Məhkəmə qərarları › İş №1(012)-191/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-191/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-191/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs o, 24 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan 1 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş « Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına daxil edilmiş qanunsuz olaraq 0,513 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 24 fevral 2024-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Hökməli qəsəbəsi O.Mirzəyev küçəsində yerləşən Hökməli qəsəbə tam orta məktəbinin qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib həmin gün saat 20:50-dən 21:15-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə çəkisi 0,513 qram miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu PB-nə aparılmağı və üzərindən psixotrop maddənin aşkar olunmasına dair ifadə verməklə bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qeyri-rəsmi evlidir və üç azyaşlı övladı vardır. Rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxmini 2 ildir ki, narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında xala oğlusu Əmirzadə ilə görüşmək üçün yaşadığı Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsinə getmişdir. Lökbatan qəsəbəsi ərazisində olan zaman tanımadığı bir nəfər şəxsin psixotrop maddə istifadə etdiyini görmüşdür və ona yaxınlaşaraq həmin maddədən istəmişdir. Həmin şəxs isə ona həmin ağ kristal şəkilli psixotrop maddə metamfetamini bir ədəd sellofan bükümdə 10 manat müqabilində satmışdır. Daha sonra isə həmin gün günorta saatlarında psixotrop maddə ilə evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı küçədə yerləşən Hökməli qəsəbəsi tam orta məktəbinin qarşısında piyada irəliləyən zaman mülki geyimli polis əməkdaşları üzərində narkotik vasitə daşıdığından şübhələnib onu saxlamış və Abşeron RPİ-nin Qobu PB-nə aparmışdırlar. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir və təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif edilmişdir. O, da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan ağ kristal şəkilli psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin vaxt təhqiqatçı ona narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşanda o, narkotik vasitə istifadəçisi olduğunu və Həmin psixotrop maddə olan metamfetamini Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. Etdiyi əməldən peşmandır və bir daha narkotik vasitə qəbul etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu Hökməli qəsəbəsi, O.Mirzəyev küçəsi, ev 9-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, bu barədə qərar Abşeron RPİ- nin Qobu PB-nin rəisi, polis mayoru Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş və həmin qrupa üzüv Abşeron Rİ-nin Qobu PB-nin sahə polis nəfəri polis kiçik serjantı Şahid2, qrup rəhbəri isə o, təyin olunmuşdur. Bundan sonra həmin günü yəni, xx.xx.2024-cü il tarixdə qrup üzvü Şahid2lə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən məktəbin yaxınlığında olduğu vaxt Təqsirləndirilən şəxs müşahidə edərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduğlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə getməyə razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə aparmışdırlar. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş və ərizəsi əsasında vəkil dəvət edildi. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs ilə vəkili arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmət olub- olmamağı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəfaf rəngli sellafon bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəfaf rəngli bükülüyə açılaraq baxış keçirilmiş və həmin vaxt Kristal formalı olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra təhqiqtaçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Nurəddin Firudinli tərəfindən bu barədə protokollar tərtib edilmişdir və protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu PB-də sahə polis nəfəri vəzifəsində işləyir. Abşeron rayonu Hökməli qəsəbəsi, O.Mirzəyev küçəsi, ev 9-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, bu barədə qərar Abşeron RPİ- nin Qobu PB-nin rəisi, polis mayoru Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş və həmin qrupa üzüv o, qrup rəhbəri isə Abşeron Rİ-nin Qobu PB-nin əməliyat müvəkkili Şahid1 təyin olunmuşdur. Bundan sonra həmin günü yəni, xx.xx.2024-cü il tarixdə qrup rəhbəri Şahid1ylə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən məktəbin yaxınlığında olduğu vaxt Təqsirləndirilən şəxs müşahidə edərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduğlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə getməyə razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə aparmışdırlar. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş və ərizəsi əsasında vəkil dəvət edildi. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs ilə vəkili arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmət olub-olmamağı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəfaf rəngli sellafon bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəfaf rəngli bükülüyə açılaraq baxış keçirilmiş və həmin vaxt kristal formalı olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra təhqiqtaçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Nurəddin Firudinli tərəfindən bu barədə protokollar tərtib edilmişdir və protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2024-cü il tarixli 6/1110 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün №245 dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs...” üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi 0,513 qram olan ağ rəngli maddəkütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (qalıq çəkisi 0,463 qram – 0,05 qram narkotik vasitə metamfetamin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli 1963 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində 26 fevral 2024-cü il tarixdə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatətin müdafiə olunmasından imtina olunaraq Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,513 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan büküm çıxararaq təqdim etməsi, sorğu zamanı təqdim eydiyi bir ədəd qara rəngli sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, O.Mirzəyev küçəsində yerləşən Hökməli qəsəbəsində olarkən yerdən tapıb üzərində saxladığını və özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıdığını deməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, AR CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət olmaqla ümumilikdə 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,513 qram narkotik vasitə heroin məhv olunmalı; maddi sübut olan bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün müddət olmaqla ümumilikdə 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,513 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar