Məhkəmə qərarları › İş №1(012)-193/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-193/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-193/2021 04.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, M. Allahverdiyev küçəsi, ev 7, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə saat 01;40 radələrində Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə birlikdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240-da yerləşən «xxxx» mənzil tikinti kooperativinin ərazisindən MTK-ya məxsus bir ədəd, 79 mm-lik, uzunluğu 12 metr olan qaz borusunu gizli olaraq talayarkən, Abşeron «City» yaşayış kompleksinin mühafizəçiləri Zərərçəkmiş şəxs və Şahid1 sonuncuların oğurluq etdiklərini görməsi, Təqsirləndirilən şəxs və Şahid2 əllərində olan dəmir borunu ataraq hadisə yerindən qaçıb uzaqlaşmaq istəməsi, həmin vaxtı mühafizəçi Zərərçəkmiş şəxs sonuncuları tutaraq ifşa edəcəyini görən Təqsirləndirilən şəxs üstündə gəzdirdiyi bıçaqla mühafizəçi Zərərçəkmiş şəxs döş nahiyəsinə vuraraq ona «döş qəfəsinin sağ yarısının ön səthinin deşilmişkəsilmiş xəsarəti» yetirməklə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edələn bədən xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində tanışı Şahid2 ilə birlikdə, Xırdalan şəhərində yerləşən «xxxx» yaşayış kompleksinin həyətində olan təxminən 10-12 metr uzunluğunda dəmir borunu götürüb oğurlamaq istəmişlər. Şahid2 demişdir ki, həmin borunu mühafizəçidən almışdır və aparıb metalloma satacaqdır. Bu səbəbdən də Fuaddan ona kömək etməsini xahiş etmişdir və Şahid2 oğurluq etməsi barədə heç nə deməmişdir. Həmin vaxtı yaşayış kompleksinin mühafizədən 2 nəfər onları görərkən, o dərhal oradan qaçmağa başlamışdır. Bu vaxtı Şahid2 də oradan qaçaraq uzaqlaşmışdır. Həmin mühafizədən biri onu təqib etməyə başlamışdır. O, həmin mühafizəçinin ona çatıb tutmaq istədiyini görərkən, qaçmaq istəyəndə, Zərərçəkmiş şəxs onu tutub saxlamışdır. O da cibində olan mətbəx bıçağını çıxarıb, həmin mühafizəçini, yəni Zərərçəkmiş şəxs qorxuzmaq istəmişdir, amma həmin mühafizəçiyə, yəni Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. İlkin olaraq izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onu döyərək xəsarət yetirmişdir, lakin ciddi xəsarət almadığı üçün və görünən heç bir xəsarəti olmadığı üçün məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Şahid2 həmin ərazidən boru oğurlaması barədə deməmişdir və həmin borunu aldığını, borunu aparamaqda ona kömək etməsini bildirmişdir. Lakin mühafizəçilər gəldikdə o, qaçdığı üçün, Fuadda qaçmışdır. Boru «xxxx» həyətində olmuş, yaşayış kompleksi dörd tərəfdən hasarlanıb və mühafizə olunur, lakin dəmir yolu tərəfdən gəldikdə orada olan balaca qapıda mühafizəçi olmadığını bilirmiş və bu səbəbdən də həmin dəmir yolunun yaxınlığında olan balaca yerdən keçmişdir. Onlar dəmir yolu tərəfdən gəlib həmin binanın həyətində olan borunu götürmüşdür. Həmin borunu oğurlayıb satmaq istəmişdir. Mühafizəçi onu gördüyü üçün ondan qaçıb yayınmaq istəmişdir. Belə ki, mühafizəçi onları gördüyü üçün həmin borunu oğurlamaq fikrindən daşınmışdır və borunu atıb oradan qaçaraq uzaqlaşmaq istəmişdir. Lakin mühafizəçi onu təqib etmiş, o, mühafizəçinin əlinə keçməmək üçün qaçmış, mühafizəçi onu tutduğu üçün, o, özünü müdafiə edərək sonuncunu qoxutmaq istəmişdir və həmin vaxtı mühafizəçi xəsarət almışdır. Sonuncunu qəsdən vurmamışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, «xxxx» yaşayış kompleksində mühafizəçi işləyir, iş saatı hər gün saat 19:00-dan başlayır, səhər saat 07:00 da başa çatır. xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə keçən gecə işdə olan müddətdə 02:00 radələrində iş yoldaşı Rəşadla ərazidə səs gəldiyni eşidib, həmin səs gələn tərəfə getmişlər. Ərazini gəzəndə görmüşdür ki, dəmir yoluna çıxış olan tərəfdə «xxxx»-nin ərazisində iki nəfər tanımadığı şəxs dəmir borunu çiyinlərinə qoyaraq aparırlar. Həmin şəxslər onları görən kimi dəmir borunu yerə atıb qaçmağa başlamışlar. O, Rəşadla birlikdə həmin şəxsləri təqib etməyə başlamışlar. Sonradan adını soyadını bildiyi Təqsirləndirilən şəxs qolundan tutub saxlamışdır və Təqsirləndirilən şəxs onun əlindən çıxıb qaçmaq istəmişdir, lakin o buna imkan verməmişdir. Muxtarın sol qolundan tutub, «xxxx» -nin həyətinə mühafizə etdiyi yerə gətirmişdir. Həmin vaxt Muxtar qəflətən sağ əlində olan mətbəx bıçağı ilə ona sağ qabırgasının üzərindən bıçaqla bir dəfə xəsarət yetirmişdir və həmin vaxt sonuncunun qolunu buraxmışdır. Bundan istifadə edən Muxtar yenidən qaçmağa başlamışdır. O, xəsarətinin elə də ciddi olmadığını hiss edib, yenidən Muxtarın arxasınca qaçmışdır. İş yoldaşı Rəşad da onun yanına gəlib, onunla birlikdə Muxtarı təqib etməyə başlamışdır. Onlar Muxtarı «xxxx» yaşayış kompleksindən kənarda tutub, əlində olan bıçağı almışlar, özünü də xxxx-nin həyətinə gətirib, polisə zəng edib, məlumat vermişlər. Sonra Muxtarı və onun əlində olmuş bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs kompleksin ərazisindən bir ədəd, 79 mm-lik, uzunluğu təxminən 12 metr olan dəmir qaz borusunu oğurlamaq istəmişdir. Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işinə xita verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğunu ona qarşı şikayət və tələbinin olmadığını göstərərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işinə xitam verilməsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, «xxxx» mənzil tikinti kooperetivində hüquqşunas vəzifəsində işləyir. «Abşeron City» MTK tərəfindən Xırdalan şəhəri H. Əliyev prospektində 240 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evlərinin qazlaşdırılması prosesi yekunlaşmaq üzrə olmuşdur. 2020-ci ilin avqust ayının 24-də saat 01 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs dörd tərəfdən hasarlanmış və mühafizə olunan müəssisəyə dəmir yolu tərəfdə olan balaca qapıdan daxil olaraq MTK-ya məxsus uzunluğu 12 metir olan, 79 mm-lik qaz borusunu oğurlayan zaman, mühafizəçi Zərərçəkmiş şəxs və Şahid1 onları görmüşdür və oğurluq hadisəsinin qarşısını almağa çalışmışlar. Həmin vaxtı borunu oğurlamağa cəhd edən Təqsirləndirilən şəxs və Şahid2, həmin borunu ataraq qaçmış, mühaftzəçilər də sonuncuları təqib etmişlər. Təqsirləndirilən şəxs hadisə yerindən qaçarkən, mühafizəçi Zərərçəkmiş şəxs onu tutub saxladığı üçün cibindən çıxardığı mətbəx bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs xəsarət yetirərək hadisə yerindən qaçmaq istəsə də, mühafizəçilər Zərərçəkmiş şəxs və Şahid1 buna imkan verməmişdir və Təqsirləndirilən şəxs saxlayaraq, hadisə yerinə polis əməkdaşlarını çağırıb, Təqsirləndirilən şəxs və onun əlindən aldıqları bıçağı polis əməkdaşlarına təhvil vermişlər. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs Nümayəndə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayəti və tələblərinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «xxxx» yaşayış kosmpleksində mühafizəçi işləyir. Onun iş saatı hər gün saat 18:00-dan başlayır, səhər saat 08:00-da başa çatır. xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə keçən gecə işdə olan müddətdə 02:00 radələrində yaşayış kompleksin həyətində iş yoldaşı Natiqlə gəzərkən ərazidə səs eşitmişlər, onlar səs gələn tərəfə gedəndə görmüşdür ki, dəmir yoluna çıxış olan tərəfdə «xxxx» -nin ərazisində iki nəfər tanımadığı şəxs qaz çəkmək üçün olan dəmir borunu çiyinlərinə qoyaraq oğurlayıb aparırlar. Həmin şəxslər Natiqi və onu görən kimi əllərində olan dəmir borunu yerə atıb qaçmağa başlamışdılar və o və Natiq həmin şəxsləri təqib etməyə başlamışlar. O, sonradan adını soyadını bildiyi Şahid2 arxasınca qaçmış, Zərərçəkmiş şəxs isə sonradan adını bildiyi Muxtarın arxasınca qaçmışdır. O, Fuadın aqxasınca qaçdıqda, Natiq onu səsləmiş və ona demişdir ki, «gəl bəri Muxtarı tutaq». O, Natiqin Quliyevin yanına gəldikdə Muxtarın onun əlindən çıxıb qaçdığını görmüşdür. Onlar ikilikdə Muxtarın arxasınca qaçıb onu tutmaq istədikdə, Natiq ona Muxtarın əlində bıçaq olduğunu və ehtiyyatlı olmasını bildirmişdir. Onlar Muxtarı tutduqda sonuncu əlində olan bıçağı yerə atmışdır və onlar həmin bıçağı götürmüşlər və Muxtarı polis əməkdaşlarına təhvil vermişlər. Sonradan ona məlum olmuşdur ki, Muxtar əlində olan bıçaqla Natiqə xəsarət yetirib və oradan qaçmışdır. Əlavə olaraq göstərmişdir ki, Natiq qaçıb Muxtarı tutduğu üçün, Muxtarda oğurluq etdiyini və ələ keçdiyni görüb, canını qurtarmaq üçün əlində olan bıçaqla Natiqə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs kompleksin ərazisindən bir ədəd, 79 mm-lik, uzunluğu təxminən 12 mter olan dəmir qaz borusunu oğurlamış, həmin ərazi «xxxx» MMC-nin ərazisidir, həmin borular həyətə yığılmış vəziyyətdə olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla normal münasibəti vardır və onlar bir məhəllədə qonşu yaşayırlar. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə tanışı Təqsirləndirilən şəxs ona demişdir ki, «Abşeron Sity» yaşayış kompleksinin mühafizəçisindən bir ədəd təxminən 10 metr uzunluğunda dəmir boru almışdır və həmin borunu gətirməkdə ona köməklik etməsini xahiş etmişdir. O da Muxtarla razılaşaraq, həmin günü, yəni xx.xx.2020-ci il tarixdə saat 01 radələrində qonşusu Təqsirləndirilən şəxslə birlikdə Abşeron Sity yaşayış kompleksinin həyətinə gedib oradan bir ədəd təxminən 10-12 metr uzunluğunda dəmir boru götürüb çiyinlərinə qoyaraq birlikdə «Abşeron Sity» yaşayış kompleksinin həyətindən təxminən 5-6 metr getmişlər. Sonra isə həmin borunu yerə qoyub yorğunluqlarını almağa başlamışlar və həmin vaxtı iki nəfər şəxsin onlara tərəf qaça-qaça gəldiyini görərək, Muxtar oradan qaçaraq uzaqlaşmışdır. O da Muxtara baxaraq oradan qaçıb uzaqlaşmışdır. Sonradan isə eşitmişdir ki, həmin mühafizəçilər, Muxtarı təqib edərək arxasınca qaçmışlar və mühfizəçilərdən biri Muxtarı saxlamaq istədikdə, Muxtar canını qurtarıb, onların əlindən qaçmaq üçün, cibində olan mətbəx bıçağı ilə, həmin mühafizəçini qorxutmaq istəmiş, lakin həmin vaxtı Muxtarın əlində olan bıçaq sonradan adını bildiyi mühafizəçi Zərərçəkmiş şəxs dəyərək xəsarət yetirmişdir. O, həmin mühafizəçiləri əvvəllər tanımamışdır. Əlavə olaraq göstərmişdir ki, Muxtarın oğurluq etdiyini bilməmişdir, Muxtar ona demişdir ki, həmin borunu mühafizəçilərdən almışdır və ona boruları aparmaqda kömək etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şamil oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə keçən gecə saat 01 radələrində iş yoldaşı polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən, Abşeron rayonu, Xırdalan şəhərində «xxxx» yaşayış kompleksinə daxil olduqda, orada mühafizəçi işləyən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs bildirmişdir ki, onun mühafizəçi işlədiyi «xxxx» yaşayış kompleksindən qaz borusu oğurlayan şəxsləri təqib etmişlər və həmin boru oğurlayan şəxslərdən biri Təqsirləndirilən şəxs tutub saxlamışlar. “xxxx” yaşayış kompleksində mühafizəçi işləyən Zərərçəkmiş şəxs, yaşayış kompleksindən oğurluq edən Təqsirləndirilən şəxs tutub saxlayarkən, Təqsirləndirilən şəxs cibində olan mətbəx bıçağını çıxararaq mühafizəçi işləyən Zərərçəkmiş şəxs bir dəfə xəsarət yetirmişdir və onlar polis əməkdaşı olaraq Təqsirləndirilən şəxs və orada olan mühafizəçini polis idarəsinə dəvət edərək, qanuni tədbir görülməsi üçün rapotla məruzə etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 oğlunun istintaq zamanı, iş üzrə şahid qismində dindirilmiş Şahid4 Şamil oğlunun ifadəsınə oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 1727 nömrəli rəyi alınaraq iş materiallarına əlavə edilmiş, müəyyən edilmişdir ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin sağ yarısının ön səthində deşilmiş-kəsilmiş yara iti deşicikəsici alətin təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4305 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 1 ədəd açıq-qəhvəyi rəngli 20 sm uzunluğunda, divarının qalınlığı 4,5 mm, diametri 90 mm olan dəmir borunun istifadədə olması nəzərə alınmaqla, hazırkı vəziyyətdə (rəng və qopuqları və korroziya izləri) 2020-ci ilin avqust ayına orta bazar qiyməti təxminən 108 (12x9) manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış xx.xx.2020-ci il tarixli, 3/1185 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və düzəliş edilməmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı ildə Milli Məclisin Amnistiya haqqında qərarının 2.7-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Abşeron rayon İHB-in 5 saylı MTİİTS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsi barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 177.2.3-cü maddəsi ilə cinayət tərkibi vardır, onun əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, o cümlədən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə iş üzrə ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeon rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai və məhəkə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki) yüz qırx manat pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd bıçağ məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar