Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-203/2020 07.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2, Səfərəlibəyov küçəsi, ev 5, mənzil 2 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Fatmayi kəndi, yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi yaşayış evində keçmiş əri Zərərçəkmiş şəxs arasında, sonuncunun xoruldayaraq yatmağa mane olması səbəbindən mübahisə yaranmış və bu mübahisə zamanı tərəflər qarşılıqlı olaraq dalaşmışlar. Baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qolundan tutub dartmış və boğazından yapışıb sıxmaqla onu yerə yıxmış, sonuncu isə mətbəxdən götürdüyü tinli kənarı olan kəfkirlə Zərərçəkmiş şəxs başına, qollarına və ayağına bir neçə dəfə zərbələr vurmaqla ona təpə nahiyəsinin sol yarısının və sol bud nahiyəsinin orta 1/3-nin əzilmiş-cırılmış yaraları, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin orta 1/3-nin, sol said nahiyəsinin yuxarı 1/3-nin, sol bud nahiyəsinin yuxarı 1/3-nin səthi əzilmiş yaraları, sol said nahiyəsinin aşağı 1/3-nin, sağ said nahiyəsinin aşağı 1/3-nin və hər iki əlin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları anadan olmuşdur. Lakin aralarında olan mütəmadi narazılıqlara görə onlar 2018-ci il tarixdə rəsmi qaydada boşanmışlar və bu müddət ərzində də heç bir əlaqələri olmamışdır. Təxminən 3 ay əvvəl Elnur yenidən ona zəng etməyə başlamış və uşaqlarını görmək istədiyini bildirmişdir. Danışdıqları ərəfədə Elnur onun yaşadığı Abşeron rayonu, Fatmayi kəndində yerləşən evə gedib-gəlməyə başlamış və aliment ödəməyə imkanı olmadığını deyərək barışmağı təklif etmişdir. O, Elnurun bu təklifini ilk əvvəl rədd etsə də sonuncunun təkidi və çoxsaylı xahişlərini nəzərə alıb barışmağa razı olmuşdur. xx.xx.2019-cu il tarixdə Elnur onun yaşadığı evə köçmüş və ona 100 manat pul verərək işləyib birlikdə ailəni dolandıracaqlarını bildirmişdir. Bir müddət onlar normal ailə kimi yaşasalar da müəyyən vaxtdan sonra Elnur ailədə əsassız mübahisələr yaratmağa başlamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 24 radələrində Elnur yenə də əsassız mübahisə yaradaraq onunla yaşamaq istəmədiyini bildirmiş və bu mövzuda davam edən söhbət zamanı onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Elnur onu ilk əvvəl söyüb-təhqir etmiş, daha sonra isə qolundan tutub kənara itələyərək boğazından yapışıb onu yerə yıxmışdır. Bu zaman o, Elnurun onu döyəcəyindən ehtiyat edərək mətbəxdə olan kəfkiri əlinə götürüb həmin kəfkirlə Elnurun başına, qollarına və ayaq nahiyəsinə bir neçə dəfə ardıcıl zərbələr vurub özündən kənarlaşdırmış, özü isə yataq otağına keçərək qapını bağlamışdır. Qapının arxasından səslənərək Elnurdan evini tərk etməsini tələb etsə də sonuncu həmin gecə orada qalmış və səhər saatlarında çıxıb getmişdir. Sonradan o, Elnurun və valideynlərinin ondan şikayət etdiklərini bilmişdir. O, Elnuru bıçaqla deyil kəfkirlə vurmuş, sadəcə olaraq kəfkirin kənarları iti olduğu üçün Elnurun bu cür fikirləşdiyini bildirmiş, eləcə də Elnuru vurduqdan sonra həmin kəfkir əyilərək yarasız hala düşdüyündən o, sözügedən mətbəx ləvazimatını küçəyə tullamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zrərəçəkmiş şəxsi bir daha narahat etməyəcəyini, ona vurulmuş maddi ziyanı tam ödəyərək, barışıq əldə etdiyini, və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, keçmiş arvadı Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları anadan olmuşdur. Lakin münasibətlərinin pis olması səbəbindən onlar 2018-ci il tarixdə rəsmi qaydada boşanmışlar və həmin vaxtdan etibarən ayrı yaşamağa başlamışlar. Bu müddət ərzində onlar arasında hər hansı bir əlaqə olmasa da 2019-cu ilin oktyabr ayında «İnstaqram» sosial şəbəkəsində Ruqiyyə ona mesaj yazaraq onunla barışmaq istədiyini bildirmişdir. Bundan sonra o, Ruqiyyə ilə telefon vasitəsilə əlaqə saxlamış və sonuncu ayrıca ev aldığını deyərək onunla barışmaq və orada birgə yaşamaq istədiyini bildirmişdir. O, Ruqiyyə ilə barışıb danışmağa başladığında isə Ruqiyyə onu söyüb-təhqir etdiyindən bir daha sonuncu ilə əlaqəsini kəsmişdir. Bir müddət sonra isə Ruqiyyə yenidən ondan üzr istəmiş və onlar barışmışlar. Daha sonra xx.xx.2019-cu il tarixdə o, Ruqiyyənin aldığı Abşeron rayonu, Fatmayi kəndində yerləşən evə getmiş və onlar birgə yaşamağa başlamışlar. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə, saat 01 radələrində sözügedən evdə yatdıqları zaman Ruqiyyə onu yuxudan oyatmış və xoruldadığı üçün yata bilmədiyini deyərək xoruldamamasını tələb etmişdir. Bundan sonra o, arxasını çevirərək yenidən yatmış və bir müddət sonra Ruqiyyə yenə eyni səbəbdən onu oyadaraq yatmasına mane olduğunu bildirmişdir. O isə cavabında bunun təbii hal olduğunu və özündə asılı olmadığını demiş və bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Ruqiyyə əlinə götürdüyü kəfkirlə onun başına və ayaq nahiyələrinə bir neçə dəfə zərbələr vurmuş, davamında isə ayağına təpik zərbəsi vurmuşdur. Lakin bununla da sakitləşməyən Ruqiyyə mətbəxdən bıçaq götürüb onun qollarına və ayağına həmin bıçaqla xəsarətlər yetirmişdir, eləcə də qollarını cırmaqlamışdır. Bundan sonra o, oradan çıxıb getmək istəmiş, lakin gecə olduğu üçün avtobus tapa bilməyəcəyini düşünüb həmin gecəni orada qalmışdır. xx.xx.2020-ci il tarixdə, səhər saatlarında isə o, valideynlərinin yaşadığı evə getmişdir. Orada anası Labidə onun bədəni üzərində olan xəsarətləri görüb nə baş verdiyini soruşmuş, o isə Ruqiyyə ilə aralarında yaşanmış münaqişəni anasına danışmışdır. Bu səbəbdən də onun anası Labidə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxstəqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs 2018-ci ildə arvadı Təqsirləndirilən şəxs boşanmışdır. Lakin 2019cu ilin oktyabr ayında onlar sosial şəbəkədə yenidən danışmağa başlamışlar. Bundan sonra Ruqiyyə Elnurla barışmaq istədiyini bildirmiş və birlikdə yaşamağı təklif etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Elnur halı pis vəziyyətdə onun yaşadığı evə gəldiyindən o, nə baş verdiyini soruşmuş, Elnur isə Ruqiyyə ilə birlikdə yaşadığı evdə olan zaman xoruldadığı üçün sonuncu tərəfindən döyüldüyünü və bıçaqlandığını bildirmişdir. Buna görə də o, DİN-nin «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. O, hadisənin əyani şahidi olmamış və göstərdiklərini Elnurdan eşitdiklərinə əsasən bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, 1988ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin sol yarısının və sol bud nahiyəsinin orta 1/3-nin əzilmiş-cırılmış yaraları, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin orta 1/3nin, sol said nahiyəsinin yuxarı 1/3-nin, sol bud nahiyəsinin yuxarı 1/3-nin səthi əzilmiş yaraları, sol said nahiyəsinin aşağı 1/3-nin,sağ said nahiyəsinin aşağı 1/3-nin və hər iki əlin sıyrıqları tinli küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazu nahiyəsinin aşağı 1/3-nin və sağ said nahiyəsinin aşağı 1/3-nin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-203/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-203/2020
07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver