Məhkəmə qərarları › İş №1(012)-200/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-200/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-200/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Xüsusi ittihamçı –mülki iddiaçı X7, təqsirləndirilən şəxs-mülki cavabdeh X3, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,hal-hazırda işləməyən,əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət işi başlanmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışlar ki, 2010-cu ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində, 2016-ci ilə qədər FHN Bakı Regional Mərkəzinin rəis müavini, 2016-cı ildən xx.xx.2024-cü il tarixinədək isə Azərbaycan Respublikası Dövlət X8 "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmışdır. Göstərilən tarixdə səhhətilə bağlı öz xahişilə tutduğu vəzifədən azad olunmuş, Azərbaycan Respublikası Dövlət X5 sədri Zaur Mikayılovun xx.xx.2024-cü il tarixli, 13-4/3-1-11-Ü/2024 nömrəli Əmri ilə, ona xidməti vəzifələrinə məsuliyyətli münasibətimə görə, təşəkkür elan edilmişdir.Əməyi FHN rəhbərliyi tətəfindən layiqincə qiymətləndirilib: dəfələrlə Fəxri Fərmanlar, 3 medal, “Xidmətə görə” döş nişanı ilə təltif olunmuş, nazirin əmri ilə “FHN-nin Fəxri əməkdaşı” adına layiq görülmüşdür.19 aprel 2024-cü il tarixində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Azərbaycan Respublikası Dövlət X8 "xxxx" MMC- nin əməkdaşlarının iştirakı ilə onun kollektivdən ayırılmağına həsr olunmuş iclas keçirilmişdir (iclasın prortokolu əlavə edilir). Şəxsinə diqqət əlaməti olaraq, Azərbaycan Respublikası Dövlət X5 sədri Zaur Mikayılovun xx.xx.2024-cü il tarixli, 13-4/3-1-11-Ü/2024 nömrəli Əmrini kollektivə elan etmək üçün, "xxxx" ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də, "xxxx" ASC- nin Sektor müdiri Elxan Hüseynov və "xxxx" ASC- nin aparıcı mütəxəssisi Nicat Paşayev də iclasda iştirak etmişlər."xxxx" ASC-nin sədr müavini Zakir Quliyev çıxış edərək bildirmişdir ki, Tale Şamçıyev Azərbaycan Dövlət X5 sədri Zaur Mikayılova ərizə ilə müraciət edərək öz xahişi ilə onu tutduğu vəzifədən azad etməsini xahiş etmişdir. Onun xahişi rəhbərlik tərəfindən nəzərə alınaraq, müvafiq Əmr verilmişdir. Qarşılıqlı əmək fəaliyyəti dövründə "xxxx" MMC-nin əmək kollektivi və onun rəhbəri Tale Şamçıyev ilə daima təmasda olmuş, əməkdaşlıq etmiş, qarşılıqlı anlaşma yolu ilə daima yaranan məsələləri həll etmilər.T.Şamçıyev öz istəyi və səhhəti ilə əlaqədar, tutduğu vəzifədən getməkdə israrlıdır. Agentliyin sədri Tale Şamçıyevin xahişini nəzərə alaraq, onun "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olunması barədə əmr vermişdir. Bu əmrin ikinci bəndi ilə Cəmiyyətdə xidməti vəzifələrinin icrasına məsuliyyətli münasibətinə görə, Tale Şamçıyevə təşəkkür elan edilmişdir.MMC-nin direktor müavini Eldar Məmmədov da çıxış edərək, natiqin fikirlərini dəstəkləmiş, Tale Şamçıyevin rəhbərliyi altında MMC-nin imza atdığı uğurlardan danışmışdır."xxxx" MMC-nin Yaşıllaşdırma İdarəsinin aqronomu Məhəmməd Əliyev söz alaraq, iclasda hökm sürən pozitiv əhval-ruhiyyəyə zidd olaraq, bütün iclas iştirakçıları (37 əməkdaş) və iclasda qonaq qismində iştirak edən rəhbər işçilərin qarşısında, heç bir sübut gətirmədən, onun şərəf və ləyaqətini ləkələyən böhtan dolu sözlərlə çıxış etmiş, bildirmişdir ki, Şikayətə əlavə edilmiş 19 aprel 2024-cü il tarixli "xxxx" MMC-nin əməkdaşları ilə keçirilən iclasın protokolundan görünür ki, "xxxx"MMC- nin aqronomu Məhəmməd Əliyev onun rəhbərlik etdiyi "xxxx" MMC-nin əməkdaşlarının və onun rəhbərlə - "xxxx" ASC-nin sədr müavini Zakir Quliyev, "xxxx" ASC-nin Sektor müdiri Elxan Hüseynov və "xxxx" ASC-nin aparıcı mütəxəssisi Nicat Paşayevin qarşısında, heç bir sübut təqdim etmədən, onun şərəf və ləyaqətini alçaldaraq, böhtan ataraq, işgüzar nüfuzuna zərbə vuraraq, demişdir ki, Tale Şamçıyev "xxxx" MMC- də işlədiyi müddətdə Cəmiyyətə 7.500.000.000 (yeddi milyard beş yüz milyon) manat həcmində ziyan vurmuşdur. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi 7,5 il ərzində, adı FHN üzrə daim nümunəvi işçilər sırasında hallanmış, Cəmiyyətdə dəfələrlə keçirilmiş adi və kompleks yoxlamalar zamanı heç bir irad almamış, Fəxri Fərmanlar, 3 medal, “Xidmətə görə” döş nişanı ilə təltif olunmuş, nazirin əmri ilə “FHN-nin Fəxri əməkdaşı” adına layiq görülmüşdür.Həmçinin,şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasının ambulator kartından çıxarışdan görünür ki, o,şəkərli diabet xəstəsi kimi dispanser qeydiyyatındadır,xəstəliyimin fonunda, sönügedən hadisə tərəfindən dərin stress keçirməyinə, şəkər göstəricilərinin kəskin surətdə artmasına səbəb olmuşdur.Yuxarıda əks olunanlardan aydın olur ki, şikayət verilmiş şəxs, heç bir sübut gətirmədən, bilə-bilə onun barəsində şərəf və ləyaqətini ləkələyən və onun həm cəmiyyətdə olan, həm də işgüzar nüfuzuna zərbə vuran çıxış etmişdir. Aşkar görünür ki, o həmin məlumatı, heç bir əsası olmadan, uydurmuş və yalan olduğunu bilə-bilə həmin məlumatı kütləvi şəkildə, 37 əməkdaşın və rəhbərlərinin də iştirak etdiyi iclasda səsləndirmişdir. Məhkəmə iclasında Xüsusi ittihamçı-mülki iddiaçı X11 xüsusi ittihamın məzmununa uyğun izahat verib, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılması, onun ən ciddi cəza ilə cəzalandırılmasını və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxs X6 ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədi, iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, "xxxx" MMC-nin Yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsində işləmişdir, hazırda təqaüddədir,19 aprel 2024-cü il tarixdə idarədə iclas olmayıb, toplantı olub, X7 işdən çıxması məsələsi olub,rəhbərlikdən gəlmişdilər. Çıxış eliyənlər oldu, o isə çıxış etməyib. Toplantı qurtaran vaxt X11 özünə demişdir ki, işlədiyi müddətdə Cəmiyyətə 7.500.000.000 (yeddi milyard beş yüz milyon) manat həcmində ziyan vurmuşdur. Onu da ki, heç kim eşitməyib onun dediklərini. Ona görə də, hüsab edir ki, onun əməlində hər hansı bir çinayətin tərkibi olmadığından onun barəsində qanuni və əsaslı qərar qəbul olunmalıdır. Təqsirləndirilən şəxs X6 tərəfindən məhkəməyə ünvanlanan və işin materiallarında olan, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmiş ərizəsinin 6-cı səhifəsində X6 yazır: “ Keçək tədbirin özünə. Həmin tədbir zamanı O, özünü tərifləyərək, özündən razı halda, böyük bir iş görmüş şəxs kimi, işlədiyi 7,5 ildə dövlətin "Pikap" maşını ilə getdiyi yolu (bu yol evi ilə iş yeri arasıdır, işə gəldiyi vaxtdan gedənə qədər kabinetindən bayıra çıxmazdı, ərazisində oturduğu meşə ərazisinə yanğın və ya yuxarı vəzifəli şəxslərin iştirakı ilə olan bir neçə tədbirdən başqa, bir dəfə də olmayıb) ekvatorla müqayisə etdi və bildirdi ki, ekvatoru 3 dəfədən çox fırlanıb. Mən də buna müvafiq olaraq və fəaliyyəti dövründə vurduğu ziyanı həmişəlik yaddaşında saxlaması və həmişə xatırlaması üçün bildirdim ki, "Bu 7 il yarımda Azərbaycan dövlətinə 7 milyard yarım ziyan vurub getdin, dövlətə bunun bərpası üçün yenidən 70 il lazım gələcək". Qeyd etdiyim kimi, proses onun yaxınları tərəfindən vidioya çəkilirdi. Vidioda necə dediyim var. Mən bəlkə də az demişəm. O ki, qaldı sübuta, sübut 500 ha-a yaxın meşələrin məhvidir. Mən işə qayıtdıqdan sonra meşə sahələrində monitorinqlər apardım və nəticəsi haqqında həm özünə, həm də aidiyyəti üzrə yuxarı rəhbərliyə rəsmi olaraq bildirdim (surətlərini əlavə edirəm). Həmin sənəddə məhv olmuş meşələrin həcmi, hazırkı vəziyyəti haqqında məlumat verdim, keçən bu bir ildə isə məhv olmuş meşələr 500 ha ətrafındadır. Əgər bu doğru deyildisə nə üçün təkzib edilmədi, baş idarə də heç bir reaksiya vermədi. Mən indiyə qədər bunu hesablamamışdım, hesablamaq ağlımdan keçməmişdi. Hər bir ağaca qulluq, suvarma (su pulu) və digər iqtisadi amillərin təsirindən əlavə, ağacların ekoloji təsiri, su anbarında suyun buxarlanmasının qarşısının alınması, suyun tozdan və digər yüngül çəkili zəhərli maddələrdən çirklənməsinin qarşısının alınması, meliorativ təsirləri, insan həyatına (oksigen istehsalı) təsirinin qiyməti, iqlim təsirləri v.s qiymətləndirmə aparılmalıdır. Həmin meşələrin salınmasından 70 ilə yaxın vaxt keçib və yenidən həmin vəziyyətə qaytarılması üçün 70 ilə yaxın vaxt (üst-üstə 140 il) tələb olunur. Hər ağacın qiyməti yəqin ki, 10 000 manata yaxın və bəlkədə artıq (gələcəkdə qiymətlərin necə olacağı, işçilərin əmək haqqının necə olacağı hələ bilinmir) olacaqdır. Elə 90-cı illərdə inflyasiyalar zamanı xərclər bəlkə də milyardlarla manat kimi ifadə olunub. Meşə salınanda hər 1 ha üçün 3300 ağac əkilib. Bir ağacı yuxarıda qeyd etdiyim kimi, 10 000 manat götürsək, 500 ha meşənin qiyməti 16,5 milyard manatla ifadə oluna bilər. Belədə isə mən çox aşağı qiymət demiş olmuşam.” Təqsirləndirilən şəxs X6 tərəfindən məhkəməyə ünvanlanan və işin materiallarında olan, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmiş ərizəsinin 2-ci səhifəsində X6 yenə X7 işdən çıxması ilə baglı keçirilən tədbirdə “ mən 7milyard yarımı simvolik olaraq demişəm, dediklərimi də 1-2 nəfər eşidim, ya eşitməyib” kimi ittiham üzrə etiraf edici ifadələr yazmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 19 aprel 2024-cü il tarixində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Azərbaycan Respublikası Dövlət X8 "xxxx" MMC- nin əməkdaşlarının iştirakı ilə həmin MMC-nin direktoru vəzifəsində çalışmış X1 ayırılmağına həsr olunmuş tədbirdə, həmin MMC-nin aqronomu X3 özünün çıxış nitqində əlində heç bir mötəbər sübutu olmadan X7 barəsində “Tale Şamçıyev "xxxx" MMC-də işlədiyi müddətdə Cəmiyyətə 7.500.000.000 (yeddi milyard beş yüz milyon) manat həcmində ziyan vurmuşdur” ifadəsini işlətməsi xüsusi ittihamçının, təqsirləndirilən şəxsin öz yazılı ərizələri və işin materialları ilə tam sübutdur. Təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır.Bu məlumatlar isə göründüyü kimi əsassız olub X7 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan böhtan xarakterili kütləvi çıxışda edilmiş məlumatlar olub,rəqəmlər simvolik olaraq şişirdilmiş rəqəmlər olduğundan X6 tərəfindən“Tale Şamçıyev "xxxx" MMC-də işlədiyi müddətdə Cəmiyyətə 7.500.000.000 (yeddi milyard beş yüz milyon) manat həcmində ziyan vurmuşdur” ifadəsini işlətməsi CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab olunmalıdır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə, məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs X3 CM-nin 147.-ci maddəsində nəzərdə tutulan cinayətdə təqsiri sübuta yetirildiyindən, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddə həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X6 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs X3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar və cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan yəni, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, X3 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla, cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir. Məhkəmədə xüsusi ittihamçı X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən onun xeyrinə ona vurulan mənəvi zərərə görə 10.000 manat və ödənmiş dövlət rüsumuna görə 120 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Məhkəmə iddia ərizəsini qismən əsaslı hesab edir və hesab edir ki, işin faktiki hallarından göründüyü kimi təqsirləndirilən şəxsin bu təqsirli əməli ilə xüsusi ittihamçıya mənəvi zərər yetirməsi qaçılmazdır. Odur ki, iddia ərizəsi qismən təmin edilməli, təqsirləndirilən şəxs X2 xüsusi ittihamçının xeyrinə mənəvi zərərə görə ağlabatan məbləğdə, yəni 1500 manat məbləğində pul tutulmalıdır. Müdafiəçinin 20 saat hüquqi yardımına görə 220 manat məbləğində pul dövlət büdçəsinin vəsaiti hesabına tutulub Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 44.2.1,321,351,352,353,356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1400 (min dörd yüz) manat cərimə cəzası təyin edilsin. İddia təmin edilsin. X2 X7 xeyrinə mənəvi zərərə görə 1500 (min beş yüz) manat məbləğində pul tutulsun. Müdafiəçinin 20 saat hüquqi yardımına görə 220 manat məbləğində pul dövlət büdçəsinin vəsaiti hesabına tutulub Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi verilsin. Hokmün icrası Bakı Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar