Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-192/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1988-ci ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128, 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yeni inşa etdirdiyi və hazırda yaşayış olmayan fərdi evin həyətindən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə vəhşi heyvan hesab edilən tülkünün daxil olaraq toyuq-cücəsini məhv etməsinin qarşısını almaq üçün sonuncu ona yaşadıqları evin arasında olan mişar daşları ilə hörülmüş hasarın hündürlüyünü artırmağı və tikilinin sökülməsi ilə bağlı aralarında baş vermiş şəxsi münaqişə zəminində Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən sonuncunun burun nahiyəsinə yumruqla vuraraq, ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun çəpərində və burun sümüyünün orta xəttində cuzi yerdəyişmiş sınığı kimi sağlamlığın qısa müddət pozulmasına səbəb səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə aralarında xx.xx.2020ci il tarixdə baş vermiş mübahisə zamanı, sonuncunun qaynı olan Şahid1 tərəfindən döyüldüyünə görə, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən küçədə Zərərçəkmiş şəxs qisas almaq məqsədi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, idarə etdiyi avtomobilin yük yerindən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs vuraraq, ona sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası, alın, gicgah və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları, sağ saidin arxa səthinin və sol əlin İ-İİ barmaqarası sahənin əzilmişcırılmış yaraları, sol baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs hər iki epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və bu əməli törətməsi onun öz ifadəsi, eləcə də zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyi ilə sübut olunur. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktında görə, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yeni inşa etdirdiyi və hazırda yaşayış olmayan fərdi evin həyətindən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə vəhşi heyvan hesab edilən tülkünün daxil olaraq toyuq-cücəsini məhv etməsinin qarşısını almaq üçün sonuncu ona yaşadıqları evin arasında olan mişar daşları ilə hörülmüş hasarın hündürlüyünü artırmağı təklif etdikdə o, bundan imtina edərək həmin evin qarşısındakı küçədə, ictimai yerdə əsaslı səbəb olmadan orada olan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün, özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib burun nahiyəsinə yumruqla vuraraq, ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun çəpərində və burun sümüyünün orta xəttində cuzi yerdəyişmiş sınığı kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 221.1-ci maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olsa da 2010-cu ildən Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və sonuncu ilə birlikdə yaşayan qaynı Şahid1 uzun müddətdir ki, qonşuluqda yaşamaları səbəbindən tanımış və aralarında həmişə normal münasibətlər olmuşdur. Turalın yaşadığı evlə yanaşı onun yeni inşa etdirmiş, lakin həmin evdə yaşamır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında olarkən Tural ilə rastlaşmışdır. Həmin vaxt Tural onun yaşamadığı evin həyətindən sonuncunun həyətinə hasardan tülkü keçdiyini və buna bir çarə etməsini bildirmişdir. Turala tülkünün onun həyətinə keçməməsinə görə edəcəyi bir çarə olmadığını demişdir. Həmin vaxt Tural buna özü bir əlac edəcəyini deyib çıxıb getmişdir. Təxminən 01 saatdan sonra onun mobil telefonuna zəng gəlmiş və telefona cavab verən zaman həmin şəxs Turalın qaynı Asim olduğunu demişdir. Asim həyətindən onların həyətinə tülkü keçməsini, həmçinin tülkünün toyuqlarına ziyan vurmasını irad bildirib onunla mübahisə etmiş və onu evləri ilə yanaşı olan yaşamadığı evinin həyətinə çağırmışdır. İlk öncə Asimin çağırışına getmək istəməsə də Asim ona “sən nətər kişisən ki, öz həyətinə gələ bilmirsən” sözlərini dedikdən sonra, yaşayış olmayan həmin evinin həyətinə getmişdir. Evinin həyətinə çatan zaman, Asimlə Turalın onu həyətdə gözlədiklərini görmüş, həmin vaxt Asim yenidən onunla üz-üzə mübahisə edərək, gecə saatlarında onların həyətinə hasardan keçən tülkünün onun həyətindən keçdiyini irad bildirərək buna görə də bir çarə etməsini söyləmişdir. Asimə yenə də buna heç bir çarə edə bilməyəcəyini dedikdə, sonuncu ona “ya 7 ədəd toyuqları alıb ver, ya da evinin qarşısında olan eyvanın qarşısında olan monolit betonu sökəcəm ki, tülkü həmin betonun üstünə çıxaraq həyətimizə keçə bilməsin” sözlərini demişdir. Asimin bu sözlərinə cavab olaraq “evimin qarşısında olan hörgünü sökə bilməzsən” sözlərini demişdir. Bu zaman aralarında mübahisə daha da böyümüş və Asim onu təpiklə vurmaq istəmiş, lakin Asimin ayağından tutduğuna görə sonuncu yerə yıxılmışdır. Bu məqamda Tural nalayiq ifadələr işlətməklə guya onları aralaşdırmaq məqsədilə onu arxadan qucaqlayıb tutmuş, həmin vaxt Asim yerdən daş parçası götürüb onun sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Özünü müdafiə edə-edə qaçaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi “Vaz-2104” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 500 metr aralaşdıqdan sonra Turalın yol ilə getdiyini görmüşdür. Həmin vaxt avtomobilini Turalın yanında saxlayıb yerə düşmüş və bir gün əvvəl qaynı Asimin xəsarət yetirdiyi sol gözünü göstərib nə üçün belə etdiklərini soruşmuşdur. Həmçinin Turala onları aralaşdıran zaman, onu tutmasaydı Asim onun sifət nahiyəsinə daşla vurub xəsarət yetirə bilməyəcəyini demişdir. Həmin vaxt Tural ona “olubolub da” sözlərini dediyi üçün avtomobilinin yük (baqaj) yerindən taxta parçasını götürüb, Turalı vurmaq istəyəndə, Tural özünü qorumaq üçün qollarını qaldırdığına görə zərbə sonuncunun qoluna dəymiş, 2-ci dəfə də həmin taxta parçası ilə Turalın qulaq nahiyəsinə vurmuşdur. Bu zaman Tural həmin yerdən bir qədər aralıda yaşayan əmisigilə doğru qaçmağa başlamışdır. Bundan sonra avtomobilinə əyləşib Abşeron RPİ-nin Qobu PB-nə getmiş və bir gün əvvəl Asim və Tural adlı şəxslər tərəfindən döyüldüyünü, həmçinin bir qədər öncə də Turalı döydüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə qonşuluqda yaşaması səbəbindən tanımış və aralarında həmişə normal münasibətlər olmuşdur. Onun yaşadığı evlə yanaşı Seymurun yeni inşa etdirdiyi, lakin yaşamadığı evi yerləşir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində o, işdən evə gələrkən yaşadığı evin yaxınlığında Seymur ilə rastlaşmışdır. Həmin vaxt o, Seymura yaşadığı evin həyətinə sonuncunun həyətinin hasarından tülkü keçdiyini və buna bir çarə etməsini söyləmişdir. Seymur ona həmin evdə yaşamadığına görə edəcəyi bir çarə olmadığını söyləmişdir. Həmin vaxt o, Seymura gedib öz həyətindən taxta taparsa həmin taxtanı birlikdə köməkləşib qoymaq lazım olduğunu bildirmişdir. O, evə gəlib həyətinə baxan zaman hasarın üstünə qoymaq üçün fikrində tutduğu taxtanın kiçik olduğunu görmüşdür. Mobil telefonunda kontur olmadığına görə onunl birlikdə yaşayan qaynı Şahid1 xahiş etmiş ki, Seymura zəng edib həyətə çağırsın. Seymur həmin yerə gəldikdə, Asimlə o, tülkünün Syemurun evinin eyvanına çıxaraq hasarın üstündən həyətlərinə keçməsinin qarşısını almaq üçün Seymurla bir qədər söhbət etmişlər. Söhbət əsnasında Seymur onlarla uca səslə danışıb həmin evdə yaşamadığını əsas gətirərək aralarında hasarın üstündən tülkü keçməməsi üçün heç bir çarə etməyəcəyini bildirmişdir. Həmçinin Seymur həmin vaxt gözlənilmədən ona nalayiq söyüşlər söyərək burun nahiyəsinə bir yumruq zərbəsi vurmuş, nəticədə burnundan qan axmış və o, həmin zərbənin təsirindən yerə yıxılmışdır. Həmin an yanlarına gələn Seymurun azyaşlı oğlu da onu vurmaq üçün atasına köməklik etməyə çalışmışdır. Bu zaman Asim və yaxınlıqda olan qonşular qaçaraq, onlara yaxınlaşıb aralaşdırmışlar. Həmçinin həmin an Seymur Asimin də kürək nahiyyəsindən tutaraq, özünə tərəf çəkdiyi üçün Asim dizi üstə yerə yıxılmış və Seymur Asimi də yumruq və təpiklə döymüşdür. Qonşuların köməkliyi ilə onlar həyətə keçmişlər. Bundan sonra Seymur öz həyətinə keçib onların həyətinə daş parçaları atmağa başlamışdır. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə saat 07 radələrində evdən çıxıb işə gedən zaman evlərindən təxminən 300 metr aralıqda olarkən geri dönüb bibisi oğlunun gəlibgəlmədiyinə baxanda Seymuru yanında görmüşdür. Həmin an Seymur əlindəki uc hissəsində dəmir parçası olan taxta parçası (lapatka sapı) ilə sağ qulaq nahiyəsinə zərbə ilə vurmuş və o, yerə yıxılmışdır. Özünü toparlayıb ayağa durmaq istədikdə, ayağa qalxa bilməmişdir. Seymur yenidən ona tərəf gəlib əlində olan həmin taxta parçası ilə sağ ayağına bir zərbə də vurmuşdur. Sonra ayağa qalxan zaman Seymur taxta parçası ilə sağ əlinə də bir zərbə vurmuşdur. Daha sonra özünü toparlayıb qaçmağa başlamış, qaçarkən isə yaxınlıqdakı dərəyə yıxılmış və sonra durub oradan uzaqlaşmışdır. Sonradan qohumlarının köməkliyi ilə ilkin olaraq Xırdalan şəhər xəstəxanasına, oradan isə Bakı şəhər Respublika xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatda olsa da, təxminən 6 il olar ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində bacısı Naibə Qarayevanın ailəsi ilə birlikdə yaşadığı ünvanda yaşayır. Zərərçəkmiş şəxs bacısı Naibənin həyat yoldaşıdır. Teymur Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, ailəsi ilə birlikdə bacısıgilin qonşuluğunda yaşaması səbəbindən tanımışdır. Turalın yaşadığı evlə yanaşı Seymurun yeni inşa etdirdiyi, lakin yaşamadığı ev yerləşir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman o, Seymurun mobil telefonuna zəng edərək, evləri ilə yanaşı olan evinin həyətindən onların həyətinə tülkü keçdiyini bildirib, evin qarşısına gəlməsini və gecə saatlarında tülkünün Seymurun həyətindən həyətlərinə keçə bilməməsi üçün bir tədbir görməsini xahiş etmişdir. Təxminən 4-5 dəqiqədən sonra Seymur yaşadıqları evin qarşısına gəlmiş və onlar bu barədə söhbət etməyə başlamışlar. İlk öncə Tural Seymurdan tülkünün sonuncunun yaşamadığı evin həyətindən onların həyətinə keçməsinin qarşısını necə ala biləcəyini soruşmuşdur. Həmin vaxt Seymur bununla bağlı heç bir tədbir görə bilməyəcəyini söyləmişdir. Bundan sonra o, Turalla birlikdə Seymura onun evinin zirzəmisinin qarşısında olan taxta “dikt”-i eyvanının qarşısına, yaxud da hasarın üstünə qoyduğu halda tülkünün həyətlərinə daxil olmasının qarşısını ala biləcəklərini təklif etmişlər. Həmin vaxt Seymur sözügedən taxtanı verməyəcəyini söyləmişdir. Bundan sonra o, Seymura Turalın həyətindəki su çəninin üstündə olan şiferi gətirib aradakı hasarın, yaxud da Seymurun yaşamadığı həmin evinin eyvanının qarşısına qoyması təklifini edən zaman, Seymur bu təklifi də rədd etmişdir. Bundan sonra o, üzünü çevirib bir qədər kənara çəkilən məqamda, səsə geri dönüb baxanda Turalın yerə yıxıldığını və Seymurun oğlu ilə birlikdə Turalı döydüklərini görmüşdür. Həmin vaxt o, və səs-küyə gələn qonşular qaçaraq dalaşanlara yaxınlaşıb Turalı Seymurun və oğlunun əlindən almışlar. Bu məqamda Seymurun onun üstünə gəldiyini görüb geri dönüb həyətlərinə qaçmaq istəyən zaman, ayağı ilişdiyindən üzü üstə yerə yıxılmışdır. Həmin məqamda Seymur onun əynindəki köynəyinin boyun tərəfindən tutaraq, başının arxasına bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra isə qonşular onları aralaşdırmışlar. Daha sonra da Seymur öz həyətinə keçib evin eyvanına çıxaraq, Turalla onun həyətdə dayandıqlarını görüb, onları hədələyərək həyətə daş parçaları atmağa başlamışdır. Səhəri gün, yəni, xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində Abşeron RPİ-nin Qobu PB-dən ona zəng olunmuş və Seymur onlardan şikayət etdiyi üçün polis bölməsinə gəlməli olduğunu bildirilmişdir. Bundan bir neçə dəqiqə sonra xəbər tutmuşlar ki, saat 07 radələrində Tural işə gedərkən Seymur yenidən Turalı döymüş və vəziyyəti yaxşı olmadığı üçün əmisi ilə birlikdə Xırdalan şəhər poliklinikasına getmişlər. Həmçinin həmin vaxt o, taksi sifariş edərək Xırdalan şəhər poliklinikasına gəldikdə həkimlərin Turalın əl, dirsək, qulaq və burun nahiyyələrinə tikiş qoyduqlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, Şahid1 isə onun qardaşıdır, onlar birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayırlar. Onlarla qonşuluqda Təqsirləndirilən şəxs da yeni inşa etdirdiyi ev yerləşir, lakin həmin evdə yaşayış olmadığından, həmin evin eyvanından hasar vasitəsi ilə onların yaşadıqları həyətə tülkü daxil olaraq, toyuq-cücələrini məhv etmişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, Seymurun Atyalı yaşayış massivində yaşadığı evinə gedərək, bu barədə Seymurun arvadı Ramidəyə bildirmişdir. Seymur heç bir tədbir görmədiyinə görə o, bu barədə əri Turala zəng vuraraq məlumat vermişdir. Həmin gün saat 17 radələrində Tural işdən evə gələn zaman, ona Seymurla yolda rastlaşdığını, Seymura həmin problem barədə bildirdiyni, lakin Seymur isə bununla bağlı heç bir köməklik edə bilməyəcəyini söyləmişdir. Həmin vaxtı qardaşı Asim Seymura zəng edərək, sonuncunu yaşadığı evə dəvət etmiş ki, məsələyə aydınlıq gətirsin. Bir qədər sonra Seymur onların yaşadıqları evin qarşısına gəlmiş və söhbət zamanı yenə də bu işlə bağlı heç bir köməklik göstərə bilmədiyni bildirmiş və qəflətən əri Turalın sifət və bədənin müxtəlif nahiyəsinə yumruqla zərbələr endirmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə Tural saat 07 radələrində evdən çıxıb işinə getmiş, təxminən 15 dəqiqədən sonra ona zəng gəlmiş və Turalın Seymur tərəfindən döyüldüyü barədə məlumat verilmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng edərək əri Turalın döyülməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsindən görünür ki, ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan qonşularıdır. Onun sonuncularla normal münasibəti olmuşdur. xx.xx.2020-ci il tarixdə o, saat 18 radələrində küçədən keçərək, küçədə qışqırıq səsləri eşitmiş və həmin səsə yaxınlaşaraq, qonşuları Seymurun, Turalın və Asimin mübahisə etdiklərini görmüşdür. Daha sonra ona qonşulardan məlum olmuş ki, həmin sözsöhbətdən bir neçə dəqiqə əvvəl Asimlə Tural, Seymurla dalaşmışlar. Həmçinin, o, həmin şəxslərə yaxınlaşan zaman, Turalın və Seymurun sifət nahiyələrində qan izlərini də görmüşdür. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə ona məlum olmuş ki, Turalla Seymur yaşadıqları evdən bir qədər kənarda səhər saatlarında yenidən dalaşmışlar. O, konkret olaraq kimin-kimi döyməsinin şahidi olmamışdır. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2020-ci il tarixli 1679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – burun sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişməyən sınığı, burun nahiyəsinin sınığı, burun nahiyəsinin qançırı və əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1837 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun çəpərində və burun sümüyünün orta xəttində cuzi yer dəyişmiş sınığı, sağ qulaq seyvanının, sağ saidin arxa səthinin və sol əlin İ-İİ barmaqarası sahənin əzilmiş-cırılmış yaraları, alın, gicgah, burun və sol baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertinin xx.xx.2020-ci il tarixli 43Ə nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədən üzərində olan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun çəpərində və burun sümüyünün orta xəttində cuzi yer dəyişmiş sınığı, sağ qulaq seyvanının, sağ saidin arxa səthinin və sol əlin İ-İİ barmaqarası sahənin əzilmiş-cırılmış yaraları, alın, gicgah, burun və sol baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə: - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun çəpərində və burun sümüyünün orta xəttində cuzi yerdəyişmiş sınığı, sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası, alın, gicgah və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları - dərəcəsinə görə həm ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. - sağ saidin arxa səthinin və sol əlin İ-İİ barmaqarası sahənin əzilmiş-cırılmış yaraları, sol baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları – həm ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham etməsi mövqe ilə razılaşmır. Belə ki, baxılan işin halları təqsirləndirilən şəxsə müxtəlif vaxtlarda törədilmiş iki ayrı biri CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli, digəri CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ittihamın irəli sürüldüyünü göstərir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən - Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yeni inşa etdirdiyi və hazırda yaşayış olmayan fərdi evin həyətindən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə vəhşi heyvan hesab edilən tülkünün daxil olaraq toyuq-cücəsini məhv etməsinin qarşısını almaq üçün sonuncu ona yaşadıqları evin arasında olan mişar daşları ilə hörülmüş hasarın hündürlüyünü artırmağı təklif etdikdə onun bundan imtina etməsi ilə əlaqədar olaraq şəxsi münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi (qonşuluq münasibətlərinin pozulması zəminində) sonuncunun nalayiq ifadələrinin nəticəsində anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2004-cü il tarixli Qərarında da bölüşür. Cəmiyyətə açıqcasına hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin heç tanımadığı hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Bu hərəkətləri ilə təqsirkar özünün “müstəsnalığını” kobud və ətrafdakı şəxslərin mənafelərinə, o cümlədən dincliyinə zidd qaydada nümayiş etdirməyə çalışır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 nömrəli qərarının 2-ci bəndində aşağıdakılar qeyd olunur: “İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür”. Eyni qərarın 3-cü bəndində qeyd olunur ki, “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidin məhkəməyə bildirdikləri, həmçinin iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən və zərərçəkmiş şəxs əvvəllər də bir-birini tanıyıb və aralarında yaxşı münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi, həmin hadisə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə vəhşi heyvan hesab edilən tülkünün daxil olaraq toyuq-cücəsini məhv etməsi ilə əlaqədar anidən aralarında şəxsi münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində CM-in 128-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən birinci hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz zərərçəkmiş şəxsin qohumunun təşəbbüsi ilə başlamışdır. Belə ki, həmin münaqişə təqsirləndirilən şəxsin hələ tamamlanmamış yarımçıq tikilidən zərərçəkmiş şəxsin yaşadığı evin həyətinə vəhşi heyvan hesab edilən tülkünün daxil olaraq toyuq-cücəsini məhv etməsi ilə bağlı, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə münasibətləri aydınlaşdırması zamanı təqsirləndirilən şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yeni inşa etdirdiyi və yaşayış olmayan fərdi evin həyətində baş vermişdir. Həmin münaqişə zamanı zərərçəkmiş şəxs qohumu ilə birlikdə təqsirləndirilən şəxslə dalaşmış və onlardan Şahid1 təqsirləndirilən şəxsə xəsarət yetirmişdir. Bununla bağlı, Abşeron rayon Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş hazırki iş üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarla, (iş üzrə zərəçəkmiş şəxsin qohumu) Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə cinayət iş üzrə icraatın başlanılmış, həmçinin Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir . Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı (qonşuluq münasibətlərinin pozulması zəminində) anidən formalaşan şəraitdən qaynaqlanmış və yalnız zərərçəkmiş şəxsin sağlamlığı əleyhinə yönəldiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla hər iki epizod üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs eyni cinayət əməlini təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, cəzanın növünü və müddətini müəyyən edərkən vurulmuş ziyanın ödənilməməsini, barışıq əldə edilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlancığı işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan taxta parçası məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı 40 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun Vəkili Müdafiəçi2 240 manat məbləğində pul Azərbaycan Respublikas dövlət büdcəsi hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən CMin 128-ci maddəsinə tövsif edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20 faiz dövlət nəfinə tutulmaqla, 06 (altı ) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan taxta parçası məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı 40 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun Vəkili Müdafiəçi2 240 manat məbləğində pul Azərbaycan Respublikas dövlət büdcəsi hesabına köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-192/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-192/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver