Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-203/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Baza-Güzdək qəsəbəsi, 12 nömrəli yataqxanada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün 30 manat müqabilində Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİ-Q №-li Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarına” (Siyahı İ) daxil edilmiş bir ədəd selofan bükümdə xeyli miqdarda, 1,152 qram çəkidə psixotrop maddə- metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə daşımış, qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Cənnət bağı” yaşayış kompleksində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün saat 22:11-dən saat 22:17-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd sellofan bükümdə xeyli miqdarda, 1,152 qram çəkidə psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Himayəsində üç azyaşlı uşaqları vardır. Gündəlik çörək pulunu qazanmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. El arasında “şüşə” deyilən psixotrop maddə-metamfetamin çəkməklə bir neçə dəfə qəbul etmişdir. Psixotrop maddələri həmişə tanımadığı şəxslərdən almışdır. 28 fevral 2024-cü il tarixdə, saat təxminən 19 radələrində Abşeron rayonu, Sulutəpə qəsəbəsində sərnişin gözləyərkən yaxınlığında dayanmış bir nəfər orta yaşlı, orta boylu, arıq, sifəti tüklü kişinin davranışından başa düşmüşdür ki, o, narkomandır. Odur ki, ona yaxınlaşıb psixotrop maddə-metamfetamin almaq istədiyini bildirmiş, tanımadığı şəxs üzərində psixotrop maddə-metamfetamin olduğunu, bir bükümünü 30 manata sata biləcəyini demiş, razılaşaraq tanımadığı həmin şəxsə 30 manat pul verib bir ədəd sellofan bükümdə psixotrop maddə- metamfetamin almışdır. Həmin sellofan bükümdəki metamfetamini əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamışdır ki, sonradan qəbul etsin. 29 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, “Cənnət parkı” yaşayış massivində olarkan mülki geyimdə olan iki nəfər şəxs onu saxlayıb, polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Ondan narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhələndiklərini bildirərək Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, Abşeron rayon poils idarəsə gətirdikdən sonra polis idarəsinin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmış, axtarış və götürmə keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, bu zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metafetamini çıxarıb stolun üstünə qoyaraq təqdim etmişdir. Həmin içərisində psixotrop maddə- metafetamin olan sellofan büküm kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərfin üzərində şəxsi axtarış və götürmədə iştirak edən iştirakçılar və o, inzalar etmişlər. Aşkar olunmuş psixotrop maddə olan metafetaminlə əlaqədar polis əməkdaşları tərəfindən ona şifahi sorğu edilərkən o, həmin psixotrop maddə- metafetamini özü qəbul etmək üçün Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat pul qarşılığında əldə etdiyini bildirmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış və belə niyyəti olmamışdır. Əməlindən səmimi peşmandır. Artıq narkotik vasitə istifadə etmir. Himayəsində azyaşlı övladlarının olmasını nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid2 dindirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməsi, saxlaması, daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə Abşeron rayon polis idarəsinin cinayət-axtarış şöbəsinə əməliyyat məlumatları daxil olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət başında yaxalanaraq törətdiyi cinayət hadisəsinin aşkar edilməsi üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 29 fevral 2024-cü il tarixdə qərar qəbuil edilmiş, həmçinin əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik Abşeron Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 həvalə edilməklə özü də əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində «Cənnət parkı» yaşayış masivində baş serjant Şahid2la birlikdə saxlayıb, özlərini təqdim etmişlər. Ondan narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhələndiklərini bildirərək onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə gətirildikdən sonra polis idarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə, video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə zamanı üzərində saxlanılması və ya gəzdirməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı barədə barədə sorğu edilmiş, varsa təqdim etməsi barədə təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb stolun üstünə qoyaraq təqdim etmişdir. Aşkar olunmuş psixotrop maddə olan metamfetaminlə əlaqədar Təqsirləndirilən şəxsla şifahi sorğu aparılarkən metamfetamini özü qəbul etmək üçün bir gün əvvəl axşam saatlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 (otuz) manat pul verməklə alıb əldə etməsini, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Budan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan təqdim etdiyi həmin bir bükümdə olan psixotrop maddə metamfetamindən başqa digər şübhəli əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyt kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmış və zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsində iştirak edən şəxslər psixotrop maddənin qablaşdırıldığ zərfin üzərində imza emişlər. Bundan sonra vəkil tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı polis tərəfindən zorakılıq olub-olmaması barədə sula verişmişdir. Təqsirləndirilən şəxs ona qarşı polis tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatları daxil olsa da, istintaq dövründə əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, psixotrop maddələri özü qəbul etmək üçün əldə etdiyi əməliyyat yolu ilə müəyyən olunmuşdur. Onun psixotrop maddələri konkret olaraq kimdən əldə etməsi barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 digər Şahid2 ifadələrinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “ Cinayət törətməkdə şübhəli olan şəxsi tutuma haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 29 fevral 2024-cü il tarixdə, saat 22:00-da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli 3-16-16/2-6/1249 saylı əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN-nin Arayışlar üçün № 56” dairəvi möhür əksləri olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 büküm metamfetaminə bənzər maddə; şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,152 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi – 1,152 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq 1,102 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır. - “Cinayət işinin başlanması haqqında və icraata qəbul edilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılmasından ötrü icraata götürülmüşdür. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 02 mart 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mehman Novruzovun vəsatəti təmin edilməmişdir. - “ Təqsirləndirilən şəxsin MSY-də azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X7 dərhal azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 mart 2024-cü il tarixli arayışdan aydın olur ki, Rzaxanov X5 rayon məhkəməsinin 21.07. 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3- maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhər, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı İlə 05 ay 01 gün vaxtından əvvvəl şərti olaraq azad olunmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 66.2, 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayt Apellasiya Məhkəməsinin 15.08. 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhər, Nizami rayon məhkəməsinin 11.03. 2021-ci il qərarı ilə 05 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. - Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - “Cinayət işi üzə icraatın dayandırılması haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin İŞ-nə təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator X2 haqqında 28 mart 2024-cü il tarixli, 1952 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “AzeMis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları vardır. - 18 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 1,102 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 29 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 873/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 29 fevral 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı bir nəfər şəxsdən 30 manata öz istifadəsi üçün almış və özü ilə daşımışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olması və əməlindən peşmançılıq çəkməsi müəyyən olundu. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, aşkar edilmiş psixotrop maddənin miqdarını, onun törədilməsi hallarını, himayəsində 3 azyaşlı yetkinlik yaşına çatmayan övladının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitə şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdara yaxındır. Bu da əməlin ictimai təhlükəliliyinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs qismində saxlanıldığı 02 gün, habelə axtarış nəticəsində tutulduğu 01 gün həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəza çəkmə müddətinin əvvəli isə 24 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hazırda ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınaraq, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 28 mart 2024-cü il tarixli, 1952 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,102 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu cəmi 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs hazırda (Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə) ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınaraq, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,102 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-203/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-203/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver