Məhkəmə qərarları › İş №1(012)-190/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-190/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-190/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1984-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücülüyü ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci Məhəllə, 2 nömrəli binanın blokunda 1 -ci mərtəbə ilə 2-ci mərtəbənin arasında, pilləkəndə qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmində baş vermiş münaqişə zamanı bir dəfə yumruqla sifət nahiyəsinə vurmuş, daha sonra mənzilindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs sinəsinə iki dəfə qəsdən vuraraq ona döş qəfəsinin iki ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarxdə saat 20 radələrində o, şəhərdən qardaşı ilə birlikdə evə tərəfə gəlirərkən avtoyuma işlədən Elvin adlı tanışına zəng edib həyətə gəlməsini və avtomobilini aparıb yumasını xahiş etmiş, bundan sonra qardaşı onu evinin yaxınlığında düşürtmüş və başqa yerə gedib 10 dəqiqəyə qayıdacağını bildirmiş, həmin vaxt o, məhləyə gəldikdə blokun qarşısına çoxlu adamın toplaşdığını görmüş, o, bloka gəldikdə adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs dostu Elvinlə mübahisə etdiyini görmüş, o, oraya yaxınlaşdıqda Faiqdən nəyə görə Elvinlə mübahisə etdiyini soruşmuş, Faiq də ona Elvinin niyə blokda dayandığını, belə ki, uşağının Elvindən qorxaraq evə qalxa bilmədiyini dedikdə o da Faiqdən Elvinin kiməsə nəsə pis söz deyib-demədiyini soruşmuş və Elvinin onun tanışı olduğunu, sadəcə evdə adam olmaması səbəbindən çöldə gözlədiyini bildirmiş, buna baxmayaraq Faiq onun sözünə qulaq asmamış, Elvini yaxasından dartıb məhlədən kənara aparmış, o yenə də Faiqə dayanmağını bildirmiş, həmin vaxt Faiq onun yaxasında tutub “vapşe sən nə deyirsən e” deyib onu sirkələmiş, həmin vaxt o, yumruqla Faiqin sol çənə nahiyəsindən bir dəfə vurmuş və Faiq yerə yıxılmış, daha sonra o, mübahisənin davam edib böyüməməsi üçün yaşadığı mənzilə gedib qapısını da bağlamış, o, evdə olan zaman mətbəxdən alma götürmüş və kiçik meyvə bıçağı ilə almanı soymağa başlamış, həmin vaxt Faiq yaşadığı mənzilin qapısını təpik və yumruqla döyüb, ucadan ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədərək söyməyə başlamış, o, özünü sakitləşdirmək istəsə də, Faiq ona və ailə üzvlərinə çox ağır söyüşlər söyməyə davam etmiş, Faiqin qonşular içərisində onun və ailəsinin ünvanana ucadan belə ağır təhqirlər etməsi onu hövsələdən çıxarmış və o, Faiqin təhqirlərinə dözməyib əlindəki bıçaqla çölə çıxmış və Faiqin sakit durub təhqirləri dayandırması üçün iki dəfə Faiqin sinə nahiyəsindən bıçağın uc hissəsi ilə yüngül vurub özü geri çəkilmişdir. Heç kim onun əlindən tutub saxlamamış, o, Faiqi bıçaqla vurandan sonra qonşular Faiqi xəstəxanaya aparmışlar. O isə binanın dəhlizindən həyətə düşüb məhəllədən uzaqlaşmış, sakitləşmək üçün bir az piyada yeriyib gəzişmiş, gəzişən zaman da əlində olan bıçağı tanımadığı yerə atmış, bıçağın da harada olmasını bilməmişdir. Sonda o, əməlindən peşman olduğunu əsas gətirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində o, qonşuları ilə həyətdə domino oynayarkən 12 yaşlı oğlu həyətdə velosiped sürmüş, hava gec olduğundan o, oğluna evə getməsini bildirmiş, bundan bir neçə dəqiqə sonra oğlu Əli ona yaxınlaşaraq blokun ikinci mərtəbəsində tanımadığı şəxslərin olduğunu və evə qalxmaqdan qorxduğunu bildirmiş, bundan sonra o, blokuna gəlmiş və Şəmistanın qapısının qarşısında iki nəfər tanımadığı şəxsin dayandığını görmüşdür. O, həmin şəxslərdən kim olduğunu soruşduqda həmin şəxslər Şəmistanın yanına gəldiyini bildirmişlər. O da həmin şəxslərə blokda dayanmamasını, əgər Şəmistanın yanına gəlibsə ya evə daxil olmasını, ya da çöldə gözləmələrini bildirmiş, həmin şəxslər ona cavab qaytarsalar da, çox mübahisə etməyib oradan çıxıb getmişlər. Həmin şəxslərin yanında olan Şəmistan ona narazılıq edərək yanına gələn qonaqları qovmağına irad tutmuş, o da Şəmistana demişdir ki, adamın yanına gələn qonaq evində olan binanın podyezdində olmaz. Bu sözünü deyib həyətə düşmüş və qovduğu şəxslərin uzaqlaşıb uzaqlaşmadığına baxmışdır. Həyətə blokun qarşısına düşüb həmin şəxslərin təxminən 15-20 metr uzaqlaşdığını görmüş, elə bu zaman ona arxadan yaxınlaşan Şəmistan qəflətən arxadan yumruq ataraq sol gözündən zərbə endirmiş, həmin zərbənin təsirindən onun burnundan qan açılmış və o, yanı üstə yerə yıxılmış, Şəmistan onu vuran kimi də qaçıb həmin binanın ikinci mərtəbəsində yerləşən evlərinə girib evin girişi qapısını da bağlamış, o, ayağa qalxıb Şəmistanın yaşadığı mənzilinə tərəf getmiş, Şəmistanın onu üzbəüz yox, arxadan yumruq vurmağı və burnundan qan açılmağı ona çox pis təsir etmişdi. Ona görə də Şəmistan mənzilinin qapısını döyüb onu nəyə görə vurmasının səbəbini öyrənmək üçün həyətə çağırmış, lakin Şəmistan qapını açmamış, o ucadan Şəmistan “kişisənsə vurub qaçma, çıx çölə” sözlərini desə də, Şəmistan qapını açmamış, o da buna görə pilləkənlərlə aşağı düşməyə başlamış, o, ikinci mərtəbə ilə birinci mərtəbənin arasında olan dəhlizdə olan zaman, Şəmistan yaşadığı və gizləndiyi mənzildən qəfildən çıxıb üstünə gəlib sağ əlində olan bıçaqla onun döş qəfəsindən zərbələr endirməyə başlamış, Şəmistan onun üstünə hücumu anidən etdiyi üçün o, ilk iki zərbələrini tuta bilməmiş və Şəmistan iki dəfə onun döş qəfəsinə zərbələr endirmiş, lakin sonra əlindən tutduğu üçün Şəmistan onu vura bilməmiş, həmin vaxt səs-küyə qonşular da gəlmiş və onu Şəmistandan aralaşdırmışlar. O da həmin vaxt paltarının qan olduğunu görmüş və dərhal xəstəxanaya getmişdir. Sonda o, Təqsirləndirilən şəxs nə cəza verilərsə şikayət etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2004-cü ildən tanıyır. xx.xx.2022-ci il tarxdə saat 20 radələrində o, həyətdə olan zaman Şəmistan ona zəng edərək gəlib avtomobilini götürüb avtoyumaya aparıb yuduzdurmağını xahiş etmiş, o da bu məqsədlə Şəmistangilin evinə getmiş və mənzilin qapısını döymüş, həmin vaxt qapını açan olmadığı üçün o, Şəmistana zəng etmiş və Şəmistan da bir neçə dəqiqəyə çatacağını bildirmiş, bundan sonra o, ikinci mərtəbədən aşağı düşərək Şəmistanı blokun qarşısında gözləməyə qərar vermiş, o, artıq birinci mərtəbəyə düşən zaman adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs gələrək burda nə etdiyini soruşmuş, o da Faiqə dostu Şəmistanın evinə gəldiyini bildirmiş, Faiq də ona uşaqlarının evə qalxmaq istədiyini, lakin onu görüb qorxmaları səbəbindən qalxa bilmədiklərini bildirmiş, o da Faiqə uşağının ümumiyyətlə yuxarı qalxmadığını demiş, lakin buna baxmayaraq Faiq onu sinəsindən itələyərək onu çölə çıxartmış, bundan sonra Şəmistan yanlarına gəlib Faiqdən nəyə görə onunla mübahisə etdiyini soruşmuş, Faiq də Şəmistana onun niyə blokda dayandığını, uşağının guya ondan qorxaraq evə qalxa bilmədiyini demiş, Şəmistan da onun orada olduğunu, sadəcə evdə adam olmaması səbəbindən çöldə gözlədiyini demiş, buna baxmayaraq Faiq Şəmistanın sözünə qulaq asmayıb onun yaxasından dartıb məhlədən kənara aparmış, Şəmistan yenə də Faiqə dayanmasını bildirmiş, həmin vaxt Faiq Şəmistanın yaxasından tutub “vapşe sən nə deyirsən e” deyib sirkələmişdir. Həmin vaxt Şəmistan sağ əli ilə yumruqla Faiqin sol çənə nahiyəsindən bir dəfə vurmuş və Faiq yerə yıxılmış, daha sonra Şəmistan mübahisənin davam edib böyüməməsi üçün yaşadığı mənzilə getmişdir. Faiq də ayağa qalxdıqdan sonra Şəmistanın evinə doğru getmiş, o da Faiqin arxasıyca gedərək blokda gözləmiş, o, orada bir neçə dəqiqə dayandıqda sonra qonşular Faiqin üstü qanlı şəkildə apardıqlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Faiq və Şəmistanla qonşudur. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində o, qonşuları ilə həyətdə domino oynayarkən onların da yanında Faiq də olmuşdur. Faiqin oğlu blokdan çıxıb ağalaya-ağlaya atasının yanına gəlmiş, uşaq binanın 1-ci və 2-ci mərtəbənin arasında adamlar olduğu üçün qorxusundan evə gedə bilmədiyini demiş, Faiq də həmin yerə gedərək onlara blokda dayandıqlarına görə irad bildirmiş, daha sonra Şəmistanın Faiqi vurduğunu eşitmiş, daha sonra o, hadisə yerinə getmiş, Şəmistan Faiqə bıçaqla iki dəfə zərbə vurduğunu, üçüncünü vurmaq istəyəndə o, Şəmistanın əlini tutmuş, daha sonra iki nəfər gələrək bıçağı Şəmistandan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, xx.xx.2022ci il tarixdə saat 20:00 radələrində o, qonşuları ilə həyətdə domino oynayarkən onların da yanında Faiq də olmuşdur. Faiqin oğlu blokdan çıxıb ağalaya-ağlaya atasının yanına gəlmiş, uşaq binanın 1-ci və 2-ci mərtəbənin arasında adamlar olduğu üçün qorxusundan evə gedə bilmədiyini demiş, həmin vaxt Faiq də həmin yerə gedərək onlara blokda dayandıqlarına görə irad bildirmiş, bu zaman Şəmistan oraya gələrək Faiqi arxadan vurub evlərinə qaçmış, Faiq də ayağa qalxaraq onun dalınca getmişdir. Bundan sonra o, heçnə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov Hicran Hüseyn oğlu ifadəsində bildirdi ki, o, Faiqlə tanışdır. Hadisə günü o, Faiq və qonşularla domino oynayarkən Faiqin oğlu blokdan çıxıb ağalaya-ağlaya atasının yanına gəlmiş, Faiq durub getmiş, iki dəqiqə keçməmiş səs eşidildikdə oraya qaçmış, blokun qarşısında 2- 3 nəfərin dayandığını görmüş, Faiq onlara çıxıb getmələrini demiş və onları blokdan 10-15 metr uzaqlaşdırmışdır. Qayıtdıqda Faiqin maşına başı aşağı vəziyyətdə söykənərək burnundan qan gəldiyini görmüş, Faiq ona qonşunun vurduğunu bildirmiş, daha sonra onunla bloka girib 2-ci mərtəbəyə çıxanda qapının bərk çirpıldığını eşitmiş, bir nəfər tanımadığı oğlan Faiqin üstünə gəlib “səni öldürərəm” deyərək bıçaqla Faiqə zərbələr endirmiş, daha sonra o, həmin oğlanın biləyindən tutmuş, o qonşularla birlikdə oğlanı tutmuş, hadisə nəticəsində onun baş barmağı kəsilmiş, o aşağı düşərək Faiqi xəstəxanaya aparmışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X7 bildirdi ki, o, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması üçün və öz təşəbbüsü ilə hadisə yerində olmuş, qonşularla danışmış, lakin qonşular hal-hazırda onların qonşu münasibətində olduqları üçün ifadələrin alınmamasını xahiş etmişlər. Daha sonra şahidlərin dairəsini müəyyən etmək üçün əməliyyat tapşırığı vermiş, lakin müsbət cavab gəlməmişdir. Daha sonra o, tərəflər tərəfindən hansı şahidlər deyilibsə onlar da dindirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs baş vermiş hadisədən sonra tanımışdır. xx.xx.2022-ci il tarxdə saat 20 radələrində o, Gömrük İdarəsinin arxasında yerləşən bina evinin həyəti ilə dostunun yanına gedərkən o, məhəllədə təxminən 5-6 il il olar ki tanıdığı Şahid1 Baba oğlunun blokun qarşısında adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxslə mübahisə etdiyini və Elvini əli ilə geriyə doğru itələdiyini görmüş, bir qədər sonra adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin oraya gələrək Zərərçəkmiş şəxs niyə mübahisə etdiyini soruşmuş, Faiq də kobud forma da nalayiq ifadələr işlədərək “bununda başı gedib e” deyib Şəmistanın yaxasından tutub saxlamış, bundan sonra qəfil Şəmistan yumruqla Zərərçəkmiş şəxs çənə nahiyəsindən vurmuş və Faiq də yerə yıxılmış, bundan sonra Şəmistan oradan uzaqlaşaraq bloka daxil olmuşdır. Sonra Faiq ayağa qalxaraq ucadan nalayiq ifadələr işlədə-işlədə bloka daxil olmuş və 2-ci mərtəbəyə qalxaraq söyüş söyə-söyə qapını təpikləməyə başlamış, o, həmin şəxslərə birinci mərtəbədə dayanıb baxmış, Faiq ucadan söyüşlər söydüyündən və qapını təpiklədiyindən orada olan şəxslər Faiqi aşağı düşürtmüşlər. Həmin vaxt aşağı düşdüyü üçün o da məcbur olub blokdan çıxmış, həmin vaxt o, qəfildən “bıçaqladı, bıçaqladı” deyə qışqırıq səsləri eşitmiş, bundan sonra Faiqin qarnını sıxaraq blokdan çıxıb getdiyini görmüş, o da oradan uzaqlaşıb işinin dalınca getmiş və həmin günün sabahı Kərbəla ziyarətinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 2110 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - döş qəfəsinin iki ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları iti deşici kəsici əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin məhkəmə-tibbi-kriminalistik ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 492/2022- MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin orta nahiyəsində bir ədəd və maykanın ön səthinin sol nahiyəsində bir ədəd (cəmi iki ədəd) dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş kəsilmiş zədədir ülgüclü və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin təsirindən törənmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin məhkəmə-tibbi-bioloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 611/2022-MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə - A beta (11), 2. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş Zərərçəkmiş şəxs maykası üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A(ll) qrupunu əsas xarakterizə edən A antigeni və beta aqqlyutinini alındı. Beləliklə, bu qan A(ll) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş 2 ədəd steril çöp üzərindəki ləkələrdə tədqiqat zamanı qan aşkar olunmadı. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,234.4.3, 240.3.2 maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,234.4.3, 240.3.2 maddələri ilə təqsirli bilinərək, həmin Məcəlllənin 66.3-cü maddəsinə əsasən 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı ilə o, “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2 bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Abşeron RİHB-nın başçısının 3 saylı MTİİTS-nin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına yönəlməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və yaşayış yeri üzrə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd mayka məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə onun üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və yaşayış yeri üzrə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd mayka məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar