Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-197/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ lHakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 14 dekabr 2022-cı il tarixdə saat 08 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan Şahid məxsus “BMV-5281” markalı, 99- UK-792 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsində Qalubiyyə küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd edilən tələblərə əməl etməyərək, yolda avtomobillərin hərəkət sıxlığını görüb əks hərəkət zolağına keçərək hərəkətinə davam edərkən, həmin vaxtı yolu sağdan sola keçən piyada, xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq, sonuncuya travmatik şokla müşayiət olunan baş beyin əzilməsi, baş beyinin sağ gicgah, sol alın nahiyələrinin epidral hematımaları, sağ gicgah və alın sümüklərinin orbitaya keçən və burun sümüklərinin xətti sınıqları, sol bazu bazü sümüyü başının qəlpəli sınıq-çıxığı, soldan 10-11 -ci qabırğaları xətti, Th6 (6-cı döş) fəqərəsinin kompression fəsadsız, L5 (5-ci bel) fəqərəsinin sol köndələn çıxıntısının xətti sınıqları, sol oma, qalça, qasıq, otraq sümüklərinin çox qəlpəli yerdəyişmiş sınıqları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda təqsirli bilmiş, izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri M.Araz küçəsi ev 70-də yaşayır. Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksində mühafizəçi işləyir. Sürücülük vəsiqəsi olmasa da, xeyli müddətdir ki, avtomobil idarə etməyi bacarır. Həmin kompleksdə yaşayan Şahid xx.xx.2022-ci il tarixdə saat 01 radələrində onun yanına gəlib, özünə məxsus olan “BMW 528İ” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşayış kompleksinin həyətində parklamaq üçün yer tapmadığını deyib, həmin avtomobilini kompleksin həyətində münasib yerdə saxlamasını xahiş etmiş və avtomobilin açarını ona vermişdir. O da səhər saatlarında sakinlər işə gedən vaxtı onları narahat etməmək, yəni yollarını bağlamamaqdan ötrü lazım olduqda avtomobilin yerini dəyişdirə bilmək üçün Cəmildən avtomobilinin açarını götürmüş və avtomobilinin çirkli olduğunu görüb, icazə verərsə yaxınlıqdakı avtomobil yuma yerində təmizlədə biləcəyini söyləmiş, Cəmil razılaşdıqdan sonra o, sonuncunun avtomobilini zibil yeşiklərinin yaxınlığında saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Şahid məxsus həmin “BMW 528İ” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək avtomobil yuma yerinə aparmaq üçün Xırdalan şəhəri H.Əliyev prospekti ilə hərəkətə başlamış, H.Z.Tağıyev küçəsinə dönərkən Heydər Əliyev adına parkdan çıxan piyadanın yolu keçmək üçün idarə etdiyi avtomobilə sağ tərəfdən yaxınlaşdığını görüb, avtomobilin sürətini azaldıb, sükünı sola tərəf döndərmiş, həmin vaxt piyadanın çaşıb yenə avtomobilə tərəf gəldiyini görüb, sürəti artıraraq yanından ötüb keçmək istəmiş, lakin idarə etdiyi avtomobilin qabaq tərəfi ilə əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi piyadanı vurmuş, həmin vaxtı avtomobilin qabaq tərəfi piyadanın ayaq nahiyyələrindən dəydiyinə görə piyada avtomobilin mühərrik örtüyüyün üzərinə düşmüş, başı isə avtomobilin ön şüşəsinə dəydikdən sonra yerə yıxılmışdır. O dərhal avtomobildən düşüb piyadanın yanına getmiş, onun xəsarətinin ciddi olduğunu görüb təcili tibbi yardım xidmətinə zəng edib məlumat vermiş, bundan az sonra isə hadisə yerinə təcili yardım briqadası və polis əməkdaşları gəlmişdir. Hadisə vaxtı avtomaşını təxminən 80-90 km/saat sürəti ilə idarə etmiş, piyadanı təxminən 50-60 metr məsafədə görmüşdür. Şahid həmin avtomobilini idarə etmək üçün ona etibarnamə verilməmiş, kompleksdə yaşayan digər sakinlər də bəzi hallarda avtomaşınlarını parklamaq və təmizlətdirmək üçün avtomobul yuma yerinə getməkdən ötrü açarlarını ona vermiş, Cəmil də əvvəllər bir neçə dəfə həmin avtomaşınını idarə etmək üçün ona vermiş, onun sürücülük vəsiqəsinin olmadığını bilməmiş, hadisə zamanı avtomaşında tək olmuş, hadisə vaxtı piyada Zərərçəkmiş şəxs başqa heç kim xəsarət almamışdır.Hazırda zərərçəkənlə barışıq əldə olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, işləmək üçün Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində işə getmək üçün Xırdalan şəhərində kirayədə yaşadığı evdən çıxıb piyada iş yerinə tərəf getməyə başlamış, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkdan çıxıb yolu əks tərəfə keçmək istəyərkən sol tərəfindən gələn qara rəngli BMV markalı minik maşınının onu vuracağını hiss edib, tez yolun əks tərəfinə keçmək istəmiş, lakin həmin avtomobil yolun əks hərəkət zolağına çıxaraq qabaq hissəsi ilə onu vurub kənara tullamış, o, aldığı zərbədən ciddi xəsarət aldığına görə yerdən ayağa qalxa bilməmiş, az sonra onu vuran avtomobilin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi sürücüsü ona yaxınlaşmış və hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə onu xəstəxanaya yola salmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Xırdalan ərazisində 14 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti almışdır. Təqsirləndirilən şəxs aldığı bədən xəsarəti ilə əlaqədar onun xəstəxanada müalicə olunmağına köməklik göstərmiş və hal hazırda ona hər cür maddi və mənəvi köməklik göstərməyə davam edir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasına onun iştirakı olmadan baxılmasına etirazı yoxdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid Afiq oğlu göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksində yaşayır. xx.xx.2022-ci ildə saat 23:30 radələrində işdən çıxıb özünə məxsus BMW markalı, **-UK- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan şəhərində yaşadığı Kristal Abşeron-1 yaşayış kompleksinin həyətinə getmiş, orada dayanan avtomobillər sıx olduğu üçün parklamaq üçün yer tapa bilməyib, həmişəki kimi avtomobilin açarını Xalid adlı mühafizəçiyə verib, avtomobilini münasib bir yerdə saxlamasını xahiş etmiş və sonuncudan ayrılıb evə getmək istəyəndə Xalid ona avtomobilinin çirkli olduğunu söyləyib, icazə verərsə yaxınlıqdakı avtomobil yuma yerlərinin birində təmizlədə biləcəyini bildirmiş, o da razılaşıb Xaliddən ayrılıb evə getmişdir. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Xalid onun mobil telefonuna zəng edib, avtomobilini təmizlətmək üçün avtomobil yuma yerinə gedərkən Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında yolu keçən piyadanı vurduğunu xəbər vermiş və ondan hadisə yerinə gəlməsini xahiş etmişdir. O da bunu eşidən kimi taksi ilə həmin yerə getmiş və Xalidin ona məxsus avtomobillə sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi piyadanı yolu keçərkən vurduğunu bilmişdir. Xalidin sürücülük vəsiqəsinin olmadığını bilməmiş, sonuncunu yaşadığı kompleksin mühafizəçisi kimi xeyli müddətdir ki, tanıyır, yaxşı münasibəti var, əvvəllər bir neçə dəfə avtomobilini parklamaq üçün Xalidə vermiş, həmin gecə də avtomobilinin açarını parklamaq təmizlətmək üçün idarə edib avtomobil yuma yerinə getməsinə icazə vermişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 47 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi mayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- travmatik şokla müşayiət olunan baş beyin əzilməsi, baş beyinin sağ gicgah, sol alın nahiyələrinin epidral hematımaları, sağ gicgah və alın sümüklərinin orbitaya keçən və burun sümüklərinin xətti sınıqları, sol bazu bazü sümüyü başının qəlpəli sınıq- çıxığı, soldan 10-11-ci qabırğaları xətti, Th6 (6-cı döş) fəqərəsinin kompression fəsadsız, L5 (5-ci bel) fəqərəsinin sol köndələn çıxıntısının xətti sınıqları, sol oma, qalça, qasıq, otraq sümüklərinin çox qəlpəli yerdəyişmiş sınıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/409 nömrəli rəyindən görünür ki, BMV 528İ markalı, 99UK792 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarixli ********* nömrəli arayışdan görünür ki, Abşeron rayon Pİ-nin DYP şöbəsinin kompyuter uçot bazasına əsasən xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcud deyildir. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir, məhkəmə tərəfindən bu qüvvədə saxlanmışdır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərəçəkənlə barışıq əldə etməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdlan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Xırdlan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İz üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X4 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Xırdlan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-197/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-197/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver