Məhkəmə qərarları › İş №1(012)-203/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-203/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-203/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi, vəkil Abbas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Abşeron rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 1 daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hazırda ƏN-nin PX-in 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası-nın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil olan bir ədəd gümüşü siqaret kağızına və selofan parçasına bükülü, təmiz çəkisi 0,185 qram olan narkotik vasitə-heroini 5 (beş) manat müqabilində qanunsuz əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış, xx.xx.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 20 radələrində Abşeron rayonu, Hökməli–Qobu yolu, «Köhnə-Hamam» adlanan ərazinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü siqaret kağızına və selofan parçasına bükülü, təmiz çəkisi 0,185 qram olan kustar üsülla hazırlanmış narkotik vasitəheroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 3-4 ay əvvəldən narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli–Qobu yolunun yaxınlığında «Köhnə-Hamam» adlanan ərazinin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, narkotik vasitənin daşımaqda şübhəli olduğunu bildirmiş, onu Abşeron rayon X3 PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə getmişdir. Polis bölməsində onun üzərində heroin olmasını bildirmiş, Qobu polis bölməsində xidməti otaqların birində müdafiəçi dəvət edərək, video çəkliş aparmaqla üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində qanunla qadağan edilmiş narkotik vasitə və yaxud hər hansı əşya və yaxud predmetin olmasını soruşmuşlar. O, üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş, bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardığı bir ədəd kibrit qutusunun içərisində gümüşü siqaret kağızına və selofan paçasına bükülmüş heroini çıxarıb təqdim etmiş, onun təqdim etdiyi bir ədəd bükümdə olan heroinə baxış keçirildikdən və kağız zərfə qablaşdırıldıqdan sonra, iştirakçılar və onun tərəfindən həmin zərfin üzərində imza edilmiş, bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və imzalanmışdır. Göstərmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 12-13 radələrində 20 yanvar metrostansiyanın yaxınlığında tanımadığı şəxsdən 5 (beş) manata almış, həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün almış, həmin günü axşam özü istifadə edəcəkdi. Narkotik vasitə olan heroinin üzərində olmasından özündən başqa heçin məlumatı olmamış, narkotik vasitəni özü tək istifadə etməli idi. Əlavə olaraq göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta vaxtlarında 20 yanvar metrosunun yaxınlığında narkotik vasitəni aldığı şəxslə təsadüfən tanış olmuş, həmin şəxsi əvvəllər tanımamış, adını, telefon nömrəsini və anket məlumatlarını bilmir, həmin şəxsdən birinci dəfə idi ki, narkotik vasitə almışdır. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon X3 polis Bölməsində Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Qobu PB-nə xx.xx.1992-ci il təvəllüdlü, Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatını yoxlanılması üçün onun tərəfindən qrup yaradılmış, həmin qrupda sahə rəisi polis leytenantı Şahid2 Mərfət oğlu da daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə sahə rəisi, polis leytenantı Şahid2 iştirakı ilə, Abşeron rayonu Qobu-Hökməli yolunda köhnə hamam deyilən ərazidə Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin qanunsuz olaraq saxlamasında və gəzdirməsində şübhəli olduğu üçün Qobu polis bölməsinə dəvət edilmiş, bölmədə otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən bir ədəd kibrit qutusunun içərisindən siqaret kağızına bükülmüş, bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin bir büküm narkotik vasitəyə bənzər maddə itştirakçıların yanında qablaşdırılaraq təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol və içərisində narkoitik vasitə olan zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində Abşeron rayon Pİ-nin Qobu PB-nin sahə rəisi, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1781 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs...» və s. yazılar və imzalar, Azərbaycan Respublikası DİN «Zərflər üçün №245» möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,185 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (qalıq 0.135 qram – 0.05 qram heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3205 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və CD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Məhkəmənin həmin tarixli hökmü ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, onun həbsdə saxlandığı 2 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd CD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızına və sellofan parçasına bükülü narkaotik vasitə olan heroin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs oğlu Abşerob Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.135 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən X2 476/2020-ci il tarixli hökmüylə təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki 01 (bir) il müddətinə cəzayla qismən toplanmaqla qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0.135 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar