Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-201/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Abşeron rayonunda doğulmuş, azərbaycanlı, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmuş və ödənilməmiş, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivi nömrəsiz fərdi yaşayış sahəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinin təmirtikinti işləri aparılan fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan otaqda Zərərçəkmiş şəxs3 məxsus şalvarın cibindən həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 263 manat 50 qəpik təşkil edən 155 ABŞ dolları və 32 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 295 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesində, Hökməli dairəsinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi təkər təmiri sexinə ustanın icazəsi ilə qızınmaq məqsədi ilə daxil olaraq sonuncuya məxsus sexdə paltardəyişmə otağında asılmış şalvarın cibindən içərisində 730 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartlarıolan pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 730 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində Ə.Vahid küçəsində yolun kənarında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi təkər təmiri sexindən sonuncunun başının təmirə qarışıq olmasından istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus qapıdan asılqandan asılmış şalvarın cibindən içərisində 2210 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartları olan pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2210 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, tikinti işlərində iş olanda gedib işləyir, əldə etdiyi pulla ailəsinin gündəlik təlabatını ödəyir. 2023-cü ilin may ayında işsiz imiş və pulu da olmamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər ratyonu, Buzovna qəsəbəsində yaşayan qardaşı Rövşənin evinə qonaq gəlmişdir. Oradan çıxıb evə getmək üçün əsas yola kimi Ç.Mustafayev küçəsi ilə piyada getdiyi zaman uzaqdan görmüşdür ki, bir həyətdən iş paltarında iki nəfər çıxmışlar. Ora yaxınlaşanda görmüşdür ki, həmin həyətin qapısı açıqdır, həyətdə də tikinti materialları var. O başa düşmüşdür ki, orada təmir işləri gedir, buna baxmayaraq səs-küy gəlmədiyi üçün orada heç kimin olmadığını zənn etmişdir. Özü də əvvəllər tikinti işlərində işlədiyinə görə bilirmiş ki, tikintidə işləyənlər adətən paltarlarını tikinti aparılan evlərin otaqlarının birində dəyişirlər. Elə bunu fikirləşərək ki, həyətdən çıxan həmin şəxslərin də orada işləyənlər olduğunu, əyinlərində də çirkli iş paltarı olduğunu, deməli təmiz paltarları evin hansısa otağında olacağını bilmişdir. Ətrafa nəzər yetirmiş və əmin olmuşdur ki, orada heç kim yoxdur, sakitcə həyətə daxil olmuş, yeriyərək evə yaxınlaşıb evin giriş qapısından evə daxil olmuşdur. Girən kimi sağ tərəfdəki otağın qapısı açıq olmuş, ora daxil olmuş və görmüşdür ki, divarda paltarlar asılıb. O paltarların ciblərini axtarmış və 50 dollar pul taparaq cibimə qoyub daxil olduğu qapıdan həyətə, oradan da küçəyə çıxıb əsas yola tərəfə gedib oradan uzaqlaşmışdır. O, qeyd etdiyi yerdə şalvarın cibində 50 dollar olmuş, onu da oğurlamışdır, orada artıq pul olmamışdır. İşsiz olduğuna görə pula ehtiyacı olmuş, ona görə oğurluq etmiş və oğurladığı pulu gündəlik təlabatına xərcləmişdir. Bundan başqa Bundan başqa o, xx.xx.2024-cü il tarixdə bir nəfər şəxslə söhbət edən zaman həmin şəxs ona evinin dam örtüyünün təmirə ehtiyyacı olduğunu və buna görə də usta axtardığını demişdir. O da həmin şəxsə dam örtüklərinin təmiri ilə məşğul olduğunu demişdir. Həmin şəxs ona evinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşdiyini, bu səbəbdən də evə baxmaq üçün Hökməli qəsəbəsinə getmək lazım olduğunu demişdir. O da həmin şəxslə razılaşaraq Hökməli qəsəbəsinə gəlmiş və evə baxmışdır. Lakin burada həmin şəxslə qiymət məsələsində razılığa gələ bilməmişlər. Qiymət barəsində razılığa gələ bilmədiyindən həmin şəxslə sağollaşmış və Hökməli dairəsinin yaxınlığına gəlmişdir. Ac olduğundan burada Hökməli dairəsinin yaxınlığında kafelərdən birində yemək yemişdir. Yemək yedikdən sonra saat təxminən 15 radələrində piyada şəkildə hərəkət edən zaman yolun kənarında təkər təmiri sexinin olduğunu görmüşdür. Həmin sex açıq vəziyyətdə olmuş və sexin qarşısında sexin işçisi bir avtomobilin təkərlərini təmir edirmiş. Hava soyuq olduğundan o, sexin işçisindən içəri keçib qızınmaq üçün icazə istəmişdir. Həmin sexin işçisi də ona keçib içəridə oturmağa icazə vermişdir. O sexə daxil olub əyləşmişdir. Bu zaman sexdə təmir üçün qoyulmuş təkərin üzərində şalvarın, şalvarın üzərində isə bir ədəd pul kisəsinin olduğunu görmüşdür. Ustanın başının maşının təmirinə qarışdığını görüb həmin pul kisəsinin içini açmış və pul kisəsində 60 manat pul olduğunu görmüşdür. Həmin pulu çıxardıb cibinə qoymuş və pul kisəsini qaytarıb yerinə qoymuşdur. O bundan sonra bayıra çıxıb oradan uzaqlaşmağa başlamışdır. Daha sonra yaşadığı ünvana gəlmişdir. Həmin əldə elədiyi pulu isə şəxsi ehtiyyaclarına və uşağı xəstə olduğundan dərmanlarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə o, Abşeron rayon Masazır qəsəbəsi ərazisində gəzərək övladı üçün dərman axtarırmış. Bu zaman Masazır qəsəbəsində Ə.Vahid küçəsində yolun kənarında təkər təmiri sexi görmüşdür. O, həmin zaman təkər təmiri ilə məşğul olan ustanın başqa bir avtomobilin təkərlərinə hava vurduğunu görmüşdür. Sexin düz yaxınlığında dayandığından sexin içərisini görürmüş. Bayırda hava çox soyuq olduğundan o gəlib maşını təmir edən ustanın yanında dayanmışdır. Bu zaman maşının sahibi tanımadığı şəxs də orada olmuşdur. O, həmin tanımadığı şəxsə yaxınlaşaraq söhbət etməyə başlamışdır. Həmin şəxs Toyota Prius markalı maşınını təmirə gətirdiyini bildirmişdir. O həmin şəxslə söhbət edərək maşını ilə Xırdalan şəhərində yerləşən bazara gedəcəyini demiş, həmin şəxs də onunla razılaşmışdırO, söhbət zaman havanın soyuq olduğunu bildirib içəridə keçib oturmaq və qızınmaq üçün icazə istəmişdir. Usta da ona keçib içəridə otura biləcəyini və peçin yanında qızına biləcəyini demiş, o da içəri keçmişdir. Bu zaman sexdə divarda asılmış şalvarın cibində olan pul kisəsi gözünə dəymişdir. Pul kisəsi biraz iri olduğundan şalvarın cibindən bir hissəsi bayıra çıxmışdır. Onun övladı xəstə olduğundan və pula ehtiyyacı olduğundan həmin pul kisəsini oğurlamağı qərara almışdır. Bir neçə dəqiqə içəridə qaldıqdan sonra ətrafa baxıb heç kəsin olmadığına və usta ilə maşının sahibinin başlarının təmirə qarışdığından istifadə edib şalvarın cibindən pul qabını götürmüşdür. Bir neçə dəqiqə içəridə oturub gözlədikdən sonra müştərinin təmirə götürdüyü “Toyota Prius” markalı avtomobil hazır olmuşdur. O da sexin sahibi ilə sağollaşaraq həmin Prius markalı avtomobilə oturmuş və Xırdalan şəhərində yerləşən bazara gəlmişdir. Həmin bazara çatdığı zaman sürücü ilə sağollaşmış və taksidən düşmüşdür. Daha sonra oğurladığı pul kisəsini cibindən çıxardıb içərisinə baxmışdır. Həmin pul kisəsinin içərisində 210 manat pul və sənəd olduğunu görmüşdür. Pulu götürüb pul kisəsini isə cibinə qoymuşdur. Daha sonra isə həmin əldə etdiyi pulu şəxsi ehtiyyaclarına və övladlarının dərmanlarına xərcləmişdir. O, xx.xx.2024-cü ildə həmin sexdən sadəcə 60 manat pul oğurlamışdır. O, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində Ə.Vahid küçəsində olan təkər təmiri sexindən asılqandan asılmış şalvarın cibindən sadəcə pul kisəni oğurlamışdır. Həmin pul kisəsində isə 210 manat yaxın pul olmuşdur. O, sözügedən oğurluq cinayətini tək törətmişdir. O, həmin yerdən sadəcə 210 manat pul oğurlamış, oğurladığı pul kisəsinin içərisində sadəcə 210 manat olmuşdur. Həmin pulun da 100 manatını geri qaytarmışdır. O, 18 yanvar 2024-cü il tarixdə həmin sexdən pul kisəsindən sadəcə 60 manat oğurlamışdır. Orada 730 manat pul olmamışdır. O, bu göstərdiklərindən başqa oğurluq cinayəti törətməmişdir. Bu pulları da övladının müalicəyə ehtiyacı olduğu üçün oğurlamışdır. O, törətdiyi oğurluq hadisəsi barədə heç kimə məlumat verməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərdi ki, Abşeron Rayonu, Hökməli dairəsində, Bakı Şamaxı şossesinin kənarında, Hökməli dairəsindən Şamaxı rayonu istiqamətində təkərlərin təmiri sexində usta kimi fəıaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində iş yerində təkər təmiri ilə məşğul olarkən onun başının təkər təmiri ilə qarışıq olmasından istifadə edən naməlum şəxs təkər təmiri sexinə daxil olaraq orada asılqanda olan şalvarının cibindən içərisində 730 manat pul, şəxsiyyət vəsiqəsi və “Kapital Bank” a məxsus bank kartı olan pul kisəsini oğurlamışdır. xx.xx.2024-cü il tarixdə o, sexdə olarkən bir nəfər dolu bədən quruluşlu şəxs sexə yaxınlaşaraq təkər düzəltmək istədiyini demişdir. O da həmin şəxsə əlində yarım saatlıq işi olduğunu və keçib sexdə gözləməsini bildirmişdir. Həmin şəxs də sexdə oturmaq üçün keçmişdir. O əlində olan işi təxminən 20 dəqiqə sonra qurtarmış və sexə girən zaman görmüşdür ki, şalvarı yerə atılıbdır və cibində olan pul kisəsi yerində deyil. O, sexdən oğurluq olduğunu başa düşmüşdür. Dərhal təmir sexinin yanında olan mağazanın müşahidə kameralarına baxmağı qərara almışdır. Kameralara baxan zaman görmüşdür ki, təxminən 35-40 yaşlarında bir nəfər dolu bədən quruluşlu bir nəfər şəxsin sexdə heç kəsin olmamasından və onun bayırda təmir işləri ilə məşğul olmağından istifadə edərək sexə müştəri qismində daxil olaraq daha sonra isə asılqanda asılmış şalvarın cibində olan pul kisəsini oğurladığını müəyyən etmişdir. Daha sonra isə bu barədə DİN-nin 102 xidmətinə məlumat verdim. Ona baş verrmiş oğurluq zamanı 730 manat ziyan dəymişdir. Həmin şəxs özünü sexə müştəri kimi təqdim edərək daxil olmuşdur. Daha sonra sexdə olan işçilər başqa maşının təkərlərini dəyişmək üçün çıxdıqları zaman həmin şəxs sexdə asılqandan asılmış şalvarın cibindən içərisində 730 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan pul kisəsini oğurlamışdır. Oğurluq nəticəsində şübhələndiyi şəxs olsa da, o, həmin şəxsin ad soyadını və anket məlumatlarını bilməmişdir. Belə ki, həmin şəxs sexdə quraşdırılmış videogörüntü kameralarına düşmüşdür. Həmin şəxs ona dəymiş ziyanı ödəməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasına dəvət edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ustadır, təmir tikintidə lepka işləri ilə məşğul olur. Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi evin təmir tikinti işlərində lepka işlərini görür. Hər gün işə gələndən sonra əynindəki paltarını çıxardıb işlədiyi evin birinci mərtəbəsindəki həyətə tərəf baxan otağında asırmış. xx.xx.2023-cü il tarixdə həmin evdə işləyirmiş. Günorta saat 14 radələrində səhər əynindən çıxartdığı təmiz şalvarın cibindən 20 manat pul götürmüş və əynindəki iş paltarı ilə yanında işləyən usta ilə birlikdə mağazaya getmişlər, həyətin qapısı isə açıq vəziyyətdə qalmışdır. Onlardan başqa üç nəfər də usta kimi daş işlərini görürmüşlər. Onlar həyətdən çıxanda dincəlmək üçün həyətdə olan qarajda yatmışlar. O, mağazadan qayıdandan sonra artıq qalan pulunu təmiz şalvarının cibinə qoymaq istəyərkən aşkar etmişdir ki, cibində qalan 155 dollar və 32 manat pulu yoxdur. Başa düşmüşdür ki, pulu oğurlanıb. Tez evin sahibinə zəng vurmuşdur ki, telefonu vasitəsi ilə kameraya baxsın. Ev sahibi baxdıqdan sonra ona zəng vurub bildirmişdir ki, o, mağazaya getdiyi müddətdə bir nəfər əynində ağ rəngli köynək olan tanımadığı şəxs küçədən həyətə tərəf gəlib həyətə boylanıb baxaraq daha sonra həyətə daxil olub onun paltarı olan otağa girmiş və sonra da geri qayıdaraq çıxıb getmişdir. O, sonradan videoya baxanda həmin şəxsi tanımamışdır. Bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 155 dollar və 32 manat maddi ziyan dəymişdir. Ona məxsus puldan başqa ona və ev sahibinə məxsus heç bir əşya və ya əmlak oğurlanmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron Rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində icarəyə götürərək işlətdiyi təkər təmiri sexi vardır. Həmin sexdə müxtəlif növ təkərlərin dəyişdirilməsi və təmiri ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə sexə gələn zaman sexdə qapıda asılqandan asdığı şalvarının cibində olan pul kisəsinin içərisində olan 2210 manat məbləğində pulunun, şəxsiyyət vəsiqəsi və bank kartlarının da yerində olmadığını aşkar etmişdir. Sonra orada işçilərdən baş vermiş oğurluq hadisəsi haqqında maraqlanmağa başlamışdır. Daha sonra isə mağazada olan müşahidə kameralarana baxmağa başlamışlar. Bu zaman müəyyən etmişlər ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında həmin sexə tanımadığı şəxs gəlmiş, daha sonra işçilərinə yaxınlaşaraq qardaşının idarə etdiyi nəqliyyat vasitəsinin təkərlərini dəyişmək üçün gələcəyini və köməklik göstərilməsini xahiş etmişdir. Bu zaman sexdə olan işçilər heç bir problem olmadığını və qardaşı maşının təkərlərini dəyişməyə gələn zaman köməklik göstərəcəyini demişlər. Daha sonra ona məxsus təkər təmiri sexində işçi kimi işləyən Sübhan və Cavid adlı şəxslər sexdən bayıra çıxaraq təmir üçün gəlmiş avtomobillərin təkərində olan nasazlıqları aradan qaldırmağa başlamışlar. Həmin zaman ona məxsus pul kisəsi qapının arxasında şalvarının cibində olmuşdur. Bu zaman təkər təmiri sexində olan naməlum şəxs göy rəngli şalvarının arxa cibində olan qara rəngli pul kisəsini oğurlamışdır. Ona baş verrmiş oğurluq zamanı 2210 manat ziyan dəymişdir. Həmin şəxs özünü sexə qardaşına məxsus olan maşının təkərlərini dəyişdirmək üçün gələn müştəri kimi təqdim edərək daxil olmuşdur. Daha sonra sexdə olan işçilər başqa maşının təkərlərini dəyişmək üçün çıxdıqları zaman həmin şəxs sexdə asılqandan asılmış şalvarın cibindən içərisində 2210 manat olan pul kisəsini oğurlamışdır. Oğurluq nəticəsində şübhələndiyi şəxs olsa da, o həmin şəxsin ad soyadını və anket məlumatlarını bilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə saat 17:35 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşı Şahid2 ilə xidmətdə olarkən Əliağa Vahid küçəsində bir nəfər vətəndaşın onları çağırdığını görüb yaxınlaşmışlar. Onlar həmin vətəndaşa yaxınlaşıb nə baş verdiyini soruşduqda həmin vətəndaş onlara adının Zərərçəkmiş şəxs1 olduğunu və həmin şəxsin Abşeron Rayonu, Masazır qəsəbəsində yerləşən təkər təmiri sexindən oğurluq etdiyini və burdan keçərkən kamera vasitəsi ilə həmin şəxsi müəyyən edib saxladıqlarını bildirmişdir. Onlar əlində olan portal vasitəsi ilə həmin şəxsin kim olduğunu yoxlayan zaman əvvəllər dəfələrlə məhkum olunmuş, hal hazırda isə Xəzər Rayon Polis İdarəsi tərəfindən axtarışa verilmiş Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Daha sonra həmin şəxsi Abşeron RPİ-nin növbətçi hissəsinə gətirərək təhvil vermişlər. Rayon Polis idarəsinin növbətçi hissəsində həmin şəxsin xx.xx.1986-cı il tarixdə Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla Abşeron Rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs oğluduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs rayon polis idarəsində Abşeron rayonu, Masazır qəsəbəsində Əliağa Vahiud küçəsində Zərərçəkmiş şəxs1 məxsus təkər təmiri sexindən qapıda asıqlandan asılmış şalvarın cibindən pul oğurladığını bundan başqa xx.xx.2024-cü il tarixdə isə Abşeron Rayonu, Hökməli qəsəbəsində Bakı-Şamaxı şossesinin kənarında yerləşən Zərərçəkmiş şəxs2 məxsus təkər təmiri sexindən ustanın icazəsi ilə qızınmaq məqsədi ilə daxil olaraq orada asılqanda şalvarın cibindən pul oğurladığını etiraf etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus və Zərərçəkmiş şəxs2 məxsus olan təkər təmiri sexlərindən şalvarın cibindən pul oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs bundan başqa bir neçə yerdən oğurluq etdiyini də bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq olunmuş iş üzrə Şahid2 ibtidai istintaqda digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” barədə 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur; - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələrinə tövsif olunmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Məmmədovun 01 fevral 2024-cü il tarixli vəsatəti təmin olunmamışdır. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİnin MSY-dən dərhal azad edilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqı davam etdirilmişdir. - “Şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməməsi, qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmə haqqında” 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş və onun saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” 05 aprel 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. - “Təqsirləndirilən barəsində qətimkan tədbiri seçilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələri ilə təqsirli bilinib 01 il 11 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrinə tövsif edilmiş, iş üzrə müşahidə kamerasının qeydə aldığı videogörüntünün olduğu CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması protokolu və digər sübutlar cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. - Abşeron Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(012)-801/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması barədə” 16 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. - Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk məhkəmə iclasında tədqiq edilmişdir. - Sumqayıt şəhəri Probasiya Şöbəsindən daxil olmuş 07 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs bugünə qədər Abşeron rayon icra və probasiya şöbəsində qeydiyyatdan keçmədiyindən cəzası çəkilməmiş qalmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən bildirilmiş xüsusatlar istər məhkəmə istintaqı, istərsə də ibtidai istintaq zamanı öz təsdiqini tapmamışdır, həmin xüsusatlar cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək üçün verilmiş qeyri səmimi ifadələrdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-82/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 12 gün müddət, 01 günə 02 gün hesablanmaqla üzərində qəti olaraq 01 il 11 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanımışdır. Sumqayıt şəhəri Probasiya Şöbəsindən daxil olmuş 07 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs bugünə qədər Abşeron rayon icra və probasiya şöbəsində qeydiyyatdan keçmədiyindən cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-82/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 il müddət hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanması nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 06 gün müddət,əvvəlki iş üzrə tutulduğu 12 gün müddət, cəmi 18 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 16 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 20 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 340 manat (20 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinərək ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 il 04 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-82/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 06 gün müddət,əvvəlki iş üzrə tutulduğu 12 gün müddət, cəmi 18 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 340 (üç yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-201/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-201/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver