Məhkəmə qərarları › İş №1(012)-196/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-196/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-196/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçiləri Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Naxçıvan MR-sı Şərur rayonu Keşdaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən, Abşeron rayonu Fatmayı kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini) sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsini özündə saxlamalı olduğu halda qanunun həmin tələblərini pozaraq hadisənin qarşını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yolun sağ ehtiyat hissəsi ilə eyni istiqamətdə, yəni Fatmayı-Görədil istiqamətində hərəkət edən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ yan güzgüsü ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah – təpə nahiyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Görədil kəndində tikinti materialları mağazasını icarəyə işlədir. Onun “Qazel yük” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin sürücülük vəsiqəsi olmadığına görə həmin avtomobili demək olar ki, idarə etmir. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Fatmayı qəsəbəsindən yaşadığı evdən Görədil kəndinə getmək üçün piyada olduğua görə məcbur olub Qazel markalı avtomobili idarə edərək Görədil qəsəbəsi istiqamətində getmişdir. Avtomobildə tək olmuş və avtomobili öz hərəkət zolağı ilə təxminən 20 km/saat sürətlə idarə edirmiş. Həmin vaxt saat təxminən 21 radələri olmuş, hava da yağışlı olmuş, avtomobili yaxın məsafə görmə işığında idarə edirmiş. Görədil kəndində “Dəniz” marketin yaxınlığından yolun sağ kənarı ilə Fatmayı-Görədil istiqamətində hərəkətdə olarkən yolun sağ kənarından bir nəfər piyadanın yolu sola keçmək istədiyini görmüş və o, həmin piyadanın yanından keçəndə, piyada yolda olan su gölməçəsinə düşməmək üçün qəfildən yola daxil olmuş, həmin vaxt avtomobilin sağ güzgüsü həmin piyadanın baş nahiyyəsinə dəymiş və piyada yerə yıxılmışdır.O, avtomobili saxlayıb və düşərək həmin piyadaya kömək edib görmüşdür ki, piyada Görədil kəndində yaşayan Natiqdir. Natiqin dodağı qanlı olmuş, o, Natiqin vəziyyətini soruşmuş, Natiq yaxşı olduğunu demişdir. Həmin vaxt yoldan keçən tanımadığı iki nəfər şəxslər də ona kömək etmişlər və o, oradan qaçaraq gedib yaxınlıqda olan Dəniz marketin qarşısından taksi avtomobilini idarə edən Talehin avtomobili ilə gəlib, Natiqi Talehin avtomobilə mindirib KTM xəstəxanasına aparmışlar. O, Natiqə demişdir ki, onun müalicəsini özü edəcək, Natiq də demişdir ki, o, da xəstəxanada yıxılaraq xəsarət aldığını deyəcək. Natiq xəstəxanada bir ay müalicə olunmuş, onun müalicəsini və dərmanlarını, yeməyini o almışdır.Ondan sonra bir ay da Natiqi ev şəraitində müalicə etdirmiş və Natiqin müalicəsinə 6000 manat pul xərcləmişdir. Natiq tam sağalmış və ondan 24000 manat pul istəmişdir.O, da Natiqə demişdir ki, ona həmin məbləğdə pul verməyə imkanı yoxdur.Natiq də demişdir ki, onda ondan şikayət edəcək, avtomobillə onu vuracağını deyəcək.O, da Natiqə demişdir ki, getsin şikayət etsin.Qeyd etmişdir ki, idarə etdiyi avtomobil yüksüz olmuş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, onun heç vaxt sürücülük vəsiqəsi olmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Ona görə də məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu Fatmayı kəndində yaşayan Nəcəfi uzun müddətdir ki, tanıyır. Belə ki, iki il əvvəl Nəcəfin Fatmayı kəndində yerləşən mağazasında fəhlə işləmiş, lakin sonralar başqa iş tapdığına görə daha Nəcəfin mağazasında işləməmişdir.Nəcəf ilə aralarında heç bir qərəzli münasibəti də olmamışdır. xx xxxxxx 2020ci il tarixdə, təxminən saat 21 radələrində Goradil kəndində “Dəniz” marketin yaxınlığından yolun sağ kənarı ilə Fatmayı-Goradil istiqamətində, yolun ehtiyyat hissəsi ilə, yolun kənarında olan sarı xətt ilə piyada gedirmiş. Bu zaman arxadan gələn bir ağ rəngli Qazel yük markalı avtomobil onu arxadan vurmuş və o, yerə yıxılmışdır.Həmin vaxt ona yaxınlaşan Nəcəf yanında olan tanımadığı iki nəfərlə kömək edərək onu Fatmayı kənd sakini Talehin idarə etdiyi taksi avtomobilinə mindirib X4 aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. O, əvvəl hansı şəraitdə xəsarət aldığını bilməmiş, həmin vaxt Nəcəfdən də necə xəsarət aldığını soruşanda Nəcəf ona demişdir ki, onun mağazasında elektrik lampasını bağlayan zaman yıxılaraq xəsarət almışdır. Lakin sonra o, Nəcəfin idarə etdiyi avtomobillə vurulub xəsarət aldığını xatırlamışdır.O, bir aya qədər xəstəxanada, ondan sonra da bir ay evdə müalicə olunmuş, onun iki ay ərzində bütün müalicə xərclərini Nəcəf təmin etmişdir.İki ay Nəcəf onu müalicə etdirəndən sonra daha onun müalicəsi ilə məşğul olmadığına görə o, şikayət etmək qərarına gəlmişdir.Onu vuran avtomobili Nəcəf idarə edirmiş, Nəcəf idarə etdiyi avtomobilin sağ güzgüsü olan hissəsi ilə onu vurmuşdur. Həmçinin mülki iddiayla bağlı qeyd etmişdir ki, o,xx xxxxxx 2020-ci il tarixdə, saat 21radələrində Abşeron rayonu Gorədil kəndində, Fatmayı-Gorədil avtomobil yolunun kənarında olan sarı xəttin üstündə piyada hərəkət edərkən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Qaz 33021 yük markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobillə onu vuraraq həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirmişdir. Həmin hadisə nəticəsində ona baş-beyin əzilmələri, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın topalanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyələrinin dəri altı hematoması xəsarətləri yetirilmişdir. Aldığı xəsarətlər nəticəsində o, bir aya yaxın KTM xəstəxanasında müalicə almış, bu günə kimidə müalicəsi davam edir. Həmin hadisədən sonra özündə olmamış, onu Təqsirləndirilən şəxs xəstəxanaya aparmış və onun maqazinində işləyərkən yıxıldığını və xəsarət aldığını bildirmişdir. O, xəstəxanada və eləcədə xəstəxanadan çıxdıqdan sonra bir aya yaxın bir müddətdə ev şəraitində müalicə alarkən Təqsirləndirilən şəxs onun müalicə xərclərinə köməklik göstərmiş sonradan onun müalicə xərclərinə hər hansı bir köməklik göstərməmiş və onu köməksiz vəziyyətdə ağrı-acı içində buraxmışdır. O, həmin hadisəyə qədər gecələr bağ evində gözətçi, bağban olaraq işləyirmiş, gündüzlər isə fəhlə işləyərək müəyyən qazanc əldə edirmiş. Hadisədən sonra o, bağ evlərində iş yerini itirmiş, səhhəti ilə əlaqədar uzun müddət işləyə bilməmişdir. Hazırdada məcbur qalaraq müəyyən yüngül işlərdə işləsə də bu onun səhhətinə pis təsir göstərir. Onun müalicəsinə, dərmanlarına və bu məsələ ilə bağlı sair işlərə (mənzil xərci, dolanışıq xərcləri , nəqliyyat xərcləri və s.) 10.000-manatdan çox xərci çıxmışdır, bundan sonrada müalicəsinə, səhhətinin bərpa olunmasına xeyli xərc tələb olunur. Bildirir ki, cavabdehin ona vurduğu mənəvi zərərin həddi isə ölçüyə gəlməzdir. Ona vurulmuş mənəvi zərəri 15.000-manat həcmində qiymətləndirir və iş üzrə mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. xx xxxxxx 2020-ci il tarixdə ailə üzvləri ona zəng edərək qardaşı Natiqin Fatmayı kəndində Nəcəf adlı şəxsin tikinti materialları satışı mağazasında hündürlükdən yıxılaraq xəsarət aldığını bildirmişlər. O, X11 xəstəxanasına getmiş və qardaşı xəsarət alması ilə bağlı reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanada əvvəllər tanıdığı və aralarında heç bir qərəzli münasibəti olmayan Nəcəf ilə rastlaşmış, Nəcəf ona demişdir ki, qardaşı Natiq onun mağazasında elektrik lampasını bağlayan zaman hündürlükdən yıxılaraq xəsarət almışdır.Xəstəxanada qardaşı Natiq özü də ona yıxılaraq xəsarət aldığını bildirmişdir. Bir neçə gündən sonra xatırlamadığı şəxslərdən eşitmişdir ki, qardaşı Natiq yıxılaraq xəsarət almamış, yol ilə gedərkən Nəcəf idarə etdiyi avtomobillə onu vurub və xəsarət almışdır. O, bu barədə sonra qardaşı Natiqdən də soruşmuş və qardaşı ona Nəcəfin idarə etdiyi avtomobillə onu vurduğunu xatırladığını bildirmişdir. Həmin ərəfələrdə o, Nəcəf ilə görüşüb ondan bu barədə soruşmuş, ilk əvvəl Nəcəf etiraf etməsədə sonra etiraf edərək idarə etdiyi Qazel markalı avtomobillə qardaşı Natiqi vurduğunu bildirmişdir. Nəcəf onu da bildirmişdir ki, onlar heç yerə şikayət etməsinlər, qardaşı Natiqin müalicəsi ilə sona qədər məşğul olacaqdır. Lakin bir müddət sonra Nəcəf qardaşının müalicəsini yarımçıq saxladığı üçün biz rəsmi müraciət etmək qərarına gəlmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 Haşim oğlunun ifadəsindən görünür ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Təqsirləndirilən şəxs tanıyır və aralarında heç bir qərəzli münasibəti olmamışdır. Onun “Mersedes” markalı, **-NT-*** qeydiyyat nişanlı avtomobili var və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 20 radələrində Abşeron rayonu Görədil kəndində “Dəniz” marketin qarşısında dayanıb həmişə olduğu kimi müştəri gösləyirmiş. Bu zaman Nəcəf qaça-qaça gəlib ona demişdir ki, idarə etdiyi “Qazel” markalı avtomobillə piyadanı vurub və təcili həmin piyadanı xəstəxanaya aparmaq lazımdır. Nəcəf onun avtomobilinə oturmuş və yaxınlıqda olan yolda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs yanında olan iki nəfər tanımadığı şəxslərlə birlikdə olduğu yerə gəlib Natiqi avtomobilinə oturdub Nəcəf ilə birlikdə X10 xəstəxanasına aparmışlar və Natiq xəstəxanaya yerləşdirilmişdir. Nəcəf demişdir ki, yol ilə gedərkən idarə etdiyi “Qazel” markalı avtomobillə yolun kənarı ilə piyada gedən piyada Natiqi ehtiyyatsızlıqdan vurmuşdur. Ondan sonra da arada Nəcəfi görürürmüş və Nəcəf deyirmiş ki, Natiqin müalicəsi ilə məşğul olur.Ondan sonra daha onlardan məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PAB-nin Abşeron rayon şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1760 saylı sağlamlığa zərər vurmağın təyinə dair tibbi ekspertizası rəyində göstərilmişdir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunun məhkəmə-tibbi müayinəsi zamanı üzərində aşkar olunmuş xəsarətlər – baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah – təpə nahiyyəsinin dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. Lakin Zərərçəkmiş şəxs olan xəsarətlərin xarakterinə və müxtəlif lokalizasiyalı olduğunu nəzərə alaraq demək olar ki, aşkar edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində alınması daha inandırıcıdır. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 8/1866 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən QAZ 33021 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında Abşeron RİHB-nın Fatmayı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olmaqla yaşayır, həmçinin yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Abşeron RPİ-nin DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, 128-53837-2020-ci saylı arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs hər hansı kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə qeydiyyat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2018-ci il tarixli X9 və xx.xx.2014-cü il təvəllüdlü X2 Nəcəf Fazil oğlunun himayəsindədir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı onun himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmişə ilkin olaraq tibbi və ya digər yardım göstərməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsə də onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlunun ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 90(doxsan) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs mülki iddia verməklə cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 15000 (on beş min) manat məbləğində maddi ziyanın (müalicəsi ilə bağlı çəkdiyi və bundan sonra çəkəcəyi xərclər), eləcə də cavabdeh tərəfindən ona vurulmuş 15000 (on beş min) həcmində mənəvi ziyanın (cəmi 30000 manat) ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia çəkilmiş xərclərə dair heç bir sübut əlavə olunmadığından baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxsə mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 90 (doxsan) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılsın, zərərçəkmiş şəxsə mülki qaydada şikayət vermək hüququ izah edilsin. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar