Məhkəmə qərarları › İş №1(012)-192/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-192/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-192/2022 15.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, üzərində daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 07 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,280 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə daşmaqla üzərində saxlamış, Abşeron RPİ-nin X15 əməkdaşları tərəfindən 08.10.2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində saxlanılaraq Abşeron RPİ-nin X18 inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,280 qram çəkidı kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Əvvəllər Şabran rayon məhkəməsinin 18 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 18 fevral 2016-cı il tarixdə azad olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. 08 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və onların qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və saxlamaqla şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları onları Abşeron RPİ-nin Qobu PB-nə gətirmişlər. Qobu PB-də üzərində dövriyyəsi qadağana olunmuş hər hansı bir əşyanın olub olmadığı soruşulmuş, o da səmimi olaraq, üzərində dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra ona xidməti otaqların birində vəkilin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və ona dövlət hesabına vəkil təqdim olunandan sonra, vəkilin iştirakı ilə video çəklişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə heroini polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş maddənin, çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş narkotik vasitə heroini 07.10.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını demişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini və himayəsində iki azyaşlı övladının olmasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X15 sabiq cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı X5 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 08 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, bölmə rəisinə raportla müraciət etmiş və bölmə rəsinin göstərişi əsasında ondan, Abşeron RPİnin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X3, və Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarışı üzrə əməliyyat polis kapitanı Şahid2 və Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarışı üzrə əməliyyat polis mayoru Şahid1 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Onlar dərhal 08 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxslər xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlayıb Abşeron rayon polis idarəsinin X18 gətirmişlər. Bölmədə o, raportla bölmə rəisinə müraciət etmişdir. Bölmə rəisinin göstərişi əsasında Abşeron rayon polis idarəsinin Qobu polis bölməsində otaqların birində təhqiqatçı Sabit Yusifovun tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Sabit Yusifov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli selofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd selofan rəngli bükümün içərisinə baxdıqda bükümdə qəhvəyi rəngli toz halında maddənin müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan tüng göy rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli selofan bükülmüş bükümdə olan maddə narkotik vasitə heroindir”. Bildirmişdir ki, “uzun müddət olar ki, narkotik vasitə istifadəçisidir, həmin narkotik vasitə heroini 07 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığım şəxsdən 15 manata alıb özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq saxlamışdır”. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X15 əməkdaşları Şahid1 və Şahid2 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar da X11 ilə oxşar məzmunlu ifadələr vermişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X15 cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini bir daha təsdiq etdiyini göstərmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin məhkəmədə elan edilərək tədqiq edilmiş ifadlərini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 01 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Abşeron RPİ-nin Qobu PB-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli rəngli idman şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroinin aşkar edilərək təhqiqatçı tərəfindən götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 09 oktyabr 2021-ci il tarixli, 6/4490 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 245” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və.s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş narkotik vasitənin təmiz çəkisi 0,280 qramdır, tədqiqata 0,05 qram sərf edildikdən sonra, 0,230 qram qalıq qalmışdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN **********, hesab AZ34CTRE********************. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,230 qram narkotik vasitə olan heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı və üzərindən aşkar olunmuş 0,280 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq miqdardadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 22 yanvar 2022-ci il tarixli, 282 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmədə hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutlarıın məcmusuna hüquqi qiymət verərək onların ittihamın həlli üçün kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunaraq tədqiq edilmiş videogörüntü, maddi sübut və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq iş üzrə ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 14 oktyabr 2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şabran rayon məhkəməsinin 18.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 18.02.2016-cı il tarixdə cəzasını sonu ilə çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıq məhrum etməyə şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman onun məhkumluğu artıq ödənilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Nəzərov X10 rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində arvadı 1992-ci il təvəllüdlü Nəzərova Ayşən Mətləb qızı, 2013-cü il təvəllüdlü X8 və 2021-ci il təvəllüdlü X6 ibarət ailəsi ilə qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İ № 910840 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2014-cü il tarixdə Nəzərova Ayşən Mətləb qızı ilə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. İş materiallarında olan AZ-İİİ № 209326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Nəzərova Ayşən Mətləb qızının birgə nikahlarından 04 dekabr 2013-cü il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan AZ-İV № 495803 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Nəzərova Ayşən Mətləb qızının birgə nikahlarından 15 mart 2021-ci il təvəllüdlü X12 doğulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlində peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 08 oktyabr 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə azad olunmuş, daha sonra o, istintaqdan yayındığı üçün 15 dekabr 2021-ci il tarixdə barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş, 21 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron Rayon Polis İdarəsinin MSY-dən azad edilərək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmədə də həmin qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı cəmi 04 (dörd) gün müddət cəzasından çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Ona görə məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,230 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109,00 (yüz doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan X2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 15 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,230 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 119,00 (yüz on doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar