Məhkəmə qərarları › İş №1(012)-204/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-204/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-204/2020 28.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Laçın şəhərində anadan olmuş anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Fresko” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə telefon zənglərinə cavab verməməsi və onunla pivə içməyə getməməsi cuzi səbəbindən, əslində isə heç bir əsaslı səbəb olmadan şəxsi münasibətlərin pisləşməsi zəminində mübahisə edərək, özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri – müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməklə xuliqanlıq niyyəti ilə sonuncunun sifət nahiyyəsinə qəsdən yumruqla bir dəfə zərblə vuraraq ona alt çənə sümüyünün iki tərəfli yerinidəyişən sınıqları ilə müşayiət olunan sağ və sol qulaqaltı çeynəmə nahiyələrinin qançır-şişkinlik halında əzilməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, tanıyır. Zaurla münasibəti həmişə yaxşı olmuşdur. Təxminən xx xxxx 2019-cu il tarixdə Xırdalan şəhəri, H. Əliyev prospekti köhnə bazar tərəfdə Zaur və tanışı Xəlil birlkdə görüşmüşlər. Zaurun təklifi ilə onlar pivə içməyə getmişlər. Həmin zaman Zaura üzərində pul olmadığını bildirmiş, lakin Zaur ona narahat olmamağı söyləmişdir. Bundan sonra onlar birlikdə köhnə bazar yaxınlığında kafeyə gedib pivə içmişlər. Təxminən 2 saat onlar həmin kafedə oturmuşlar və Zaur bir anlıq kafedən çölə çıxmış, lakin geri qayıtmamışdır. Özü və Xəlil ilə birlikdə bir neçə dəfə Zaura zəng vurmuşlar, lakin Zaur onun zənglərinə cavab verməmiş və telefonu söndürmüşdür. Onun və Xəlilin pulu olmadığından həmin vaxt hesabı ödəyə bilməmişlər və bundan sonra Xəlil pul tapmaq üçün harasa getmiş, özü, isə həmin zaman kafedə qalıb Xəlilin gəlməyini gözləmişdir. Xəlil gəlib hesabı ödədikdən sonra onlar birlikdə kafedən çıxmışlar. Lakin Zaurla əlaqə saxlaya bilməmişdir. xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində tanışı Raminlə birlikdə olduğu zaman Zaura zəng vurmuşdur. Belə ki, Zaurun etdiyi hərəkət ona çox pis təsir etmişdir. Lakin Zaur onun telefon zənglərinə cavab verməmişdir. Həmin zaman Ramin Zaura zəng vurmuş və Zaur telefona cavab verərək Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Fresko marketə yaxınlaşdığını bildirmişdir. Zaur onu Raminin yanında görən kimi əsəbi halda “bilsəydim, Natik buradadı heç gəlməzdim” sözlərini bildirmişdir. Həmin zaman Ramin onlara birlikdə pivə içməyi və Zaurla onun arasında olan anlaşılmazlığı aradan qaldırmaq istəmişdir. Lakin Zaur onunla kobud danışaraq əli ilə onu göstərib “ bununla mən heç yerə getmərəm” sözləri demişdir. Bundan sonra aralarında sözlü mübahisə baş vermiş və mübahisə zamanı Zaur əli ilə onun çiynindən itələmişdir. Bu zaman əsəbiləşib əli ilə onun çənəsindən vurmuşdur. Bu zaman Ramin onları aralamış və Zaur harasa getmişdir. Sonradan ona məlum olmuş ki, baş vermiş hadisə zamanı Zaurun çənəsi sınmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Natiki təxminən 10 ildir ki, tanıyır. Onunla münasibəti normal olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Quşçuluq massivində kafedə yemək yeyib spirtli içki qəbul etmişdim. Bundan sonra o, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Fresco” marketin qarşısına gəlmək üçün avtobusa əyləşmişdir. Yolda olduğu zaman Natik bir neçə dəfə ona zəng etmiş, lakin onlar danışa bilməmişlər. Avtobusdan düşən zaman saat təxminən 21.30 radələrində təsadüfən Natik və yanında olan tanımadığı tanışı ilə rastlaşmışdır. Natik həmin vaxt ona “sənə zəng edirəm telefonlarıma niyə cavab vermirsən” deyə bildirmişdir. Natikə “sən vızıv atırsan” deyib, hesabında danışıq üçün pul olmadığını bildirmişdir. Natik onu yoxlamaq üçün telefonunu tələb etmişdir. Natikə telefonunu verməyib cibinə qoymuşdur. Sonra Natiklə aralarında sözlü mübahisə baş vermiş, mübahisə zamanı Natik ona pivə içməyə dəvət etmişdir. Həmin vaxt Natikə işi olduğunu deyib etiraz etdikdə, Natik təkidlə pivə içməyə getməyini ondan yenidən tələb etmişdir. Həmin vaxt o, Natikə etirazını bir daha bildirdikdə, Natik gözlənilmədən onun çənəsinə bir dəfə yumruq zərbəsi vurub ona xəsarət yetirmişdir. Bu zaman yerə yıxılmışdır. Natiki tanımadığı şəxs ondan ayırmışdır. Oradan uzaqlaşıb evə getmişdir. Həmin vaxt Natikə qarşı heç bir müqavimət göstərməmişdir. Mübahisə zamanı orada kənar şəxs olmamışdır. Onların arasında olan söhbət təxminən 5-10 dəqiqə davam etsədə, mübahisə ani anda baş vermiş və qurtarmışdır. Natik onu sadəcə olaraq bir dəfə yumruqla vurmuşdur. Hadisədən üç gün sonra xəsarətinin ciddi olduğunu bilib, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1459 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – alt çənə sümüyünün iki tərəfli yerindəyişən sınıqları ilə müşayiət olunan sağ və sol qulaqaltı çeynəmə nahiyyələrinin qançır-şişkinlik halında əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava dalaş zamanı yumruq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2019-cu il tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və müstəntiq tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon Pİ-in MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığına görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai və məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar