Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-198/2024 04.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 07 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, S.Loğman küçəsi ilə evi istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sağ əlində saxladığı və özünə məxsus içərisində 170 manat pul, 2 ədəd bank kartları, özünə və oğlu Nihat Rəhimova məxsus şəxsiyyət vəsiqələri olan qırmızı rəngli pul qabını açıq olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 180.1-ci ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsi, yataqxanasında əmisi və əmisinin ailəsi ilə birlikdə yaşayır. Anası hazırda işi ilə əlaqədar Türkiyə Respublikasında yaşayır. Atası isə anasından rəsmi qaydada boşanaraq Şamaxı şəhərində tək yaşayır. Onlar ailədə 6 uşaq olmaqla hamısı ondan yaşca böyükdür və hər biri ailə qurub ondan ayrı yaşayırlar. O, uşaqlardan ən kiçiyi olduğuna və anası Türkiyə Respublikasında işlədiyinə görə əmisi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, ancaq anası onun gündəlik xərclərini qarşılayır və ona Türkiyə Respublikasından pul göndərir. Şahid təxminən 2 aydır ki, Sumqayıtda olan həmyaşıdlarının vasitəsi ilə tanımış, münasibəti yaxşı olmuşdur. O, Rəvanla daim bir yerdə oturub çay içir, gününü keçirmişdir. Zərərçəkmiş şəxs Abşeron RPİ-nə verdiyi ərizə ilə tanış olub bildirmişdir ki, o, həmin şəxsi tanımır və onunla heç bir münasibəti olmamışdır. O, 07 aprel 2023-cü il tarixdə Şahid ilə görürşüb, Sumqayıt şəhəri ərazisində gəzişmişdilər. Təxminən 16-17 radələrində nahar yeməyi yemədiyi üçün Abşeron rayonu, Saray qəsəbəsində yaşayan dayısı İlhamın evinə yemək yeməy üçün getmək qərarına gəlmişdir. Ona görə də Rəvan ilə danışmış və bir neçə saatdan sonra görüşəcəyini təklif etmişdir. Razılaşdıqdan sonra Sumqayıt şəhərindən avtobusa minərək, Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. Onu da bildirmişdir ki, onun cibində həmin günü pul olmamışdır. Cibində pul olmadığı üçün Saray qəsəbəsində qara rəngli dəri materialdan gödəkçə, göy rəngli cins şalvar və ağ rəngli idman ayaqqabısı geyinmiş bir nəfər qadının aptekdən çölə çıxmasını və yanında heç kimin olmadığını görmüşdür. Həmin qadın ilə aralarında təxminən 5-10 metr ara məsafəsi olmaqla qadının arxa tərəfində dayanmışdır. Qadın hərəkət etdikcə o da qadının arxası ilə hərəkət etməyə başlamışdır. Həmin qadının əlində qırmızı rəngli pul qabının olduğunu görmüşdür. O, həmin pul qabının içərisində pul olmasını düşünüb, qadının əlindəki pul qabını ələ keçirmək qərarına gəlmişdir. Təxminən 1-2 dəqiqə müddətində qadının arxası ilə hərəkət edib, ara məhlələrə yəni, yaşayış olan evlər istiqamətdə getmişdilər. O, ətrafa baxıb kənarda kiminsə olub-olmamasına nəzər yetirmiş, ancaq ətrafda bəzi adamlar olsa da həmin şəxslər onun qadının arxası ilə getməyinə diqqət yetirmir, öz işləri ilə məşğul olmuşdular. Buna görə o, tez qadına arxadan yaxınlaşıb, sağ əlində tutduğu pul qabını əlindən alıb tez gəldiyi istiqamətdə də geri qaçmışdır. Bu zaman qadın geri dönüb, qışqırmağa və onu səsləməyə başlamışdır. O, tez qaçıb oradan uzaqlaşmışdır. Qadından uzaqlaşdıqdan sonra heç kimin onun arxasınca gəlməməyindən əmin olduqdan sonra pul qabını açıb içərisinə baxmış, içərisində şəxsiyyət vəsiqələrinin, bank kartlarının və 170 manat pulun olduğunu görmüşdür. Həmin pullar 100 manatlıq, 50 manatlıq və 20 manatlıq pul əskinaslardan ibarət olmuşdur. O, pulu götürüb pul qabını ağacın dibinə atmışdır. Sonra marşuruta minib Sumqayıt şəhərinə qayıtmışdır. Daha sonra Şahid zəng vurub görüşmüşdür. O, Rəvana olan hadisəni danışmış və dayısı İlhamgilə gedib yemək yeyə bilmədiyini demişdir. Bundan sonra birlikdə gedib Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası deyilən ərazidə restoranların birində oturub yemək yemiş və pulu şəxsi ehtiyaclarına xərcləmişdilər. Həmin hadisədən bir gün sonra yəni, 08 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları Rəvanı və onu Sumqayıt şəhəri ərazisində saxlamışdılar. Cinayəti törətməkdə şübhəli şəxs kimi Abşeron RPİ-nin istintaq şöbəsinə təhvil vermişdilər. Cinayət hadisəsini tək törətmiş, yanında heç kim olmamamış, Şahid isə dayısıgilə getmək istəyən zaman Sumqayıt şəhərində qalmış, Abşeron rayonu, Saray qəsəbəsinə tək getmişdir. Həmçinin sadəcə qadına arxa tərəfdən yaxınlaşmış, qadının sağ əlində saxladığı pul qabını alıb tez qaçmış, hadisə təxminən 2-3 saniyə ərzində baş vermiş, qadını vurmamış və heç bir xəsarət yetirməmişdir. Etdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Sadiq Loğman küçəsi, ev 8-də yaşayır. 1 azyaşlı övladı vardır. Fərdi olaraq işləyib ailəsini dolandırır. 07 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət etmişdir. Bu barədə bildirmişdir ki, həmin tarixdə saat 17 radələrində evinin yaxınlığında olan aptekə getmişdir. Oradan çıxıb yaşadığı Saray qəsəbəsi, Sadiq Loğman küçəsi ilə evinə tərəf getmişdir. Həmin vaxtı onun yanında heç kim olmamışdır. Onun həmin vaxtı sağ əlində özünə məxsus qırmızı rəngli pul qabı olmuşdur. Həmin pul qabının içərisində 170 manat pul, özünə və oğlu X2 məxsus şəxsiyyət vəsiqələri, 2 ədəd bank kartları olmuşdur. Həmin vaxt anidən bir nəfər naməlum şəxsin onun arxasından yaxınlaşaraq əlində olan pul qabını alaraq qaçdığını görmüşdür. O, həmin şəxsi tanımamış və ilk dəfə idi görmüşdür. Həmin şəxs əlindən pul qabını alaraq qaçıb uzaqlaşmışdır. O, həmin şəxsin arxası ilə qaçsa da çata bilməmişdir. Həmin şəxs arıq bədən quruluşlu, uzun boylu olmuşdur. Həmin şəxsin əynində qara rəngli idman şalvarı və gödəkçəsi olmuşdur. Başında isə qara rəngli papaq olmuşdur. O, həmin şəxsin sifətini tam görə bilməmişdir. Həmin şəxs təxminən 19-22 yaş arasında olan cavan oğlan olmuşdur. Həmin şəxs onun əlindən pul qabını alan zaman ona hər hansı fiziki təsir və hər hansı xəsarət yetirməmişdir. O, həmin şəxsi görsə tanıya biləcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yəni, atası, anası və bacısı və qardaşı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 21, mənzil 46-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 29/25, mənzil 9-da kirayə yaşayır. O, Bakı İnnovasiya və Texniki peşə kollecində təhsil alır və işləmir. Təqsirləndirilən şəxs təxminən 1-2 aydır ki, Sumqayıtda olan həmyaşıdlarının vasitəsi ilə tanımış, münasibəti yaxşı olmuşdur. O, Məhəmmədlə daim bir yerdə oturub çay içir, günlərini keçirmişdilər. Zərərçəkmiş şəxs Abşeron RPİ-nə verdiyi ərizə ilə tanış olub bildirmişdir ki, həmin şəxsi tanımır və onunla heç bir münasibəti olmamışdır. O, 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüşüb, Sumqayıt şəhəri ərazisində gəzişmişdilər. Təxminən 16- 17 radələrində Məhəmməd nahar yeməyi yemədiyi üçün Abşeron rayonu, Saray qəsəbəsində yaşayan dayısı İlhamın evinə yemək yeməy üçün getmək istədiyini bildirmişdir. Məhəmməd onunla danışaraq bir neçə saatdan sonra görüşəcəyini təklif etmişdir. O da Məhəmmədlə razılaşaraq Sumqayıt şəhərində qalmış və evinə qayıtmışdır. Məhəmməd isə Sumqayıt şəhərindən avtobusa minərək, Abşeron rayonu, Saray qəsəbəsinə getmişdir. Məhəmməd bir neçə saatdan sonra onunla əlaqə saxlamış və onun harada olmağını soruşmuşdur. O, evdə olduğunu bildirmişdir. Məhəmməd onunla görüşmək üçün Sumqayıt şəhərinə qayıtmışdır. Onlar birlikdə görüşmüş, sonra Məhəmməd hadisə barədə ona danışaraq, Saray qəsəbəsinə gedən zaman bir nəfər qadın görüb, əlindən pul qabını ələ keçirdiyini və içərisindən 170 manat pul götürdüyünü bildirmişdir. Məhəmməd həmçinin, dayısı İlhamgilə gedib yemək yeyə bilmədiyini də demişdir. Bundan sonra Məhəmməd birlikdə gedib Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası deyilən ərazidə restoranların birində oturub yemək yeməyi təklif etmişdir. Buna görə də onlar birlikdə qeyd olunan yerə gedərək, yemək yemiş və Məhəmmədin ələ keçirdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdilər. Həmin hadisədən bir gün sonra yəni, 08 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları Məhəmmədi və onu Sumqayıt şəhəri ərazisində saxlamışdılar. Cinayəti törətməkdə şübhəli şəxs kimi Abşeron RPİ-nin istintaq şöbəsinə təhvil vermişdilər. O, həmçinin hadisə zamanı Məhəmmədin yanında olmamış, Məhəmməd ona dediyinə əsasən cinayət hadisəsini tək törətmişdir. O, Məhəmmədin yanında olmadığı üçün Məhəmmədin kiminləsə həmin cinayət hadisəsini törədibtörətməməsindən məlumatı olmamışdır. O, Sumqayıt şəhərində qalmış, Məhəmməd isə Abşeron rayonu, Saray qəsəbəsinə gedəcəyini ona bildirmişdir. Məhəmməd ona törətdiyi cinayət hadisəsini danışmışdır. Həmin pulun hansı formada əldə olunmasını ona bilirmişdir. O, cinayət hadisəsi baş verən zaman Məhəmmədin yanında olmasa da Məhəmmədin əldə etdiyi həmin pulu birlikdə xərcləmişdilər. O, özünü cinayət törətməkdə təqsirli bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirmə və götürmə haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan Abşeron rayonu, Saray qəsəbəsi, S.Loğman küçəsinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Üzləşdirmə istintaq hərəkətləri keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı demiş, sonuncu isə onun dediklərini təsdiq etməklə razılaşmışdır. Üzləşdirmə istintaq hərəkətləri keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahid ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış hadisə yerində qeydə alınmış video çəkliş özündə əks etdirən bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, içərisində şəxsiyyət vəsiqələri və bank kartları olan 1 ədəd qırmızı rəngli pul qabı saxlanması üçün qanuni sahibinə zərərçəkmiş şəxsə qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən poçt vasitəsi ilə göndərdiyi teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, Zərərçəkmiş şəxs torpaqlı yol ilə ara məhəllə ilə hərəkət etdiyini, sağ əlində pul qabının olmasını, əynində isə göy rəngli cins şalvar, ağ rəngli idman ayaqqabısı və qara rəngli gödəkçənin olmasını və zərərçəkmiş şəxs T.Rəhimovun ifadəsində bildirdiyi kimi həqiqətən də arxası ilə arıq bədən quruluşlu, uzun boylu, əynində qara rəngli idman şalvarı və gödəkçəsi, başında isə qara rəngli papaq olması, 19-22 yaş arasında olan bir nəfər cavan oğlanın gəldiyini müəyyən edilmişdir. Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özünün olmasını və cinayəti tək törətdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs gəldiyi istiqamətdə qaçaraq geri hərəkət etdiyi məyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Şimovolos Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 3 mart 2005-ci il tarixli Plenum qərarının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə də təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin arxasından yaxınlaşaraq əlində olan pul qabını alaraq, oradan qaçmış, sonradan zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin arxasınca qaçsa da sonuncuya çata bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, maddi sübut kimi tanınmış içərisində şəxsiyyət vəsiqələri və bank kartları olan 1 ədəd qırmızı rəngli pul qabı ibtidai istintaq zamanı saxlanması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalı, içərisində şəxsiyyət vəsiqələri və bank kartları olan 1 ədəd qırmızı rəngli pul qabı ibtidai istintaq zamanı saxlanması üçün qanuni sahibinə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-198/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-198/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver