bir sözlə Yusifin əlinin sağalması üçün bu günə kimi təxminən 3200 manat pul xərcləsələrdə onun əli sağalmayıb tam açılmır yəni sağ əlinin 2 barmağı açılıb bağlanmır. Hazırda onun barmaqlarının bərpa olunması üçün əlavə olaraq 3-cü dəfə əməliyyatın lazım olduğunu, onların isə buna maddi imkanlarının olmadığı qeyd etmişdir. O, oğlu Yusifi avtomobil vuran zaman görməmiş ancaq, o Yusifin səsinə çölə çıxmışdır. Həmin vaxtı taksi şofiri Azər adlı şəxs o Yusifi maşın vuran zaman görmədiyini, onu yoldaşının onu xəstəxanaya taksi kimi aparsı üçün özü çağırdığınıbildirmişdir. Nemət ilkin olaraq oğlu Yusifi xəstəxanaya aparsada sonradan isə bu günə kimi gəlib maraqlanmadığını bildirmişdir. Nemətin yalan danışdığını ondan pul almadığını, o onun uşağına görə xəstəxanada cəmi həkimə 50 manat pul verdiyini və 2 ədəd antibiotik və Nurafen dərmanlarını aldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə iş üzrə həyat yoldaşı Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, buna görə də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan Abşeron rayon şöbəsinin 07.09.2020-ci il tarixli 32 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağ əlin 1-4-cü daraq sümüklərinin sınığı və açıcı vətərlərin zədələnməsi müşayiət olunan sağ əlin arxa səthinin toxuma deffektli əzilmiş-cırılmış yaraları; sağ gicgah nahiyyəsinin əzilmiş yaraları; sağ bazunun aşağı 1/3-nin ön səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.08.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində, eləcədə avtomaşının təkərinin onun sağ əlinin üzərindən küçməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisələri məhkəmə ekspertizasının 01.10.2020-ci il tarixli, 8/1624 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə Ford Transit markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən xx.xx.1984-cü il təvəllüdlü, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs oğluna 28.11.2011-ci il tarixdə “xxxx” dərəcəli AB N 644464 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RİHB-nın Binə qəsəbəsi İƏD üzrə nümayəndəli tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu arvadı: X4, oğlu: X1 Südçülük sovxozunda qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Yəni Təqsirləndirilən şəxs əvvəllər heç vaxt məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, 13.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 100 ( bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-189/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-189/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver