Məhkəmə qərarları › İş №1(012)-201/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-201/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-201/2024 22.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Anama təşkilatının Ağdam rayonu ərazisində işləyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və Ağdam rayonunda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə saat 16 radələrində ictimai yer hesab olunan Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində olarkən tanışı Şahid4 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ilə heç bir səbəb olmadan mübahisə edib, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs1 və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 qrup üzvü Şahid4lə yumruqla vurub döyərək, sonuncuya üst dodağın haşiyəsinin, sol yanaq və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə saat 17 radələrində ictimai yer hesab edilən Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində küçədə Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs2 və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 yumruqla sifətindən vurduqdan sonra öz qəddarlığını, hiddətini, qəzəbini nümayiş etdirərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs2 başının müxtəlif hissələrindən yumruqla bir neçə dəfə vurub, sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol əng sümüyünün Lefor İ tipli, sol almacıq, burun sümüklərinin yerdəyişən sınıqları, sağ almacıq sümüyünün ön divarının sınığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və səthi əzilmiş yarası, sol göz qapaqlarının, sol gözaltı-almacıq nahiyənin qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib, xuliqanlıq hərəkətləri etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Buna görə də ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində məşq yoldaşı Şahid4lə birlikdə Masazır kəndinin ərazisindən gəlmişlər. Onlar ikisi "xxxx" MTK-nın yaxınlığında yerləşən yarımtikili evə çatan zaman bir nəfər oğlanın və bir nəfər qızın birlikdə getdiyini görmüşlər. Ona elə gəlmişdir ki, qız ağlayır. Onlar bir neçə metr getdikdən sonra həmin şəxslərin orada olan tikilinin həyətinə girdiyini görmüşlər. O və Elçin geri qayıdıb sözügedən tikilinin həyətinə girmişlər və orada qızın oğlanla dodaq- dodağa öpüşdüklərini görmüşlər. Həmin şəxslərə nə etdiklərini və ayıb olmasını demişdir. Bu zaman oğlan ona işi ilə məşğul olmağını deyib qızı yola salmaq istəmişdir. O, oğlana qızı yola salıb gəlməsini bildirmişdir. Həmin şəxs gödəkcəsini soyunub, qıza vermiş və onlara yaxınlaşmışdır. Bu zaman oğlanın etdiyi hərəkətə görə Elçin oğlana iradını bildirmiş, həmin şəxs Elçini əli ilə sinəsindən itələmiş, o da oğlanı sinəsindən itələyərkən sonuncu ona yumruq zərbəsi atmış, o, yumruq zərbəsindən yayınıb oğlanın sifət nahiyyəsinə iki dəfə yumruq zərbəsi ilə vurmuşdur. Bu vaxt oğlan yerə yıxılmış, əlləri ilə sifətini tutmuşdur. O və Elçin hadisə yerindən uzaqlaşan zaman 2-3 nəfər şəxs onlara yaxınlaşmış və onun vurduğu şəxsin sifətinin qanını görüb nə baş verdiyini soruşmuşlar, o da onlara baş verənləri demiş, Elçinlə birlikdə oradan uzaqlaşmışlar. Onun vurduğu şəxs və yanında olan qız da oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 tanımır, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1la münaqişə edən zaman orada o, məşq yoldaşı Elçin, Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan adını bilmədiyi qız olmuşdur. Münaqişə zamanı söyüş, təhqir, yüksək səslə danışma, kənar şəxslərin müdaxiləsi və narahat edilmə kimi hallar olmamış, kənar şəxslər münaqişə zamanı orada olmamışdır. Onları münaqişə zamanı heç kim ayırmamış və münaqişələrinə heç kim müdaxilə etməmişdir. Şahid4 Zərərçəkmiş şəxs1 heç bir formada döyməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 müraciəti ilə bağlı bildirir ki, o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs2 şikayəti ilə bağlı Abşeron rayon polis idarəsinə çağırılanda Zərərçəkmiş şəxs2 tanımışdır. Onunla Zərərçəkmiş şəxs2 arasında heç bir mübahisə və ya dalaşma olmamışdır. Zərərçəkmiş şəxs2 yalan göstərmiş, o, dalaşmada iştirak etməmişdir. Əməlindən peşmançılıq çəkir, xahiş edir əməlinə düzgün qiymət verilsin. Hazırda Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxıb valideynlərinin yaşadığı evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində onlarla eyni məhəllədə yaşayan və sevdiyi şəxs olan İsmət Qədirova ilə evlərinin 50 metrlik məsafəsində, heç kimin yaşamadığı yarım tikili evin yaxınlığında söhbət edib, evin kənarına keçmişlər. Tanışı olan qızı öpüb yola salanda, əvvəllər tanımadığı, təxminən 20-25 yaşlarında olan iki nəfər kişi cinsli şəxslər onlara yaxınlaşıb orada nə işlə məşğul olduğunu soruşmuşlar. O, qıza getməyi desə də qız getməkdən imtina etmişdir Həmin şəxslərlə mübahisə etmiş və gözləmədiyi anda onlardan biri yumruqla onun dodağına zərbə vurmuşdur. O, yerdən daş götürüb atmaq istədikdə Mərdan adlı şəxs bıçaq çıxardıb onu qorxutduqda o da daşı yerə atmışdır. Onlar isə müxtəlif bəhanələrlə mübahisəni uzatdıqda o, həmin şəxslərə dayanıb gözləməklərini təklif etmiş, İsməti evlərinə yola salıb yenidən geri qayıtmışdır. Bundan sonra o, oradan uzaqlaşmış, sonra yenidən ora qayıtsa da heç kimi orda görməmişdir. O, da Abşeron RMX-na müraciət etmişdir. Abşeron rayon Pİ-də araşdırma zamanı ona məlum olmuşdur ki, onunla dalaşan həmin şəxslərdən birinin adı Mərdan, digərinin adı isə Elçin olmuşdur. Münaqişə Abşeron rayonu Masazır qəsəbəsi, Baxçalı Evlər MTK yaxınlığında heç kimin yaşamadığı yarım tikili evin həyətində baş vermişdir. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09 fevral 2022-ci il tarixdə, təxminən saat 16:30 radələrində yaşadığı məhəllədə dostu və qonşusu Əsədov İsmayıl ilə birlikdə söhbət etmişlər. Bu zaman onun ***-***-**-** nömrəsinə dostu Şahid3 zəng edərək digər dostu və sinif yoldaşı olmuş Şahid6 Masazır qəsəbəsində idman əyləncə mərkəzinin arxasında kimləsə sözlə mübahisə etməsini, buna görə ora köməyə getmək lazım olduğunu bildirmişdir. O, Məhəmmədə məhəllədə olduğunu demiş, sonuncu da ona demişdir ki, İsmayılı, yəni hamı onu Nemət kimi bildiyi dostlarını da götürüb yola çıxsın, özü də gəlir. O da İsmayıl ilə yola çıxıb gözləmişlər, bu zaman Məhəmməd atası Elbrus ilə özlərinə məxsus minik avtomobili ilə gəlmişlər, avtomobili Elbrus idarə etmiş, o da İsmayıl ilə avtomobilə oturub, Masazır qəsəbəsində Bağçalı evlər olan yerə getmişlər, orada o, İsmayıl və Məhəmməd avtomobildən düşmüşlər, Elbrus avtomobili idarə edərək oradan getmiş, Rəsul həmin yerdə olmuş və yanında 4-5 nəfər xalası oğlu, Kənan və Nihad da orada olmuşlar. Onlar onunla görüşmüşlər və sonuncudan nə məsələ olduğunu soruşmuş, Rəsul demişdir ki, uşaqlar mübahisə etmişlər, onları barışdıracaqlar. Rəsul kiməsə zəng etmiş və həmin zəng etdiyi şəxsi ora çağırmışdır. Onlar yaxınlıqda olan idman əyləncə mərkəzin arxasına keçmişlər, bu zaman 4-5 nəfər tanımadığı cavan oğlanlar gəlmişlər və onlarla söhbət etməyə başlamışlar. O, onlara demişdir ki, onlar bura uşaqları barışdırmağa gəlmişlər, həmin şəxslərdən biri, sonradan adını bildiyi Mərdan adlı şəxs qəfildən sifətinə yumruqla zərbələr vuramağa başlamış, o, sifətini əli ilə tutsa da həmin şəxs ona yumruq zərbələrini vurmağa davam etmiş, onun sifəti artıq qanın içində olmuş, o, oradan uzaqlaşmışdır. Həmin ərazidən uzaqlaşandan sonra atasının iş yerinə getmiş, atası onu xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı və məşq yoldaşı olan Təqsirləndirilən şəxs ilə Masazır qəsəbəsində yerləşən “Bağçalı Evlər” yaşayış kompleksinin yaxınlığından keçmişlər. Həmin vaxt orada yanları ilə bir nəfər qadın və bir nəfər kişi getmiş, onlar onlardan 3-4 metr aralaşandan sonra onların yaxınlıqda olan yarımçıq tikiliyə girdiklərini görmüşlər. Onların arxası ilə tikintinin həyətinə girən zaman oğlanın qızla orada dodaq-dodağa öpüşdüklərini görmüşlər. Mərdan həmin şəxsə elədiklərinə görə iradını bildirmiş, həmin şəxs isə yaxşı etdiyini, onlara aldiyyatı olmadığını demişdir. Bu zəmində aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı həmin şəxs onun sinəsindən itələmiş, bu zaman Mərdan da həmin şəxsin sinəsindən itələmişdir. O, adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxs Mərdanı yumruq zərbəsi ilə vurmaq istəyərkən Mərdan zərbədən yayınmış və həmin şəxsin sifət nahiyəsinə iki dəfə yumruq zərbəsi ilə vurmuşdur. Rəsul sifətini tutub aşağı əyilmiş, o və Mərdan hadisə barədə bildirib oradan uzaqlaşmışlar. O, Rəsulu vurmamışdır. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 09 fevral 2022-ci il tarixdə, təxminən saat 16 radələrində Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksində Bağçalı evlər adlanan ərazidə binaların həyətində olan zaman görmüşdür ki, dostu Nihad Novruzov ilə əvvəllər tanımadığı sonradan adını bildiyi və əvvəllər tanımadığı Peyman adlı şəxs mübahisə edirlər. O, onlara yaxınlaşıb nəyə görə mübahisə etdiklərini soruşanda Peyman ona demişdir ki, o, onların söhbətinə nəyə müdaxilə edir və Peyman ona əl atmış, onunla aralarında dalaşma başlanmış, o, sağ əli ilə Peymana yumruq vuranda yumruğu ağaca dəymiş və əlindən xəsarət almışdır. Peyman demişdir ki, gedib qardaşı Mərdanı çağırır və Mərdan onlarla söhbət edəcək. O, görmüşdür ki, Peyman qardaşı Mərdanı çağırmağa getmiş, o da xalasının evinə gedib xalası oğlu Şahid6 demişdir ki, məhəllədə onlarla dalaşma olmuş və Nihadı döymək istəyirlər. Rəsul da həmin məhəlləyə getmiş, o da Rəsulun arxasınca getmiş, Rəsul onunla və Nihad ilə mübahisə edən Peyman ilə söhbət etmiş, ondan sonra Rəsul da oradan aralaşmış, o da oradan getmişdir. Aradan 5-10 dəqiqə sonra görmüşdür ki, Ramal, Məhəmməd, İsmayıl məhəllənin digər tərəfinə getmişlər, bu tərəfdən də Peyman, qardaşı Mərdan və tanımadığı təxminən 10 nəfər cavan oğlanlar da həmin istiqamətə getmişlər. O, onların dalaşacaqlarını görüb ora getmiş, xalası oğlu Rəsul da orada olmuşdur. Orada birinci Mərdan ilə Ramal mübahisə etməyə başlamışlar və bu zaman onların arasında dalaşma başlanmış, ondan sonra da onlarla da digər tərəfdən olan tanımadığı oğlanlar arasında dalaşma başlamışdır. Oradan keçən tanımadıqları şəxslər onları ayırmışlar, dalaşmadan sonra görmüşlər ki, onlar tərəfdən ancaq Ramal ciddi xəsarət almış, o, ciddi xəsarət almadığı üçün heç yerə də müraciət etməmişdir. Dalaşma zamanı kimin-kimi vurmasını bilməmiş, Ramalı isə Mərdan vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Şahid6 və Zərərçəkmiş şəxs2 ilə bir məktəbdə oxuduğu üçün onları tanıyır. İsmayıl adlı, amma hamı onu Nemət kimi tanıyan şəxsi də tanıyır və aralarında heç bir qərəzli münasibətləri olmamışdır. Atasının Azsamand markalı, 99AX948 nömrə nişanlı avtomobili vardır. 09 fevral 2022-ci il tarixdə, təxminən saat 16 radələrində atası Elbrus ilə Bakı şəhərindən bankdan Masazır qəsəbəsinə gəlmişlər. Masazır qəsəbəsinə çatanda əsgərlik yoldaşı olmuş Rəsul ona zəng edib onun harada olduğunu soruşmuş, o, Rəsula Masazır qəsəbəsinə gəldiyini demişdir. Rəsul ona demişdir ki, xalası oğlu Kənanın nəsə problemi vardır. O da Ramala zəng edib bu barədə demiş və Ramal demişdir ki, Masazır qəsəbəsində yolda onu gözləyir. Masazır qəsəbəsində yolda Rəsul ilə İsmayıl avtomobilə minmişlər və atası avtomobili idarə etmiş, onlar 3 mərtəbələr adlanan ərazidə İdman əyləncə mərkəzin yaxınlığında avtomobildən düşmüşlər, atası isə avtomobili idarə edərək getmişdir. Onlar orada Rəsul və xalası oğlu Kənan ilə görüşmüşlər, Rəsul demişdir ki, orada tanımadığı şəxslər xalası oğlu Kənan ilə mübahisə etmişlər, gedib onların kim olduğunu görsünlər. Onlar idman əyləncə mərkəzinin arxasına getmişlər, bu zaman 4 nəfər tanımadığı cavan oğlanlar onlara yaxınlaşmışlar, Ramal onlardan nə baş verdiyini soruşmuş, birdən onlarla aralarında mübahisə başlanmış və onlarla əlbəyaxa olmuşlar, orada olan dalaşma zamanı ancaq Ramal xəsarət almış, o, Rəsul, Kənan və İsmayıl heç bir xəsarət almamışlar, ətrafdan gələn tanımadıqları şəxslər həmin şəxsləri onlardan ayırmışlar. Sonra məlum olmuşdur ki, Ramal ilə dalan şəxs Mərdan adlı şəxs olmuşdur, o, onlardan heç kimi tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5, X2 və Şahid6 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 12 fevral 2022-ci il tarixli, 147 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sağ gözaltı nahiyənin, başın alın nahiyəsinin sağ yarısının, sol gicgah-təpə nahiyəsinin qançırşişkinliyi, üst dodağın haşiyəsinin, sol yanaq və üst dodağın selikli qişasının əzilmiş-cirilmiş yaraları, sol böyrəküstü və sol gözaltı nahiyələrinin qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Məhkəmə-tibbi ekspertizasının 28 fevral 2023-cü il tarixli, 360 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol əng sümüyünün Lefor İ tipli, sol almacıq, burun sümüklərinin yerdəyişən sınıqları, sağ almacıq sümüyünün ön divarının sınığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və səthi əzilmiş yarası, sol göz qapaqlarının, sol gözalı-almacıq nahiyənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və, s) təsirindən, eləcə də müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə yəni küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin məktubunda göstərilmişdir ki, bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, 25 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı ictimai qaydanın pozulubpozulmamasını müəyyən etmək mümkün olmamış, həmin hadisəni görən kənar şəxslərin dairəsi müəyyən olunmamışdır. Bununla yanaşı keçirilmiş əməliyyat tədbirləri və aparılmış profilaktik söhbətlər nəticəsində 09 fevral 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı ictimai qaydanın pozulması müəyyən edilmiş, hadisənin iştirakçılarının müəyyən edilməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirləri isə müsbət nəticə verməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid4 hazırki cinayət işi materiallarından Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işinin ayrılması və həmin iş üzrə aparılan istintaq zamanı 09 fevral 2022-ci il tarixdə baş vermiş hadisə zamanı başqa hər hansı bir şəxslərin mübahisə edib-etməməsi ilə bağlı araşdırma aparılacağının nəzərə alınması qərara alınmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, yəni bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən şəxsə qarşı xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq əməli onu nəzərdə tutur ki, törədilən əməl bir qrup şəxs tərəfindən törədilsin. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən - təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi, Baxçalı Evlər MTK yaxınlığında heç kimin yaşamadığı yarım tikili evin həyətində bir qız ilə etdiyi hərəkətlərlə əxlaq normalarını pozması səbəbindən aralarında davam edən münaqişəli münasibətlər zəminində baş vermiş, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əməli tək törətmiş, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsi döyülməsi, ona xəsarət yetirməsi aralarında baş vermiş mübahisə zamanı formalaşmış qisas motivindən (zərərçəkmiş şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapan adət-ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış, birgə yaşayış qaydaları pozulması, daha sonra zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə yumruq atması) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini bir qurup şəxs tərəfindən törədilməsini istisna edir. Baxmayaraq ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni tanışı Şahid4 ilə bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Halbuki, ibtidai istintaq orqanı tərəfindən Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci naddəsilə ayrıca icraata başqa cinayət işi ayrılmış və həmin iş üzrə aparılan istintaq zamanı 09 fevral 2022ci il tarixdə baş vermiş hadisə zamanı başqa hər hansı bir şəxslərin mübahisə edib etməməsilə bağlı araşdırmanın aparılacağı nəzərə alınmışdır. Məhkəmənin gəldiyi qənayətə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin bir qrup şəxs halında tanışı Şahid4 ilə xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri- müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarı). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkmiş şəxsin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya digər şəxslərə qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə bir qrup şəxs halında xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Mübahisənin kim tərəfindən başlanması, Abşeron rayonu Masazır qəsəbəsi, Baxçalı Evlər MTK yaxınlığında heç kimin yaşamadığı yarım tikili evin həyətində kənar şəxslərin bu hadəsini görmək imkanı yoxlanılmamış, ibtidai istintaqda hadisə yerinə baxış keçirilməsi protokolunda bu hallar qiymətləndirilməyərək istintaqın yekunlaşdırılması ilə kifayətlənilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “hər kəsin gözü qarşısında” zərərçəkmiş şəxsi yumruqla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxs və hadisənin şahidi olmayan ümumi tanışları ilə (şahid) məhdudlaşdırmış, həmin “hər kəs”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxs1 sağlamlıqlarına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz qisas zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapan adət-ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış, birgə yaşayış qaydaları pozulması, daha sonra zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə yumruq atmasına görə təqsirləndirilən şəxs qisas zəmnində hazırki iş üzrə əməli törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində baş verdiyindən Abşeron rayonu Masazır qəsəbəsi, Baxçalı Evlər MTK yaxınlığında heç kimin yaşamadığı yarım tikili evin həyətində ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, küçədə hansısa narahatçılığına səbəb olması, hadisə baş verən əraziyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə əl qaldırmasına görə) və anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl cinayətin tövsifinə təsir etmədiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Həmçinin zərərçəkmiş şəxsin hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinin, ekspertiza rəyi, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki,təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsinə tövsif olunmalı, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-in 128 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 -ci maddəsinə əsasən bir Zərərçəkmiş şəxs2 Niyazi oğlu ilə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla Ağdamın azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxsnın ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın baxış iclası zamanı mülki iddia verməmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsnın cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar